“İtlər kəndin zinətidir”

“İtlər kəndin zinətidir”
29 yanvar 2013
# 13:09

“Əli Vəliyevin yanlış tezisləri...”

Kulis.az xalq yazıçı Mehdi Hüseynin “Ədəbiyyat və incəsənət” qəzetinin 9 oktyabr 1954-cü il tarixli sayında dərc edilmiş “Sovet yazıçılarının İkinci Ümumittifaq qurultayı qarşısında” rubrikası altında “Ədəbiyyatımızın bəzi məsələləri” məqaləsinin ikinci hissəsini təqdim edir

Əvvəla, onu demək lazımdır ki, Əli Vəliyev “Gülşən” və “Çiçəkli” romanlarının müəllifi kimi özünün müsbət təcrübəsindən danışıb bədii yaradıcılıq problemləri ətrafında gedən münaqişələrdə iştirak edə bilərdi. Ə. Vəliyevin ən ciddi səhvi ondan ibarət olmuşdur ki, kiçik bir məqalədə Azərbaycan ədəbiyyatının kəndə dair yazılmış bir sıra əsərlərinə qiymət vermək kimi çətin bir vəzifəni boynuna götürmüşdür. Bu səbəbdən də onun ədəbi qeydləri ötəri və təsadüfi səciyyə daşıyır. Onun kənd məsələsinə həsr olunmuş klassik hekayələrə verdiyi təhlil də çox çətindir.

Əli Vəliyev Azərbaycan sovet nəsrinin müvəffəqiyyətlərini bu cür qiymətləndirir:

“Kənddən yazılmış nəsr əsərlərimizdə hər şey hamar göstərilir: kəndlər abad, elektrik işığına qərq olmuş, yolların kənarında xiyabanlar, mədəniyyət saraylarında radio guruldayır və i.a..”

Belə nəticə çıxarmaq olar ki, nasirlərimiz kənd həyatının real təsvirini vermir, varlığı bəzəyirlər.

Məncə, bu, haqsız iddiadır. Əli Vəliyev yoldaş bizim bütün nəsrimizə belə yanlış qiymət verməklə, istər-istəməz nihilistlərə səs vermiş olur. Halbuki Azərbaycan sovet nəsrinin ən yaxşı əsərlərini “hər şeyi hamar görməkdə” günahlandırmaq, bu əsərlərin realist səciyyə daşıdığını, həyatımızı və mübarizəmizi dürüst əks etdirdiyini danmaq deməkdir. Bəlkə Əli Vəliyev yoldaş bu sözləri deyərkən də “Su aydınlıqdır”, “Vətəndaş” povestlərini nəzərdə tutur? Əgər belədirsə, o, nə üçün kənddə sinfi mübarizənin dolğun bədii təsvirini vermiş qiymətli nəsr əsərlərimizdən bir kəlmə də danışmır? Görünür ki, Əli Vəliyev ya bu əsərləri unutmuş, ya da onları konkret təhlildən keçirmək yolu ilə yazıçıların həyatı necə təhrif olunmuş şəkildə göstərdiklərini sübut etməyə cəsarət etməmişdir.

Doğrudur, o, məqaləsinin başlanğıcında Azərbaycan sovet ədəbiyyatının kəndə həsr olunmuş əsərlərini bizə xatırladır, lakin Əli Vəliyev uzun siyahıda göstərilən əsərlərdən heç olmasa, birinin müsbət təcrübəsindən danışsaydı, o vaxt bizdə bu şübhə oyanmazdı.

Əli Vəliyev mənfi saydığı əsərlərdən bir neçə konkret misal gətirir, hətta bir yerdə “Pobeda” maşınının düz və hamar yolla fermaya getdiyini təsvir edən müəllifi təqsirləndirir. Guya bu səhnə real deyil, uydurmadır.

Məncə, məsələni belə bəsitləşdirmək olmaz. Məsələ “Pobeda”nın fermaya, özü də hamar yolla getməsində və ya getməməsində deyildir. İndi bu, bizim həyatımızda o qədər də nadir hal deyildir. Məsələ burasındadır ki, ədibin təsvirində sənətkar məharəti görünmür. O, “Pobeda”nı da, hamar yolu da görür, amma fermanın sahiblərini, fermadakı yeni insan münasibətlərini, real həyat konfliktlərini, gərgin mübarizəni görmür və göstərmir.

Əsərin sönük çıxmasına səbəb olan da budur, belə atüstü yazılmış oçerkvari yol qeydlərinin zəifliyi, ilk növbədə, Əli Vəliyevin doğru olaraq qeyd etdiyi kimi, kolxoz həyatını səthi müşahidə etmələridir və mən də əlavə edərdim ki, öz müşahidələrini layiqilə mənalandıra bilməmələridir. Həmin müəlliflərin bədii əsər haqqındakı, sosialist realizmi haqqındakı təsəvvürləri də yanlışdır. Onlara elə gəlir ki, kommunizm uğrundakı mübarizəmiz bizi asanlıqla qələbələrə aparır.

Xeyir, bu təsəvvür kökündən yanlışdır. Halbuki böyük bədii lövhələr yaradan sənətkar, məsələn, “Oyanmış torpaq” müəllifi M. Şoloxov sovet kəndində yeniliyin köhnəlik üzərindəki qələbəsini son dərəcə mürəkkəb və çətin proses kimi göstərir. Axı V. Mayakovski sosializm cəmiyyətinin mübarizələrdə qurulduğunu nahaq yerə iddia etməmişdi ki? Aydın deyilmi ki, bunu unudan müəllif həqiqəti unudur, həqiqəti unudan yazıçı isə sosialist realizmi cəbhəsindən uzaqdır!

Əli Vəliyevin məqaləsində öz mahiyyəti etibarilə yanlış olan bir tezis vardır, guya bizim nəsrimizin ən böyük qüsuru həyatımızdakı nöqsan cəhətləri yaxşı göstərə bilməməsidir. Yəqin ki, Əli Vəliyev aşağıdakı cümləni də bu iddiasını sübut üçün işlədir: “Yazıçının gözünü zahiri parıltılar qamaşdırdığı üçün fermadakı biabırçılıqlardan xəbərsizdir. Ferma müdiri kolxoz sədrilə, baytarla əlbir olub, bəzi çobanlar vasitəsilə camaata filan qədər ziyan vurduğu halda, yazıçı rayon rəhbərlərinin “Pobeda” maşını ilə yaylağa gedir”.

Fərz edək ki, yazıçı “həqiqəti” Əli Vəliyev yoldaşın dediyi kimi göstərdi, baxın o vaxt necə mənzərə yaranır: kolxoz sədri də, baytar da, çoban da xəbis və oğrudur. Demək fermanı dağıdırlar, çapıb-talayırlar. Bu mənzərəni bədii əsərdə göstərən yazıçı hadisələri məharətlə ümumiləşdirsə, fermada çalışanlardan bütün bir xəbislər silsiləsi əmələ gələcək. Bu, həqiqətimi ifadə edir? Əlbəttə, yox. Bu mənzərə oxucuya yanlış təsəvvür verib, onu bədbinləşdirə bilər. Sovet varlığının ümumi inkişaf tendensiyası və istiqamətləndirici meylləri isə bizdə bədbinlik deyil, böyük inam və sevinc hissi doğurur.

Əli Vəliyevin məqaləsindəki bu mülahizələr, məncə, ilk növbədə onun nəzəri müddəalarının yanlışlığını göstərir.

Hətta o, ifrat dərəcədə hissə qapılaraq yazır ki: “Sübh vaxtı şeh düşməsi, isti günlərdə cırcırama səsi, axşam vaxtı qərib bir sakitlik, aydınlıq gecədə eyni ahənglə baş alıb gedən çay şırıltısı, yaşıl don ağaclara qonub müxtəlif nəğmələr oxuyan quşlar, İsaq- Musaq quşunun səsinin arabir eşidilməsini təsvir edən yazıçının əsərləri əldən-ələ gəzir”.

Heç vaxt! Bu obyektlər dahi sənətkar fırçasıyla təsvir olunsa belə, yenə maraq doğura bilməz. Çünki bu mənzərə mütləq natamam olacaq. Çünki burada əsas obyekt çatışmır: İnsan!

Öz məqaləsində qəhrəman sovet adamlarını təsvir etməyin zərurətindən danışan Əli Vəliyev nə üçün birdən-birə bu yanlış fikrə gəlib çıxır?

Əli Vəliyev yoldaş bizim ölkəmizdə yaranan yeni peyzaj və onun yaradıcılarını göstərməyi tələb etsəydi, məncə, ədəbiyyatımızın novatorluğunu bir az da gücləndirməyə kömək etmiş olardı.

Əli Vəliyev öz məqaləsində yazıçılarımızın nəzərini birinci dərəcəli və əsas yaradıcılıq məsələlərinə cəlb etmək əvəzinə, o qədər də mühüm olmayan ikinci və üçüncü dərəcəli məsələlərdən daha çox danışır və yenə mücərrəd şəkildə izah etdiyi “təbiət mənzərələrinin mahiranə təsviri” məsələsini “bədii əsərin ən qüvvətli cəhətlərindən” sayır. Bizdə belə bir təsəvvür yaranır ki, müəllif bütün bunları əsərin maraqlı oxunması xatirinə tələb edir, hətta deyir ki, ağlı-qaralı qoyun sürüləri, boynu qumvorlu uzunbuynuz erkəklər, orğuların və canavarların qənimi olan ağzı qara, quyruğu çənbər itlər kolxoz kəndinin zinətidir. Bunlar təsvir olunmasa, kənd solğun görünər.

Əgər bunları təsvir etmədən yazıçı bizə kəndin yeni insanlarını, onların çətin, lakin şərəfli mübarizə yollarını göstərərsə, inanmıram ki, kənd solğun görünər. “Oyanmış torpaq” romanının zəngin mündəricəli bir əsər kimi meydana çıxmasına səbəb heç də bu heyvanların təsviri deyil. M. Şoloxovu bizə sevdirən onun yaratdığı parlaq insan surətləri və canlı həyat lövhələridir. Mən onun öz romanında ümumən heyvanları təsvir edib-etmədiyini xatırlamıram, lakin Davıdovu da, Naqulnovu da və ümumən onun romanındakı başqa insan surətlərini də yaxşı xatırlayıram. Ədəbiyyatı M. Qorki “insanşünaslıq” adlandırmışdır. Bu, yazıçının rolunu son dərəcə düzgün təyin edən bir tərifdir.

Malenkov yoldaş demişdir:

“Realist incəsənətin gücü və əhəmiyyəti bundadır ki, o, sıravi adamın yüksək mənəvi keyfiyyətlərini və onun xarakterindəki tipik müsbət cəhətləri aşkara çıxarıb göstərə bilər və göstərməlidir, onun başqa adamlar üçün nümunə olmağa və təqlid edilməyə layiq parlaq bədii surətini yarada bilər və yaratmalıdır”.

Sovet ədəbiyyatının vəzifəsi, yenə Malenkov yoldaşın dediyi kimi, həyatdakı ziddiyyət və münaqişələri cəsarətlə göstərmək, tərbiyə üçün ən təsirli vasitələrdən biri olan tənqid silahından istifadə etməyi bacarmaqdır.

H. Mehdi

“Ədəbiyyat və incəsənət” qəzeti

9 oktyabr 1954-cü il

# 2405 dəfə oxunub

Müəllifin son yazıları

# # #