Fərhadın Xosrovu öldürməsi – Fəxri Uğurlunun hekayəsi

Fəxri Uğurlu, yazıçı

Fəxri Uğurlu, yazıçı

5 sentyabr 2022
# 14:00

Bu gün görkəmli yazıçı Fəxri Uğurlunun doğum günüdür. Bu münasibətlə Kulis.az onun “Fərhadın Xosrovu öldürməsi” hekayəsini təqdim edir.

Fərhad Bağıstan dağlarının o tayına yol açırdı. Yaz otuyla seyrək-seyrək tüklənmiş dağları yun kimi didirdi, minillik köklü qayaları külüngünə keçirib saman çöpü kimi qırağa atırdı, daş-torpağı toz kimi üfürüb yolundan qıraq eləyirdi. Gendən baxıb görənlər Fərhadın gücünə dastan qoşub mahnı bəstələyirdilər, o dastanlar, mahnılar Mədaini ev-ev gəzib bütün İrana, İrandan Arana, Arandan Turana, Turandan Çinə yayılırdı, adamlar dəstə-dəstə Bağıstan dağlarının ətəyinə axışıb Fərhadın tamaşasına dururdular.

Düzünə qalanda Fərhad onların düşündüyü, gördüyü qədər də güclü deyildi. İşə başlamamışdan o, üç gün-üç gecə kirpik çalmadan, nəfəs dərmədən Bağıstanla üz-üzə, göz-gözə oturub dağları hala gətirmişdi, Çində öyrəndiyi fəndlə dağları yuvasından, qayaları qəfəsindən çağırıb çıxardıb daşın-torpağın çəkisini almışdı. Ayağından baxanda başı görünməyən dağlar Fərhadın hüzurunda qolubağlı dayanmışdı. O dağlara o gözlə baxmayan kimsə o yüngüllüyü duymazdı.

Bağıstan dağları bu yerlərdə bağlar–tanrılar-ruhlar yurdu sayılırdı. Bu dağların o üzündə kimsənin görmədiyi, ancaq varlığına hamının inandığı bir göl olmalıydı; deyirdilər o gölün suyundan içən, o suda çimən ölüm, qocalıq, xəstəlik tanımaz. Belə deyirdilər, di gəl, indiyəcən nə o göldən su içən, nə o suyu sınaqdan keçirən olmuşdu – Bağıstanın o üzünə adlamağa nə atlı, nə piyada, nə də quş yolu vardı, o yanlara cığır açmağa qarışqaların, lağım atmağa ilanların ömrü çatmazdı.

Yeddidən yetmişə bütün İran adamı bir gün Bağıstana köçüb o dağların suyundan içəcəyinə inanırdı, təkcə Xosrov öz gününü-saatını gözləmək istəməyib özü Bağıstana köçənəcən Bağıstanı öz ayağına gətirmək sevdasına düşmüşdü. Çoxları elə bilirdi Xosrov Bağıstanı yarmaq adıyla Fərhadı gedər-gəlməzə göndərib, ancaq deyilən kimi deyildi, Xosrov elə ilk görüşdən Fərhadın gizli bilik yiyəsi olduğunu anlamışdı; Bağıstan qayalarını çapmağa heç bir gücün gücü yetməzdi, bu iş görülsə-görülsə, biliklə görülərdi. Nə olur olsun, Xosrov bu mərcdən itkisiz çıxacaqdı: ya Fərhad Bağıstanı yarıb dirilik suyunu onun ayağına gətirəcəkdi, ya da dağları başına uçurub dünyanı Şirin donunda göstərən güzgüsüylə çilik-çilik olacaqdı.

Şərti Xosrov kəsmişdi: Fərhad Bağıstanın o tayına adlayıb dirilik suyunu mərmər arxla Mədainin göbəyindəki şah sarayının hovuzuna calayacaqdı, Xosrovla Şirin o sudan içib o hovuzda çiməndən sonra Xosrov Şirindən əl çəkib onu Fərhada halal eləyəcəkdi. Fərhad tapşırılan işi şərtsiz-filansız da görərdi, onun Xosrovdan nə bir umacağı, nə də udacağı vardı, ona gərək olanı dünyanın ən uca taxtında oturan Xosrov şah da tapıb verə bilməzdi, ancaq şahı sındırmamaq üçün şərti yerə salmamışdı. Üstəlik, uduzarsa, verdiyi sözü yerinə yetirəcəyi haqda Xosrovun dilindən kağız almağa, dirilik suyunda çiməndən sonra Şirinin dünya durduqca belə gözəl qalacağını bilə-bilə ondan necə əl çəkəcəyini soruşmağa da ehtiyac duymamışdı – şahın yalan dediyini onsuz da bilirdi. Şərti dəyişməyə də çalışmamışdı – tutduğu heç bir işi bir başqa işin xətrinə görmürdü, Fərhad bütün işlərini bir iş kimi görürdü, ondan ötrü yer üzündə o bir işdən özgə bir iş qalmamışdı. Şirini Xosrova qısqanmaq onun ağlına da gəlməzdi, onun istədiyi Şirini Xosrov tanımırdı, indən belə min il bir yastığa baş qoysalar, yenə tanıyası deyildi; ancaq Xosrov qılıncı, möhürü, fərmanıyla, sarayı, ordusu, səltənətiylə yenə Şirini Fərhada qısqanırdı, Çin dəzgahında yonulmuş bu nəqqaş Mədainə ayaq basdığı gündən Şirini itirmək qorxusu şahı taxtın məstliyindən ayıltmışdı, indi onun bundan böyük qorxusu yoxudu, elə bu qorxunu özünə ən ağır cəza bildiyinə görə də Şirindən əl çəkməyi ən ağır şərt kimi boynuna götürmüşdü.

Fərhad gördüyü işə şaha verilən cəza kimi, şahdan nəsə qopartmaq uğrunda yarış kimi baxılmasını istəmirdi; Bağıstanın o tayına yol çəkiləndən sonra bu torpağın ən böyük sirri açılacaqdı, gölün suyu saray arxına sığmayıb hamının qapısına axacaqdı, hər kəs dirilik suyundan içib ölümsüzlüyə inanandan sonra ölüm qorxusundan qurtulacaqdı, Xosrovun şahlıq ehtirasını bəsləyən rəiyyət xofu tükəndikcə şahın taxtı da suvarılmayan ağac kimi qısır qalıb quruyacaqdı. Bundan sonra Xosrovu ölkəsinə, rəiyyətinə, səltənətin ən istəkli gəlini, sonra da anası deyib özünəcən ucaltdığı Şirinə bağlayan bağlar çürüyüb qırılacaqdı. Daha kimsə yaşamaq, ölməmək qayğısı çəkməyəcəkdi. Bundan sonra Fərhadın bitməz-tükənməz dövranı başlanacaqdı…

Fərhad yaxşı bilirdi: ölümdən gələn bəlanın ən böyük cəzası, ölümün verdiyi dərdin ən gözəl dərmanı dirilik, ölümsüzlükdü, öldürməklə ölümdən can qurtarmaq olmaz. Bu dərsi də Çində alıb bu biliyi də Çində öyrənmişdi.

Fərhadın qurğusundan Xosrov çətin duyuq düşəydi, o qurğunu Fərhadın əliylə özü qurmuşdu. Bağıstandan axıb gələn suyla Xosrov qılıncının ağzını, möhürünün yastığını, suvağı çat verən, daşı mamırlayan sarayının divarını, Şirinin bostanını suvarmaq istəyirdi – bunlar durduqca Xosrov da duracaqdı, Şirin cavan qaldıqca Xosrov da qocalmayacaqdı. Di gəl, qocalmaq qorxusu olmayan yerdə cavanlıq həvəsinin də qalmayacağını, yağıdan hücum, yaxından qəsd qorxusu aradan qalxdıqca qılınca ehtiyac olmayacağını, yaşamaq yarışından, çörək savaşından əl çəkən rəiyyətin qanunsuz-fərmansız da dolanacağını Xosrov anlamırdı. Ölüb-itmək qorxusu olmayan yerdə doğub-törəyib dünyanın sabahına sağ çıxmaq istəyi də qalmayacaqdı, dişilərin bətni qurutduqca erkəklərin arxı da quruyub soğulacaqdı. Xosrov bunu bilmirdi, ona dirilik qanunlarından dərs keçməmişdilər. O, ikibaşlı ölümün bir başını əzib o biri başını dirilik adına yaşatmaq istəyirdi. O, dirilik suyunu ölümün, yoxluğun özünə içirtmək istəyirdi.

Beləcə, Xosrov öz sonundan xəbərsiz oturub Fərhadın sonunu gözləyirdi. Bütün Mədain Fərhadın Bağıstandan əlidolu qayıdacağını danışırdı, yeddidən yetmişə bütün İran – saray adamı da onun içində – səsini-nəfəsini udub bu mərcin nəylə bitəcəyini gözləyirdi. Dünya dağılsa belə Xosrovun Şirindən əl çəkməyəcəyini hamı bilirdi; səltənət bir bədən, Xosrov da o bədənin başıydısa, Şirin səltənətin ürəyi sayılırdı – başın bədənə göndərdiyi hər buyruq o ürəyin qanıyla yazılırdı, bədənin hər gileyi, hər yalvarışı o ürəkdən keçib başa çatırdı. Xosrov Şirinin donunu da qırmızı ipəkdən ürək şəklində biçdirmişdi, Şirinin başına ürək şəklində tac qoydurmuşdu, möhürlü fərmanıyla Şirini səltənətin anası təyin eləmişdi – bundan sonra qoca kişilər də şah arvadına ana gözüylə baxıb ana deməliydilər. Şirinin kəsdiyi başa aman verilməzdi, Şirinə yaxın olan kəs adam öldürsə, bağışlanardı. Donundan qan daman Aran şahzadəsinin Kəyan taxtına ortaq çıxması, Əfrasiyab törəməsinin Keyxosrov kökünə, xaçpərəst qızının Zərdüşt hümmətinə ağalıq eləməsi İranda kimsənin könlüncə deyildi, ona görə də hamı səltənətin ürəyindən başına sıçrayan qanın o başda nə fəsadlar törədib nə tufanlar qoparacağını göz qırpmadan gözləyirdi.

Fərhadın Bağıstan dağlarının o tayını bu tayına calayıb əlidolu dönəcəyinə, Xosrovun qanla suvardığı boz çölləri dirilik suyunda suya çəkib gülüstana çevirəcəyinə, hər otu, hər ağacı, hər atı, hər adamı o suyla suvarıb murada yetirəcəyinə daha inanmayan kimsə qalmamışdı. Dağlar özü onun qarşısında yaxa yırtıb, saç yolub göyə sovrulurdu. İndi hamı Fərhadın Bağıstanı yarıb-yarmayacağını yox, Xosrovun verdiyi sözü tutub-tutmayacağını gözləyirdi. Xosrov bir yandan dirilik arxının axıb qapısına töküləcəyinə sevinirdisə, o biri yandan səltənətin anasını səltənətdə ona ana gözüylə baxmamağa ürək eləyən tək adamdan, o tərs oğlu tərsdən qorumağın yolunu axtarırdı. Bildiyi fəndlərin hamısını işlətmişdi: hədə-qorxu, daş-qaş, zəhər, sonra da bu gedər-gəlməz yol… Di gəl, Xosrovun min bir fəndi Fərhadın Çində öyrəndiyi bir fəndin qabağında puça çıxmışdı, Xosrov özü-özüylə güləşən döyüşçü kimi meydanda tək qalmışdı.

Xosrovun işlətməyib qara günə saxladığı min birinci fənd də vardı: ikilikdə bir xəlvətə çəkilib Fərhadın ayağına düşmək, onun qarşısında aciz qaldığını kişi kimi boynuna almaq, yalvarıb-yaxarıb ondan ölkədə yeni qayda qoymamağı, bu yerlərdən çıxıb getməyi diləmək. Doğrudu, bundan irəli Şirinlə danışıb, Fərhad Bağıstandan sağ-salamat dönərsə, onu rədd eləməyin yolunu öyrətməyi də ürəyindən keçirmişdi, ancaq Şirinin gözündən düşməkdən qorxub fikrini içində azdırmışdı. Bu tərs nəqqaş başındakı Çin havasıyla məmləkətin sərhədini adlayalı onsuz da Şirin haldan-hala düşürdü, gülüşündən sarayın pəncərələri daha çiliklənmirdi, acığından güzgülər çat vermirdi. Üstəlik, Şirinin ağ, ya qara dinməsi Fərhadın tükünü də tərpətməzdi – o, Şirini yalnız uzaqdan görmüşdü, ona yaxın getməyə, söz deyib söz eşitməyə can atmamışdı, Şirini sevmək üçün ondan rüsxət almağa, səltənət anasının gözünə görüküb yadında qalmağa çalışmamışdı.

Elə Şirinin şəkillərini də uzaqdan baxıb çəkmişdi. O şəkillərin Şirinin rəsmi olub-olmadığı üstündə Mədainin adlı-sanlı nəqqaşları çox çəkişib-dartışmışdılar. Yaxından baxanda Fərhadın naxışları kimsənin cizgilərinə bənzəmirdi, uzaqdan o rəsmləri Şirinə də, bir ayrı gözələ də oxşadırdılar, daha doğrusu, hər sevən o şəkildə sevdiyni, hər unudan unutduğunu, hər axtaran axtardığını tapırdı. Fərhad İran nəqqaşlarına bəlli olmayan bir üsulla işlədiyindən Mədainin ustadları onun qələmindən çıxanların sirrini, sənətinin açarını gündoğanda-günbatanda gəzirdilər: Rum məktəbinə yaxşı bələd olanlar Fərhadın hind üslubunda işlədiyini, Hindistanda oxuyub gələnlər onun çinli ustadlardan öyrəndiyini, Çində qələm tutmağı öyrənənlər də oralarda belə dərs verilmədiyini, Fərhadın bu dərsi Rumda almış olacağını deyirdilər. Günün birində Fərhadı tapıb nəqqaşların yığıncağına da gətirmişdilər, sənətinə düşən açarı onun öz əlindən-dilindən almaq istəmişdilər. Fərhad Mədain ustadlarının danışıb-soruşduqlarını təmkinlə sonacan dinləyəndən sonra bircə bunu demişdi:

– Mən Çinə şəkil çəkməyə getməmişdim, bilik dalınca getmişdim. Çində mən nə bir nəqqaş görmüşəm, nə də bir naxış vurmuşam. Axtardığımı tapandan sonra çəkdiklərim öz-özünə belə alındı. Düzünü bilmək istəsəniz, mən nəqqaşlıq sənətindən uşaqlıqda nə öyrənmişəmsə, onu da işlədirəm.

Mədain nəqqaşları inanmasalar da, Fərhad dediyi kimiydi. Çindən qayıdanbaş İran torpağına, Xosrovun atalıq, Şirinin analıq elədiyi səltənətə ayaq basdığı gün on dörd il qabaq Aranda qoyub getdiyi sənəti Fərhadın yadına düşmüşdü. Kəhər atın belində, qırx incəbel qız arasında yola çıxan Şirini aralıdan görəndə ömrü boyu o qırmızı donu Şirinin əynindən çıxarıb Şirinin varlığına yetişmək arzusuyla yaşadığını, eldən-elə, dildən-dilə adlayıb Çinə də qadını soyundurmaq elminin dalınca getdiyini telinə, dırnağınacan anlamışdı. Bu işi başqa cür görə bilmədiyindən Fərhad köhnə sənətini işə salmışdı. Bunun ardınca səltənətin ürəyinə axan yolların sağında-solunda daşların lal üzündən, ağacların qart gövdəsindən Şirinin gözləri baxmağa başlamışdı, ağ kağızdan, sarı gildən, göy parçadan baxan Şirin səltənəti mahal-mahal, küçə-küçə, meydan-meydan, bazar-bazar gəzməyə başlamışdı.

Bir-birinin dalınca gələn şəkilli xəbərlərə Xosrov əzəl günlər çox da məhəl qoymamışdı – hansısa avara nəqqaş çəkdiyi qadın rəsmlərini Şirin adına yağlı müştərilərə sırıyıb pul qazanırdı, şahın əsgərləri onu yaxşıca kötəkləyib qazandığını burnundan gətirəndən sonra şəkil əhvalatı da sona çatacaqdı. Di gəl, günlər keçdikcə Şirinin şəkilləri artıb ölkəni götürürdü, ustad nəqqaşlar o rəsmlərin üstündə baş sındırırdılar, şəkil çəkəni də kimsə tapıb ortalığa çıxarda bilmirdi. Xosrov ayılanda iş zarafatdan keçmişdi, kimsə artıq məmləkətin ürəyinə əl aparmışdı, səltənətin anasına sataşmışdı. Daha İranla Aranın arasında Xosrovun Şirinindən yox, Fərhadın Şirinindən danışırdılar. Səltənətin ürəyinə Xosrovun qılıncıyla çəkilib qanun-fərmanla çərçivələnmiş, şahənşah möhürüylə bəzək vurulmuş Şirin surətinə Fərhadın qələmindən kölgə düşmüşdü, indi hamı Xosrovun göstərdiyi Şirini yox, Fərhadın yaratdığı Şirini görmək istəyirdi. Xosrovun Şirinindən kimsəyə pay düşməsə də, Fərhadın Şirinindən könlü istəyən hər kəs murad ala bilərdi.

Xosrovdan ötrü bunlardan da qorxulusu Şirinin özünün gözgörəti dəyişməsiydi. Şirin əllərdə gəzən rəsmlərini bir-bir aldırıb saraya gətirdirdi. Rəsmlər çoxaldıqca o rəsmlərin alverinə qurşanan, o alverdən yaxşıca pul qazanan adamlar da ortalığa çıxırdı; onlar elə bilirdilər Fərhad o şəkilləri Xosrovun sifarişiylə çəkir, rəsmləri saraya daşıtdıran da bir özgəsi yox, şah özüdü. Bunlar belə düşünməkdəykən Şirin qırx otaqlı sarayın qırxıncı otağında öz şəkillərini, daha doğrusu, Fərhadın çəkdiyi rəsmləri sərgiyə düzürdü. Quşlarla bir oyanıb, gün qalxanacan o şəkillərə baxdıqca baxırdı, baxa-baxa nəyisə yada salmaq istəyirdi, yaddaşının izinə düşüb gedib, yaddaşından çöldə qalan nə varsa, hamısını unudurdu. Xosrov şəkildəkinin ona bənzəmədiyini Şirinə dönə-dönə, özü də düz demişdi, ancaq o rəsmlərə uzun-uzadı baxdıqca Şirin yavaş-yavaş dəyişirdi, dəyişib-dəyişib şəkildəkinin oxşarı olurdu – burasını Şirinə qıraqdan göz qoyan Xosrov dönə-dönə sezmişdisə də, bir yol dilinə gətirməmişdi. Rəsmlərin hamısında Şirin çılpaq çəkilmişdi – nə donu vardı, nə örpəyi, nə başmağı; ancaq bir şəkildə də Şirinin bədəni görünmürdü – damarından elə bil qan yerinə su axırdı, dərisi bulud qabığı, sinəsi gün istisi, saçları yel sərini, üzü ay işığıyla boyanmışdı.

Günün yarısınacan Fərhadın əl işinə dönən Şirini günün ikinci yarısı sarayına, analıq taxtına qaytarmaq üçün Xosrov axşamacan çalışıb-vuruşurdu, səltənətin ürəyindən axan qanı coşdurmaq üçün baş kəsib, qan töküb göz çıxarırdı, gecələr dişi aslanı dişi canavar kimi ulatmayınca çimir çalmırdı, di gəl, neyləyirdisə də, arvadını başqasıyla bölüşdüyünü Xosrov gecə də, gündüz də duyurdu. Daha Şirin qabaqkı kimi həftədə, ayda bir yox, hər gün atlanıb başının incəbel qızlarıyla gəzməyə çıxırdı, yollar boyu düzülüb atının ayağı altına çiçək səpən, pul atan adamların arasında gözləri Çindən gələn nəqqaşı axtarırdı – o oğlanı barmağının ucundan da tanıyardı. Xosrov bir ara Fərhadın rəsmlərini Zərdüştün şəriəti, muğların fitvasıyla dinsizlikdə qınayıb o rəsmləri hamının gözü qabağında oda atdırmaq, onları alıb-satanın boynunu vurdurmaq istəmişdisə də, «elə bil mənim özümü oda atdırırsan» deməklə Şirin onu bu yoldan daşındırmışdı. Bundan sonra səltənətin namusuna əl aparan o namussuzun ürəyini başından, barmağını qələmdən ayırmaqdan başqa bir yol qalmırdı. Şirin onu bu yoldan da daşındırmaqdan ötrü şahın mənliyinə iynə batırmışdı:

– Hamı səni qorxaq bilib qınayacaq. Deyəcəklər Rum qeysərinə, Çin sultanına, Xəzər xaqanına sinə gərən Xosrov bir miskin nəqqaşın əlində aciz qaldı. Adını günahsız qanına bulama, nahaq qanın ləkəsi getmir. Onu yerin dibindən də olsa tapıb saraya çağır, qabaqca dilə tutmağa çalış. Dilə tuta bilməsən, sözlə üstələ, ürəyinə xof, canına vəlvələ sal. Öldürmək istəsən, qan tökmə, gül qoxusu, mey dadı, şərbət şirnisiylə öldür. Bundan da bir şey çıxmasa, onu gedər-gəlməz yola, ölümlə çarpışmağa göndər…

Xosrov meydanlara, bazarlara carçılar saldırmışdı, carçılar Fərhad adlı nəqqaşın şah sarayına çağırıldığını bütün İran torpağına car çəkmişdilər. Fərhad bu zaman on doqquz yaşında qoyub getdiyi doğma Aran torpağına, Aranın gözü, Fərhadın gəncliyinin xəritəsi, sevgisinin paytaxtı Bərdəyə, Bərdə yaxınlığındakı doğma Quzan kəndinə qayıtmaq üçün yır-yığış eləyirdi. Dibində böyüdüyü ağacların kölgəsi ötən on dörd ildə bir gün də Fərhadın könlündən çəkilməmişdi. Şirinin çiyni üstündən onun rəsmlərinin içərilərinə boylanan oralarda Bərdə küçələrini, Tərtər çayı üstündən atılıb Quzan yoluna calanan Şirin körpüsünü, Bərdəylə Quzan arası meşələri, bağları, yayda Aran dağlarına dırmanan atlı-arabalı karvanları, yaylaqlara səpələnən sürüləri görərdi. Fərhad rəsmlərinin içərilərinə adlayıb Şirini də oralara çağırmaq istəyirdi, rəsmlərdən üzübəri baxan Şirinin üzünü o yanlara çevirib şəklin dərinliklərinə çəkə-çəkə bu üzdə qalanların gözündən itirmək istəyirdi.

On dörd il bundan irəli öz əliylə öz başına xətər yetirən, Şirin kimi bir quzunu fırçasının yağında bişirib Xosrov kimi qurdun qarşısına qoyan, naşılığı, korluğu ucbatından dünyanı əlindən salan Fərhad günahından keçməyi on dörd ildə bir gün də ürəyinə yaxın buraxmamışdı. Özünü öldürsəydi də, bu günahdan arınmazdı. Yalnız bir yolu vardı: o torpağa qayıdıb o ömrü qırıldığı yerdən yaşamaq, Şirini də Çində öyrəndiyi fəndlə Xosrovun pəncəsindən, Kəyan taxtının mehrindən qoparıb on dörd il qabaqkı günə, Xaçının qırağındakı palıdın kölgəsinə qaytarmaq, Aran şahzadəsini Mədaindəki eyvanından duşürdüb qələminin ucunda qurduğu behiştə çağırmaq, Şirini on dörd il bundan qabaqkı hala gətirmək. Onda hamı, elə Şirinin qəzəbli qardaşı – o vaxtın şahzadəsi, indinin hökmdarı da Şirinə Fərhadın gözləriylə baxacaqdı, baxmağa ayrı göz tapmayacaqdı…

Ancaq bu işləri görənə qədər şahın çağırışına getməliydi. Fərhad carçının harayını eşitcək yır-yığışı yarımçıq qoyub birbaş saraya üz tutmuşdu. Keşikçilərə özünü tanıdan kimi onu Xosrovun hüzuruna aparmışdılar. Dikbaş nəqqaşın şah dərgahında əyilməməsi Xosrovu pərt eləsə də, bığını çeynəyib dözmüşdü.

– Belə dik-dik gəzməkdə sən ya Rum qeysərinin, ya da Çin xaqanının oğlu olarsan, – acıqlı şah acığını belə soyutmaq istəmişdi.

– Mənim kiməsə oğulluq eləyən çağım deyil, – şahdan nəsə ummayan, umacağı olmadığından qorxusu da olmayan Fərhadın aldığı nəfəs nə uzanmışdı, nə gödəlmişdi. – Mən könüllər sultanıyam, özü də bu sultanlıq mənə nə babamdan, nə də atamdan qalıb. Öz taxtıma mən öz gücümlə yetmişəm, kimsənin mirasına möhtac olmamışam.

Xosrov söhbətin pis başlandığını görüb Fərhadın başıqanlı atmacalarının yanından ötmüşdü:

– De görüm gəlişin hardandı, oğlan?

– Könül sultanlığından.

– Başqasının arvadına sataşmaq, naməhrəm qadının çılpaq şəklini çəkmək namussuzluq sayılmırmı sənin səltənətində? Namus, qeyrət sözü varmı sənin yurdunda?

– Mənim səltənətimdə sevgidən özgə heç nə yoxdu. Mən eşqdən ayrı namus, qeyrət tanımıram.

– Demək istəyirsən, mənim arvadımın, səltənət anasının lüt şəkillərini sevə-sevə, özü də namusla çəkmisən?

– Mən sənin arvadının şəklini çəkməmişəm, sevdiyimin rəsmini yaratmışam.

– Özü də çılpaq, hə?

– Özü də çılpaq – soyuqdan da, istidən də, ağırdan da, yüngüldən də, ağdan da, qaradan da, sevincdən də, qəmdən də çılpaq, sənin arvadın olanacan necəydisə, eləcə. Unutma, Şirin sənin arvadın olmamışdan mənim sevgilim olub.

– Bilirəm, Bərdədə nəqqaşlıq öyrənəndə Şirin oxuyan məktəbin qapısında boynunu çox bükmüsən.

– Yox, ondan da qabaq, ondan çox-çox qabaq!

– Sən məndən iyirmi yaş kiçik olarsan, o çox-çox qabaqları harda görmüsən? Yoxsa Şirinin surətinə özün qələm çalmısan, olmaya sən yaratmısan onu?

– O yaranışda sənin də əlin olub, ancaq o çağlar sənin yadına düşməz, başın çox qarışıqdı.

– Yadıma düşsə, nə olacaq? Oturub çılpaq şəkillər çəkəcəm?

– Dünyanı yenə elə gözəl, elə azad görmək istəyəcəksən.

– Dünya onsuz da gözəldi, mən də bu gözəl dünyanın ən azad adamıyam – İran kimi səltənətim, Şirin kimi gəlinim var.

– Ölümlü dünyada hansı xoşbəxtlikdən, hansı gözəllikdən dəm vurursan?! Sənin taxtın tezliklə yad əllərə keçəcək, sənin Şirinin qara torpağa gəlin köçəcək, bətnində ilanlar yuva qurub bala çıxaracaq. Qorxaq qullar içində qorxudan necə azad ola bilərsən? Bu qədər xəstənin arasında sağlam gəzmək olarmı? Hamı oğlun Şiruyənin tezliklə səni öldürüb taxtını da, arvadını da ələ keçirəcəyindən danışır.

Xosrov ağappaq ağarmışdı:

– Bunu hardan eşitmisən?

– Bu söhbəti İranda səndən başqa eşitməyən qalmayıb.

Xosrov özünə gəlmək üçün eyvana çıxıb qayıtmışdı:

– Düzünü de, sən özün azadsanmı?

– Azadlıq yolundayam. Mən yolumu Çində tutub gəlmişəm.

– Hansı divlərin, əjdahaların arasından keçir o yol?

– Öz tamahımla qorxumun, yaxşımla pisimin arasından. Mən sizin tapdığınıza sevinmədiyimə görə sizin itirdiyinizə də qəmlənmirəm.

– Şirini çoxmu sevirsən?

– Könlüm tutduğu qədər.

– Könlünün tutumu haracandı?

– Yaranmışların ilkindən sonunacan.

– Şirin ölsə, qəmlənərsən? Doğru söylə!

– Yox, ölüm oluma sevinənləri qəmləndirər. Kim doğuluşu xoşbəxtlik saymırsa, ölümü də bədbəxtlik bilməz.

– Dünya olumla ölümün, gündüzlə gecənin, yaxşıyla pisin savaşı üstündə qurulub. Biri bizi güldürər, o biri ağladar. Həyatın mayası sevincdi, dünyaya gəldiyimizə, yaşadığımıza, hələ ölmədiyimizə niyə də sevinməyək? Zərdüşt də bizə dünyanın zövqünü halal buyurub, çünki yalnız yaşamaqdan həzz alanda ölümün acısını unuduruq.

– Gündüzdən sonra gecənin qara tüstü kimi göyü tutacağını bilə-bilə gündüzün, işığın nəyinə sevinirsən? Olumla ölümün, işıqla qaranlığın, yaxşıyla pisin savaşı uydurmadı – ölüm olumdan, qara ağdan törəyir. Sevinməsən, qəm də çəkməzsən, yaşamağa həris olmasan, qorxunun dadını da bilməzsən. Sən Şirinin doğmamağını özünə çox dərd eləmisən. İndi səndən soruşuram: oğlun Şiruyə doğulanda necə sevindiyin yadındamı? Bu gün sənin öz oğlundan qorxulu düşmənin yoxdu. İndi görürsənmi, illər uzunu öz ölümünü necə həvəslə, sevinə-sevinə bəsləmisən? Doğma balan səni öldürüb sənin arvadına – öz analığına yiyə çıxmaq istəyir. Budu sənin bayraq elədiyin namusun təntənəsi! Sənsə düşməni ocağının qırağında qoyub, bir nəqqaşın vurduğu naxışlarda özünə bəla axtarırsan.

Xosrov yenə ağappaq ağarıb, titrəyən barmaqlarıyla səyriyən bığlarına sığal çəkmişdi.

– Yaxşımız-pisimiz əldən gedəndən sonra bizdən nə qalacaq?

– Səni bilmirəm, məndən eşqim qalacaq.

– Eşq özü nədi – yaxşıların yaxşısı, zövqlərin ən ucası, qorxuların ən dərini…

– Sevgi yaxşıdan ucadı.

– Demək, sən Şirinin yaxşılığını da istəməzsən?

– Şirinin yaxşılığını istəyən sənsən – onu səltənət anası eləmisən, nəyin varsa, onunla tən bölmüsən. İndi sənin yaxşılığın qübbədən qüruba yenir. Sənin yaxşılığın Şirini iki yol ayrıcında qoyacaq: ya sənin oğlunun arvadı olub bundan sonra Şiruyənin elədiyi yaxşılıqların dadına baxa-baxa tarixə adını ən pozğun qadın kimi yazacaq, ya da səni kəsən qılıncla o cavan canına axan həyatın yolunu bağlayacaq… Sən özündən sonra Şirinin yaşamasını istəyərsənmi?

– Heç vaxt, – Xosrov coşub taxtından dikəlmişdi, – heç vaxt! Mən istəsəm belə o mənsiz qalmaz.

– Bəs eləysə, boyunu sevdiyin o həyatı, sevinci Şirinə niyə çox görürsən? Nəyə dəyişirsən o dadlı həyatı?

– Şərəfə, namusa!

– Ölümə dəyişirsən, ölümə! Özünü aldatma.

Bundan sonra Xosrov yumruğunu taxta çırpıb yerindən dik qalxmışdı:

– Yoxsa Şirini sənə versəm, onu qocalmağa, ölməyə qoymayacaqsan, dünya durduqca belə cavan, belə gözəl qalacaq yoxsa?

– Mən Şirini səndən istəmərəm də – sən onu mənə verə bilməzsən. Ancaq sənə söz verirəm: Şirini sənin caynağından çıxaracam. Onu sənə öz əlimlə vermişəm, öz əlimlə də geri qaytaracam!

– Necə almaq istəyirsən onu məndən, oğlum Şiruyənin almaq istədiyi kimi?

– Mən onun eşqini alacam, qalanı sənin, bir də oğlun Şiruyənin olsun.

– Şirin mənim eşqimlə dillərə düşüb, məndən aldığı işığı bu torpağa qaranlıq çökən çağlarda ay kimi güzgüləndirib səltənəti zülmətdə boğulmağa qoymayıb. Bütün varlığı ovcumun içində olan qadının eşqini necə ala bilərsən?

– Sən Şirinin heç nəyini almamısan, o sənin ortağındı – yataq ortağın, boğaz ortağın, şöhrət, səltənət, qan ortağın, sonra da ölum ortağın…

– Eşq olan yerdə ortaqlıq da olmalıdı.

– Eşq olan yerdə ortaqlıq yox, birlik olar.

– Birlik özü də ortaqlıq deyilsə, bəs nədi?

– Birlik məndən olanların mənə qayıtması, çoxluğun aradan qalxmasıdı.

– Sən dediyin birlikdən qurdun qarnında da var – qurd quzunu gödənində əridir, bununla da qurdla quzunun ayrılığına son qoyulur, çoxluq aradan qalxır… Ancaq qurd bu elmi öyrənmək üçün Çinə gedib çıxmayıb.

– Ayrılığa yox, quzunun otlamaqdan aldığı zövqə son qoyulur. Sonra o qurd da özündən olan qurdların gödənində əriyir. Gördüyün kimi, qurddan olanlar qurda qayıtmır, qurd özü özündən olanların qursağında puça çıxır.

– Nədi, bəlkə sən ölməyəcəksən?

– Mən bizi öldürənin sirrini Çində öyrənib gəlmişəm, heç vaxt ölümün tələsinə düşmərəm.

– Bəlkə o sirri mənə də açasan?

– Onsuz da faydası olmayacaq.

– Niyə?

– Bayaqdan çox gizlincimi açıb sənə demişəm, ancaq sən bircə yol da nəsə tapan adam kimi sevinməmisən.

Bu yerdə Xosrov qıpqırmızı qızarmışdı, özünə gəlmək üçün yenə eyvana çıxıb qayıtmışdı.

– De görüm məndən nə istəyirsən?

– Mən səndən heç nə istəmirəm, məni sən çağırmısan. İstərdim biləm, sən məndən nə umursan?

– İstəyirəm qələmini də götürüb mənim ölkəmdən gedəsən, mənim səltənətimdə yeni qayda qoymayasan. Bu torpaqda hamı bir Şirin tanıyır – Xosrovun Şirini. Yenisini yaratmağa çalışma, onsuz da baş tutan deyil. Sənin çəkdiklərini hansı qadına desən, bənzətmək olar, bəlkə də Şirinə hamıdan az oxşayar.

– Doğru deyirsən, şah, mən adı çox, özü tək olanın şəklini çəkmişəm. Ancaq neyləyə bilərəm, Şirinin surəti o tək olanın gözəlliyini bütün güzgülərdən yaxşı göstərir. Sənin bazarına təzə nırx qoymağı da düşünməmişəm – mənim sənin səltənətinə ayağım da dəyməyib. Sən öz qaydalarınla yaşa, mən də öz sultanlığımın qanunlarıyla dolanım. Yadında saxla: nəsə dəyişəcəksə, o dəyişiklik mənim sənin bazarına girməyimlə olmayacaq, o dəyişiklik olsa-olsa, sənin bazarında gün keçirənlərin – alıb-satanların, alınıb-satılanların mənim sultanlığıma köçməsiylə olacaq. Çalış, adamlarını bərk saxla.

– Mən sənə getməyin üçün hər köməyi göstərməyə hazıram, – Xosrov əlini əlinə vurmuşdu, bir qara qul başında daş-qaş dolu iri bir sini içəri girib, gətirdiyini ortalığa qoyandan sonra çıxmışdı. – Burda bir şahlığın xəzinəsi var, apar, gərəyin olar. Hara getsən, əlimi kürəyindən çəkməyəcəm, arxayın get.

– Mən olduğum yerdən heç yana gedəsi deyiləm, bunu bil. İndi üz-üzə dursaq da, biz bir-birimizə ayrı dünyalardan baxırıq, sən aramızdakı sərhədi görməsən də, mən o sərhədi ovcumun içi kimi görürəm. Torpağı, havanı, suyu dəyişməkdən danışırsansa, səni sevindirim: mən onsuz da gedirəm, səni artıq xərcə salmağa, talamağa insafım yol verməz. Bu daş-qaşa, qızıllara gələndə, dəyərini bilmədiyimə görə məndən ötrü bunların azlığı-çoxluğu, varlığı-yoxluğu birdi. Rumda, ya Çində kəsilən sikkələr sənin şahlığında işləmədiyi kimi sənin daş-qaşın, qızılın-pulun da mənim səltənətimdə işləmir.

Xosrov yenə əlini əlinə vurmuşdu, qara qul yenə gəlib yükünü tutub getmişdi. Bunun ardınca şah şərab gətirilməsini buyurmuşdu.

– Bizim görüşməyimiz ayrılmağa bənzədi, – demişdi, – doğrusu, mən bilmədim, bu, görüş oldu, yoxsa ayrılıq.

– İndi gördünmü, ayrılıq görüşün mayasındadı?

– Qoy sən deyən olsun. Gəl ikisinin də bir yerdə şərəfinə badəmizi içək. Sən şərab içirsənmi?

– Arandan qaçana qədər içərdim.

– Şərab qanı coşdurur, gözə işıq verir, həvəsi artırır…

– Sonra da qan damarda quruyur, göz bulanır, əl əsir, baş ağrıyır…

– Neyləmək, səfa istəyən cəfasına da dözməlidi.

– Demək, o cəfa dediyin elə səfanın mayasındadı. Sənin bu zəhərli şərabın da qurduğun dünya kimidi – keflə ölümü bir qabda verirsən.

Fərhad bunu deyib badəni dibinəcən başına çəkmişdi, əlinin dalıyla dodağını silib bir ayağını getmək havasıyla yerdən üzəndə Xosrov onun sütun kimi ayağına dolaşıb altdan-yuxarı yazıq-yazıq baxmışdı:

– Səni and verirəm inandığına, bu sirri mənə aç! – deyib yalvarmışdı.

– Çində məni belə öyrədiblər: əlin yaralı deyilsə, zəhəri ovcunda saxlamaqdan qorxma.

– Odpərəstsənsə, oda, xaçpərəstsənsə, xaça and verirəm səni, heç yana getmə, burda, mənim yanımda qal.

– Atəşgah da, kilsə də bir nəqqaşın, daşyonanın əl işidi. Dağa, suya, ağaca and ver, atıma, itimə and ver məni, ən gözəl məbəd insan gövdəsidi – Şirinə and ver.

– Şirin eşqinə, burda qal, səltənətin ağlı ol, mən də sənin yeriyən ayağın, görən gözün, vuran qolun olaram.

– Qalıb səni düşmənlərindən qoruyum, eləmi?

– Kürək-kürəyə versək, bizə heç kim, heç nə bata bilməz, mən həyatı diz çökdürərəm, sən də ölümü yenərsən.

– Sonra da hər iki dünyanın sultanı olarsan, eləmi?

– Şahlığıma səni ortaq eləyərəm, nəyimiz varsa, ata malı kimi bölərik.

– Şirini necə böləcəyik?

– Şirin kimi istəsə, onun olar.

– Şirin özbaşına nəsə istəməz, biz ona özümüzü istədə bilərik, biz – səninlə mən. Sən özünü ona istətməyəcəyinə söz verə bilərsənmi?

– Yox.

– Mən də sənin kimi. İndi istəyirsən ürəyindən keçənləri sənə olduğu kimi deyim: məni şahlığına şərik eləyib əməllərini, düşmənlərini mənimlə bölüşə-bölüşə sirrimə əl aparacaqsan, ölməməyin sirrini oğurlayandan sonra məni sıradan çıxarmağın yolunu axtaracaqsan, bir gün də «səltənət anasına pis gözlə baxdı» deyib Şirini üzümə durğuzacaqsan, məni ləkələyib, daşqalaq elətdirib boynumu vurdurandan sonra hər şaqqamı şəhərin bir qapısından asdıracaqsan, Şirin qırx incəbel qızla gəzməyə çıxanda leşimin iyindən ödü ağzına gələcək, boyumu sevən qızlar yanımdan burunlarını tutub keçəcəklər… Ancaq bir incə mətləbi gözdən qaçırmısan: mənim sirrimi oğurlamaq olmaz, o sirrə yetişmək olar. O məqama yetişəndən sonra indi uğrunda döyüşdüklərinin heç biri sənə gərək olmayacaq, çünki heç birindən sənə kömək olmayacaq. İllər boyu uğrunda qılınc çaldığın nə varsa, hamısını sevinə-sevinə düşmənlərinə verəcəksən.

– Şirindən də əl çəkəcəm?

– Şirindən də. Şirini yatağında qoyub çöllərə düşəcəksən, dağda-düzdə Şirin axtaracaqsan.

– Dəli olacam?

– Divanə olacaqsan. Hər gecə qollarının arasında can verən Şirinə gedib çatmağın nə çətin olduğunu, Şirinə aparan yolun necə uzun, necə uzaq olduğunu biləcəksən.

– Mən Şirinlə yaşadığım ölümlü həyatı Şirinsiz keçən ölümsüzlüyə dəyişmərəm.

– Baş tutmayan bir sevdaya düşmüsən, şah, o dünyanın qanunuyla bu dünyadakı kimi yaşamaq istəyirsən. Yer üzündə belə yaşayış olmur. Ya öz səltənətindən sonacan murad alıb ölümə boyun əyməlisən, ya da könül sultanlığına köçüb muradını həşrə qədər gözləməlisən. Sən o səbrin yiyəsi deyilsən, bilirəm… Di salamat qal öz torpağında, öz inamında-məzhəbində sağlıq-salamatlıq nəyə deyirsənsə, eləcə qal. Mən gedirəm.

– Mənim sağlığım indi sənin ovcundadı, onu məndən əsirgəsən, demək, sən də bizim kimi qorxu dustağısan.

– Mən nə bilirdimsə, hamısını dedim, bundan ayrı neyləyə bilərəm?

– Qorxu məni öldürür, gecələr səhərəcən yata bilmirəm. Gözümə yuxu gedən kimi diksinib ayılıram. Düşmən evimin içinə də yol tapıb, heç kimə inana bilmirəm, hamı gözümə qatil, üsyançı donunda görünür. Belə yaşamaq məni üzüb, nə gücüm qalıb, nə səbrim. Nə zamandı yaşamağın zövqünü duymuram, nə ovdan, nə savaşdan, nə Şirindən həzz alıram. Dərdimi kimsəyə aça bilməzdim, sənə də deməzdim, ancaq sənin mərdliyinə güvəndim. Səndən son iltimasım budu: məni bu qorxunun əlindən qurtar, qoyma diriykən ölüm. Bağıstanın o tayına yol aç, dirilik suyunu ömrümə cala. Qoy Şirinin də gözəlliyi o sudan içsin. Axı sən Şirini çox sevirsən, bədbəxtliyi, ölümü ona qıymazsan, düzmü deyirəm? Şirin eşqinə, sözümü yerə salma.

– Mən Şirini onsuz da ölməyə qoymaram. Dünyanın sonuna bir gün də qalsa, onu könül sultanlığına gəlin gətirəcəm. Ancaq sənin yerinə o işi görməyə əlim çatmaz, olsa-olsa, sənə o işin sirrini aça bilərdim, açdım da.

– Demək, sözümü yerə saldın?

– De görüm axı o dirilik suyu sənin nəyinə gərəkdi, sən o suyla nəyi diri saxlamaq istəyirsən?

– Ölüm xofundan, qocalıq qorxusundan qurtulub, yaşamaq həvəsimi diri saxlamaq istəyirəm, dünyanın sevincini dünya durduqca dadmaq istəyirəm.

– O qorxu canından çıxandan sonra o sevinc nəyinə gərəkdi, hardan tapacaqsan o sevinci?

– Şad, qayğısız günlərimdə hardan tapırdımsa, ordan.

– O qorxuyla baş-başa yaşamaq həvəsin də canından çıxacaq. Ondan sonra yerlə göyün arasında duruş gətirməyə, baş girləməyə nəyin qalacaq? Hansı güc, hansı dayaq səni bu qara torpağın üstündə dikəldəcək? Yaşamağa bir ayrı azuqə, bir özgə ehtiyat da görmüsənmi?

– Şirin eşqinə, məni qorxudan sağalt, qoyma bu mərəzdən ölüm. Yer üzündə o sudan başqa dərmanım yoxdu, bilirəm, dirilik suyunu ömrümə cala. Bu işi səndən özgə kimsə görə bilməz. Dediyimi eləsən, söz verirəm, Şirindən əl çəkib onu sənə halal eləyəcəm!

Fərhad sonuncu sözləri Xosrovun qapısından çıxaçıxda eşitmişdi, çöldəki ayağını içəri qaytarıb geri dönmüşdü, Xosrova sarı üç addım atıb durmuşdu:

– Fərhad sənin haqqına, mülkünə göz dikməyib, şah, – demişdi. – Mən sənin bazarına girsəydim, sədəqə verdiyin qullarından biri olardım, onda sənin məndən də pislik gözləməyə haqqın olardı. Sənin gücün də, mərəzin də öz qullarından gəlir. Mənim sənin bazarının bir çürük qozunda da gözüm olmayıb. Yadında saxla, məndən sənə qorxu yoxdu, məndən sənə eşq olacaq. Mənim eşqimi Şirinin üzündə-gözündə görəndə bəlkə də ürəyinə o sevginin bir dalğası dəyəcək. Dəysə, dediyimə inanacaqsan.

Saraydan çıxandan sonra Fərhad bir ucu Ruma, bir ucu Çinə dirənən nəhəng bir oyuncağın əlində qalmış, süd dişini çoxdan çıxarıb anasının döşünü dişləsə də, hələ süddən ayrılmamış əlli yaşlı höcət uşağın сığallığına dodağının yumşaq cizgiləriylə gülümsünə-gülümsünə, başını bulaya-bulaya külüngünü də götürüb, iki dünyanın sərhədində keşik çəkən Bağıstan dağlarının üstünə yerimişdi…

XXX

Bağıstanın iki dünya arasına hörülmüş qayaları göy üzünə dirənirdi. İndiyəcən o dağların, qayaların üstündən bir quş da səkməmişdi, o gölə bir quşun da dimdiyi dəyməmişdi.

Bağıstanın o tayına adlayan olmasa da, bütün İran torpağında o suyun varlığına inanmayan tapılmazdı. Bütün ölkə gözünü Fərhadın çürük diş kimi çəkib atdığı qayaların qaralan nəm yuvasına dikmişdi. O üzdən əliboş qayıdarsa, İranda nə məhşər qopacağını gözünün qabağına gətirəndə Fərhad az qalırdı götürdüyü daşın altında qalsın. Bu adamlar o görünməz-bilinməz dünyanın hesabına ölümə can verirdilər, tamahlarından, ömürlərindən kəsirdilər, yoxsa hər kəs hamıdan sonra ölməyə çalışardı.

Ölümsüzlüyün insana qıraqdan gəlmədiyinə, dirilik bulağının cana könüldən axdığına Fərhad bu torpaqda kimsəni inandıra bilmirdi. Onun işinə baxmağa gələn bilginlər, şairlər, nəqqaşlar belə deyirdilər: «Öləndən sonra getməyə bir yerimiz, bizi qanadının altına yığıb bəsləyən padşahımız olmayacaqsa, daha hansı dirilikdən danışaq?» Onda Fərhad onlara Çindəki ustadının bir sözünü misal çəkirdi: «Elə yaşa, elə bil nə o dünya, nə dirilik, nə də Allah var. Elə bil bunların hamısını sən özün yaratmalısan». Çinli ustad belə deyirdi.

Bu şəhərin adamları dünyada bütün suların dirilik suyu olduğuna, adamı dirildib-işlədib-tükədib sonra da öldürdüyünə gözləri görə-görə inanmırdılar. Ürəklərini çapa-çapa gözlərini Fərhadın külüngünə bənd eləmişdilər, Bağıstanın yaxası sökülən kimi diriliyə çıxacaqlarını gözləyirdilər. Özü də o tayı bu taya köçürmək istəmirdilər, bu tayı o taya daşımaq istəyirdilər, puç dünyanı diri dünyaya, yalan dünyanı gerçək dünyaya köçürmək istəyirdilər. Bunlara o taykı dünyanın yalnız diriliyi, ölümsüzlüyü gərəyidi…

Fərhad iki dünya arasından divarı kərpic-kərpic götürürdü. Böyür-başı daş-qaya parçasıyla, torpaq tığıyla doluydu, külüngünə keçənləri təpə-təpə Bağıstanın ətəyinə, yamacına düzmüşdü. Çapdığı yerin sağ-solundakı qayaları, qayalardan aşağıda torpağı Şirinin şəkilləriylə bəzəmişdi, daş da, torpaq da Şirin gözüylə baxıb Şirin dilində danışırdı.

Qırxıncı gün Şirin Fərhadın özünə, işinə, bir də hələ görmədiyi rəsmlərinə baxmaq üçün kəhər atın belində, qırmızı don əynində tək canıyla Bağıstana gəldi. Uzaqdan Fərhad onu Bərdə çöllərinə səpilən laləyə bənzətdi, ancaq yaxınlaşdıqca Xosrovun divanxanasındakı cəllad kötüyünə sıçrayan qana oxşayırdı. Bağıstanın ətəyinə qan-tər içində yetişən atı yorulmuşdu, diki çıxa bilmirdi. Fərhad külüngünü atıb otların ucu, çiçəklərin üstüylə bir göz qırpımında aşağı yendi, dağ boyda gövdəsiylə bir yarpağı əzmədi, bir ləçəyə arıdan artıq ağırlıq salmadı. Şirini atı qarışıq boynuna alıb yuxarı dikləndi – Fərhadın nəzəri üstünə düşəndən Şirin də, at da yüngülləşmişdi, Şirinin bir körpə, atın bir dovşan qədər ağırlığı qalmamışdı.

– Sənin güclü olduğunu onsuz da bilirdim, – at Fərhadın boynundan düşəndən sonra Şirin də atdan düşüb dedi, – zəhmət çəkib özünü göstərməyəydin.

– Mən sənin heç bir əsgərindən güclü deyiləm. Mənim gücüm gücsüzlüyümdədi.

– Yalan deyirsən, sənin gücün məndədi, məndən alırsan o gücü.

– Elədisə, o gücdən Xosrova niyə vermirsən? Xosrov səndən öz istədiyini, mən də özümə gərək olanı almışam. Mən aldığımı almaq istəməsəm, sən onu mənə verə bilməzsən.

– Nə istəyirsən məndən, almaq istədiyin nədi?

– İstəyirəm səni ürəyinəcən soyundurum, varlığını lümlüt, necə yaranmısansa, eləcə görüm. Sonra da səni yaranmamışdan hardaydınsa, ora qaytarım, könlümün sultanlığında səni taxta çıxarım, o qanlı donu geyinməkdən, o tacı başında buynuz kimi daşımaqdan, o zəhərli üzüyü barmağında gəzdirməkdən səni qurtarım.

Şirin tacı başından götürdü, saçını çiyninə dağıtdı. Üzüyü barmağından çıxartdı, barmağında üzüyün yeri qaldı. Yaxasına əl atmaqla qırmızı donu sürüşüb ayağının altına düşdü.

Fərhadın eşqi İranla Aranın arasında çoxdan dillərə düşsə də, indiyəcən Şirinlə üz-üzə durub, göz-gözə baxıb kəlmə kəsməmişdi. Ancaq Şirinin çılpaq gövdəsini bundan irəli də görmüşdü. Onda o bədən sel görməmiş su kimiydi, bəridən baxanda o üzü görünürdü, indisə şəhvət seli, dünyanın min bir ehtirası Şirinin vücudunu bulum-bulum bulandırıb dibini görünməz eləmişdi.

– Sən indi soyunmadın, bir az da qalın geyindin. Mən səni bayaqkından da pis görürəm.

– Görə bilmirsənsə, deyim: dərdindən dillərə düşdüyün, eşqini Arandan Çinə daşıdığın, yolunda qaya çapıb dağ yardığın Şirin mənəm. Sən deyildinmi məni Xosrovun əlindən almaq istəyən? Buyur, sənin ayağına öz ayağımla gəlmişəm.

– Mən Xosrovun payına göz dikməmişəm, filan işi niyə Xosrov görür, mən görə bilmirəm deyib dünyayla savaşa çıxmamışam. Mən istəyirəm o iş heç görülməsin.

– Bəsdi mənə bənzəməyən şəkillər çəkib adıma çıxdın. Mənə yaxşı-yaxşı bax, istəyirəm məni olduğum kimi göstərəsən.

– Mən sənin sinəndə od püskürən ehtiras dağlarından, ondan aşağıda şəhvət yuvasından başqa nəsə görmürəm. Budumu sənin varlığın, bunumu çəkməyi istəyirsən məndən? Sən uzaqdan daha yaxşı görünürsən. Səni məndən ayıran qalanın daşı-divarı uzaqdan görünmür.

– Uzaqdan necə göründüyüm çəkdiyin rəsmlərdən bəllidi, məndən başqa kimə desən, oxşayır.

– Mən rəsmlərimi sənə bənzətmək istəməmişəm. İstəyirəm sən o şəkillərdəki Şirinə bənzəyəsən. Özünü görmək üçün güzgüyə də baxa bilərsən.

– Görünür, mənim istədiyimi çəkməyə sənin qələminin qüdrəti çatmır, yoxsa bədənimi bütün cizgiləriylə danışdırardın, baxanlar da Şirinin şəklinə baxdıqlarını bilərdilər, daha istədikləri adama oxşatmazdılar.

