AVİVA - Ceyhun Vəlizadə

Ceyhun Vəlizadə

Ceyhun Vəlizadə

6 dekabr 2022
# 14:00

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Ceyhun Vəlizadənin "AVİVA" hekayəsini təqdim edir.

Aveyin (Bahar) yaşamağı üçün...

– Vadiyə gedək. Ora mənim üçün çox maraqlıdır! – deyə, Rinanın bal rəngi gözləri ətrafında bir neçə kişinin əyləşdiyi tonqalın işıltısında vəcdlə parıldadı.

– Ora getmək üçün çox yorğunuq. – deyə, Matteo dilləndi.

– Sən özün oraları görmüsən deyə sənin üçün maraqsız ola bilər! – deyib, gözünü süzdürdü. Hər zaman istədiyinə nail olmağa səbəb olan təbəssümünü işə salaraq sözünə davam etdi.-

- Mən burada əldə edəcəyim nəticə üçün lazımi motivasiya qaynağının məhz orada olduğunu hiss edirəm. – deyə, getmək üçün inad edirdi.

– Hə, inspektor, nə deyirsən? Mənimlə gələrsən?

– Yenə vadi haqqında hansı hekayələri danışmısan? – deyə, onun sualını cavabsız qoyan Seyhun, gülərək üzünü Davidə tərəf çevirib soruşdu.

– Mənim hekayələrimin əksəriyyəti bura ilə bağlıdır, bilirsən. Bu dəfə mənlik bir şey yoxdur.– deyə, David cavabı gecikdirmədi.

– Hə? Onda sən deyilsənsə əkizimdir. Hanı o? Ceyhun? – deyə, onu səslədi. Əli ilə qaya parçası qarışıq sərt torpağa söykənərək arxa tərəfə çevrildi.

- İndi fikir verirəm, bayaqdan buralarda deyil. – deyə, ayağa qalxmağa çalışan Seyhunun ovucundan qaya parçasının açdığı yara səbəbilə axmağa başlayan qan, hamını ayağa qaldırdı. Əlini silkələyib ovucunda yığılan qanı yerə tökərək jiletinin döş cibindən kiçik əl fənərini çıxardıb yandırdı.

– Sarımaq lazımdır. Matteo, ilk tibbi yardım çantasını gətir. Tez! – deyə, Rina, onun qan axan əlindən tutub saxlamağa çalışarkən, Seyhun isə o biri əlində əl fənərilə ətrafı aydınladaraq dartınıb var gücü ilə qışqırırdı: – Ceyhun! Ceyhun!

- Gözlə, zəng edirəm. – deyə, uzaqlaşan David, hündür bir qayanın üstünə çıxdı. Bir neçə dəfə cəhd etdikdən sonra geri qayıdıb, - Zəng çatmır.- dedi. Bu xəbərlə çarəsiz hiss edərək daha uca səslə biixtiyar qardaşını səslədi. Çadırlarından yuxulu halda qaçıb gələn Liza və Karl da məsələdən hali oldu. Bütün ekspedisiya üzvlərinin qoşulmağı ilə hər kəs Ceyhunu axtarmağa başladı. Üç yol ayrıcına çatanda, - İki nəfərlik qruplar halında davam edək. – deyə, bildirdi. Davidlə birlikdə “Ünsürlər” bulağına tərəfə getməyə başladılar. Dörd ünsürün antropomorfik heykəllərlə canlandırılıb, kişi və qadın simalarında təsvir olunduğu bu bulağa çatanda, Ceyhun meydanın tən ortasındakı ulu çinarın altında dayanmışdı. Üzünü onlara tərəf çevirib, - Şşşş! Sakit olun! – dedi. Onlar yaxınlaşarkən, - Ay buradan daha aydın görsənir. – deyə, pıçıldayaraq ulu çinarın budaqları arasından onu izləməyə davam etdi.

- Qədim inancımıza görə tək ağaclar müqəddəs sayılır. Bu ulu çinar isə tək olsa da sanki üç ağacı özündə birləşdirir. Bəlkə də gördüyümüz bu üç əsas qolun ortası qovuqdur. Əgər elədirsə min illərin yaddaşı orada saxlanılır. – deyə, sözünə davam etdi. Dərin bir nəfəs alıb,- Nəğməyə qulaq verin… – dedi.

Doğrudan da, həzin-həzin əsən yaz küləyi, ulu çinarın yarpaqları arasında rəqs edərkən, sanki insanı ovsunlayan nəğmə söyləyirdi. Bədirlənməyinə iki gün qalmış ay da zirvəsindən boylanaraq möhtəşəm ahəng yaradırdı. Uzaqdan fənər işıqlarının cəm olub onlara tərəf yönəlməyi ilə Seyhunun, - Özün dedin ki tək deyil. Düz deyirsən üç ağac var, amma müqəddəslik, min illərin yaddaşı zad yoxdur! – deyə, əlini çiyninə qoyub onu özünə tərəf çevirməsi ilə küləyin dayanmağı bir oldu. Digərlərinin də gəlib çatmağı ilə ekspedisiya axtarışı uğurla tamamlamışdı.

- Gəl, Rina! Qardaşımın sənə danışacaq hekayələrindən əlavə, bu dəfə dinlədəcəyi nəğməsi də var. Gəl dinlə. Mən isə gedirəm! - deyə, sürətli addımlarla uzaqlaşmağa başladı.
- Biz yəhudilərdə “Adı nədirsə, o da elədir.” ifadəsi var. Adımın mənası isə nəğmədir. Qısaca mən nəğmələri çox sevirəm, eşidirsən?! – deyə, Rina gülərək arxasınca eşitdirdi.

