Zamanı qabaqlayan Əkrəm Əylisli

Zamanı qabaqlayan Əkrəm Əylisli
1 fevral 2013
# 12:11

Taleyimdə duman gəzir,

Dumanın beli qırılsın.

Əkrəm Əylisli

Yazıma epiqraf seçdiyim bu misraları ustad yazıçı iyirmi üç il bundan öncə yazıb. O zaman da Əkrəm Əylislini linç etmək istəyirdilər, hətta onun Əylisdəki evini yandırmaq istəyənlər də olmuşdu...

İndi haqqı çatan da, çatmayan da Əkrəm Əylislinin üstünə yeriyir. Özü də onu ittiham edənlərin heç biri mübahisəyə səbəb olan əsəri oxumadan imperativ bəyanatlar verirlər. Bütün həyatı boyu onun bir cümləsinin çəkisi qədər yazı qaralamağa istedadı, nəfəsi çatmayanlar onun titullardan məhrum edilməsini tələb edirlər. Belə məqamlarda nadanların əlinə fürsət düşür.

Dəhşətli bir vəziyyət yaranıb; yazıçı yazdığı əsəri müdafiə etmək üçün televiziyalara, saytlara dönə-dönə izahatlar vermək, əsərin məğzini, mahiyyətini açıqlamaq məcburiyyətində qalıb.

Zamanı qabaqlayan əsər yazmağın cəzası ağır olurmuş... Əkrəm müəllimin Əziz Nesin haqqında yazısını xatırlayıram. İndi bu yazını yazmamışdan əvvəl o yazını tapıb yenidən oxudum. Həmin yazıdan bir cümləni sitat gətirirəm:

“Elmdən, məktəbdən, müəllimdən küsəyən uşaq kimi, birdən-birə üz döndərib, mollaları, mürşüdləri, fala baxanları və xoruz döyüşdürənləri təzədən hörmət taxtına əyləşdirən, gündə bir məscid bina edib, gündə bir imam icad eləyən bu məmləkətə bəlkə Əziz Nesinlər daha lazım deyil?..”

Bəlkə doğurdan da bu millətə Əkrəm Əylislilər yox, manıslar lazımdır?

Millətin mənəviyyat işığını keçirmək istəyənlərə qarşı duruş gətirən beş-üç yazıçımız var, onları da ilin-günün bu çağında cəhalətin caynaqlarından xilas edə bilməyəcəyiksə, yazıqlar olsun bizə...

Mirzə Cəlili qaralayanlar, Sabiri daş-qalaq edənlər necə oldu? Yoxdu onlar... Onları zaman və tarix çıxdaş elədi... Zamanın və tarixin gedişatına müdaxilə edənlərin aqibəti belə olur.

Heç şübhə yoxdur ki, Əkrəm Əylislinin əsərləri ədəbiyyat tariximizdə yaşayacaq.

Rafiq Tağıdan sonra gözüm yaman qorxub. Gəlin, Əkrəm Əylislini nadanlardan qoruyaq!

# 3362 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #