Sən kimsən, səfəvi?

Sən kimsən, səfəvi?
11 fevral 2015
# 16:00

Kulis.Az İlqar Fəhminin “Sən kimsən, səfəvi?” məqaləsini təqdim edir.

(Səfəviliyin estetik fəlsəfəsi haqqında bədii-publisistik əsərdən qısa fraqmentlər)

Niyə Səfi?

Tarixlə maraqlanmaq bütün ziyalı insanların xüsusiyyətidir. Ələlxüsus da öz xalqının tarixiylə, keçmişiylə. Bu prosesi uşaqlıqdan, yeniyetməlikdən başlayaraq hamımız keçmişik. İstər tarix kitablarımızdan, istər tarixi romanlardan, istər tarixi film və tamaşalardan öyrənmişik keçmişimizi, tarixi şəxsiyyətlərimizi tanımışıq və bir çoxlarını sevmişik.

Son sözə diqqət edək – «Sevmişik.»

Sevgini yaradan sadəcə şəxsiyyətin tarixi olmağı, yaxud hansısa tarixi xidmətləri, fəaliyyəti deyil. Bunları bilmək ona yalnız rəğbət hissi yarada bilər. Rasional düşüncənin məhsulu olan rəğbət və hörmət...

Sevgi, eşq isə tamam başqa bir məfhumdur. Burda hansısa qeyri-müəyyən mistik cazibə var ki, bəzən bunun yaranmasını hansısa dəqiq faktlarla əsaslandırmaq olur, bəzən də olmur. Çünki eşq olan yerdə ağıl çox vaxt aciz olur.

Azərbaycanın orta əsrlər tarixi barədə də analiz aparanda məlum olur ki, həmin dövrlər tarixi şəxsiyyətləri arasında bir fiqur var ki, bütün azərbaycanlılar tərəfindən daha çox sevilir, daha çox bütləşdirilir, daha çox düşündürür…

Kimdi bu şəxsiyyət?

Əlbəttə ki, Şah İsmayıl Xətai.

Dünya siyasət tarixində - Böyük Səfəvi hökmdarı Şah İsmayıl Səfi...

Döyüş meydanında - Qızılbaş sərkərdəsi İskəndərşan İsmayıl Bahadur.

Mənəvi və Ruhani istiqamətdə – Səfəviyyə təriqinin Piri-Mürşidi Dərviş İsmayıl.

Minillik poeziyamızın tarixində - Azərbaycanın ən zərif, həzin klassik şairi Xətai.

Folklorda, Xalq dastanlarında, ümumxalq yaddaşında - Ədalətli hökmdar, Şeyx oğlu Şah.

Və nəhayət, Mədəniyyət müstəvisində – o dövrün bütün incəsənət ustalarının, rəssamların, xəttatların, nəqqaşların, xalçaçıların, şair və aşıqların, memarların və sair sənətkarların ən ali himayədarı, bütün dünyada tanınan çoxşaxəli "Səfəvi mədəniyyəti"nin yaradıcısı, təəssübkeş mesenat İsmayıl Mirzə...

Hətta müasir dövrümüzdə - ətrafında ən çox mübahisələr gedən, möhtəşəm şəxsiyyəti və zəngin fəaliyyəti ilə, beş yüz il sonra da daim bizim ictimaiyyətin diqqət mərkəzində olan bir tarixi obraz...

***

Görəsən tək Azərbaycan yox, bütün dünyanın tarixində nə qədər şəxsiyyət olub ki, bu qədər fərqli müstəvilərdə özünü yüksək səviyyədə təsdiq eləmiş ola?

Şəxsən mən xatırlamıram. Bəlkə ikisini, uzağı üçünü özündə birləşdirən olar, amma hamısını...

Bəlkə haqqında danışdığımız ümumxalq sevimlisinin səbəbi budur? Zənnimcə, Şah İsmayıl Səfəvi şəxsiyyətini beş yüz il əhatə edən sufiyanə ilahi-mistik aura indi də onun adını əhatə edir və bizi də onun cazibəsinə salan məhz bu ilahi auradır. Axı o, adi insan deyildi. O, «Seçilmiş»lərdən idi.

Səfəviyyə – lehinə və əleyhinə

Səfəvi tarixi və mədəniyyəti barədə cild-cild kitablar, elmi araşdırmalar, məqalələr yazılıb. Özüm də uşaqlıqdan şərq tarixi barədə kitablar, mənbələr çox oxumuşam da, təbii ki, məni də ən çox cəlb edən məhz səfəvi tarixi olub. Hətta bu mövzuda tarixi romanlarım, pyesim dər dərc olunub. Və ən nəhayət, bu mövzuda yazılan bütün elmi-tarixi materialların davamı kimi AR Prezident Administrasiyasının rəhbəri, Akademik Ramiz Mehdiyevin yeni dərc olunmuş kitabı və məqalələrini göstərmək olar. Hörmətli akademik bu günümüzə qədər bu mövzuda yazılan bütün kitab və əsərlərə sanki yekun vurur, eyni zamanda perspektivlərin də konturlarını cızır ki, gələcək nəsillər bu istiqamətdə araşdırmalar apararkən doğru istiqamətdən sapmasınlar.

Bəs görəsən niyə Ramiz müəllim bizim milli şüurun inkişafını məhz Şah İsmayıl obrazında görür?

Hörmətli akademikimiz öz kitab və məqalələrində Şah İsmayıl şəxsiyyətinin həm ictimai, həm siyasi böyüklüyünü, həm dövlətçilik, həm də millətçilik baxımından əhəmiyyəti danılmaz faktlarla sübut edir. Hətta Şah İsmayılla bağlı ləğviyyat yazan dırnaqarası tarixçiləri də diqqətdən kənarda qoymur, onların qarşısına dəqiq bir arqumentlə çıxır – tarixən Şah İsmayıl haqqında yazanların heç də hamısı onu sevən insanlar deyildilər və tarixi mənbələrin heç də hamısına eyni etibarla yanaşmaq olmaz. Ona görə də akadekimiz bu «tarixçi»lərə məsləhət görür ki, tarixi mənbələrə istinad edərkən daha ehtiyatlı olsunlar.

Şəxsən mən məsələni daha kəskin qoyardım. Müasir dövrümüzdə Şah İsmayıl şəxsiyyətini xalqımızın gözündən salmaq istəyənlər, ancaq Azərbaycanı sevməyənlər, onun bir millət olaraq gələcək inkişafını istəməyənlərdir. Çünki müasir dövrdə - başqa xalqlar öz keçmişini qurdalayaraq, olmayan yerdən min cür saxta üsullarla özlərinə «tarixi şəxsiyyət»lər düzəltdiyi bir vaxtda, biz niyə tarixin bizə bəxş etdiyi Şah İsmayıl kimi dühalara qara yaxıb gözdən salmalıyıq? Bu, nə dərəcədə "ağıllı» hərəkətdir?

Əslində bu məsələnin tarixi tərəfinə qarışmaq istəmirəm. Qeyd etdiyim kimi, böyük alimlərimiz bu mövzunun tarixi tərəfini və müasir günümüzdə Səfəviyyənin bizim üçün aktuallaşmış ictimai-siyasi tərəfini yüksək səviyyədə araşdırırlar və bu proses Ramiz Mehdiyevin təklif və mülahizələri əsasında dövlət səviyyəsində həyata keçirilir. Əminəm ki, gələcəkdə də bu proses artan xətlə davam edəcək.

Mən isə bu mövzunun bədii, estetik və psixoloji tərəflərinə toxunmaq istəyirəm.

Ta əzəldən var idim...

Qurban olum pirimə,

Pirimə, mürşidimə.

Sadağa olum pirimə,

Pirimə mürşidimə.

Nədənsə qulağımda, səf-səf düzülmüş qızılbaşların döyüşqabağı hayqırtısı səslənir. Və bu hayqırtıda sanki beş yüzü ili yox, minilliklərin pərdəsini dəlib keçməyə qadir olan, nəinki bu günümüzə, hətta uzaq gələcəyimizə də gedib çatmağa kifayət edən əzəmət və güc var. Səfəvi həqiqətinin gücü…

Yer yox ikən, göy yox ikən ta əzəldən var idim,

Gövhərin yek danəsindən irəli pərgar idim.

On səkiz min aləmə mən gərdiş ilə gəlmişəm,

Ol səbəbdən həqq ilə sirrdar idim, sərdar idim.

Burda isə Sözün ecazı insanın ruhunu silkələməyə bilmir. Həm vəhdəti-vücud fəlsəfəsi, həm həqqül-yəqin mərtəbəsi, həm hürufi əsrarı, həm də səfəvi qüruru...

Bu iki beyt Azərbaycan klassik poeziyası və fəlsəfi-ürfan düşüncəsi üçün Şah İsmayıl Xətainin nə qədər əhəmiyyətli və əvəzedilməz bir fiqur olduğunu hiss eləməkçün kifayətdir.

Lakin məqsədim Xətainin şairlik qüdrətini əyan eləmək də deyil. Bunu məndən qabaq da ədəbiyyat alimlərimiz yüksək səviyyədə həyata keçiriblər, bundan sonra da onun ruhu titrədən zərif lirikası, sirlərlə dolu ürfani poeziyası haqqında yüzlərlə kitab və məqalə yazılacaq. Biz yazacağıq. Çünki buna borcluyuq...

Məqsədim, Şah İsmayıl obrazının və ümumilikdə Səfəvi mədəniyyətinin orta əsrlərdə və elə indinin özündə də Azərbaycan milli şüurunun daha da inkişaf etməsindəki rolu barəsində düşüncələrimi bölüşməkdir...

Haşiyə - Vaqner və sair

Dünyadakı ictimai-siyasi proseslərdə ön cərgədə gedən xalqların tarixinə və milli şüurunun inkişafı proseslərini araşdırıb öyrənəndə, məlum olur ki, hər bir xalqın özünütanıması, milli identifikasiyası üçün müəyyən ideoloji bazisə ehtiyac var. Həm də bu ideoloji bazis sırf həmin toplumun özünə aid olan faktorlar üzərində qurulmalıdır.

Yəni, xalqın hər bir nümayəndəsi öz milli bazisinin sütunlarına fikir verəndə, bu faktorların tarixən məhz onun xalqına mənsub olduğunu düşünməlidir. Belə demək olarsa, xalqın nümayəndəsi "oğurluq" hiss eləməməlidir. (Elə bu səbəbdən də, üzdəniraq qonşularımız öz "milli mədəniyyətləri"nin sütunlarını təbliğ edərkən, hamını, ələlxüsus da öz xalqının nümayəndələrini inandırmağa çalışırlar ki, bütün bu "Sarı gəlin"lər, "Balaban"lar, "Sayat Nova"lar, sırf onların mədəniyyətinin məhsuludur, sadəcə yağı düşmən, yəni biz türklər tarixən öz gücümüzdən istifadə edərək, bu mədəniyyət nümunələrini onlardan oğurlamışıq...)

Eyni prossesi başqa xalqlarda da müşahidə eləmək olar. Başbilənlər xalqı milli şüur ətrafında birləşdirmək üçün, ilk növbədə, tarixi şəxsiyyətləri,- dövlət xadimlərini, cəngavərlər döyüşçüləri, filosofları və nəhayət tarixi mədəniyyət nümunələrini önə çəkib təbliğ edirlər. Əgər yaxın keçmişdə uğurlu nümunələr tapılmırsa, daha uzaq keçmişə, hətta mifik dövrlərə müraciətlər edilir, həqiqi dəyərli faktorlar tapılmayanda, hansısa uydurma şəxsiyyətlər, miflər şişirdilərək təbliğ edilir.

XIX əsrin sonlarında, Bismark dövründə, Almaniyanın vahid dövlətdə birləşdirilməsi məsələsi gündəmə gələndə, alman millətçiləri arasında maraqlı bir fikri yayılmışdı. - "Milli şüurun formalaşdırılması üçün on faiz tarixi həqiqət kifayətdir. Yerdə qalan doxsan faizi həqiqətə uyğun şəkildə uydurmaq da olar."

Buna çox nümunə göstərmək olar, amma bircə Rixard Vaqnerin yaradıcılığına nəzər salmaq kifayətdir. Onun əsərlərinin mövzusu və qəhrəmanları xristianlıqdan əvvəlki german xalqlarının mif və əsatirlərindən götürülüb. Bəstəkarın operalarının, ələlxüsus da "Reyn xəzinəsi" trilogiyasının yayılmasından sonra, Nibelunqlar, Ziqfridlər, Valkiriyalar və sair mifik personajlar müasir (19-cu əsr üçün) alman düşüncəsi üçün birləşdirici sement rolunu oynadı. Oğlanlar özlərini Ziqfridə, qızlar Brumhildaya, yaxud Valkiriyalara bənzətməyə çalışırdalır. Ziqfridin düşmənləri isə almanların altşüuruna, ölkənin birləşdirilməsini istəməyən qüvvələrin simvolik obrazı kimi otururdu...

Vaqner bu yolla onlarla xırda knyazlıqlara parçalanmış almanların birləşməyinə, vahid milli şürunun formalaşmasına, milli identifikasiyasının yaranmasına öz töhfəsini verməyə çalışırdı. Və qeyd edək ki, bu töhfə o qədər də kiçik deyildi.

Bəs niyə Vaqner və onun həm fikirləri alman milli şüurunun inkişafı üçün daha yaxın keçmişdəki real qəhrəmanlara, obrazlara müraciət etmirdilər? Səbəbi məlumdur. Müasir Almaniyanın ərazisi orta əsrlərdə çox qarmaqarışıq mədəni və siyasi mühitdəydi. Ərazilər Avstriyanın, Fransanın və başqa dövlətlərin təsir və təzyiq dairəsində idi, mədəniyyət, fəlsəfə, ədəbiyyat da qarışıq şəkildə fəaliyyət göstərirdi..

Və bu horranın içindən sırf özlərinə məxsus, belə demək olarsa "Təmiz Alman" obrazları çıxartmaq mümkün deyildi. Ona görə Vaqner və həmfikirləri əsrlərin başı üstündən uzaq keçmişə, mifik dövrlərə müraciət etməli oldular. Çünki Ziqfrid də, Nibelunqlar da, Valkiriyalar da almanların sırf özlərinki idi, başqa heç bir xalqa məxsus deyildi...

Amma hədsiz dərəcədə vacib bir detalı unutmayaq. Bədiiyyat və estetika...

Milli şüurun sütunları, sadəcə möhkəm yox, həm də GÖZƏL olmalıdırlar.

Əgər Vaqnerin musiqisi hədsiz dərəcədə gözəl olmasaydı, onun mifologiyadan dartıb gətirdiyi «həqiqi alman obrazları» da xalqın ürəyinə yol tapmazdı. Bədii-estetik keyfiyyət bu mənada böyük əhəmiyyət kəsb edir.

Buna inanmaq üçün, "Valkiriya" operasının üçüncü pərdəsinin əvvəlindəki leytmotivə - hamının "Valkiriyanın uçuşu" kimi tanıdığı fraqmentə qulaq asmaq yetər... Elə bircə bu fraqment alman mifologiyasında döyüşçü-qadın obrazının bütün fəlsəfəsini və xarakterini gözəl şəkildə açmağa kifayət edir. Bəli, sadəcə xarakteri açmağa yox, həm də gözəl şəkildə açmağa... Sənətşünaslardan biri qeyd edirdi ki, hər bir alman qadını bu fraqmenti dinlədikdən sonra, öz içində bir "valkiriya" kəşf edir və bu, həyatla çarpışmada ona sonsuz daxili güc verir.

Həqiqət və ... həqiqət.

Bəs bizdə vəziyyət necədir?

Orta əsr Azərbaycan milli düşüncə tərzinin, milli mədəniyyətimizin, milli ədəbiyyatımızın formalaşmasında Şah İsmayılın və Səfəviyyənin roluna fikir verəndə nə görürük? görəsən bizdə də nələrisə şişitməyə və yalana ehtiyac varmı?

Tarix deyir ki, yox, qətiyyən yoxdur...

İyirmi birinci əsrdə Azərbaycan milli şüurunun daha da inkişaf etməsi, öz identifikasiyasını daha da dərinləşdirməsi üçün Şah İsmayıl şəxsiyyəti və Səfəviyyə əqidəsi bizim üçün hər şey qoyub. Və bu "hər şey", bizə, yalnız bizə məxsusdur və hədsiz dərəcədə "gözəldir". Heç kim ona şərik çıxa bilməz, heç kim onun gözəlliyini inkar edə bilməz. Heç bu iddiada bulunan da yoxdur. Çünki bu halda bir çox açıq aşkar tarixi və bədii faktların əleyhinə getməli olacaqlar.

Bizim boynumuza düşən isə, sadəcə götürüb müasir dövrə uyğun sistemləşdirmək, tədqiq və təbliğ etməkdir...

Yenə təkrar edirəm ki, əslində bu işə çoxdan start verilib. Elə Sovet dönəminin sonlarında, ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın 20-ci əsr mədəniyyəti və incəsənəti öz inkişaf dövrünü yaşayanda, Şah İsmayıl obrazının, Səfəvi tarixinin tədqiqinə və təbliğinə başlanılmışdı. Şah İsmayılın ilk kitabları da, onun həyat və yaradıcılığına aid ədəbi-bədii əsərlər də, Səfəvi tarixinin və mədəniyyətinin tədqiqinə həsr olunmuş elmi monoqrafiyalar da həmin dövrlərdə işıq üzü gördü...

Doxsanıncı illərin ortalarından etibarən bu prosses yenə də yüksələn xəttlə inkişaf etdirilməyə başladı. Bakıda Şah İsmayılın abidəsi ucaldıldı, ona həsr olunmuş çoxlu tarixi və bədii əsərlər yaradıldı, Səfəvi mədəniyyətinin və incəsənətinin tədqiqi və təbliği sahəsində çoxlu işlər görüldü, hətta Səfəviyyənin ana kitabı - "Şeyx Səfi təzkirəsi" də Əlyazmalar İnstitutu tərəfindən nəşr edildi və nəhayət, bu il Hörmətli Akademik Ramiz Mehdiyevin bu mövzuda məqalələrinin ardınca "Şah İsmayıl: hökmdarın və döyüşçünün portreti" adlı kitabını yazdı...

Və təkrar edirəm ki, müasir dövrümüzdə bizim boynumuza düşən missiya bu ideoloji xətti yüksək səviyyədə davam etdirməkdir...

Bunun üçün tarix bizə kifayət qədər material qoyub.

Psixoloji və estetik məqamlar

Bəs Şah İsmayılın bizə qoyduğu bədii-estetik, psixoloji faktorlar hansılardır və bizim milli şüurun inkişafında onların rolu necə olub və bundan sonra necə olacaq?

Ən əvvəl onu qeyd edim ki, Şah İsmayıl bizim orta əsr tarixi şəxsiyyətlərimizin içində ilk adamdır ki, real portreti indiki dövrümüzə qədər gəlib çatıb. Belə demək olarsa, kitablarda gördüyümüz Nizami, Füzuli, Babək, Koroğlu portretlərindən fərqli olaraq, Şah İsmayıl Xətainin portreti müasir rəssamların təxəyyülünün məhsulu deyil.

Bu, ONUN özüdür.

Səksəninci illərdə təhsil aldığım orta məktəbin həm ədəbiyyat, həm tarix otaqlarında, həm də dəhlizində tanınmış ədiblərimizin, tarixi şəxsiyyətlərimizin portretləri asılmışdı... Elə o vaxt hiss eləmişdim ki, biz, başqa şəxsiyyətlərimizdən daha çox Şah İsmayılın portretinin qarşısında dayanırıq. Elə vaxt olurdu ki, müxtəlif siniflərdə oxuyan şagirdlər uzun müddət onun şəklinin qarşısında durur, baxır, fikrə gedirdilər. Aşağı siniflərdə oxuyarkən bunun səbəbini başa düşmürdüm. Amma özüm də hiss edirdim ki, məhz bu şəkil məni daha çox çəkir özünə. Səbəbini sonra başa düşdüm, bildim ki bu rəsmi naməlum bir italyan rəssamı naturadan çəkib, ona görə də.... (Bəli, bayaqkı kəlmənin üstünə qayıdıram)... Bu, ONUN özüdür... O, başqa cür yox, məhz bu cür olub.

Nədənsə mənə elə gəlirdi ki, həmyaşlarımın hər biri ürəyinin hansısa dərin bir güşəsində inanırdı ki, elə indi, O, üzünü bu tərəfə çevirəcək və mənə baxacaq, məni görəcək...

Amma üzünü çevirmirdi. O uzaqlara baxırdı. Çox-çox uzaqlara... Hətta bizim də görmədiyimiz üfüqlərə, üfüqlərin o tərəfinə boylanırdı. Və deyəsən orda da özünü görürdü. İyirmi birinci, iyirmi beşinci, otuzuncu əsrin Şah İsmayıl Xətaisini...

Bəlkə də kiməsə bu fikir primitiv görünə bilər, amma məncə müasir dövrdə ona yönələn sevgi dalğasının çoxsaylı səbəblərindən birincisi məhz budur - Biz ONU görürük, tanıyırıq, biz onun üzünün hər cizgisini realda olduğu kimi müşahidə edirik və onun üzündən yayılan bu enerji aurası ruhumuza yayılır, bizi öz cazibə dairəsinə salır...

Hürufilərin "İNSAN SURƏTİ"nə nə qədər fəlsəfi-irfani önəm verdiyini, klassik ədəbiyyat alimləri bilirlər. Fəzlulah Nəiminin "Cavidannamə"sinin, Nəsimi divanının fəlsəfi ana xətti də bu ideyanın üstündə qurulub ki, Allah İnsanı öz surətində yaratdı, və məhz bu səbəbdən "KAMİL İNSAN"nın surəti onun içindəki İlahi işartının nümunəsidir. Hürufilər qeyd edirdilər ki, insan surətindəki hürufatı (hərfləri) düzgün oxumaq mümkün olsa, insanın bütün ruhunu, xasiyyətini, daxili aləmini bilmək olar. Ən əsas da kamil insanı cahil insandan ayırmaq mümkündür. Çünki zahir batinin ayinəsidir, KAMİL insanın, hüsni-sürəti də KAMİLDİR və müasir dillə desək, qeyri-ixtiyari ətrafa qəribə bir daxili işıq yayır, İlahi enerji mənbəyinə çevrilir, Allahın özünün Surətini təcəssüm etdirir...

Səni bu hüsnü kamalü, bu camal ilə görüb,

Qorxdular HƏQQ deməyə, çöndülər insan dedilər...

Nəsimi, bizim kimi, Şah İsmayıl Xətainin surətini yaxından müşahidə eləsəydi, yəqin ki yalnız bir nəticə çıxardardı - KAMİL İNSAN...

Frensis Bekonun həmişə xatırlanan bir fikrini mən də sitat gətirmək istəyirəm. «Elmlərin böyük dirçəlişi» əsərində, o, təxminən belə bir fikir irəli sürür ki, təbiət sanki gözəl insanları yaradarkən onların zahiri yaraşıqlarına daha çox diqqət ayırır və daxili aləmlərini ali keyfiyyətlərlə zənginləşdirməyə imkan tapmır, lakin bəzi istisnalar da mövcuddur. Və Bekon burada istisna kimi, Makedoniyalı İskəndər, Oktavian Avqust və başqa tarixi şəxsiyyətlərlə bərabər, Şah İsmayılın da adını çəkərək bildirir ki, bu insanlar ali və möhtəşəm ruha malik olsalar da, həm də zahirən çox gözəl idilər.

Şəksiz ki, Frensis Bekon da, Şah İsmayılın naməlum Avropa rəssamı tərəfindən çəkilən həmin məşhur portretini görmüşdü və bizim o şəkilə baxarkən keçirtdiyimiz hissləri keçirtmişdi.

Psixoloji tərəfdən yanaşanda, əminəm ki, o portretdə biz sifətindən zəhrimar tökülən idbar birisini görsəydik, ona bu qədər sevgi bəsləməzdik. Tarixi xidmətləri hətta yüz dəfə artıq olsa belə...

Məsumluq...

Zənnimcə Şah İsmayılın ətrafındakı beş yüzillik eşq dairəsinin bir səbəbi də onun uşaqlığı olub...

İstər nəsr, istərsə də dramaturgiya nəzəriyyələrində belə bir məqam var: Qəhrəmanlıq və cəngavərlik mövzusunda əsər yazmaq istəyən yazıçıya məsləhət görülür ki, əgər yaradacağın baş qəhrəmanın geniş oxucu və tamaşaçı kütlələri tərəfindən sevilməsini istəyirsənsə, onu mütləq zahirən yaraşıqlı, amma həyatının əvvəlində məsum və məzlum eləməlisən. O uşaqlığında faciələrlə, məhrumiyyətlərlə üzləşməlidi, əzizlərini yaxınlarını itirməlidi, zülm və iztirablar çəkməlidi... Çünki cinsindən asılı olsayaraq, bütün bəşər övladının içində bir ana mərhəməti var. Harınlamış ərköyün lovğa yeniyetmə nə qədər nifrət doğurursa, (Nədənsə, "Şərikli çörək" filmində, əlində çörək küçəyə, ac uşaqların içinə çıxan balaca gombulu xatırladım), məzlum uşaq özünə qarşı bir o qədər sevgi və mərhəmət hissi yaradır... və daha sonrakı qəhrəmanlıqlarına daha da fərqli bir rəng qatır...

Şah İsmayılın həyatını oxuyanda, adama elə gəlir ki, tale sanki bütün bu dramaturji incəlikləri əvvəlcədən nəzərə alıb. Onun uşaqlıq tarixçəsi hamıya məlumdur. Körpə yaşlarında atasını itirib, dünyanı dərk eləməyə başlayanda, gözü qarşısında zindan divarları görüb, uşaqlıq sevinci yaşamayıb, yeddi yaşında anası və qardaşlarıyla birlikdə zindandan çıxsa da, rahatlığı çox çəkməyib, böyük qardaşını itirib, daha sonra səkkiz il müddətinə cəlayi-vətən olur, atasının tərəfdarları onu müxtəlif vasitələrlə düşmənlərin qisasından qorumağa, gizlətməyə çalışırlar...

İsmayılın Lahicanda gizlədilərkən, baş verən maraqlı əhvalatı hələ uşaqlıqda atamdan eşitmişdim... Bəli, ağacdan asılmış beşik barədə məşhur rəvayəti deyirəm... Düşmənlərin yolladığı qoşunun qarşısına çıxan şəhər hakimi rəsmi-şəkildə Qurana and içir ki, İsmayıl Səfi bu torpaqda yoxdur... Hamı inanır... Balaca İsmayıl isə həmin vaxt ağacdan asılmış beşikdə yatırmış...

Şah İsmayılın uşaqlığıyla bağlı bu cür rəvayətlər çoxdur. Hansı real tarixi faktdı, hansı xalqın təxəyyülünün məhsuludur, - indi bunun heç bir əhəmiyyəti yoxdur.

Xalqı kimisə sevməyə heç kim məcbur edə bilməz. Qorxmağa, çəkinməyə məcbur etmək olar. Amma sevməyə yox... Bu baxımdan, zaman keçdikcə kimlərinsə həyatına müxtəlif yeni rəvayətlərin, hadisələrin əlavə olunması, tarixi şəxsiyyətin həyatının xalq yaradıcılığının bir hissəsinə çevrilməsi əsrlər boyu davam edən ümumxalq sevgisinin bir nişanəsidir. Azərbaycanın orta əsrlər tarixində bunun ən bariz nümunəsi isə əlbəttə ki Şah İsmayıl Xətaidir...

Balaca Sufi

Təxminən yeddi yaşından İsmayılın boynuna çox böyük bir psixoloji yük düşmüş oldu. Atası və qardaşları öldürüləndən sonra, o, Səfəvi şeyxlərinin nəsil şəcərəsinin son nümayəndəsi - vəliəhdi oldu...

Əlbəttə, dünya tarixində, uşaq, hətta körpə vaxtlarında vəliəhd olanlar çoxdu. Lakin İsmayılın boynuna düşən yük beş qat artıq idi. Çünki şeyx nəsli, təriqət xətti onu məcbur edirdi ki, bütün uşaqlığını yalnız elmə, təhsilə həsr eləsin ki, böyüyüb Şeyx Səfiəddin İshaqın adına layiq Şeyx olsun...

Şeyx Səfiəddinin adı isə həmin vaxtlarda həddən artıq böyük bir yük daşıyırdı... Ölümündən yüz il keçsə də, hələ də təriqət yolçuları arasında Piri-Mürşid, Şeyx Əzəm kimi hörmətini saxlamışdı, onun kəramətləri barədə rəvayətlər dildən dilə dolaşır, hikmət dolu qiymətli kəlamları ağızdan-ağıza ötürülürdü...

Balaca İsmayıl da bu ağır yükü uğurla çiyninə aldı... Deyilənə görə, artıq on iki yaşında, o dövrün bütün əsas elmlərinə yiyələnmiş, öz əqli-fəhmi və yaşına uyğun olmayan müdrikliyi ilə hətta yaşlı sufiləri də heyran qoymuşdu...

Amma, bəlkə, bu da onun həyatının hələ məzlumluq mərhələsi idi. Çünki İsmayıl hamı kimi normal uşaqlıq yaşamadı, həmyaşları kimi qarğı at belində çapmadı, çovkan topu qovmadı, bacalara papaq atmadı...

O, gizlədildiyi mülklərin balaca dar otaqlarında şam işığında elm oxudu, savad öyrəndi...

Oyuncaqları isə kitablar əvəz elədi… Və bir də qılınc... Artıq on iki-on üç yaşında İsmayıl öz cəsarəti və döyüşçü məharətiylə qızılbaş döyüşçülərindən geri qalmırdı... zənnimcə burda şişirtmə filan yoxdur, çünki belə olmasaydı, on üç yaşında qoşun başında dayanıb döyüşlərə çıxmazdı...

Hər halda, onun beş yüz illik sevgi cazibəsinin qalmasında, hətta bir az da zənginləşməsində, ilk baxışdan kiçik görünən belə faktların, detalların rolu böyük olub.

Bir detalı da qeyd edim. Kimlərsə onun elmü-savadının səviyyəsiylə bağlı məlumatları sonrakı Səfəvi təbliğatının məhsulu hesab edə bilər. Belə adamlara məsləhət görərdim ki onun divanını oxusunlar... Mən özüm uzun illər əruz ədəbiyyatıyla məşğul olduğuma görə, bütün məsuliyyəti öz üstümə götürərək bildirirəm ki, onun qəzəlləri və poemaları böyük istedadın, zərif ruhun məhsulu olmaqla bərabər, həm də uşaqlıqda qazandığı zəngin savadın, dərin intellektin məhsuludur.

Səfəvi xətti

Qısa da olsa, bir ideoloji məqama toxunub, sonra yenə Şah İsmayıl Xətai şəxsiyyətinin beş yüz illik eşq cazibəsinin estetik, bədii və psixoloji tərəflərinə qayıtmaq istəyirəm...

Müasir dövrdə ideoloji məsələlərdə nə qədər ehtiyatlı söz demək lazım olduğu hamıya məlumdur. Mən çalışacam ki, fikrimi bacardıqca korrekt şəkildə ifadə edim...

Təxminən otuz-qırx il əvvəl cənubumuzdakı dini ideoloqlar məzhəbi şərti olaraq - təşəyyo-i Ələviyyə və təşəyyoi-Səfəviyyə adlı iki qola ayıraraq, belə bir fikir irəli sürmüşdülər ki, məzhəbin bütün əsas fəlsəfəsi birinci qolun daşıyıcılarındadır, Səfəviyyə qolu isə sonradan yaranıb və Cəfəri məzhəbini düz yoldan sapındırıb, yanlış istiqamətə aparıb...

Bu yanaşma uzun illərdir ki, təbliğ olunur. Məqsəd məncə aydındır. Məzhəbin inkişaf tarixindən, Səfəvilərin timsalında bütün türkləri uzaqlaşdırmaq, bütün məzhəbin əsas fəlsəfi-irfani yükünü yalnız və yalnız bir millətə bağlamaq...

Başqa sözlə desək, bu yanaşma, məzhəbin tarixindən Şah İsmayılı və ümumən türk-Səfəvi xəttini sıxışdırıb çıxartmağa xidmət edir.

Bu fikrin absurd olduğunu sübut etməyə faktlar çoxdur, lakin mənim məqsədim isə bir detalı təkrar önə çəkməkdi - onların yanaşmasına görə, Şah İsmayıl əqidə tarixindən kənarda qalır.

Çox gözəl, qoy onlarçün kənarda qalsın, onlara lazım olmasın. Qoy Səfəviyyə düşüncə tərzi və Şah İsmayıl şəxsiyyəti tam bizim olsun. Yalnız bizim. Qızılbaş türklərinin xələfləri olan müasir Azərbaycan türklərinin...

Kitablar

Hər bir əqidənin ideoloji bazası, hikmət mənbəyi olan ana kitabı olduğu kimi, Səfəviyyədə də bu funksiyanı "Qara Məcmuə" və "Şeyx Səfi təzkirəsi" kitabları yerinə yetirir. "Qara məcmuə" Şeyx Səfiəddin İshaqın dini risalələrinin toplusudur ki, əfsuslar olsun tam halda bu günümüzə qədər gəlib çatmayıb, yalnız kiçik bir hissəsi toplanılaraq dərc edilib. Lakin "Şeyx Səfi təzkirəsi" tam halda dövrümüzə gəlib çatıb. Bir neçə il əvvəl Azəraycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu tərəfindən latın qrafikasına çevrilərək, çap edilmiş bu kitab Səfəviyyənin banisi Şeyx Səfiəddin İshaqın ömrünün böyük hissəsini əhatə edir. Kitabda onun müdrik kəlamları və şeirləri də yer alıb...

Qeyd edim ki, fəlsəfi-ürfani tutumluluq baxımından, bu əsər çox qiymətlidir və yüzilliklər ərzində Səfəvi ideoloqlarının, müasir dillə desək, stolüstü kitabı olub...

Kitabın ümumi fəlsəfi xətti Qurani-Kərimdən, Nəhcül-bəlağədən başlayır, Kitabi-Dədə Qorqud, Nizami, Xaqani hikmətini, Nəsrəddin Tusi əxlaqını, Şihabəddin Sührəvərdi mistikasını özündə ehtiva edir... Və bu da səbəbsiz deyil. Şeyx Səfiəddin İshaq və onun rəhbərlik etdiyi Darül-İrşad özündən əvvəlki fəlsəfi-irfan düşüncə sistemini bütünlüklə əhatə edir və daha da təkmilləºdirib təbliği ilə məşğul olurdu.

Kitab haqqında uzun uzadı danışmaq istəmirəm, çünki təkrar edirəm, əsər bir neçə il əvvəl çap olunub, amma orta əsrlərin türkcəsində olduğuna görə, hazırlıqsız oxucu üçün bir qədər çətin anlaşılandır. İnanıram ki, yaxın vaxtlarda alimlərimiz bu kitabı müasir azərbaycan dilinə də uyğunlaşdırıb çap edəcəklər...

"Şeyx Səfi təzkirəsi"ni xatırlamaqda əsas məqsədim isə odur ki, bütün ideoloji bazalar üçün zəruri olan hikmət və müdrikliklə dolu «ana kitabı» da var ki, Səfəvi düşüncə tarixini əsl mahiyyətinə varmağa bizlərə yardımçı olur...

Qələm və qılınc

Azərbaycandı Səfəviliklə paralel inkişaf edən fəlsəfi cərəyanların bir çoxu - ələlxüsus da Hürufilik və İşraqilik təlimləri "qələm"i göylərə qaldırıb, "qılınc"ı inkar mövqeyi tuturdular. Onların fikrincə, "kamil insan" ilk növbədə introvert olmalıdır, bütün energetikasını öz ruhunu təkmilləşdirməyə, orada ilahinin zərrəsini tapıb "batini işıqlanma"ya nail olmalıdır. Və bu işdə qılıncın heç bir rolu yoxdur. (Hürufilərin "taxta qılınc" atributunu xatırlamaq kifayətdir.)

Lakin belə düşüncəni təbliğ edən ideologiyaların cəmiyyətdəki aqibəti yəqin ki, Səfəvi filosoflarını bu xüsusda xeyli düşünməyə vadar etdi. Əlbəttə, ilahi-ürfani məsələlərdə qılıncın yeri yoxdu. Bu meydanda zor gücünə irəli bir addım da atmaq mümkün deyil... Amma istənilən halda, hətta yüksək mərtəbəyə çatmış "kamil insan"ları cahil çoxluqdan qorumaq üçün müəyyən dünyavi güc mənbəyinə ehtiyac var. (Monqol qılıncının qurbanı olan Şeyx Fəridəddin Əttarın faciəvi aqibətini yəqin ki, Səfəvi ideoloqları tez-tez xatırlayırdılar.)

Məhz bu səbəbdən də, Səfəvi ideyasını dünyavi cahillikdən mühafizə edə biləcək bir "qılınc"a ehtiyac hiss edilirdi ki, öz cəngavər rəşadəti ilə həm qoruyucu funksiyasını həyata keçirtsin, həm də ideyanın daha bir vacib atributuna çevrilsin... Qızılbaş cəngavərliyi də məhz bu zaman yaranmağa başladı. Şah İsmayılın babası Şeyx Cüneydin zamanında...

Qədim Hind Fəlsəfi təlimlərində, cəmiyyətin hansı kastalara bölünməsini xatırlayaq. Piramidanın ən yuxarıda ruhini Brahmanlar, daha sonra sərkərdə Kşatrilər kastası gəlir. Səfəvilər sanki bu iki kastanı birləşdirib, vahib Brahmaq-kşatri şəxsiyyəti yaratmaq niyyətində idilər ki, buna da nail oldular.

Və nümunə kimi, şübhəsiz ki, İslam peyğəmbərini götürüblər. Çünki Məhəmməd əleyhüssəlam da, mənəvi-ruhani rəhbər olmaqla bərabər, həm də döyüşlərdə şəxsən iştirak edən bir sərkərdə idi.

Qızılbaş termininin yaranmasıyla bağlı fərziyyələrdə çoxdur. Lakin mənim bu tarixi detalları araşdırmaq niyyətim yoxdur. Zənnimcə, müasir dövrümüzçün ən əhəmiyyətli olan fakt bundan ibarətdir ki, Səfəviyyət ideyasının içində özünün Qızılbaşlıq kimi məxsusi cəngavərlik xətti də olub ki, bu da Səfəviyyəni şərqin bir çox ideya təlimlərindən fərqləndirir.

Qızılbaşlığın ideya mahiyyətini düşünəndə, nədənsə yada uzaq Yaponiyadakı Samuray ordeni düşür. Özünün fərdi həyat tərzi, əxlaq, davranış qaydaları və ideya prinsipləri "Busido" kodeksində birləşdirilən Samuraylıq ideyası indiyə qədər dünya mədəniyyətinin diqqətindədir. Lakin qeyd edim ki, samuray ideyasının əsas ana xətti öz sahibinə - yəni konkret insana, fanatik sədaqət və fədakarlıq üstündə qurulub və burada heç bir ilahi bağlantıdan, mənəvi-ruhini yüksəlişdən zənnimcə söhbət edə bilməz...

Şərqdə isə bu oxşar ideya yalnız Qızılbaşlıqda olub. Öz fərdi döyüş taktikası, rəşadət kodeksi və ən əsas da, bu fədakarlığı qidalandıran İlahi ideya...

Zənnimcə, Qızılbaş qorçilərinin şücaətini birə on artıran faktor da məhz onların içindəki ideya yükü idi. O dövr tarixçilərinin demək olar ki, hamısı xüsusi olaraq qeyd edirdilər ki, hər bir qızılbaş döyüşçüsü, adi ordu əskərlərinin beşinə bərabər idi. Və məhz buna görə də Qızılbaş sərkərdələri döyüşə gedərkən, düşmən ordusunun sayına qətiyyən əhəmiyyət vermirdilər. Çünki öz qorçilərinin ruhundakı polad ideyanı bilirdilər.

Təbii ki, şərq tarixini bilənlər, mənə məmlükləri, sipahiləri, və nəhayət yeniçərləri misal göstərə bilərlər. Lakin bu cəngavər ordenlərində, çox da nəzərə çarpacaq məxsusi bir ilahi məfkurə olmayıb.

Bəs qızılbaşlıqda nə görürük? Əldə qılınc ordunun önündə gedən sərkərdə, həm də Piri-mürşiddir. "Qurban olum, sadağa olum, pirim-mürşidim" deyə hayqıran qızılbaş ləşkərinin hər bir üzvü həm də Səfəviyyənin mürididir. O vaxtlar Qızılbaş ordusuna həm də "Sufi ordusu" deyirdilər. Lakin bu ordu, əvvəlki taxta qılınclı sufi ordularından fərqli olaraq, döyüş meydanında öz qəhrəmanlığı, cəsarəti, şücaəti ilə hamını heyrətləndirir, qorxuya salırdı. Sanki bir nöqtədə həm sevgi, həm də qorxu birləşirdi. Çünki Tanrının Rəhman sifətiylə bərabər, Qəhhar sifəti də var. Və Səfəviyyə mürşidləri bir ideya ətrafında həm Rəhman (rəhmli, mərhəmətli), həm də Qəhhar (qəhr edən,qəzəbli) sifətini birləşdirməyə nail olmuşdular ki, bu da Səfəviyyənin gücünü artırmaqla bərabər həm də, gözəlliyini artırırdı. Cahil dünyavi güc nə qədər kobud, ; aciz mənəviyyat nə qədər cılız görünürsə, Ali mənəvi dəyərlərlə zəngin olan dünyavi güc bir o qədər möhtəşəm və gözəl görünür.

Döyüş meydanında öz şücaətləriylə hamını heyrətləndirən qızılbaş döyüşçüləri, əmin-amanlıq vaxtı adi təriqət müridlərinə çevrilirdilər, döyüş bacarıqlarını daim təkmilləşdirməklə bərabər, Azərbaycanın hər tərəfinə göndərilən Səfəvi xəlifələrinin rəhbərliyi altında elmü-savad kəsb edir, mənəvi kamilləşmə, müdrikləşmə ilə məşğul olurdular. Çünki təkrar edirəm, Səfəvi ideoloqları görürdülər ki, "qılınc"sız "qələm" bu cahil dünyada aciz olduğu kimi, "qələm"siz "qılınc" da, bihudə qanlar axıtmaqdan, dağıntılar törətməkdən başqa bir şeyə qadir deyil. Yalnız bunların ikisi də bir ideya, bir amal uğrunda bir əldə birləşə bilsə, onda şücaət, rəşadət də böyük ideyalar, böyük amallar uğrunda xidmət edər, hansısa xırda qəsbkarlıq niyyətlərinin qulu olmaz. Və əgər Şah İsmayılın timsalında, Səfəvilər buna nail olmasaydılar, Böyük Azərbaycan ideyasını belə müvəffəqiyyətlə reallaşdıra bilməzdilər və nəinki Azərbaycanın, Şərqin, hətta bütün dünyanın ictimai-siyasi tarixinə belə yüksək səviyyədə daxil olmazdılar.

Qızıl - baş...

Bayaqkı fikrimin üstünə qayıdıram ki, istənilən ideologiyanın geniş təbəqələrin beyninə və ruhuna oturuşması üçün zahiri estetik atributların çox böyük əhəmiyyəti var. Çünki hər belə zahiri detal ideya daşıyıcısının identifikasiyası üçün önəmlidir... Məhz bu baxımdan, qızılbaş məfhumunun da zahiri estetikasına məncə diqqət yetirmək olduqca vacibdir.

Lap yuxarıdan başlayaq. Bütün tarixi kitablarda qeyd olunur ki, Səfəvi əskərləri başlarına on iki dilimli qırmızı papaq qoyduqlarına görə Qızılbaş adlanırdılar.

Bir detalı da qeyd edim ki, elə sovet dövrünə qədər «Qızıl» sözü metal adı yox, qırmızı rəngin adıydı... Əgər diqqət versək, Qızıl ordu, Qızıl meydan ifadələri, əslində Qırmızı ordu, Qırmızı meydan mənasını kəsb edirdi. İndiki qızıl isə, o vaxtlar altun sözü ilə ifadə edilirdi. Qızılbaş kəlməsi də, indiki anlamda Qırmızıbaş kimi başa düşülməlidir. Fars dilində də onlara «Sorxsər» (qırmızıbaş) deyirlər.

Amma burda bir məsələ var. O dövrün Təbriz miniatürlərində başında qırmızı papaq olan insanlara rast gəlinmir. Bütün döyüşçülərin, sərkərdələrin başlarında ağ parçadan əmmamə var. Yalnız bu əmmamənin ortasında qırmızı rəngli şiş uc görünür. Belə təxmin edirəm ki, qılıbaşlar əvvəlcə başlarına şiş uclu, qırmızı börk (sərpuş) qoyar, sonra onu ağ tirmə ilə on iki dəfə dolayardılar. On iki rəqəmini tarixilər həm on iki imamın rəmzi kimi, həm də ilin on iki ayı və başqa mifik detalların simvolu kimi qeyd edirdilər. (Misalçün, İsa peyğəmbərin on iki şagirdinin olmağı, Musa peyğəmbərin dəryanı bir əsas zərbəsiylə aralayarkən, on iki keçidin açılması və sair.)

Papaq yuxarı qalxdıqca nazikləşirdi və nəhayət ağ tirmə bitirdi, börkün qırmızı şiş ucu isə təxminən bir qarışa qədər yuxarı çıxırdı ki, bunu da Qızılbaş əqidəsinin səmalara – Həqqə doğru istiqamətlənməsinin rəmzi hesab edirdilər. Bu zahiri forma, Qızılbaş papaqlarını əvvəlki əmmamələrdən, çalmalardan xeyli dərəcədə fərqləndirirdi.

Üstəlik bir çox hallarda, Qızılbaşlar tirmənin arasına tovuz quşunun əlvan lələklərindən taxırdılar ki, bu da külaha xüsusi estetik yaraşıq verirdi...

Bəzi mənbələrdə qeyd olunur ki, qızılbaº qorçiləri döyüşə çıxarkən, külahın üstünə dolanmış ağ tirməni açır, dəbilqəyə bənzər qırmızı börkdə qalırdılar ki, bu da onlara vahiməli görkəm verirdi... O dövrdə bəzi şahidlər qızılbaş ləşkərinin düşərgəsini laləliyə də bənzədirdilər.

Qızılbaş papaqları ilk baxışdan, hələ açılmamış ağ qızılgül qönçəsini xatırladırdı. Bunun özünün də bəlkə bir rəmzi mənası var. Səfəvi ideologiyası da bir qönçə idi ki, Şah İsmayılın vaxtında açılaraq, bütün şərqi öz gözəlliyinə valeh edən "Səfəvi mədəniyyəti" adlı bir qızılgülə çevrildi.

Qızılbaşlığın zahiri atributları üstündə bu qədər dayanmağım əbəs deyil. İndiki qloballaşma və eyniləşmə dövründə bəlkə də bizə bu, o qədər də əhəmiyyətli olmayan kiçik detal kimi görünə bilər. Lakin həmin dövrlərdə insanın hansı sosial təbəqəyə, əqidəyə, millətə mənsubiyyətini nümayiş elətdirən ən ilkin faktor zahiri görünüş idi - geyim forması idi, papaqlar, saç düzümü, hətta üzün qırxılma forması...

Bunların da içində məhz üz və baş örtüyü xüsusi rol oynayırdı. Səfəvi müridlərinin və döyüşçülərinin çənəyəcən uzanan bığları və diqqət çəkən papaqları hətta uzaqdan da, onların azəri-qızılbaş olduqlarını nümayiş etdirirdi. Həm də yüksək estetik formada... Şərqdə kişilərçün nə qədər baş örtüyü formaları olubsa, zənnimcə estetik və simvolik cəhətdən ən gözəli, ən maraqlısı və diqqətçəkəni məhz bizim Qızılbaş papağı forması idi.

Bura həmin dövrün Qızılbaş geyim tərzinin estetikasını da əlavə etmək məncə yerinə düşər. Çünki Şah İsmayıl da, elə ümumən Səvəfi ideoloqları da, əqidənin zahiri atributlarının – geyimlərin, bayraqların, dekorativ tədbiqi sənət növlərinin, memarlıq nümunələrinin yüksək estetik dəyərlərə uyğun şəkildə hazırlanmasına çalışırdılar.

Estetikaya və bədiiliyə belə güclü meyl olmasaydı, yəqin ki, biz Azərbaycan xalqının mədəniyyət və incəsənət tarixinin qızıl səhifəsini təşkil edən və müasir dövrümüzdə də, dünyada böyük enerjiylə təbliğ etdiyimiz "Səfəvi incəsənəti" nümunələrindən - qiymətli xalçalardan, geyim növlərindən, miniatür rəssamlığı əsərlərindən, zərif xəttatlıq yazılarından, memarlıq nümunələrindən, misgərlik zərgərlik işlərindən və daha nələrdən nələrdən məhrum olardıq.

Amma məhrum olmadıq. Çünki bu ideyanın başında Şah İsmayıl kimi müdrik siyasi xadim və zərif qəlbli şair dururdu. Poetik ruha malik insanın nəzərində isə, xalqı ali səviyyəyə qaldıran ən əsas faktorlardan biri, onun yaratdığı gözəlliklərdir. Gözəllik duyğusu, estetika hissi insanın içində Həqq-təalanın yaratdığı ən ülvi duyğu və onu həqqə bağlayanən zərif, lakin əsas tellərdən biridir. Gözəlliklər yarada bilməyən xalq dünya tarixindən silinməyə məhkumdur. Necə ki, bəşər tarixində onlarla, hətta yüzlərlə xalq olub ki, heç bir estetik dəyər, heç bir gözəllik yarada bilmədiyinə görə, tarixdə də onlardan demək olar ki heç nə qalmayıb.

Haşiyə: Elə görünməsin ki, haqqında danışdığım sənət nümunələrini sadəcə bizim olduğuna görə yüksək dəyərləndirirəm. Axı həqiqətdə də hər xalqın sənəti özü üçün gözəl və ali qəbul olunur. Amma ümumbəşəri bədii-estetik dəyərlər də mövcuddur və haqqında danışdığım sənət nümunələrinin bədii ali bədii-estetik keyfiyyətləri də məhz bu prizmadan qiymətləndirirəm.

Bunu sübut etməkçün müasir dünyanın mədəniyyət və incəsənət tarixçilərinin əsərlərindən çoxsaylı nümunələrə nəzər salmaq kifayətdir.

Tarixi xidmət

Şah İsmayılın və Səfəviyyənin beş yüz illik cazbəsi barəsində fikirlərimi, mümkün olduğu qədər qısa formada çatdırmağa çalışdım. Lakin sonda bir məqama da toxunmaq istərdim.

Dramaturgiya və süjet nəzəriyyələrində belə bir məqam var. Yazıçı tərəfindən yaradılan şücaətli, rəşadətli baş qəhrəman obrazı sonda məğlub olmalıdır. Amma bu məğlubiyyət qələbəyə bərabər, hətta qələbədən də üstün düşünülüb tapılmalıdır.

Yaradıcılıq psixologiyasıyla məşğul olan nəzəriyyəçilər qeyd edir ki, əgər cəngavər baş qəhrəman sona qədər qələbədən qələbəyə doğru gedirsə, bu vəziyyət baş qəhrəmana oxucu və tamaşaçı sevgisini azalda bilər. Çünki real həyatda bir çox hallarda cəngavər rəşadəti hiyləgərlik qarşısında aciz qalır. Məhz bu səbəbdən, oxucunun altşüuru daim qələbə çalan cənavər obrazını "həzm" eləməkdə bir az çətinlik çəkir. Daha uğurlu addım o olar ki, baş qəhrəman - rəşadətli cəngavər hansısa bir məqamda, özündən zəif olan, lakin fəndgir və hiyləgər rəqibə məğlub olsun. Bu faktor obrazın qavrayışında reallıq hissini qat-qat artırmış olar, ona olan sevgini dəfələrlə artırar...

Əlbəttə ki, müasir süjet nəzəriyyəçiləri bu fikirləri özlərindən kəşf etməyiblər. Bunun arxasında böyük müşahidə və analiz durur. Misalçün, qeyd olunur ki, Napoleon Bonapart obrazının sonrakı əsrlər boyunca öz cazibəsini saxlamasında Vaterloo döyüşündə məğlub olmağının böyük rolu var. Çünki bu döyüşdə onun qarşısına çıxan sərkərdələrin hər biri ayrı ayrılıqda ondan qat qat zəif idilər. Sanki bir yaralı şir çoxsaylı çaqqalların əhatəsinə düşmüşdü... Hətta "Hər Napoleonun bir Vaterlosu var" deyimi də, Avropa xalqlarının dilinə əbəs yerə düşməyib.

Dünya tarixində və ədəbiyyatında belə nümunələr çoxdu, lakin məqsədim onları araşdırmaq yox, Şah İsmayıl həyatının ən gərgin nöqtəsinə toxunmaqdı...

Böyük zəfərlərlə dolu on beş illik döyüş yolu. Saysız qələbələr, qəhrəmanlıqlar, hünər və cəsarət nümayişi... dünyaya səs salan qalibiyyət yolu, parça-tikə olmuş ölkənin birləşdirilməsi, Böyük və bütöv Vətən ideyasının reallaşması...

Və nəhayət Çaldıran döyüşü...

Haşiyə: Dünyada minilliklər boyu saya gəlməz dərəcədə qanlı qarşıdurmalar, müharibələr olub və əksər hallarda bu müharibələr qonşu xalqlar arasında baş verib. Nə qədər xoşagəlməz olsa da, görünür ki, bu qanlı savaşları dünyanın gedişatının ayrılmaz bir hissəsi kimi qəbul etmək lazımdır. Zəlzələ, tufan, vulkan kimi təbii fəlakətləri kimi... Əlbəttə, tarixin dərslərindən bu gün üçün nəticə çıxartmaq şərtiylə...

Məhz bu baxımdan, beş yüz il əvvəl "kim kiminlə savaşıb, niyə savaşıb, gərək belə olmayaydı, gərək başqa yol tapılaydı, kim o vaxt haqlıydı, kim haqsız idi", kimi düşüncələr beyin enerjisinin israfından başqa bir şey deyil.

Buna görə də, Şah İsmayıl obrazının xalqımız tərəfindən dərk olunmasında Çaldıran döyüşünün də məhz bədii-psixoloji rolu barədə fikirlərimi yazmaq istəyirəm, ümumilikdə, yüzilliklər davam edən Səfəvi-Osmanlı qarşıdurmalarının ictimi-siyasi mahiyyətinə isə toxunmaq niyyətim yoxdur.

Bu xüsusda, yalnız bir detalı qeyd etməklə kifayətlənəcəm. Müasir Türkiyə tarixçilərinin içində belə bir fikir çox yayılıb ki, əgər Səfəvilər olmasaydı, özünün arxa cəbhəsindən arxayın olan Osmanlı orduları bütün Avropanı fəth edəcəkdilər.

Bu yanaşmadakı fatehlik ehtirasını bir kənara qoyuram, sadəcə bir məsələni qeyd etmək istəyirəm. Bütün Bizansı, Yunanıstanı və Vyanaya qədər Balkanları fəth edən Osmanlı dövləti onsuz da qısa zaman kəsiyindən sonra zəifləyərək, bu torpaqları hissə-hissə itirməyə başladı. Deməli, işğal olunan bu ərazilər bundan da böyük olsaydı belə, yenə daimi olaraq Osmanlı tərkibində qalmayacaqdı...

Indi isə gəlin belə bir alternativ tarix təsəvvür edək: Səfəvilər olmayıb və Osmanlı orduları Vyananı, Praqanı, Venesiyanı, Romanı, Drezdeni və sair Avropa şəhərlərini müvəqqəti işğal edib, hətta Roma Papasını Vatikandan didərgin salıb... Balkanların və Yunanıstanın fəthini Osmanlılara bağışlayan müasir Avropa şəksiz ki, Vyananın, Romanın, Venesiyanın, Drezdenin işğalını onlara bağışlamayacaqdı, Avropa cəmiyyətində müsəlman türklərə nifrət on dəfə artıq olacaqdı. Və hətta 20-ci əsrdə bu nifrət antiislami təbliğat dalğasında, bilavasitə müasir Türkiyə cümhuriyyətinə qarşı yönələcəkdi, birinin də üstünə beşini qoyub türkləri Avropanın tarixi mədəniyyət ocaqlarına təcavüzdə, dağıntılarda ittiham edəcəkdilər və hələ bəlkə də bunun haqq-hesabını daha kəskin formada tələb edəcəkdilər. Başqa sözlə desək, müasir Türkiyə Avropa qarşısında əbədi gözü kölgəli olacaqdılar. (Elə bircə «qondarma erməni soyqırımı» məsələsinin Avropa tərəfindən süni sürətdə şişirdilərək Türkiyə üçün necə bir daimi «başağrı mənbəyi»nə çevrildiyini xatırlamaq kifayət edər məncə.)

Məhz bu prizmadan yanaşanda, Səfəvi-Osmanlı münaqişələri o dövr Osmanlı sultanlarının Qərbə olan ekspansiyasını zəiflətməklə, şübhəsiz ki, müasir Türkiyənin Avropa ilə iliºkilərinə böyük xidmət göstərmiº olub...

Hürufat, yoxsa xurafat?

Şah İsmayıl 24 il, Səfəvilər sülaləsi isə təqribən 240 il siyasi hakimiyyətdə olub. Bunun özü də tarixi simvolika baxımından təsadüfi deyil.

Hürufi təlimində insan surəti ilə Quran əlifbasındaki hərflər arasında müqədəs, ilahi bağlantılar çox böyük əhəmiyyət kəsb edir. Ümumilikdə Hürufilik, müasir dillə desək, məhz bu numerologiya üzərində qurulub.

Hürufələr insan ömrünün əvvəlini bu 28 hərflik müqəddəs əlifba üzrə ölçürdülər. İlk Müqəddəs hərf olan Əlif (A) Adəmin rəmzi kimi «İlkin xəlqolunma»nı; son hərf olan Yey (Y) isə «Yovmül-hesab»ın (Hesabat günü, Qiyamət günü) rəmzi kimi «Ölüm»ü və bu müddət ərzində yaşanan həyatın, edilən əməllərin «Hesabat»ını simvolizə edirdi.

28 ilin sonunda insan öz ömrünün ilk əlifba (hürufat) mərhələsini bitirir, sanki mənəvi-ruhani baxımdan insanın əvvəlki «MƏN»i ölür və insan bu ilk «MƏN»in əməl və hərəkətlərinin hesabatını verir, yalnız bundan sonra, yeni «MƏN»in doğuluş prossesi başlayır...

Şah İsmayıl tarixinə Hürufi nöqteyi-nəzərindən baxanda da maraqli faktlar üzə çıxır ki, bunlar da mövzuya fərqli bir mistik rəng qatır.

Şah İsmayıl hicri tarixlə, 892-ci il, rəcəb ayının 25-də doğulub. Qəməri ölçüylə 38 il ömür sürüb. 14-yaşında, yəni həyatının əlifba-hürufat tsiklinin tən yarisinda, 14-cü S (Sad) hərfinin ilində Səfəvə Sülaləsinin ilk nümayəndsi olaraq məmləkət taxtına əyləşib. Və ömrünün 28-ci ilində Çaldıran döyüşünə çıxıb. Hürufilik nəzərindən baxsaq, həmin il Şah İsmayıl 28 hərflik müqəddəs Quran əlifbasının ilk tsiklini başa vurmaqdaydı.

Mistik-sufi təriqətinin Piri-Mürşidi olan Şah İsmayıl da Hürufi təlimindən xəbərdar idi. (Bunu onun şeirlərində görmək mümkündü.) Deməli o, bilirdi ki, bu il onun əvvəlki «MƏN»inin ölüm ili və 28 ilik "ilk həyat tsikli"nin son- hesabat ilidir. Və o, bu «ÖLÜM»ə və «HESABAT»a hazır idi.

Daha sonra İlahi Hürufatın yeni dövrəsi başlayacaqdı. Lakin bu yeni həyat-hürufat tsiklindən Şah İsmayılın qismətinə yalnız on hərf – on il düşəcəkdi.

O, həyatının İkinci hürufi dövrəsinin onuncu hərfində, Re hərfini simvolizə edən ilində (H.Q-930) və məhz Rəcəb dünyadan köçəcəkdi.

Onun Təvəllüdü də, Çaldıran döyüşünə çıxmağı da, vəfatı da eyni aya – Rəcəb ayına təsadüf edir.

«Re» hərfinin Şah İsmayıl və Səfəviyyə tarixində simvolik mənası böyükdür, amma bunların «hürufi» nöqteyi-nəzərindən izahı bizi tamam gizli, irrassional məqamlara aparar ki, zənnimcə hələ buna ehtiyac yoxdur.

Qələbə yaxud məğlubiyyət?

Çaldıran döyüşü və onun yaratdığı şüuraltı psixoloji təzyiq əsrlərdir ki, hər bir azərbaycanlının içini sıxır. Lakin çox nahaq.

Əsas problem isə Şah İsmayılın kimin qarşısına çıxmasında deyil. Hadisənin məğzi bunda idi ki, köhnə cəngavər təbəqənin - qızıl dövrünün adamı olan Qızılbaş hökmdarı artıq sel kimi onun üstünə axan dəmir dövrünün qarşısına çıxırdı. Qarşısında da dəmir toplar, dəmir tüfənglər dururdu. Və bu mənada əslində Çaldıran döyüşü "ənənə ilə yeniliyin" qarşıdurması kimi də qiymətləndirilə bilər. Bir tərəfdə odlu ürək və soyuq silah, digər tərəfdə odlu silah və soyuq ürək...

Həmişə bu döyüşün adı gələndə, bir neçə ilə əvvəl Hollivudda çəkilmiş "Sonuncu Samuray" filminin final epizodlarını xatırlayıram.

19-cu əsr. Döyüş meydanının bir tərəfində yeni, bir tərəfində də köhnə döyüşçülər. Hər ikisi eyni xalqın nümayəndələri… Yeni dövrün gətirdiyi spesifik qaydaları qəbul etməyən, öz şərəf və ləyaqət kodeskindən vaz keçməyi sadəcə bacarmayan və nəhayətdə, döyüş meydanından qaçmaq imkanı olsa da qaçmayan, könüllü şəkildə «yeni batalyonlar»ın odsaçan pulemyotlarının üstünə hücum edən "köhnə" Samuray ordusu... Və ölüm. Şərəfli ölüm... Qələbəyə bərabər məğlubiyyət.

Bu filmdə Hollivud rejissorları «köhnə»nin məhv olmasını texniki inkişafın labud faktı kimi göstərsə də, öz cəngavər ənənəsindən imtina etməyən, dəmir dövrün odlu silahlarından istifadəni şərəfsizlik hesab edən sonuncu samurayların güllə yağışı altında ölümünü faciəlikdən çıxardıb, bacardıqca gözəl, romantik və təsirli şəkildə göstərməyə çalışıb : Bəli, köhnə, "Ali ənənə" məhvə məhkumdu, lakin onun yerinə gələn "yeni" də, əfsus ki, bütün ali dəyərlərdən məhrumdur, dəmir kimi soyuqdur. Ona görə də məhv olan köhnə, qələbə çalan yenidən daha çox sevgiyə layiqdir.

Filmin sonunda, qaliblərin özlərini bürümüş xəcalət hissini rejissorlar çox yüksək səviyyədə çatdıra biliblər. Bəli, onlar tüfənglərin, topların və pulemyotların vasitəsiylə qələbə çaldılar, lakin məğlub etdikləri rəqibin şücaətinə onların özü də qibtə edir və bu qələbə onlara sevinc yox, yalnız utanc hissi gətirir. Sanki qalib tərəfin hər bir əskəri razıdır ki, kaş mən də əks tərəfdə olaydım, güllə yağışı altında öləydim, amma əsl samuray kimi öləydim…

Şah İsmayılın Qızılbaş ordusunun top tüfəng sıraları üzərinə hücumunu da, şəxsən mən eyni cür görürəm. Şah İsmayıl çox gözəl başa düşürdü ki, qarşısına çıxan düşmən "dəmir toplardan özünə qəsr düzəldib arxasında gizlənibsə", deməli bu, tarixin labüd gedişatıdır, bundan sonra həmişə belə olacaq, hər gələn düşmən eyni dərəcədə dəmir içində olacaq, tüfənglərdən və toplardan alov saçacaq, cəngavər rəşadəti isə ayaq altında qalacaq. Bu düşmənlərdən hətta birini, ikisini nə yollasa məğlub etmək mümkün olsa belə, ardı kəsilməyəcək, birinin ardıyca başqası gələcək və nəhayətdə, sən seçim qarşısında qalacaqsan - Ya zamanəyə uyğunlaşıb onlar kimi olmaq, odsaçan dəmirlərin arxasına çəkilmək, ya da qılıncını siyirib öz ordunun önündə şücaətlə hücuma keçmək...

Əlbəttə, burda Don Kixotluq elementləri də görənlər ola bilər, amma hər halda, belə məğlubiyyət Ali dəyərlər prizmasından baxanda, şərəfli qələbəyə bərabərdir.

Şah İsmayıl könüllü şəkildə ikincisinə üstünlük verdi. Çünki birinci yolla getsəydi, Şah İsmayıl olmazdı. Kimlərsə onu «ağılsızlıq»da ittiham da edə bilərər, kimlərsə özünə hədsiz arxayınlıqda suçlandıra da bilər. Burda qeyri-adi heç nə yoxdur. Çünki hər bir hadisəyə hər kəs öz nöqteyi-nəzərindən qiymət verir.

Yenə «Sonuncu samuray» filmində, qaliblərin utanc hissini göstərən kadrları xatırladım… Görəsən, top-tüfənglərini Şah İsmayıla tuşlayanlar və odlu silahlarıyla qızılbaş qoşununu «uzaqdan» biçib-tökənlər, həmin anda hansı hissləri keçirdirdilər?

Əlbəttə, hisslər çox olub. Ordakı insanların sayı qədər. Amma əks tərəfdən döyüşü müşahidə edən sərkərdələrin içində bir hissin yarandığına dəqiq əminəm – QİBTƏ hissi.

Çaldıran düzündə, Qızılbaş süvarilərinin belə dəliqanlı və «ağılsız» hücumunu müşahidə edənlər, çox gözəl başa düşürdülər ki, onların özləri heç vaxt öz əskərlərini top-tüfəng üstünə bu cür açıq şəkildə hücuma göndərə bilməzlər. Bacarmazlar. Çünki onların əskərləri Qızılbaşlar deyil, ordunun başında da Şah İsmayıl dayanmır…

Və bu hissin ardıyca yaranan bir utanc halı… Onlar bu cür rəşadətin qarşısına açıq çıxa bilməmişdilər, «odsaçan dəmir qalanın arxasında» durmuşdular. İrəli çıxan şəxsin başı isə, Şah İsmayılın bir qılınc zərbəsiylə ikiyə bölünmüşdü. Hərçənd, bu qılınc qeyri-adi qılınc deyildi, amma qılınc çalan qol qeyri-adi qol idi.

Tarixçilər qeyd edir ki, Çaldırandan sonra Təbrizi ələ keçirən qaliblər ordusunda, bir neçə gün sonra güclü daxili narazılıqlar başlanmış və onlar geri çəkilib getməyə məcbur olmuşdular. Çox güman ki, həmin narazılıqlar məhz Çaldıranda yaranan utanc hissinin nəticəsi idi.

Çaldıran döyüşü barədə bundan sonra da yazanlar çox olacaq. Bu hadisəni ümummilli faciə kimi də , qardaş qırğını kimi də, hətta indi ağlımıza gəlməyən üslubda dəyərləndirənlər də olacaq. Amma fakt faktlığında qalır. Şah İsmayıl və Səfəvi tarixinin bir çox məqamları kimi, Çaldıran döyüşü də daim açıq mövzu kimi qalacaq, daim müzakirələr və mübahisələr doğuracaq, bu xüsusda bir birinə zidd müxtəlif fikirlər söyləniləcək, amma heç vaxt unudulmayacaq.

Maraqlı psixoloji detalı qeyd edim. Hər dəfə Çaldıran döyüşü ərəfəsində baş verənləri və döyüşün özünün xronikasını təkrar-təkrar oxuyanda, insanın içində qəribə hallar olur. Döyüşqabağı müzakirələr zamanı, qeyri-ixtiyari şüurumuzdan belə bir hiss keçir ki, yox, bu dəfə o, «ağılsızlıq» etməyib gecə döyüşünə razılaşacaq; yox, bu dəfə o, açıq vuruşdan çəkinəcək; bu dəfə top-tüfəngin üstünə hücum çəkməyəcək, bu dəfə hər şey baºqa cür olacaq, bu dəfə, bu dəfə...

Amma hər dəfə hər şey təkrar olunur. Şah İsmayıl yenə də düşmənin arxasına keçib gizli zərbələr endirməyə razılaşmır, Şah İsmayıl yenə "Gecə döyüşü"nü öz Səfəvi ləyaqətinə sığışdırmayıb imtina edir, Şah İsmayıl yenə «ağılsızlıq» edib, Qızılbaş ordusunun başına keçərək, onları düşmən üzərinə aparır... yenə... yenə...

İki yüz il əvvəl ruslar Borodino döyüşündən sonra geri çəkilib, Moskvanı Napoleona təhvil verdilər, kənarda gözləməyə başladılar. Bir müddət sonra isə Napoleon müxtəlif sıxıntılarla üzləşib, özü ölkə paytaxtını tərk edərək, geri çəkilməyə məcbur oldu. Və bütün Rusiya da indiyə kimi bunu qələbə kimi dəyərləndirir. Bəs onda biz niyə "top-tüfəngli qalib" Təbrizdən geri çəkilməyini Qızılbaşların qələbəsi kimi dəyərləndirməyək? Düzdü, ruslar Napoleonun geri çəkilən ordusunu qarabaqara izləyirdi, ona dayanmadan zərbələr endirirdilər. Lakin Şah İsmayıl düşməni təqib etməyi də öz cəngavər qüruruna sığışdırmadı, onun rahat çıxıb getməsinə imkan verdi. Çünki Şah İsmayıl idi.

Bəzi sonrakı tarixçilər qeyd edir ki, Çaldırandan sonra Şah İsmayılın bir sərkərdə kimi nüfuzu aşağı düşdü. Amma bu, sırf zahiri müşahidədi. Həqiqətdə isə o vaxt da, elə bu gün də hər bir azərbaycanlı altşüur səviyyəsində, Şah İsmayılın bu «ağılsız şücayəti» ilə qürur duyub. Və bu qüruru heç bir rasional yanaşma ilə, praqmatik düşüncə ilə izah etmək mümkün deyil. Bu hiss var. Sadəcə var.

Ağıl və…

Şah İsmayıl ağılsız adam deyildi, onun bütün həyatı, dövlətçilik və hərbi fəaliyyəti məhz ağılla ölçülüb biçilən bir şəxsiyyətin fəaliyyətidir. Çaldırandan əvvəl onun heç bir hərəkətində ağılsızlıq əlaməti müşahidə olunmur. Bəs onda niyə məhz ən önəmli anda birdən-birə rasional düşüncəyə sığışmayan hərəkətlər elədi? İndi hətta orta statistik ağıla sahib olan insan da başa düşür ki, top-tüfəngli ikiyüz minlik qoşunun qarşısına otuz min əliqılınclı süvariylə çıxıb açıq hücuma getmək ağılsızlıqdır. Bəs onda Şah İsmayıl bunu başa düşmürdü? Başa düşürdsə, niyə ordusunu qırğına aparırdı?

Yaxud onun qızılbaş əskərləri… Tutalım Hökmdar əmr edir. Axı normal əskər özü anlayar ki, bu məqamda qılıncını siyirib odlu silahın üstünə getmək, öülmə bərabərdir. Bəs onda niyə qaçıb dağışmırdılar? Məgər canlarından bezmişdilər?

Burda artıq biz «ağıl və şüur» dairəsinin sərhəddindən çıxıb, irrassional sahəyə daxil oluruq. Çünki bu «niyə»lərin praqmatik məntiqlə izahı və cavabı yoxdur. Lakin praqmatik məntiqlə izahın olmamağı, «ümumiyyətlə olmamağı» demək deyil. Eşqlə bağlı olan heç bir məsələdə rasional tədbirli izah ola bilməz...

Tədbir ilə eşq fayda verməz,

Tədbir diyari-eşqə girməz… (M.Füzuli)

Kimsə razılaşmaya bilər, amma mən haqqında danışdığım müasir süjet nəzəriyyəçilərinin fikirlərinin davamı olaraq, qeyd edim ki, Şah İsmayıl obrazının ətrafındakı eşq cazibəsini gücləndirən məqamlardan biri də, onun Çaldıran döyüşündə, odlu silahların üstünə şücaətli hücumu və təbii məğlubiyyətidir. Təkrar edirəm ki, psixoloji müstəvidən yanaşanda, məhz bu cür məğlubiyyət adi ürəklərdə sevgi hissini qat-qat artırmağa qadirdir. Çünki insanlar bir çox hallarda, dünyavi məqsədi olan «ağıllı» qələbələrdənsə, məhz bu cür «ağılsız» məğlubiyyəti daha üstün sayırlar.

Bəlkə elə əsas hüccət də bundan ibarətdir? O qanlı savaşla bağlı izahını tapmadığımız məsələlər elə məhz bunun üçün idi? Şah İsmayıl qılıncını siyirib ona görə top tüfəngin üstünə gedirdi ki, yüzilliklər keçsə də, öz xalqı üçün bir qəhrəmanlıq, cəngavərlik mayakına çevrilsin? Çaldıranda gülləyə, mərmiyə tuş gələn hər bir Qızılbaş əskəri ona görə ölürdü ki, üstündən yüzilliklər keçsə də, hər bir azərbaycanlı gənci özünü onlara oxşatsın?

Məgər bizim xalqımız Mübariz İbrahimovu bir günün içində sevmədimi? Yoxsa onun hərəkəti hansısa «ağıla, məntiq»ə sığırdı? Axı bu qəhrəmanlıq və şəhadət konkret olaraq hansısa bir bölgəni, kəndi düşməndən azad etməklə nəticələnə bilməzdi? Bunu Mübarizin özü də çox gözəl anlayırdı.

