"Rəsul Rza siyasətdən dərs deməyi sevir..." Mehdi Hüseyn yazır...

"Rəsul Rza siyasətdən dərs deməyi sevir..." Mehdi Hüseyn yazır...
21 yanvar 2013
# 15:00

Kulis.az xalq yazıçı Mehdi Hüseynin “Ədəbiyyat və incəsənət” qəzetinin 9 oktyabr 1954-cü il tarixli sayında dərc edilmiş “Sovet yazıçılarının İkinci Ümumittifaq qurultayı qarşısında” rubrikası altında “Ədəbiyyatımızın bəzi məsələləri” məqaləsinin birinci hissəsini təqdim edir:

Etiraf etməliyik ki, son aylarda Azərbaycan sovet ədəbiyyatının yeni vəzifələri haqqında yazılmış məqalələrin sayı az, məzmunu isə çox dayazdır. Biz ədəbi-tənqidi fikrimizin bu sahədəki fəaliyyətini düzgün istiqamətləndirmək üçün ciddi tədbirlər görməliyik. Çox təəssüf ki, Azərbaycan sovet yazıçılarının II qurultayından sonra keçən müddətdə ədəbi-tənqidi fikrimiz qüvvətlənməkdənsə, daha da zəifləməyə başlamışdır. Bunun ən birinci səbəbi odur ki, tənqidçilərin çoxu bilavasitə sovet ədəbiyyatımızın aktual yaradıcılıq problemləri ilə deyil, ikinci və üçüncü dərəcəli məsələlərlə daha çox məşğul olmuşlar. Bunun da nəticəsində bədii yaradıcılıq sahəsində çalışan yoldaşlara – nasirlərə, şairlərə və dramaturqlara kömək edən kəsərli və ciddi bir tənqid əsəri yaranmamışdır.

“Literaturnaya qazeta”nın və “Komsomolskaya pravda”nın səhifələrində “bizə ideal qəhrəman lazımdırmı?” problemi ətrafında çoxdan bəri ciddi və səmərəli münaqişələr gedir. Rus, Ukrayna, Latviya, gürcü ədibləri də, tənqidçiləri də bu münaqişədə yaxından iştirak edirlər. Lakin Azərbaycan yazıçılarını elə bil bu problem heç maraqlandırmır. Halbuki ideal qəhrəman məsələsi, müsbət sovet adamının monumental surətini yaratmaq məsələsi SSRİ xalqlarının bütün ədəbiyyatları eyni dərəcədə mühümdür. Bəs nə üçün bizdən heç kəs, nə bir ədib, nə də bir tənqidçi bu xüsusda öz rəyini söyləmir? Nə üçün “Ədəbiyyat və incəsənət” qəzeti, “Azərbaycan” və “Literaturnaya Azerbaydjan” jurnalları qurultayqabağı mübahisələri canlandırmağa çalışmır? Bəlkə bu ədəbi orqanların başçıları elə düşünürlər ki, biz bütün nəzəri problemləri həll etmişik və yaxud bu problemləri kim isə bizim əvəzimizə həll edəcəkdir?

Mənə elə gəlir ki, bu passivliyin əmələ gəlməsində Yazıçılar İttifaqı prezidiumunun da günahı az deyil. Tənqidin diqqətini sovet ədəbiyyatımızın əsas yaradıcılıq problemlərinə cəlb etmək, Azərbaycan sovet ədəbiyyatının zəngin təcrübəsi əsasında onun gələcək inkişaf yollarını aydınlaşdırmağa ciddi fikir vermək, xüsusilə indi – ölkəmizdə görülən böyük tarixi işləri daha geniş bədii lövhələrlə əks etdirmək zərurəti hiss olunduğu bir dövrdə - daha çox lazımdır. Məlumdur ki, partiyamızın son illərdə verdiyi əzəmətli proqramlar və xüsusən Mərkəzi Komitənin sentyabr, fevral –mart və iyun plenumlarının qərarları sovet ədəbiyyatının tematik vüsətini və bədii masştablarını genişləndirmək üçün böyük imkanlar yaradır. Lakin yenə də təəssüflə deməliyəm ki, bizim yazıçılarımız içərisində bu imkanlardan layiqincə istifadə edən və yaxud istifadə etməyə çalışan yoldaşların sayı çox azdır. Hətta elə yazıçılar da vardır ki, kolxoz kəndindən yazmağı bu gün artıq ədəbiyyatımız üçün qorxulu bir əyinti sayırlar. Bu əhval-ruhiyyələrə qəti zərbə endirilməlidir. Bizim ədəbiyyatımız öz qarşısında xalqımızın mənafeyi ilə bağlı olmayan məqsədlər qoya bilməz. Görünür ki, “biz kənddən çox yazırıq, ədəbiyyatımızı birtərəfli istiqamətləndiririk” deyən yazıçı öz səhvinin ciddiyyətini layiqincə dərk etmir. Azərbaycan sovet yazıçılarının açıq partiya iclasında bu zərərli fikri ortaya atan və beləliklə də qaba siyasi bir səhvə yol verən Rəsul Rza yoldaş yazıçılarımız tərəfindən haqlı olaraq tənqid atəşinə tutuldu.

Əlbəttə ki, belə bir səhvi təsadüfi saymaq olmaz. Çünki bu səhv fikrin arxasında sovet ədəbiyyatının vəzifələrini düzgün dərk etməmək kimi bir qüsur gizlənir. Təsadüfi deyil ki, Rəsul Rzanın son şeirlərində zamanımızın aktual mövzularından deyil, ən çox meşşan lirikasına qida verən əhval-ruhiyyədən danışılır. Bu gün biz hər məclisdə sovet adamlarının gözəl əxlaqi keyfiyyətlərinə ziyan vuran halları ciddi surətdə tənqid edirik, ümumi interesləri pozan adamları satira atəşinə tuturuq, böyük siyasi-təsərrüfat məsələlərinin həlli üçün bütün xalqımızı daha yaxşı səfərbərliyə alırıq. Bu vaxt Rəsul Rza yəqin ki, yenə də orijinal görünmək üçün:

Ev sahibi bu gün bizdən küsməsin,

Oğrun-oğrun adamları süzməsin,

Süfrəmizə xırda qədəh düzməsin,

Məscid deyil, ibadətdən danışaq,

Gəlin, dostlar, səxavətdən danışaq,-

deyir. Qəribə burasıdır ki, şair həmişə yazıçı yoldaşlarına siyasətdən dərs deməyi sevir, amma özü belə söz oyuncaqlarına və ideyasızlığa uyur:

Pəncərəmdən gələn yaz,

Yazılmamış bir nəğmənin

İlk xalları kimidir,

Bir körpənin xəyalları kimidir.

Həqiqətdir, əfsanəyə bənzəyir,

Bir xəyaldır, həqiqəti bəzəyir.

Rəsul Rza “kənddən çox yazırıq, fəhlə sinfini unutmaq olmaz” deyərkən bu cür əsərləri nəzərdə tutursa, buna ən azı, təəccüb etmək lazımdır. Çünki bu formalistik söz oyuncaqlarının ümumi sovet pozisiyasına heç bir dəxli yoxdur.

Bizim qüsurumuz kolxozçunu çox, fəhləni az göstərmək deyildir. Biz ümumi xalqımızın qəhrəmanlığını tam mənasilə və əzəmətli bədii surətlərdə əks etdirmək üçün az çalışırıq. Biz hələ oxucularımıza çox borcluyuq. Biz kəndi də, şəhəri də həqiqi və böyük sənətkarlar kimi dərindən və ətraflı öyrənməmişik. Biz öz professional səviyyəmizi artırmağa lazımı qədər fikir vermirik.

Mehdi Hüseyn

“Ədəbiyyat və incəsənət” qəzeti

9 oktyabr 1954-cü il

# 2685 dəfə oxunub

Müəllifin son yazıları

# # #