Kişilərimiz niyə rus qadınlarına meyl edir?

Kişilərimiz niyə rus qadınlarına meyl edir?
10 iyun 2013
# 10:42

Kənan Hacı

Azərbaycanda kişi qocaldıqca qadın cavanlaşır.

Qadın-kişi münasibətləri dünyanın nizamlayıcı qüvvəsi olaraq daim diqqət mərkəzində olub və bu müstəvidə kişilərin hakimi-mütləqliyi həmişə cidd-cəhdlə mühafizə edilib. Feodal-patriarxal düşüncə bu gün də Azərbaycan kişisinə XXI əsrin insanı olmaqda maneçilik törədir. Qloballaşma çağında bu cür pedant hisslərin əsiri olmaq və qadına heç bir hüquq tanımamaq dünyanın nizamını pozur.

Bu yöndə maarifçilik missiyasını üzərinə götürmüş mütərəqqi fikirli yazarlar belə ailədə konservativ olurlar. Məsələn, özlərini postmodern yazıçı hesab edənlər arvadına münasibətdə kənddəki bisavad kişidən geri qalmırlar; arvadın üstünə çımxırırlar, yeri gələndə yaxşıca kötəkləyirlər və s. və ilaxır.

Bu yaxınlarda yapon yazıçısı Kenzi Maruyamanın “Səmada yenidən göyqurşağı” povestini oxudum. Əsərin qeyri-adi süjet xətti məni heyran etdi-ərli bir qadın hər gün təpələrin arxasında evli bir kişinin-arıçının görüşünə gedir, onlar olduqca xoşbəxtdirlər və hər ikisi bu görüşlərdən məmnundurlar. Qəribədir ki, bu gizli görüşlər onların ailə həyatına qətiyyən ziyan gətirmir.

“Bu iki nəfər görüşəndə qorxa-qorxa ətrafa göz gəzdirmirlər, talelərindən şikayətlənmirlər, bədbin düşüncələrə qapılmırlar, bu iki nəfər görüşəndə bir-birinə ruhdan düşmədən, kədərsiz baxırlar, şübhə, utancaqlıq onlara yaddır, sadəcə, fədakarcasına, düşünüb-daşınmadan bir-birinin ağuşuna atılırlar, lazımsız sözlərə vaxt sərf etmirlər.” Nə qadının ərindən ayrılmaq fikir var, nə də kişi arvadını boşamaq istəyir, hər iki ailə öz normal həyatını yaşayır. Amma normal olmayan kənara sapmalardır.

Azərbaycan cəmiyyətində isə bu cür kənara sapmalar ailələrin dağılmasıyla nəticələnir. Çünki bu situasiya Azərbaycan cəmiyyəti üçün yaddır və qəbul olunmazdır. Baxmayaraq ki, son zamanlar ərinin başqa qadınla yaşamasına tolerant münasibətdə olan və özü də başqa bir kişi ilə çox rahatcasına görüşən qadınların sayı kifayət qədər artıb. Avropalaşmağımızın ilkin göstəricilərindən biri də budur. Qərb düşüncə tərzinin belə mənfi tərəflərini tezliklə əxz etmək sabitləşmiş əxlaqi dəyərlərimizi kökündən laxladır. Maruyama əslində əxlaqsızlıq sayılan bu akta çox böyük məharətlə elə əxlaqi bir don geyindirir ki, məəttəl qalırsan və bu görüşlərin təbiiliyinə, vacibliyinə inanırsan.

Bu, artıq yapon düşüncə tərzidir. Amma nə fərqi var, insan elə hər yerdə insandır və “dünyanın hər yerində eyni dildə sevir insanlar-sevgi dilində”. Təbii, onların qismətində ayrılmaq var, kişinin hara üz tutacağını isə arılar qət edəcəklər. Qadın üçün bu ayrılıq faciə deyil, çünki o, kişidən sevgi andı tələb eləməyib, onun arvadı olmağa can atmayıb, əksinə, hər gecə yataqda ərini ən isti nəvazişlərlə oxşayıb, onun xidmətində durub və ailəsini qoruyub saxlaya bilib.

Bir müddət Rusiyada yaşamış bir adam kimi azərbaycanlıların oradakı həyat tərzinə az-çox bələdəm. Bizim kişilərimiz niyə rus qadınlarına meyl edir? Bunun səbəblərilə maraqlanmısınızmı? Mən gördüklərimi deyəcəyəm. Rus qadını kişilərin psixologiyasını çox gözəl bilir və onlarla davranış qaydalarını da bu psixologiya üzərində qurur. Bu, həqiqətdir. Rus qadını kişinin tələbatlarını (təkcə cinsi deyil) bacarıqla ödəyə bildiyi üçün kişi də ona bağlanıb qalır. O, Banuçiçək kimi kişidən qoçaqlıq tələb eləmir, yetər ki, erkəyi hər zaman onun yanında olsun.

Bizdə əxlaq sözü var, amma anlamı yoxdur. Məsələ burasındadır ki, bizim cəmiyyətdə ictimai kateqoriyaya daxil olması gərəkən anlayışlar fərdi xarakter daşıyır, amma fərdi xarakter daşımalı olan anlayışlar, hətta düşüncə tərzi və əxlaq belə ictimailəşir. Əgər əxlaq müsbət məna çaları olan sözdürsə, o başqalarının azadlığını məhdudlaşdırmamalı, insanların bir-birinə mane olmasına məhdudiyyət qoymalıdır. Əslində əxlaqın ritual xarakter alması onun puçluğunu göstərir. Dostoyevskinin məsum mələyi Sonya Marmeladovanı əxlaqsız adlandıra bilərikmi? Yaxud fosforlu Cevriyyə fahişə idimi? İlk baxışda bəlkə də hə. Amma mahiyyət etibarilə hər iki qızcığazın quş ürəyi boyda balaca ürəyi gözəl arzularla, xoşbəxt gələcək haqqında işıqlı xülyalarla çırpınırdı. Onlar insanlığı haqqa, ədalətə səsləyirdilər.

Namusun maddiləşdirilməsi insanın haqsızcasına damğalanmasına gətirib çıxarır. Dostoyevski Sonya Marmeladova haqqında yazır: “Görünür, bütün bu biabırçılıq ona mexaniki surətdə toxunmuşdur, əsl föhşiyyət zərrə qədər də onun qəlbinə nüfuz etməmişdir.”

Əxlaq ictimailəşdikcə, namus maddiləşdikcə qadın azadlığından danışmaq nonsensdir. Bu barədə düşünməyə dəyər.

# 3674 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #