Vaxtı öyrənmək sənəti

Vaxtı öyrənmək sənəti
10 yanvar 2018
# 17:30

Bu günlərdə fransız yazıçısı Maksans Ferminin “Qar” romanını oxudum. Əsərdə diqqətimi çəkən bir məqam məni uzun-uzadı düşünməyə vadar etdi.

Yeniyetmə bir oğlan bir gün rahib atasına deyir ki, mən şair olmaq istəyirəm. Atası oğlunun bu arzusundan dərin məyusluq hissi keçirir və ona deyir: “Poeziya sənət deyil. Vaxt itkisidir. Şeirlər axıb gedən suya bənzəyir”.

Oğul isə atasına belə cavab verir: “Mən də elə bununla məşğul olmaq istəyirəm. İstəyirəm ki, vaxtın necə ötüb keçdiyini öyrənim”.


Poeziya vaxtı öyrənmək sənətidir. Həyatla ölüm arasındakı mifik sərhəd zonası məhz sözlərin mənaya çevrildiyi məkandır. Sözlər məna qazandıqca dirilir və öz yaradıcısını həmişə diri saxlayır.

Gülnarə İsrafilin bu kitabına toplanmış şeirlərdə ötüb keçən vaxtın izini görürsən, sükutun dediklərini eşidirsən. Onun şeirlərində sözlərin özünəməxsus ritmi var. Bəzən şairin fikrindəki ideyanı oxucunun asan qavraya biləcəyi formaya və ritmə salmaq çox çətin olur. Bu cür qeyri-müəyyənliklər sözdən necə istifadə etmək lazım gəldiyini bilməyəndə ortaya çıxır. Amma Gülnarənin şeirlərini oxuyanda görürsən ki, o, duyğularını ifadə etməkdə çətinlik çəkmir və ən əsası, sözə qarşı olduqca məsuliyyətlidir. Mən redaktə prosesində bunun şahidi oldum.

Bu kitabın redaktəsində mən onun necə həyəcan keçirdiyini, daxili narahatlığını, hər sözə, hər misraya necə həssaslıqla yanaşdığını gördüm. Təəssüf ki, yaradıcılıqla məşğul olan gənclərin əksəriyyətində öz mətnlərinə qarşı tələbkarlıq hissi yoxdur. Özünə qarşı həddən artıq tələbkarlıq, yaradıcı şəxs üçün vacib olan bu xüsusiyyət Gülnarənin ən üstün keyfiyyətidir. Özünü poetik baxımdan identifikasiya etmək üçün həm də içinin mübhəm duyğularına baş vura bilmək, bu duyğuları sözə çevirə bilmək bacarığına nə dərəcədə yiyələnməkdən asılıdır.

Gülnarənin şeirlərini oxuduqca görürsən ki, o, sanki öz hisslərini çarmıxa çəkir, yaşantılarının maddi formasını – söz formasını yaratmağa cəhd edir.

Gənc bir yapon şairi daim qar haqqında yazır və onun şeirlərində ağ rəngdən başqa gözə başqa rəng dəymir. Ustadlardan biri ona deyir ki, sənin şeirlərində rəng yoxdur, rənglərin dilini öyrənməlisən. Axı dünya təkcə bir rəngdən ibarət deyil. Gözlərini yumanda təkcə qaranlıq görən adam da elə kor kimidir. Rənglərin dilini bilmək üçün təbiətlə ünsiyyətə girmək vacibdir. Təbiəti hiss edən insan onun min-bir rəngini sözə çevirməyi bacarır.

Gülnarənin bir çox şeirlərində bu rənglər sanki danışır. O, gördüyü hadisələrin içindən lazım olan sözü və səsi çıxara bilir və onu canlandıra bilir. Elə şeirlər var ki, forma var, məzmun yoxdur və ya əksinə, məzmun var, formasızdır. Forma vasitəsilə məzmunu çatdırmaq şeiri yazan adamdan istedad və həm də texnarlıq tələb edir. Gülnarənin şeirlərini oxuyanda onun zamanla inkişafda olduğu görünür. Hansı sözün hansı formanı tələb etdiyini duyur və hisslərini həmin formada ifadə etməyə çalışır.

Onun şeirlərinin fərqli bir intonasiyası var. Bu da şeirin vacib komponentlərindən biridir. Mən bu yazıda onun şeirlərindən iqtibas gətirməyəcəm. Oxuyanda özünüz görəcəksiniz və mən əminəm ki, bu kitab öz oxucusunu tapacaq.

Herman Hesse şeir haqqında belə yazır: “Şeirin dünyaya gəlişinin məğzi birmənalıdır. O, bir çağırış, hayqırtı, nəfəs, işarə, həyəcan dolu ürəyin reaksiyası, emosiyasıdır. Heç bir şeir bu başlıca, ilkin və ən vacib funksiyalara görə dəyərləndirilmir. Hər şeydən öncə o, şairin özünə müraciətdir - onun nəfəsi, səsi, xəyalı, təbəssümüdür”. Şeir elə bu cür də formulə olunmalıdır.

Şeir izahagəlməzdir, şairdən yazdığı şeirin izahını tələb etmək absurddur. Bu, oxucunun işidir, şair öz şeiri ilə oxucuya düşünmək imkanı verir. Bir şeirin müxtəlif yozumları ola bilər. Hər bir oxucu şeiri öz duyumu qədərində anlaya bilər. Qoy elə belə də olsun.

# 2699 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #