Kulis.az Həmid Herisçinin yeni şeirlərini təqdim edir.
ODİSSEYDƏN PENELOPAYA
Çayımı süzüb etibarlı, vəfalı termosa
Dava salıb
Bakıdakı diplomatik korpusa
İstərdim gedəm uzaqlara...
Dönəm, çevriləm ən xırda yuvarlaq zərrəyə,
Toza,
Qayıdam çoxdan
aza
Mikrokosmosa.
Görəm,
"BakuBus" avtobusu da
Necə kiçilir uzaq üfüqdə
Asta, asta...
Qalır çox kiçik miqyasda
"Lufthansa"
Mən kimi Odisseylərə
Müftə biletlər verər
Uçum Marsa!
Apokalipsisə!
Əsgər yazılım xarici legiona,
Mənə təzə pasport verəndə Fransa
Daxilimdə inildəsin
Yanıq kamança
Almanca!
İtalyanca!
Özümü tapım
Payızda.
Batım Arazda.
İlk baharda
Yazda.
P.S. Penelopa,
Mənə yaz da,
Məktub yaz da...
Məndən xəbər yoxsa,
Barmaqların gəzişsin, titrəsin
Məktəbdəki o əziz coğrafi qlobusda!
Məni tap,
Ötən əsrin lal kinosunda...
Zillən hərdən bir kinoulduza
Bax, Azneftdəki o lirik hovuza
Məndən nəsə var, görərsən,
Antonio Banderasda
Adımı tap,
Gizlənmişəm
Qəzetlərdəki krossvordda!
Penelopa, Penelopa
Səni çagırdım, səni sevdim bu gün
O adla.
MƏNİM NƏĞMƏSİZ BİBİM
Yolda ötdükmü Səngəçalı,
Sürücü, söydümü radarı,
Avtobusdakı
Mədə xəstəsi ikiqat bükülüb,
Axtardı, tapmadımı
"Festal"ı...
Daxilimdə yaranır hind filmi
Çəkmək ehtimalı.
Birləşir daxilimdə min parçalı
Həyat serialı
Gözümə gəlir o dünya gözəlinin
Yanağındakı
qara xalı
Deyərdin:
- Əttövbə! Əttövbə
Qəribədi, qəribə!
Qan həkimi diplomumu alınca
Başladı dünyadakı ən qanlı
Müharibə!!!
Deyirdin:
- Müharibə başlayanda
Nənən kükü qızardırdı.
Altı yandı.
O kükü idi ilk müharibə qurbanı.
Sonra itirdik
sayını.
Deyirdin:
- Yetişəndə müharibənin son ilinə
Göndərdilər Qəbələnin Nic kəndinə
Dedilər kəndin adını oxusan tərsinə
Rast gələcəksən Cinə.
Müharibə İblisinə!!!
İnsanların ən pisinə!
Səni balıq kimi qurudacaqlar,
verəcəklər hisə!
Hissə-hissə!!!
Dedim:
- Nə dedin Cinə? Axır nə?
- Heç nə.
Girişdim bu millətin, insanın,
İblisin, İbişin, Əlişin, Sarkisin
Qan analizinə!!!
İblis, eşiyə çıxdımı
Qayıtmaz bir də o öz şüşəsinə!
Dedim:
- Şair aşiqdi sait səsinə,
İnanmır hər cür samitə!
Dedin:
- Saitlər bənzər qandakı leykositə
Samitlər isə, qara ciyəri çürüdən
"Hepatit C"ə!
Əttövbə! Əttövbə!
Qəribədir, qəribə!
Qan həkimi diplomunu alınca
Başladı dünya tarixində
Ən qanlı müharibə!!!
P.S. Şeir respublikada qan analizi məktəbini yaratmış bibim professor Asya Axundovaya həsr edilib.
ORFEYİN NƏĞMƏSİ
Deyirəm,
Ədəbiyyatı tabuta yığmış
Kitab dükanı “Libraff”a:
Yoxdu qandıgın qrafa!
Bivəfa, bivəfa,
Gün batdıqca uzanan kölgəyəm,
Yanıqlı nohəyəm,
Soruşsan, evdəyəm,
İlk şair Orfeyəm,
Əlimdə musiqili arfa!
İnandız, uyduz Bakı toyxanalarındakı
bir-iki geydirmə,
həvəskar fotoqrafa
Nəticədə indi yoxdu bizdə
Peşəkar kinematoqraf da…
Bivəfa, bivəfa.
Qoy məni burdan
Qandallayıb aparsın
Al uduzlu Moskva.
O zindan, o qazamat, o Lefortova…
Yoxdu orda sizin aftafa!!!
Bivəfa, bivəfa.
“İstintaq davam edir” filmindəki “Təcili dərman göndərin Nimfa”.
Şifrəqrammasını açsam,
başlayacaq dövlətdə kütləvi istefa!!!
İlk şair Orfeyəm,
Soruşsan, evdəyəm,
Əlimdə musiqili arfa!
Oxuyuram:
“Bivəfa, bivəfa
Atmısan odlara
Öylə yandırmısan
Sevmərəm bir daha
Bivəfa, bivəfa
Bir defa, üç defa
Dar ağaclarınızın ilgəyi paxıllanar
boğazımdakı kip şarfa!
Su verdik hər cür canı susuza,
Cansıza,
Hər cür kaktusa
Kinorejissor Cim Jarmuşa
Canlarına gəlsin şəfa…
İlk şair Orfeyəm,
Soruşsan, evdəyəm,
Əlimdədir o müqəddəs arfa!