- “Bu, insan üçün kiçik, insanlıq üçün böyük bir addımdır!” Onun bu sözlərilə minlərlə il insanların inanc qaynağı, müqəddəs işığı olan sehrli güzgü, öz sehrini itirdi! – deyə, irəli addım atdı. Rina ətrafına baxaraq ondan başqa heç kəsin olmadığını gördü. Bu minvalla müraciətin ona ünvanlı olduğunu da başa düşmüşdü. Dediyi məşhur cümləni eşidib, söhbətin kimdən getdiyini bilsə də, hara gedəcəyi marağı ilə səssizcə onu dinləmək istəyirdi.

- Yer kürəsinin başına olmazın oyun gətirən insan, indi göy üzünü hədəf seçmişdi. Qarşıya qoyulan məqsədi uğurla tamamlayıb istəyinə nail olan insan, Nil Armstronqun timsalında aya qədəm basmışdı. Ay üzərindəki o ilk addım, insanlığın elm və müasirlik adına çata biləcəyi böyük bir uğur sayılsa da, eyni zamanda vahid bəşər mədəniyyətinin ləğvi – bəşəri cinayət demək idi!

Söhbətin bura gələcəyini təxmin etməmişdi. Ona qulaq asarkən gah fikrə dalır, gah da getdiyi o uzaqlardan qayıdıb üzünə heyranlıqla baxırdı.

- Niyə belə fikirləşirsən? Niyə deyəndə etiraz etmirəm, sadəcə mən heç vaxt bu cür fikirləşməmişdim… – deyə, dodaqaltı təbəssümlə qaşlarını hər şey indi aydın olurmuş kimi qaldırdı. O isə sanki tanımadığı bir insanı məlumatlandırırmış kimi bir ciddiyətlə kəhkəşanı seyr edə-edə sözünə davam edirdi.

- Müasir elm və tarix nə qədər qədim inanclara, mifologiyalara məhəl qoymadığını desə də, yenə hər addımda bütün müqəddəslərə təzimi görə bilərik. Günəş sistemindəki planetlərə verilən adların qədim Roma ilah və ilahələrinə aid olmağının özü ən böyük misaldır. Armstronqun “Əkizlər 8” layihəsindən üç il sonra “Apollon 11” ilə qoyulan məqsədə çatmağı da böyük bir ismarıc idi. Belə ki, Apollon yunan mifologiyasinda işıq tanrısı, Ay ilahəsi Artemidanın əkiz tayı – qardaşı idi. Əkizlər layihəsi də artıq məlum olduğu kimi yenə də onların şərəfinə adlandırılmışdı.
- Düzünü desəm əvvəllər heç bu haqda fikirləşməmişdim. – deyə, yuxudan oyanmış kimi yerindən dik atıldı.

– Bütün yuxum qaçdı. Sən yazıçı şəxsiyyətinlə mənim akademik şəxsiyyətimi manipulyasiya edirsən… – deyə, zarafatyana güldü. Mövzunu dəyişdirib hələ görmədiyi vadi haqqında daha ətraflı məlumat istədi.

- Qədim zamanlarda İncu, Kimmer və Qamak adlı türk tayfaları yaşamışdır. İndi də bu tayfaların adını daşıyan üç kəndi əhatə edən o ərazi, ən qədim tayfanın şərəfinə İncə dərəsi adlanır. – deyə, sözə başladı. Damcılı mağarasına tərəf aparan yoxuşu çıxa-çıxa sözünə davam edərək,- Mənəviyyatı, xüsusən, ədəbiyyatı qoruyan zəngin ənənələrə malik o ulu bölgə, mistik ab-havası ilə xalqımızın ən qədim yaddaşına sahiblik edir. Unudulub getməkdə olan əcdadlarımızdan qalan adət-ənənələrimiz, inanc yaddaşımızı bir inci kimi daxilində qoruyub saxlayan sədəfdir, İncə dərəsi! – deyə, Rinanı daha da həyəcanlandıran o cümlələri dilə gətirdi.

Şəhər işıqlarından uzaq bir kənddəki bu tarixi məkanda ulduzlar min illər qabaqkı kimi görünür, insanı olduğu kimi təbiətin bir parçası olaraq hiss etdirirdi. Yalçın qayalardan süzülüb gələn Damcılı bulağının damcıları isə sanki gecə üçün layla deyirdi. Düşərgədə isə iki nəfərdən başqa hər kəs yuxular aləmində idi. Rina Ceyhunla gecə növbəsinə qalaraq birlikdə ocağı qorumuş, ibtidai insan həyatını xatırladan gecəni hekayələrlə mükafatlandırmışdılar.

Günəşin zəif şüaları, dağın arxasından təzə-təzə şəfəq saçmağa başlamışdı. Hər kəs oyanıb samovar çayının xoş ətri ilə yuxunun qalan son təsirini də bədənindən uzaqlaşdırmaq üçün yavaş-yavaş sönən tonqalın ətrafına yığışırdı.

- Bəlkə köməyimiz dəyər? Oralarda ekspedisiyanın təşkili üçün bir sənəd hazırlayaq? – deyə, Rina söhbət əsnasında ondan soruşdu. Qardaşının yaxınlaşdığını görən Ceyhun, onun sualını cavabsız qoydu. Əlindəki sarğını işarə edərək,- Nə olub?- deyə, soruşdu.
- Ay eşqindən səni itirməsəydik olmayacaqdı və sənə maraqlı olsaydı gecə görərdin! – deyə, uşaq ədası ilə qardaşına cavab verdi. Samovardan süzdüyü çayı ovucunda sıxaraq uzaqlaşdı.

- On dəqiqəyə başlayırıq! – deyə, Matteo qazıntı yerindən işarə verib, hər kəsi səslədi.

- Gözlə, indi gəlirəm – deyə, Rina anidən ayağa qalxıb, Matteoya tərəf qaçdı. Bir azdan geri qayıdıb, – Dur gedirik – deyə, Ceyhunun əlindən tutub ayağa qaldırmağa çalışdı. Hara olduğunu soruşmağa belə macal vermədən, - Bu günlük burada işimiz yoxdur. Vadiyə gedirik, tez ol! – deyə, təbəssümlə Matteodan bu gün bunun üçün icazə aldığını bildirdi.

***
- Kənd əhalisi dəri və ağciyər xəstəliklərindən əziyyət çəkir. Bununla yanaşı əvvəllər nadirən rast gəlinən xərçəng xəstəliyi də indi yaş fərqi olmadan əksəriyyətdə rast gəlinən bir hal olub. Statistika komitəsindən aldığımız məlumata görə, ağciyər xəstəlikləri əvvəlki illərə nisbətən altmış beş faiz artım göstərib. Bütün bunlara səbəb isə məhz elə yaşayış yerinə çox yaxın olan bu zavodlardır. – deyə, cümlələri ardarda sıraladı.

- A bala, bu Aveyin bir hissəsi onsuz da o gözü tökülmüşlərdə əsarətdədir! Siz də bir tərəfdən nə istəyirsiniz mənim dağımdan? Niyə qoymursunuz dinc oturaq? Oyub tökürsünüz hər yerini! Hərəniz bir daş karxanası açmısınız, belə şey olarmı? – deyə, əlindəki əsanı dayaq edib, onlara tərəf gələn qarı, söhbətlərinə müdaxilə edərək gileyləndi.

- Bax bu qarı kimi sizin də danışığınız cəfəngiyatdır. Zavodlar bütün lazımi sənədləri əldə edib. Onların təsirindən heç bir xəstəlik yarana bilməz. Hər şey nəzarət altındadır. – deyə, onun danışığına qeyri-etik şəkildə münasibət bildirən nümayəndə öz ağalığını göstərirdi.

- Danışığınıza fikir verin! Böyüyünə-kiçiyinə hörməti olmayan insanların bu cür peşə sahibi olub, insan həyatından məsuliyyət daşımağı da həyatın ironiyasıdır! – deyə, çox sərt münasibət bildirdi.
- Danışığımız cəfəngiyatdırsa, bacımı niyə didərgin salmısınız buralardan? Hədə-qorxu gəlirsiniz ki bu həndəvərə hərlənmə! – deyə, əlindəki əsanı yuxarı qaldıran qarı, fəryad etdi: - And ola o bir Tanrıya ki dağ əyəsi sizi yerlə yeksan edəcək!

- Ay nənə, yeri get işinə sən Allah! Əyə zad nədir, nə danışırsan?

Qoca arvadsan get otur evində yıxılıb bir tərəfini əzəcəksən, azara düşəcəyik vallah! – deyə, qarıdan üzünü çevirdi.

- Gəlib canına çökəndə görəcəksən nə imiş əyə! – deyə, əsasını yerə
vuraraq son sözünü deyən qarı arxasını çevirib getdi. Boş baxan gözlərlə onun arxasınca baxaraq heç bir kəlimə də deyə bilməyən nümayəndəyə əlindəki sənədləri təqdim edərək, məsul şəxslə görüşmək istədiyini və artıq araşdırma başladılması üçün xüsusi müraciətin olunduğunu da bildirdi. Sabah bu məsələ ilə bağlı görüş üçün onunla əlaqə saxlayacaqlarını eşitdikdən sonra avtomobilinə oturub zavoddan yuxarı - üzü Damcılı mağarasına tərəf yol aldı.

- Alo... Alo... – deyə, bir telefona, bir qarşısına baxaraq torpaq yolda irəliləyirdi. Telefon əlaqəsini yenidən qurmağa cəhd etdi.

- Alo, Liza, eşidirsən?

- Hə, eşidirəm. De!

- Onlara zəng çatmır. Gəliblər?

- Gəlməyiblər. Sən də narahatsan?

- Yəqin onlarda da dalğa yoxdur. Bildim, çox sağ ol – deyə, dəstəyi asdı.

Birdən avtomobilə nə isə çırpılaraq səs-küyə səbəb oldu. Cəld əyləci sıxaraq dayandı. Sinəsi al qana boyanmış bəmbəyaz bir göyərçin qanad çalaraq özünü aynaya çırpırdı. Əlindəki sarğıya baxıb, tez düşərək ona kömək üçün tələsdi, amma bu dəvətsiz qonaq heç nə olmamış ki qanad çırparaq uçub getdi. Arxasınca baxaraq gözlərilə onu ötürdü. Bütün fikrini ona cəmləmişdi.

- Nəticə olmadı, hə? – deyə, anidən ona ünvanlanan sualla diksindi. Bir az qabaq söhbətinə müdaxilə edən qarını qarşısında idi.

- Nə nəticə? Nəyi nəzərdə tutursunuz? – deyə, biixtiyar soruşdu.

- Mən səni başa sala bilməyəcəyəm. – deyə, qarı bir anda keçib avtomobilə oturdu. Göstərdiyi yollarla bir xeyli sürdürdükdən sonra, nəhayət ətrafında heç bir ev olmayan tənha bir daxmanın yanında saxlatdı.

-Ay, Ağca! Ağca... – deyə, həyəcanlı bir səs tonu ilə tələsik avtomobildən düşərək ucadan səsləndi. Gözləmədən dəmir darvazanı taqqıltı ilə açıb içəri daxil olan qarı, onu da əlindən tutub arxasınca aparırdı. Yaz çiçəklərinin ağuşuna aldığı bağçanın ortasından uzanan daş cığırla irəliləyirdilər. Qabaqda, söyüd ağacının altında arxası onlara tərəf oturmuş bir qarı, - Nə olub, yenə? Nə bəd xəbər gətirmisən, ay uğursuz? – deyə, üzünü çevirmədən donquldandı. Yanına saldığı uzun ağ saçlarını darayaraq, - Gəl çıx görüm! – deyə, əlavə etdi.

– Qonağımız var, ay bacı!

- Ağzına daş çalım, az, kimi gətirmisən yenə? Dayan görüm bir... – deyib, güclə olduğu yerdə çevrilən qarını görəndə anidən hər ikisi dayandı. Bir əlindən tutana, bir də onun Ağca deyə səsləndiyi qarıya baxdı. Yerindəcə donub qalmışdı. Bir almanın iki yarısı kimi bir-birinə oxşayan bu yaşlı qadınların sadəcə bədən rənglərində fərq var idi. Ki deyəsən elə adlarını da məhz bu fərqdən almışdılar.

- Bıy, ay Qaraca, nə yaxşı sən bir nur üzlü qonaq gətirmisən az! – deyə, ayağa qalxan Ağca qarı, onlara tərəf gəlməyə başladı. Az qala yeri süpürən uzun saçlarını arxaya tərəf sığallayıb əlini belinə qoyaraq, onu başdan ayağa süzdükdən sonra, üzünü bacısına tutub, -

Get bir çay qoy! – dedi.
- Salam, nənə. – deyə, əlini ona tərəf uzatdı.

- Salam, qurvan olom. Xoş gəldin – deyə, Ağca qarı əlindən tutub onu bağrına basdı.

- Qaraca nənə ilə zavodda rastlaşmışdıq. Qayıdarkən yenidən qarşıma çıxıb sizinlə danışmağımı istədi. – deyə, bildirdi. Təbəssüm edərək söhbətin açılmağını gözləyirdi.

- Belə ayaqüstü olmaz, ömrüm-günüm! – deyə, onu masaya tərəf dəvət etdi.

- Başımız böyük bəladadır! – deyə, sözə başlayan qarının gözləri doldu.

- Əgər zavodları nəzərdə tutursunuzsa, araşdırmağa başlamışıq. Narahat olmayın, hər şey qaydasına düşəcək – deyə, təbəssümlə qarıya təsəlli vermək istədi.

- Avey dağının dünyada ən qədim yaşayış məskənlərindən birinə ev sahibliyi etdiyini bilirsən mi, oğlum?

- Bilirəm, nənə.

- Bəs bunu bilə-bilə o dağı ərtiməklərinin səbəbini də bilirsənmi? – deyə soruşdu. Nə cavab verəcəyini bilməyən Seyhun fikrə daldı.

– Yox, bilmirəm. Sən de. Nədir, ay nənə? – deyə, soruşdu.

- Ən əsası odur ki bizə öz keçmişimizi unutdursunlar! – deyə, cavab verdi. Qaracanın gecikdiyini görüb, - Az, Qaraca, dilim-ağzım qurudu, hanı bu çayın? – deyə, evə tərəf qışqırdı.

- Gəldim. Bircə sən əsəbiləşmə - deyə, evdən uca səslə dillənən Qaraca, əlində çay dəstgahı ilə onlara tərəf yol aldı.

- Keçmişimiz dediyim odur ki, o dağ hələ mağara dövründən tut, ondan bəri bütün dövrlərdəki yaşayışımızı, minlərlə illik yaddaşımızı özündə saxlayan ən vacib şahiddir – deyə, sözünə davam etdi. Uzaqdan görünən Aveyin zirvəsinə tərəf əlini uzadan Ağca qarı, - O kibrit qutusu boyda gördüyün tikili ki var, bax o Ay Tənqrinin evidir. Avey, ayın evidir! – dedi. Seyhun onu dinlədikdən sonra üzünü Qaracaya tərəf çevirib, - Bir sual verim, - deyərək gözlədi.

– Soruş, görüm... – deyə, çatdığı qaşlarının altından ona baxan

Qaraca, gözünü ona zilləmişdi.

– Dağ əyəsi demişdiniz? O nə olan şeydir?

- Əyə sahib, hami ruhdur. Ətrafımızda görünən hər şeyin sahibi, öz əyəsi var.

- Çayını iç, sənə qurban. Az, get mənim çayımı təzələ. Özün kimi qara eləmə, bir az açıq elə - deyib, gülən Ağca qarı, bacısını göndərəndən sonra pıçıldadı:

- Bütün bu xəstəliklərin hamısının qaynağı dağ əyəsini qəzəbləndirməkləridir...

Çayını içə-içə ona diqqətlə qulaq asırdı. Ağca qarı bir az da yaxına gəlib qulağına, - Bir az da belə getsə, iraq olsun, qız-gəlinlər heyvana bənzər uşaqlar doğmağa başlayacaqlar. Hələ bir az da keçsə heç hamilə qalmayacaqlar! – deyə, əlini masaya vurdu. Diksinib onun üzünə baxdı. Heç nə demədən tələsik çayından son qurtumu da alıb, stəkanı masaya qoydu. Ayağa qalxıb, - İcazənizlə mən gedim. Söhbət çox xoş oldu. – dedi.