Amma gəlin onun şəhadət vaxtlarını xatırlayaq. Həmin vaxtlarda məgər kimsə «ağılı və məntiqi» düşünürdümü? Məgər həmin günlərdə, bütün Azərbaycan onun qəhrəmanlığından danışıb qürur duymurdumu? Məgər həmin vaxtlarda bu qəhrəmanlıq minlərlə, on minlərlə azərbaycanlının qəlbini riqqətə gətirmirdimi? Məgər xalqımızçün bir qərəmanlıq və fədakarlıq nümunəsinə çevrilmədimi?

Ən nəhayət, məgər Mübariz İbrahimov kimi cəngavər qəhrəmanlıqlarımız, Şah İsmayılın əsl qızılbaş xələfləri deyilmi?

Və xalqımızın gələcəyini, ağıllı savadlı insanlarla bərabər məhz bu cür cəngavərlər yaradacaqlar. Çünki gələcək zamanə nə qılınc, nə də qələm zəmanəsidir. Zamanə «qələm və qılınc» zamanəsidir. Biz də bu gələcəyin qarşısına «Səfəvi ağlı» və «Qızılbaş gücü» ilə çıxmalıyıq…

Mürşidi kamilim, şeyx oğlu şahım.

Gəlib ixlas ilə yola gedənin,

Zərrəcə könlündə güman gərəkməz.

Sil-süpür qəlbinin evin, pak elə,

Mö’min aynasına duman gərəkməz.

Yenə də poeziya müstəvisinə qayıdaq.

Azərbaycan poetik dilinin təşəkkül tarixiylə məşğul olan alimlərimiz haqlı olaraq qeyd edirlər ki, dilimizin formalaşmasında Şah İsmayıl Xətainin hədsiz xidmətləri var. Mən bir hökmdar olaraq dilimizi "dövlət dili" səviyyəsinə qaldırmağı hələlik bir kənara qoyuram. Poeziyaya yaxın adam kimi mənimçün daha əhəmiyyətli olan şair Xətainin müasir azərbaycan dili qarşısında olan xidmətləridir.

Məhz onun yaradıcılığında poetik dilimiz cığatay ləhcəsinin təsirindən, ərəb-fars izafətlərindən xeyli təmizləndi, məhz özümüzə məxsus olan şeir dili yarandı ki sonradan Füzuli, Vaqif, Seyid Əzim yaradıcılığıyla bu dil daha da təkmilləşərək, müasir Azərbaycan ədəbi dilinin yaranmağına gətirib çıxırtdı.

Gövhərin keçməyən yerdə

Satma, qardaş, kərəm eylə.

Lə’l daşını çay daşına

Qatma, qardaş, kərəm eylə.

Gördün bir yerdə aşina,

Hər nə dersən öz başına,

Yol daşını yol quşuna

Atma, qardaş, kərəm eylə.

Xətayim çağırır, ərə,

Dünya belə gəlmiş zira,

Arif oxun əbəs yerə

Atma, qardaş, kərəm eylə.

Şah İsmayılın poetik istedadının keyfiyyəti barədə ən gözəl sözü elə öz şeirləri deyir. Bir detalı da qeyd edim ki, Şah İsmayıl Xətai poeziyası öz janr rəngarəngliyinə görə də, fenomenal olaraq qalır. Onun külliyyatında divan ədəbiyyatı nümunələrindən tutmuş şifahi xalq ədəbiyyatı şeyirlərinə - qəzəldən bayatıya qədər bütün janrlarda, həm də poetik baxımdan çox yüksək səviyyəli şeir nümunələri toplanıb.

Xətai, işin düşər,

Gəlib, gedişin düşər.

Dişləmə çiy loğməni,

Yerinə dişin düşər.

Ən əsası da budur ki, bütün bu şeirlər yalnız elmü-ürfani cəhətdən ali keyfiyyətləri ilə fərqlənmir, həm də sadə danışıq dilinə maksimum yaxın, çox həzin, şirin, ürəyəyatımlı şeir nümunələridir ki, adi insanların içindəki Xətai sevgisinin yaranmasında əhəmiyyətli rol oynayıblar.

Qızılgül bağü bostanım, nə dersən,

Fəda olsun sənə canım, nə dersən?

Əgər yatsam min il torpaq içində

Dürüstdür əhdü-peymanım, nə dersən?

Hökmdarın dildən dilə düşən, xalq içində yayılan bu şeirlərini eşidən adi insanların içindən hansı hisslər keçirdi? - Deməli hökmdar da elə eynən bizim kimi danışır, deməli elə bizlər kimidi, sadədi, səmimidi, doğmadı, bizim bir parçamızdı…

Ürəklərdə yaranan bu hisslər Hökmdarı xalqın gözündə bir qədər də göylərə qaldırırdı…

Məhz bu ümumxalq sevgisinin nəticəsində, onilliklər sonra, Şah İsmayıl obrazı xalq yaradıcılığının ən şah əsərləri olan xalq dastanlarımıza da keçdi – Həm «Şah İsmayıl» dastanında, həm də Şeyx oğlu Şah kimi iştirak etdiyi «Qurbani» dastanında müxtəlif interpretasiyalarda bu obrazı görürük. Bu dastanların birində Şah İsmayıl nisbətən mifik, o birində isə daha çox realist çalarlarla təsvir olunub ki, bu da xalq düşüncə tərzində eyni obrazın həm mifik həm də real şəxsiyyət kimi birləşməsinin göstəricisidir.

Səfəviyyənin gələcəyi

Yenə müasir süjet və dramaturgiya nəzəriyyəçilərinin fikirlərinə qayıtmaq istəyirəm.

Bütün burda qeyd etdiklərimdən belə nəticə çıxır ki, Cəngavər ruhlu bir qəhrəman obrazı yaratmaq üçün nə lazımdısa, tarix Şah İsmayıl timsalında bizə verib. Belə görünür ki, ən böyük ssenarist elə tarixin özüdür. Çünki Şah İsmayıl obrazının ətrafındakı beşyüzillik mistik sevgi aorasını yaradan faktorlar İlahinin özü tərəfindən o qədər zərgər dəqiqliyi ilə işlənib ki, insan heyran olmaya bilmir.

Ali bədii-estetik dəyərlərə malik olan zərif ruhlu «Səfəvi mədəniyyəti» də onun obrazını əhatə edərək, yüksək səviyyəli, gözəl bir tarixi fon yaradır.

Və təkrar edirəm, ən əsası da budur ki, bu obraz bizimdi, bizim xalqındı, Azərbaycanındı.

Ən əhəmiyyətli fakt isə ondan ibarətdir ki, Şah İsmayıl şəxsiyyəti və Səfəvi mədəniyyəti sadəcə orta əsrlərə məxsus arxiv materialı deyil, iyirmi birinci əsrdə də bizim milli şüurun, milli mədəniyyətin daha da inkişaf etməsi üçün əvəzsiz bir bazadır.

Əgər on il, iyirmi il, otuz il sonra, hər hansı bir alimimizin elmü-savadını vəsf edərkən, «əsl səfəvidir»; hər hansı bir döyüşçümüzün şücaətini təsvir edərkən, «əsl qızılbaşdır»; deyilsə, onda hesab etmək olar ki, biz öz milli şüurmuzun, milli mədəniyyətimizin yeni paradiqmasını yaratmağa doğru gedirik.

Bəs bununçün neynəmək lazımdır?

Zənnimcə, təkcə elmi-publisistik müstəvidə fəaliyyətlə kifayətlənməməliyik. İlk növbədə ədəbiyyat və incəsənət sahəsində Şah İsmayıl və Səfəvi mövzularına geniş işıqlandırılmasına nail olmalıyıq. Məgər Şeyx Səfidən tutmuş, üzü bəri dörd yüz illik Səfəvi tarixi bizə hekayələr, roman povestlər, pyeslər yazmaq, filmlər çəkmək üçün azmı faktlar göstərir?

Məgər Şah İsmayıl Xətainin və ümumilikdə, Səfəvi dönəminin klassik poeziyası bizə azmı bədii təsir bağışlayır?

Yaxud, Səfəvi minatürləri, xalçaları, xəttatlıq- nəqqaşlıq nümunələri bizim müasir rəssamlar, dizaynerlər üçün azmı estetik tapıntılar qoruyub saxlayır?

Məgər Şah İsmayıl haqqında bu vaxta qədər yazılmış barmaqla sayılası əsərlər doğurdanmı onu bütün rakurslardan işıqlandırmağa kifayət edir? Zənnimcə bu obraza təkrar-təkrar, dəfələrlə müraciət edilməlidir.

Əgər şair və yazıçılarımız, dramaturq və rejissorlarımız bu mövzunu müxtəlif müasir və maraqlı üslublarda, formalarda təkrar-təkrar işıqlandıra bilsələr, onda geniş xalq kütlələrinin, ələlxüsus gənclərin də Şah İsmayıl obrazına və Səfəvi mədəniyyətinə marağı və həvəsi artmış olar.

Məgər Şah İsmayıl şəxsiyyətinin bizim üçün dəyəri, Birinci Pyotrun ruslar üçün, ya Napoleonun fransızlar üçün olan dəyərindən əskikdirmi? Niyə adıçəkilən dövlət xadimləri barəsində yüzlərlə, hətta minlərlə bədii əsər, incəsənət nümunəsi yaradılıb? Biz niyə geri qalmalıyıq?

Yəni bizim tarix və mədəniyyətimiz bu qədər kasıbdır?

Nə vaxtacan qələm sahiblərimiz «filankəs filankəsi belə ittiham etdi», «filankəs filankəsə belə cavab verdi», «filankəsin arvadı ona xəyanət elədi», «Filankəsin yatağından filankəs çıxdı» kimi «bomba yazı»lara enerji sərf edib, ziyalı mühitin şüurunu zəhərləyəcək?

Niyə bizim yeniyetmələr qəhrəmanlığı «Spaydermen»lərdən, ağıllı olmağı «Meqamozq»lardan, vətən sevgisini «Vilyam Volos»lardan, poetik ruhu «Kələbək röyaları»ndan, cəngavərlik şərəfini «Ceday»lardan öyrənməlidi?

Hələ Azərbaycan tarixinin başqa parlaq səhifələrini, tarixi şəxsiyyətlərini kənara qoyuram, əgər bircə Şah İsmayıl Xətai şəxsiyyətində bütün bu keyfiyyətlər birləşirsə, niyə onu lazımi səviyyədə təbliğ etməyək?

Etməliyik. Və edəcəyik. Əgər iyirmi birinci əsrdə dünyanın, hər mənada böyük və bütöv xalqları sırasına çıxmaq istəyiriksə, geniş mənada, Səvəfi ağlı və Qızılbaş gücündən istifadə etməliyik… Zənnimcə, milli-ideoloji baza olaraq, bundan optimal variant görünmür.

Amma konkret fəaliyyət nədən ibarət olmalıdır? Bu isə hələ ki, açıq mövzudur.

# 2195 dəfə oxunub

Müəllifin son yazıları

# # #