– O şəkil sənin nəyinə gərəkdi, yorğun, düşkün çağlarında Xosrovu coşdurmaq üçünmü? Mənim qələmim adamları bir-birinə bənzədən cizgiləri axtarıb tapır – səni başqalarından seçib-ayıran nə varsa, hamısı Xosrovun olsun. Çindən qayıdandan mən ayrılıqda kimsənin surətini çıxarmaq istəməmişəm, bir şəkildə hamının şəklini çəkmək istəmişəm. Naşı çağımda bircə yol sənin surətini çıxartdım, ondan bəri hələ də özümə vurduğum yaranı sağalda bilmirəm…

Onda Fərhad Bərdədəki nəqqaşlıq məktəbini yenicə bitirmişdi, cavan olsa da, sorağı Bərdəni aşıb Beyləqana, Gəncəyə yayılmışdı. Daha ona elə-belə adamlar yox, ağalar, varlı tacirlər iş gördürürdülər – saray bəzətdirir, büllur hovuz düzəltdirir, mərmər arx çəkdirirdilər. Tələbə vaxtı ayda bir yol, iki yol kəndə gedib doğmalarına baş çəkirdisə, daha aylar uzunu yolu Quzana dönmürdü, doğmaları onu yoluxmaqdan ötrü Bərdəyə gəlirdilər. Quzanlı Fərhadın əl işlərini Aran hökmdarı da baxıb görüb bəyənmişdi, həvəslənib istəkli qızı Şirindən ötrü saray bağında büllurdan süd hovuzu düzəltdirmək sevdasına düşmüşdü. Fərhad Şirini yaxından görə biləcəyinə sevinib bu işi canla-başla boynuna götürmüşdü; düzünə qalanda onu sənətinə bağlayan, öz işində ad-san qazanmağa ürəkləndirən də bir gün o sənətin yedəyində saraya da yol tapıb hökmdar qızı Şirinə özünü tanıda biləcəyinə inanmasıydı. Bağban oğlu saraya bundan yaxın yolu çətin tapaydı.

Şirin o çağacan onu üzdən tanımamış olmazdı – Fərhadın dağ gövdəsi bir qoşun adamın içində seçilirdi, üstəlik də, Şirin oxuduğu qızlar məktəbinə nəqqaşlıq məktəbinin yanından keçib gedirdi, dərsə keşikçiylə gəlib keşikçiylə qayıtsa da, heç vaxt yaxına baxmasa da, hər gün onu gözüylə məktəbə aparıb-gətirən oğlanların arasında başı göyə dirənən, fırçasını buludda isladıb havaya yağış şəkli çəkən, qələmini günün şirəsinə batırıb soyuğu isti boyayan, tüstüdən göyə buludlar düzən nəqqaşı xəyalından tanıyardı. Onun xəyalı göydə saray tikməyə də, o saraydan yerə nərdivan atmağa da çatardı, di gəl, şahzadə qızın baxışını bircə yol atdan salmağa gücü yetmirdi. Gecələr səhərə kimi başını qaranlıqda gizlədib, Şirinin atını ürkütməyin, onun yadında qalmağın min bir yolunu tapırdı, səhər o min bir yolun min biri də ona bağlı görünürdü.

Saray bağında işə başlaması da Fərhadın dadına yetməmişdi, hovuzun bünövrəsinə sığal çəkən nəqqaş bir az da pisikmişdi, Şirini görməməyi bir yana, bu işə əl bulayandan özünü Şirini sevməyə haqqı olmayan qara qul kimi, nökər kimi əskilmiş sanırdı, üstəlik, evin içində oturub evin qızına müştəri gözüylə baxmaq ona evdən oğurluq eləmək kimi gəlirdi, ona görə də hökmdarın sifarişindən can qurtarmağın yolunu axtarırdı.

Axtarmaqla tapmadığı çox keçmədən özü gəlib Fərhadı tapmışdı. Şirinin bir dəstə qızla Xaçının qırağına, Quzan kəndinə yaxın meşəyə gəzməyə gedəcəyini eşidəndə onlardan qabaq atlanıb, uşaqlıqdan hər kolunu, ağacını budaq-budaq tanıdığı meşədə pusqu qurmuşdu. Onda da torpağın gülən çağıydı, yaz otu payızın ayıbını örtmüşdü, ağaclar ətə-qana dolmuşdu, kollar tüklənmişdi. Fərhadın güdükdə durduğu yerə az qalmış qızlar atdan düşüb lümlüt soyunmuşdular, bir dəstə sona kimi özlərini Xaçının suyuna vurub quşları, balıqları perikdirmişdilər. Günün altında isinib qızların canındakı yanğıdan od alan, çılpaq səslərindəki şəhvətin küləyindən alışan çayın qığılcımı havanı ütmüşdü. Az sonra o qığılcımlar Xaçına kölgə salan palıdın altındakı göyçəməndə əyilib-qalxan Şirinin saçlarından bədəninə dağılıb onu Aran padşahının tacına düzülmüş daş-qaş kimi parıldadırdı.

Qızlar atlanıb meşədə itəndən sonra Fərhad özünü o palıdın altına verib, Şirinin gövdəsindən otun üstünə daman suyu xaç salınmış su kimi üzünə, alnına çəkmişdi, sonra da fırçasını, parçasını çıxarıb, Şirinin rəsmi gözlərindən silinməmiş isti-isti onun surətini parçaya köçürmüşdü. Ona qədər Fərhad canlı adam şəkli çəkməmişdi. Nəqqaşlıq məktəbində yalnız İsa peyğəmbərin, Məryəm ananın, bir də kilsənin müqəddəslik verdiyi əzabkeş xaçpərəstlərin surətini yaratmağı öyrədirdilər. Məktəbin müdiri yeni gələn tələbələrə elə ilk gündən bunu yadda saxlamağı bərk-bərk tapşırırdı: «Müqəddəslərdən başqa kimsənin surəti özündən sonra yaşamağa layiq deyil». Bu qadağanı pozan nəqqaşı kilsə qarğıyırdı, kilsənin qarğıdığını da hökmdar divana çəkirdi. Deməli, Fərhad iki günahı birdən törətmişdi: bir yandan kilsənin qoyduğu qadağanı pozmuşdu, o biri yandan da Şirini çılpaq çəkib şahzadənin namusuna əl aparmışdı.

O rəsmi üzə çıxarmağın başqa yolu olmadığından Fərhad çəkdiyini o palıdın budağından asıb getmişdi. Üstündən üç gün ötməmiş Xosrov şah Arazı adlayıb Xaçın boyu Aran meşələrini gəzməyə çıxanda ağacdan asılan şəkli görüb atdan düşmüşdü, dünyanın ən gözəl mənzərəsinin, həyatın yazdığı ən gözəl kitabın səcdəsinə durmuşdu. Şirinin gövdəsindəki bir cizgi, bir damar, bir tük də Fərhadın qələmindən yayınmamışdı, o cizgiləri bir az da dərin qazıb daha parlaq, daha yağlı qələmlə boyamışdı, Şirinin birini üç eləmişdi. Şirinin bədəniylə üzü aşağı diyirlənən damcıların həyatın bünövrəsini qoyan suyun damlalarına, can şirəsinə bənzədiyini Xosrov elə ilk baxışdan sezmişdi; o damlaları zər kimi parıldadan nəqqaş həyatın ən dəyərli daş-qaş olduğunu demək istəmişdi.

Nəqqaşın ustalığına heyran olsa da, Xosrov şəkli çəkəni yox, şəkli çəkiləni axtarmışdı. Yalnız bundan sonra işin üstü açılmışdı. Aran hökmdarı çuğullarına, əsgərlərinə o rəsmin yiyəsini yerin dibindən tapıb üzə çıxarmağı tapşırmışdı, Bərdənin nəqqaşlarına yolunu azmış adamı xəttindən tanımaq üçün möhlət vermişdi. Fərhadın adı dilə düşəndən sonra Şirinin qardaşı özü atlanıb, bacısının namusuna toxunan nəqqaşın izinə düşmüşdü.

Fərhad ölümün lap yaxında gəzdiyini duyub gecəylə Bərdədən çıxmışdı. Nədən qaçdığını bilsə də, hara qaçmağı götür-qoy eləməyə macal tapmamışdı, Tərtər boyu üzü yuxarı dırmanıb dağdan-dağa, yaylaqdan-yaylağa adlamışdı, neçə dağ aşandan sonra Həkərinin axarına düşüb Araz qırağına yenmişdi, Arazı adlayıb ta Mədainəcən yol yerimişdi. Mədaində Xosrovun Şirinə elçi düşdüyünü eşidib İranda qalmağın daha da xatalı olduğunu düşünmüşdü, ölümün əlindən ta Çinə qədər qaçmışdı.

Fərhadın tutduğu iş Aran hökmdarına İran şahının qayınatası olmaq boyda xoşbəxtlik gətirmişdi, Şirinin toyundan sonra tozanaq yatmışdı, ancaq daha Fərhadı gördüm deyən olmamışdı…

– Qardaşını sənmi qızışdırıb göndərmişdin dalımca?

– Atam onu çox cavan olduğuna görə gözündən uzaq qoymurdu. Mən salmışdım onu sənin izinə.

– Mənim ölümümü istəyirdin?

– Doğrusu, o şəkli çəkdiyinə görə sənə acığım tutmamışdı, şəklim ürəyimcə alınmışdı. Ancaq illər boyu yolumu güdə-güdə bircə kərə qorxunu ayağının altına alıb yolumun üstünə çıxmadın, gözümün içinə dik baxıb sözünü demədin – bax, buna acığım tutmuşdu. Dağ gövdəli oğlanın oğru uşaq kimi kol dalından məni güdməsinə qəzəblənmişdim. Sən axı nədən qorxurdun?

– Səni biryolluq itirməkdən qorxurdum, ona görə də sənə yanaşmağa ürək eləmirdim.

– Bəs indi?

– İndi də ehtiyac duymuram, çünki daha səni itirməkdən qorxmuram.

– Sənin olmayanı itirməkdən niyə də qorxasan?

– Mən Çinə ölüm-itim qorxusunun yedəyində getmişdim. Çində ölümün dərmanını tapdım, itkisiz yaşamağı öyrəndim, qorxu canımdan çıxdı. İtirmək qorxusu olmayan adam dünyanı qamarlamağa da can atmaz, dünyaya özgə malı kimi baxmaz. Çindəki ustadım belə deyərdi: «Özünü dünyanın yiyəsi kimi aparsan, bütün dünya sənin olar». Arxayın ol, bundan sonra səni bir də itirmərəm, yerin sən olan səmtini göyün rəngindən taparam, sənin atının ayağından qopan tozun qonduğu çiçəkdən şirə çəkən arını balından tanıyaram. Daha dünya durduqca sənin ürəyin mənim ovcumda döyünəcək.

– İllər səni çox dəyişib…

– Məni illər dəyişməyib, mən Çində özümü yenidən yaratmışam. Sənə elədiyim xəyanətin kökünə yetişmək üçün yaranışın əzəlinə, ilk gününə gedib çıxmışam, bir tarix yolu o başından bu başına gələ-gələ yaxşıları, pisləri yolumdan qıraq eləmişəm – günahımdan ayrı necə arına bilərdim? Sənə təmiz gözlə baxmaqdan ötrü könlümün tozunu silmişəm – özümü dəyişməsəm, səni dəyişə bilərəmmi?

– Sən məndə günah görmürsən?

– Yox, sənin bu yaradılışda əlin olmayıb, sən yaranansan. Xosrov səni öz səltənətinə, kəsdiyi başlara, yatağına şərik eləməsəydi, qandan don geyinməzdin. Ancaq bir gün mənim də bu meydanda bazar açıb nırx qoyacağımı gərək Xosrov unutmayaydı, sənin üstündə mənim də haqqım olduğunu danmayaydı. İndi mən gəlmişəm.

– Elə bilirsən sən öz işini görüb qurtarandan sonra Xosrov məndən keçəcək?

– Mən Xosrovun malına şərik deyiləm, mən sənə ortağam. Xosrov mənim ortağımdı.

– Necə böləcəksiz məni, savaş olacaq?

– Savaş olmayacaq, yarış olacaq. İkimizdən birinin istədiyini seçəcəksən. Mən hər daşın-qayanın üstündə sənə bir behişt qapısı açmışam – ya şəkillərinə oxşayıb o behiştə girəcəksən, ya da Xosrov səni ölümünün tərkinə alıb bu dünyadan qaçırdacaq.

– Xosrov sənin külüngünün sayəsində gövdəsinə dirilik suyu calamağa hazırlıq görür.

– Xosrov mənim külüngümlə özünə qəbir qazdırır.

– Sən onu öldürəcəksən?

– Tezliklə Xosrov özü özünü öldürəcək.

– Sən gələcəyi görürsən?

– Yox, mən gələcəyi gətirən qanunları bilirəm.

Şirin kəhər at yedəyində Bağıstanın ətəyinə yenəndə dönüb Fərhadın köklü qayaları kökündən çıxarıb atmasına yenə baxdı, baxa-baxa Fərhadı bir də görməyəcəyinə inanıb ağladı. Düzünə qalanda onların birinci-sonuncu görüşü baş tutmamışdı, buna görüş demək olmazdı – Fərhad işini görmüşdü, Şirin də bir qıraqda durub ona baxmışdı, Fərhad nəfəs dərəndə danışıb-deyişmişdilər. Şirin görüşün niyə alınmadığını başa düşürdü: Fərhadla görüşməyin tək yolu onun çəkdiyi rəsmlərdən keçirdi. O rəsmlərin sərhədini adlayan Fərhadın torpağına ayaq basırdı. Könül sultanlığının torpağından qıraqda onu görən olmamışdı.

Şirin gedəndən sonra Fərhad onun arxasınca baxmadı, iri bir qayanı da yolundan götürüb dağın çapığını bir az da dərinlətdi. O taydan əsən yel dağın yarığından üzünə vurdu. Yel o taydan özüylə su qoxusu, ləpə səsi gətirdi…

XXX

Aradan illər ötmüşdü. Mədain xaraba qalmışdı. Şairlər şəhərin pozulan bəzəyinə ağı deyirdilər, dastançılar Mədainin keçmiş cəlalına dastan qoşurdular.

Mədaində bircə Fərhad diri qalmışdı. Qalan hamı Bağıstanı aşıb gələn dirilik selində boğulub ölmüşdü.

O məhşər selinin ağzından Şirin də sağ qurtaracaqdı – o səhər Şirin şəhərdə qopan qiyamətdən xəbərsiz sarayın qırxıncı otağına çəkilib Fərhadın rəsmlərinə baxırdı, şəkildəki Şirinin dalına düşüb gedib Fərhadın torpaqlarında dolaşırdı, o torpaqdan qıraqda olanları nə görür, nə eşidirdi. Günortaya yaxın Şirin Xosrovun səltənətinə qayıdıb sarayın eyvanına çıxanda suyu çəkilmiş küçələrə döşəli yaş cəsədləri görüb fəryadıyla qarğa-quzğunu, goreşənləri ürkütmüşdü. Şirin qiyamətdən sonraya tək qaldığını düşünüb o təklikdən, kimsəsizlikdən qorxmuşdu, Xosrovun cəsədini tapıb üstündə saç yolmuşdu, qorxunun əlindən qaçıb qırxıncı otağa sığınmaq ağlına gələnəcən barmağındakı üzüyün qaşını qaldırıb Xosrovun bağışladığı zəhəri ağrı kəsən dərman kimi içmişdi. Az keçmiş ağrısı kəsmişdi.

Qalan ölənlərin öldüyü dərddən ölmədiyi Şirinin üzündən bilinirdi. Ondan başqa bir kimsənin üzünə ağrının əli dəyməmişdi, hamısı yeyib-içib toxluqdan yatan adama oxşayırdı.

Tox olmağına toxuydular, Fərhad onları yüz min illərə yetəsi diriliklə suvarmışdı. Di gəl, o sudan içən hər kəs ölüm qorxusunu unutduğundan başının üstünü alan seldən qorunmağa can atmamışdı, hamısı dinməz-söyləməz, selin qucağında əl-qol atmadan boğulub suyun dibinə çökmüşdü. Qorxu gedəndən sonra onların ölü canlarını diri saxlamağa bir damcı eşq tapılmamışdı. Xosrovun var-yoxunu sel aparandan sonra ortada Fərhadın varı qalmışdı.

Fərhad iki dünya arasındakı divarın son kərpicini söküb atanda o tayda ləngər vuran su dağı aşıb üstünə gəlmişdi, sinəsiylə seli geri oturtmaq istəmişdisə də, su onun dağ gövdəsini saman çöpü kimi atıb tuta-tuta Mədainə axıtmışdı. Suyun üzünə dirsəklənib bir əliylə külüngünü eşq bayrağı kimi qaldıran Fərhadı görəndə şəhər adamı selin qabağından qaçmamışdı. Azca sonra su şəhərin boğazına çıxanda onların qorunmağa qorxusu qalmamışdı…

Bundan sonra Fərhad Mədaindən heç yana getməmişdi. Xosrovla Şirini yan-yana basdırıb qoşa qəbrin üstündə türbə tikmişdi. Şirini Xosrovdan bircə qarış torpaq ayırırdı, ancaq yüz min illər də keçsə, Xosrov o bir qarış torpağı adlayıb Şirinə çata bilməyəcəkdi.

Fərhad xaraba Mədainin hasarlarını, divarlarını, qapılarını Şirinin şəkilləriylə bəzəmişdi. Hara getsə, onu Şirin qarşılayıb Şirin yola salırdı. İndi Mədain özünə də, dünyaya da yalnız Şirinin gözləriylə baxırdı. Uzaq şəhərlərdən, yad ölkələrdən Xosrovun qurub-yaratdığı Mədainin qəbrini ziyarətə gələnlər Fərhadın səltənətinə ayaq basmamış Bağıstan dağlarına çıxırdılar, Fərhadın yardığı yerdən dağın o tayına adlayıb dirilik gölünün qupquru çuxuruna baxırdılar. Sonra aşağı düşüb Mədainin kimsəsiz küçələrini gəzirdilər, Şirinin şəkilləri qarşısında uzun-uzadı ayaq saxlayıb o şəkillərə baxdıqca baxırdılar. Sonra da gedib Şirinin yatdığı türbəyə baş çəkirdilər.

Onlar ölümün dirimə, varın yoxa bu qədər yaxın olduğu ikinci bir şəhər görməmişdilər.

# 5882 dəfə oxunub

Müəllifin son yazıları

# # #