- Ay Qaraca nənə, mən getdim. – deyə, ona səslənərək qapıya tərəf yönəldi.

- Yaxşı yol, ay bala, Tanrı səni qorusun! – deyə, Qaraca qarı evdən arxasınca dilləndi. Onu ötürmək üçün yanı ilə darvazaya qədər gələn Ağca qarı, – Eh, sən də inancsızsan! - deyə, məyus bir şəkildə başını yellədi.
– Yox ay nənə, inanıb-inanmamaqlıq deyil. İşlərim var, getməliyəm. Gərək üzrlü sayasan. – deyə, onu fikrindən daşındırmağa çalışsa da alınmadı. Qapıdan çıxanda, - Bir de görüm Aveydəki zavodların tabe olduğu əsas şirkətin adı nədir? – deyə, soruşdu.

- “AveLord STİK".

- O nə deməkdir elə? Bir məni başa sal görüm. – deyə, qamətini düzəldib əllərini arxasında birləşdirən Ağca qarı cavab gözləyirdi.

- Nə deməkdir? Heç mən də tam bilmirəm, amma “Ave” latınca bir salamlama nidasıdır, Lord da ki, “Ağa” deməkdir. – deyə, birnəfəsə cavabladı.

- Mən demədim ki! Özün dedin. İndi bir fikirləş gör, bunlar hansı ağanı salamlayırlar? Onda kimə qulluq etdiklərini də biləcəksən. Di salamat qal! – deyə, Ağca qarı qapını onun üzünə bağladı.

***
- Aviva! – deyə, qışqıraraq oyandı. Liza onu qucaqlayıb sakitləşdirməyə çalışdı.

- Sakit ol, qorxma. Mən yanındayam, əzizim. Keçdi. – deyə, başını sığalladı. Birdən nəsə xatırlamışcasına cəld çadırdan çıxdı.

- Ceyhun hanı? – deyə, kövrək səslə soruşdu. Liza, aşağı getdiyini dedi. Yanına getmək üçün tələsdi. Gecə gördüyü kimi yenə də ağacın qabağında dayanıb, altdan yuxarı baxaraq onu seyr edirdi. Çevrədə nəğmə söyləyən təbiət sakinlərinin ahəngi olsa da hər ikisi susaraq dayanmışdı.

- O çox getmək istədiyin sevimli vadidə nə oldu, Rina? – deyə, özünü çatdıran Seyhun qarşılarında dayanmış, Liza da onun arxasınca gəlib çatmışdı.

- İzah edə bilməyəcəyim bir hadisə ilə qarşılaşdıq. – deyə, Ceyhunun üzünə baxaraq sözünə davam etdi.

- ...Amma huşumu itirməkdən daha çox yatmış kimi hiss edirdim, hətta o müddət ərzində yuxu da görmüşəm. – deyə, nə dediyini bilməyən Rina, onları yaxşı olduğuna inandırmağa çalışırdı. Bir anlıq sükuta qərq olduqdan sonra, əllərini ovuşdura-ovuşdura baxışlarını yerə zilləyərək dilləndi:

– Tam xatırlaya bilmirəm. Hissə-hissədir. – deyə, qaşlarını çatıb fikrini cəmləməyə çalışırdı.

- Bizimkilərdən birini gördüm, deyəsən Matteo idi. Bu ağacın qabağında diz çöküb, dua edirdi. Səssizcə ona yaxınlaşıb dinlədim. Belə deyirdi: “Ave Lord! Morituri te salutant!” Sonra səni gördüm. – deyə, üzünü Seyhuna çevirib, sözünə davam etdi.

- Uçuq-sökük bir daxmada bir-birindən cüzi fərqlə seçilən əkiz qadınların qonağı idin. – deyə, Rina sözünə davam etdi. Seyhun eşitdiklərinə inana bilmirdi. Özünü o yerə qoymayıb, - Əkiz qadınlar?
– deyə, soruşaraq kinayə ilə güldü.

- O isə, - Sonra... – deyə, yenidən xatırlamağa çalışdı.

- Kim olduğunu görmədiyim bir qadın səsilə nitq eşitdim. Belə deyirdi:

- Gecə ilə gündüzün bərabərləşdiyi vaxt, kişi və qadın əkizlər, bədirlənmiş ay altında, onun hüzurunda olmalıdırlar! – deyə, sözünə davam etdi.

- Həə, bir də ən dəqiq bunu xatırlayıram. Hər kəlimə sözünə qədər! – deyə, danışmaq üçün tələsdi. Bir çobanla söhbət edirdim. Bu gün gördüyümüz idi. – deyə, üzünü Ceyhuna tərəf çevirdi.

- Mənə, “Mən onları “Könül” adlandırmışam. O qırmızı ləkələr heç də bir yara, və ya xaricdən toxunan bir xəsarət deyil, onların yaradılış naxışlarıdır. Onlar bu dünyaya sinəsi qanlı gəlirlər. İnsanlar isə əksinə sinəsi qanlı gedirlər! Çox təəssüf ki, insanların bu qırmızı ləkələri görünən deyil. Nəğməni dinlə. O səni mənim yanıma gətirəcək. Artıq oyanmaq vaxtıdır!” dedi və oyandım.- deyərək süküta qərq oldu.

***

Gecə hər şeyin üzərinə qara örpəyini örtmüşkən Seyhun gecə növbəsində idi. Bu gün olanları heç cür ağlından çıxarda bilmirdi. Astaca Matteonun çadırına yaxınlaşdı. Səssizlik hökm sürürdü. Bir az gözləyib qayıtmaq istəyirdi ki yuxuda nəsə sayıqladığını eşitdi. Qulaq verib, dinlədi. Eynilə Rinanın yuxuda gördüyü cümləni təkrar edir, latınca, - Salam olsun, ağa! Ölmək üzrə olanlar səni salamlayır! – deyirdi. Çadırın arxasından çıxan Liza, işarə barmağını dodağında sabit saxladı. Qolundan tutub onu özü ilə uzaqlaşdırdı.

- Sən də eşitdin? – deyə, təəccüb dolu baxışlarla soruşdu. O isə qarşılığında, - Hə, eşitdim. Belə şeylərə inanmasam da hər şey Rinanın yuxusundakı kimi cərəyan edir. – deyə, pıçıldadı.

- Mən əslində bir şey etiraf etmək istəyirəm... – deyə, sözə başlayaraq, əkiz qarılarla görüşündəki söhbəti ən xırda detalına qədər ona danışdı. Onu heyrətlə dinləyən Lizanın fikirləri daha da qarışmışdı.

- Hər şey bir qırağa, Rinanın bütün bu olanları yuxusunda görməyini necə izah edək? – deyə, soruşdu. O isə sadəcə, - Bilmirəm. İnan ki mən də çaşbaş qalmışam! – deyə bildi.

- İnandığını demək istəyirsən? – deyə, anidən biixtiyar soruşdu.

- Bilmirəm, amma Ağca qarının inancla yanaşaraq gələcəkdə baş verəcəyini ehtimal etdiyi hadisələr, radiasiya ilə bağlı idi. – deyə, çadırına gedib əlində bir dəftərlə geri qayıtdı.

- Xeyli vaxtdır gizlicə apardığım müşahidələr və araşdırmalara əsasən özümdə belə qənaətə gəlmişəm ki, bu torpaqlar Uranium yataqları ilə zəngindir. Bax bu işarələdiyim nöqtələr ki var, hamısı məhz Avey dağı əhatəsidir. – deyə, dəftərin arasından çıxartdığı xəritəni ona göstərdi.

- Dağ bir növ bu yataqların keşikçisi, təhlükənin üzərində yatmış bir əjdaha kimidir. Əgər o həddindən artıq aşınsa, nəinki bu kəndə, eləcə də ətraf rayonlara qədər yayılacaq bir radiasiya təhlükəsi ilə qarşı-qarşıya qalacağıq. Ən maraqlısı da odur ki, radiasiya nəticəsində baş verəcək mutasiyaya uğramış uşaqların doğumu və hətta sonsuzluq ehtimalı, Ağca qarının dediklərilə birəbirdir. Sanki ikimiz də eyni hekayəni iki fərqli dildən rəvayət ediriK – deyə, o əlavə etdi. Liza çaşbaş qalmışdı. Onun bu danışdıqlarından sonra narahatlığının əsassız olmadığını dəqiqləşdirdi.

***

Düşərgə, həzin əsən yaz küləyilə gələn təbiətin ecazkar qoxusu ilə bədirlənmiş ay gecəsinin səhərini qarşılayırdı. Hər kəs yenə adəti üzrə közərən ocağın kənarına yığışmış, yuxunun son təsirini bədənindən uzaqlaşdırmaq üçün samovar çayı növbəsinə dayanmışdı.

- Biz deyəsən inananlardan olduq, Liza! – deyə, avtomobili idarə edərkən yanında əyləşən qadına baxaraq təbəssüm etdi. Bu günkü təftiş boyunca ondan yoldaşlıq etməyini istəmişdi. Torpaq yolla irəliləyərək zavoda çatmaq üçün səbirsizlənirdi. Bu gün doğrudan da məsələnin həlli ilə bağlı görüşə biləcəyi bir insanla qarşılaşmaq ümidilə yola çıxmışdı.

– Deyəsən olduq...– deyərək, təbəssüm edən Liza, xoşbəxt görünürdü. Əlini çölə çıxardıb, yaz küləyini hiss edir, gözlərini yumaraq çiçəklərin qoxusunu içinə çəkirdi.

Ehtiyatlı bir şəkildə əlindəki fırça ilə daş lövhənin ətrafını təmizlədi.

- Bu necə ola bilər? – deyə, təəccübünü gizlədə bilməyən Matteo, hər kəsi qazıntı yerinə səslədi.

- Alban əlifbasıdır, amma... – deyə, əyilərək yuxarıdan qazıntıya boylanan Ceyhun, gördüyünü dəqiqləşdirməyə çalışdı.

- Mən də çaşbaş qaldım. – deyə, onu təsdiqləyən Matteo, onu tərpətmədən lövhənin ən aşağısında yazılan yazının üstünü daha yaxşı fırçalayaraq torpaqdan təmizlədi. İndi daha aydın oxunurdu. Bu bir nəğmə idi.
Bir zamanlar yer üzündə tənha bir çoban vardı,
Tək-tənha hey kimsəsiz, sürüsün otarardı.
Qavalında musiqi, dilində hey nəğmələr…
Eşidincə canlanar, bütün güllər çiçəklər.
Göy üzündən izləyən qızıl saçlı ilahə,
Onu görüncə birdən, düşdü eşq atəşinə!
Hər gecə o çobanı izlərdi ay işığı,
Nurlanardı çobanın çöhrəsi, yaraşığı.
O, ayın ilahəsi, nur üzlü Artemida,
Aşiqiylə cəm oldu bir gecə eyni canda.
Qısqandılar onları yer ilə göydəkilər,
Bir ölümsüz faniyə aşiq olmaz dedilər.
Həbs edildi o çoban, bilinməyən diyarda.
Əbədi yuxu ilə bir ağac qovuğunda…
İşığı aydınlatdı ən qaranlıq çölləri,
Qaranlığa qərq oldu işıq saçan qütbləri.
Könlü qan ağlayırdı bilmədi ki nə etsin.
Cahanı bu zülmdən necə o agah etsin.
Qəlbi qan bir göyərçin yaratdı Artemida,
Çobandan bir ismarıc tapıb gətirsin ona.
Göyərçinlər çoxaldı, qanadlar da çaldılar.
Onun məşuqunu heç yerdə tapmadılar…

“AVİVA” ilə möhürlənən bu nəğməni oxuyub bitirincə hər kəs səssizcə lövhəni izləməyə davam edirdi.

- Alban əlifbası ilə yazılsa da böyük hərflərlə sonuna möhür kimi vurulan o yazı, yəhudi dilindədir. – deyə, David ona maraqlı olan ən vacib məqamı dilə gətirdi.

- Bu qədər şeydə ilişdiyin o mu oldu? – deyə, sərt bir şəkildə Ceyhun, ondan cavabını istəmədiyi sualı soruşdu. Sonra isə, - De görüm müqəddəs kitabınızın adı nədir? – deyə, üzünü Davidə tərəfə tutub, cavab gözləyirdi.

- Tora! – deyə, David cavab verdi.

- Bizim Törəmizdən elə də böyük fərqi yoxdur. Hərfi dəyişikliklər tarixin başına gəlmiş ən böyük bəladır. Xalqlarımızın da qardaşlığı ortadadır. Deməli bu, min illər əvvələ qədər gedib çıxır, vəssalam! - deyə, bir nəfəsə izah verdi. Anidən, - Bir dəqiqə...- deyə, Matteonun yanına düşmək üçün nərdivana tərəf yönəldi. Möhürü yaxından incələdi. Başını yuxarı qaldırıb, - Deyəsən sənin yuxunla bu yazı birləşincə hər şey aydın olur, Rina! - deyərək, ondan dəftərini gətirməyini xahiş etdi.

Seyhun və Liza zavod ərazisinə yaxınlaşa bilmədilər. Kənd camaatı izdiham yaratmışdı. Əllərindəki daşlar və sopalarla qışqıraraq etiraz edirdilər. Tez avtomobili uyğun bir yerdə saxlayıb, - Sən burada qal! – deyərək, getdi. Yaxınlaşdıqca zavodun həyətyanı sahəsində, daha doğrusu lazımsız şəkildə zəbt etdiyi ərazidə tənha və çox qədim məzar daşı olan bir qəbirin ətrafına insandan divar çəkildiyini gördü. Bir-iki nəfərdən məsələnin nə olduğunu soruşdu. Təəccüblü bir şəkildə hər kəs bir nəfər kimi eyni şeyi demiş, yuxuda bu qəbir sahibi çobanın onlardan kömək istədiyini bildirmişdilər. Qulaqlarına inana bilmirdi. İndiyə qədər xəstəliklərlə bağlı gedən bütün söz-söhbətlərə laqeyd yanaşan insanlar indi öz yuxuları uğruna burada toplaşmışdılar.

Zavod fəaliyyətini dayandırmış, əhatəsində bir nəfər də əməkdaş gözə dəymirdi. Deməli doğrudan da bu qəbir üçün mənfur plan hazırlanmışdı. Lakin, əhalinin bu cür fövqətəbii bir şəkildə agah olub etiraz etməkləri onların yoluna daş qoymuşdu. Lizanın yanına tərəf tələsdi. Qapını açıb, ona danışmaq istəsə də, bir ona bir də ərazidəki izdihama baxıb, - Gedək! – dedi.

Yol boyu Lizanın suallarını cavabsız qoymuş, bir kəlimə də danışmamışdı. Düşərgəyə çatanda qazıntının verdiyi nəticə səbəbilə sevinc içərisində olan ekspedisiya üzvləri, onları lövhə ilə tanış etdilər. O da qarşılığında zavodda baş verənlərlə birlikdə dünən qarılarla olan görüşündəki söhbəti olduğu kimi danışdı. Üzünü Rinaya tutub, - Artıq yaxşı hiss edirsənsə dünən İncə dərəsində nə olduğunu danışa bilərsən? – deyə, soruşdu.

- Vadidə bir dilək ağacını kəsmək istəyən başqa bir din mənsublarına rast gəldik. Əməlli izdiham yaranmışdı. Kənd əhalisi yaba və baltalarla ağacın keşiyində dayanmışdılar. Birdən haradan gəldiyi bilinməyən bir çoban, bu təbiət düşmənlərinin özünəməxsus bir şəkildə cavabını verdikdən sonra, törətmək istədikləri əməldə azad olduqlarını dedi. Lakin heç nə gözlənilən kimi olmadı. Çobanın gəldiyi andan etibarən sinəsi qırmızı olan bəmbəyaz göyərçinlər ətrafımızda uçuşmağa, çevrəmizə qonaraq quruldamağa başladılar. Ağaca düşmən kəsilənlərdən biri ona zərbə endirdiyi anda artıq ağacın budaqları demək olar ki zəbt olunmuşdu. Zərbənin endirildiyi anda isə bir neçə göyərçin öz qanlı sinələrini sipər etdilər. Elə o an huşumu itirmişəm. Canlar qurban olsa da, şükür, onlar planlı cinayət əməlini başa çatdıra bilməyib, uzaqlaşıblar. – deyə, uzun çıxışından sonra bir anlıq sükuta qərq oldu.

- O göyərçinlərdən biri dünən Qaraca qarı qarşıma çıxmamış məni yolumdan etdi. Sanki onun gəlib çatmağı üçün məni ləngitmişdi. – deyə, onlardan cavab gözləyərcəsinə susdu.

- Mən düz eşidirəm? Sən inanırsan? – deyə, Ceyhun təəccüb dolu baxışlarla soruşdu.

- Məsələ bu deyil!

- Düz deyirsən, məsələ tam başqadır. Nə görürsünüz? – deyə, soruşaraq əlindəki dəftəri açdı. Hər kəs təəccüb dolu baxışlarla baxarkən, Rina əllərilə ağzını tutub, - Aman Tanrım! – deyə, təəccübünü gizlədə bilmədi.

- Bu əslində şifrədir. Bizə nə etməyimiz lazım olduğunu göstərir.

AVİVA, “Ünsürlər” bulağını işarə edir. Hərflər oranı xatırladırcasına düzülüblər.

(A)-Kişi - Hava, (V)-Qadın - Su, (İ)-Ulu Çinar, (V)-Qadın - Torpaq, (A)-Kişi - Od.

Bunlar əkiz kişi və qadınlara, yəni bizə işarədir. – deyə, sözünə davam etdi.

- Təbii ki bu da təsadüf deyil ki, bu söz yəhudi dilində “Bahar” deməkdir. Rina yuxusunda bu gün orada olmağımız təlimatını almışdı. Avey, baharı düşmənin məğlubiyyəti nəticəsində, dağ əyəsinin sakitləşməyilə yaşayacaq. Buna görə birinci növbədə çobanın ruhu azad olmalı, buradakı lənətli tilsim qırılmalıdır!

Hər kəs təəccüb içərisində onu dinləyirdi. İçlərində inancsızlıq olsa
belə onun dediklərindən başqa məntiqli bir izahları yox idi.

***

- Lövhəni açdılar. Ayini yerinə yetirəcəklər.

- Ağacı yandır!

- Amma...

- Uzatma!

- Oldu. – deyə, telefon əlaqəsini sonlandırdı. Benzin dolu çəlləklə ağacın qarşısına gəlib diz çökdü. Əllərini sinəsində tək yumruq edib, baxışlarını aşağı dikərək duaya başladı.
- Salam olsun, ağa! Zidd əkizlərin ən ucası olan sən, ağalığını bərqərar edəcəksən! Qoy müqəddəs alovun bizi günahlarımızdan arındırıb pak etsin! Ey Günəşin hakimi, Apollon, ölmək üzrə olanlar səni salamlayır!

Dua bitmədən gələn qulaq batırıcı səslə göyün üzü qaraldı. Sanki yer yerindən oynamışdı. Hər yer dalğalanmağa başladı. Düşərgədəkilər zəlzələ anında bacardıqları qədər dağdan uzağa qaçmağa çalışsalar da zədələr içərisində qalmışdılar. Qəfildən telefonuna gələn ismarıcla gözlərinə inana bilməyən Seyhun üçün isə hər şey aydın olmuşdu.

- El arasında deyilən o milyon ildə bir olan hadisə ilə qarşılaşdıq! - deyə, həyəcanlı bir şəkildə ismarıcın mahiyyətini onlara açıqladı. Sonuncu dəfə yüz milyon il bundan qabaq - Təbaşir dövründə püskürərək nəticəsində Göyəzənin yarandığı yatmış vulkan oyanmışdı. Fəlakətlər başlamış, insan ölümləri üçün səbəb çoxalmışdı. Ərazidəki əhali təşviş içərisində təxliyə olunmaqlarını gözləyirdilər.

Gecə yarısı ayin üçün ünsürlər bulağına tərəf yol aldılar. Gördükləri mənzərə isə heç ürək açan deyildi. Karlın cansız bədəni ağacın altında qalmışdı.

İzah olunduğu kimi əkizlər, bulağın qarşısında düzüldülər. Matteo isə adının mənası kimi Tanrının ərmağanına şahidlik edirdi. Bədirlənmiş ay, çinarın üzərindən cahanı aydınladınca qara buludlar dağılmağa, vulkan sakitləşməyə başladı. Ağac qovuğundan çıxan bir fidan, anidən böyüməyə başlayıb sınan qolun yerini tutdu.

Elmin və inancın hekayəsi olan AVİVA, çiçəkli bahar üçün hər ikisinin vacib olduğunu öyrətmişdi. Ən əsas Apollonun Artemidanın üzərində ağalıq etmək istədiyi kimi kişinin qadın üzərində hakimiyyətini deyil, öz qədim tariximizdəki kimi onların bərabər nizam-intizamı dünyada bərqərar etməklərini nəsihət etmişdi. Bu ilahi həqiqəti dərk edərək qarşısında təzim edən əkizlər, həyat yollarını sonsuza qədər birləşdirdilər. Onların həyatında olduğu kimi Avey üçün də sonsuz çiçəkli bahar günləri başladı...

# 4414 dəfə oxunub

Müəllifin son yazıları

# # #