Otuz il əvvəlin müasir romanı-Ən yaxşı Azərbaycan ROMANI

Otuz il əvvəlin müasir romanı-Ən yaxşı Azərbaycan ROMANI
13 fevral 2014
# 12:48

Məlum olduğu kimi Kulis.azın "Ən yaxşı Azərbaycan romanı" sorğusunun qalibi Yusif Səmədoğlunun "Qətl günü" romanı oldu. Azərbaycan ictimaiyyətində bu romana münasibət bir mənalı deyil. Bəziləri əsəri Azərbaycan romançılığı üçün yeni mərhələ adlandırsa da əsəri plagiat hesab edənlər də var. Tənqidçi Seyfəddin Hüseynli "Ən sevdiyim əsər” layihəsində bu roman haqqında danışıb. Roman haqqında yenidən maraq artmasını nəzərə alaraq həmin müsahibəni yenidən təqdim edirik.

- Seyfəddin müəllim, niyə “Qətl günü”, hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə?

- Uşaq vaxtı oxuduğumuz kitabların bəziləri sonra ömrümüzdə bizimlə bərabər yol gedir. Həmin kitablar həmin dövrün psixologiyasına uyğunluğuna, uşaq düşüncəsini sarsıda, təsirə sala bilmək keyfiyyətinə, ya da mütaliə edənin şəxsi həyatı ilə doğmalıq təşkil etdiyinə görə unudulmur. 11-12 yaşlarımda tam təsadüf nəticəsində evimizə gətirilən bu kitab o vaxta qədər oxuduğum əsərlərdən o xüsusiyyəti ilə seçilirdi ki, zahirən hər mətləbi anlaya bilirdim, ancaq ümumilikdə romanın ideyası mənə qaranlıq idi. Digər tərəfdən də bu cür anlaşılmaz olması məni bezdirmirdi. Ona görə də dönə-dönə oxuyurdum. Bir də o vaxta qədər bədii əsərlərdən oxuduğum kənd lövhələri, kənd həyatının təsviri bu əsərdə tamam başqa formada təqdim edilirdi. Eyni zamanda məni özünə çəkən şəhər həyatının yaxından, çox da şişirdilmədən əsərdə əks etdirilməsini bəyənirdim, düzü, “Qətl günü” romanını oxuyana qədər uşaq təsəvvürümdə şəhər həyatını əsərdəki qədər aydın, maraqlı bilmirdim. Bu cür düşünməyimə də səbəb o idi ki, həmin vaxta qədər kitablardan oxuduğumuz şəhər həyatının insanı bezdirməsi, öz kökündən ayırması, məhv etməsi, şəhərə ümidlə üz tutanların məyusluqla kəndə qayıtması kimi təsvirlər məndə yanlış təsəvvür oyatmışdı. Düşünürdüm ki, şəhərdə hər adam yaşaya bilməz, hər kəsi orda yaşamağa qoymazlar. Beləliklə, o vaxta qədər beynimdə formalaşan müəyyən sərt təsəvvürləri özümdə bilmədən bu əsər, belə deyək, ovub-ovub tökürdü. İllər keçdi, filologiya fakültəsində oxuyanda isə başa düşdüm ki, “Qətl günü” romanı nəinki mənə, heç bu boyda Azərbaycan filoloji fikrinə tam aydın deyil, əsərlə bağlı fikirlərdə saysız ziddiyyətlər var. Sonralar ədəbiyyatla az-çox aktiv məşğul olanda hər mətni bəyənməməyim, əsərlərə, xüsusən nəsrə tələbkarlıq hissinin yaranmasında, elə bilirəm ki, “Qətl günü” romanının böyük rolu olub. Bu romanı oxuyandan, sevəndən sonra hər əsəri bəyənmək, inan ki, çox çətin olur.

- Şifahi söhbətlərimizin birində demişdiniz ki, bizdə bəzilərinin indi-indi “kəşf” kimi aləmə çar çəkdikləri müəyyən postmodernist gedişləri Yusif Səmədoğlu 80-ci illərdə “Qətl günü” romanında sakitcə etmişdi. Deyə bilərsinizmi söhbət hansı postmodernist məqamlardan gedir?

- “Qətl günü” romanı elə bir səviyyədə yazılıb ki, müəllifin oxuduqlarını, yaşadıqlarını çox sakit şəkildə öz zehnində, təxəyyülündə bişirdiyi, sonra da nadir bir bədii məhsula çevirdiyi açıq-aşkar görünür. Elə bil ağlının, ürəyinin bir guşəsinə çəkilib zərgər dəqiqliyi ilə bu əsəri işləyib, çünki hər səhifədə hansı detalın müəllif tərəfindən bilərəkdən hara yerləşdirildiyini diqqətli oxucu görə bilər. Roman əsl üslubçu zehniylə, iti ağılla yazılıb, çox çevik, miqyaslı düşüncənin, əhatəli mütaliənin nəticəsində başa gəlib. Əsəri oxumağa başlayandan dərhal hiss olunur ki, dünya ədəbiyyatının o dövr üçün də ən yeni, hətta yeni və çox gözəl əsərləri öyrənilib, yaxşı mənada mənimsənilib. “Qətl günü” əvvəl məhəlli, milli, sonra isə regional və bəşəri miqyasa doğru genişlənməsi ilə seçilən, müxtəlif anlayışlara, məsələn, tarixə, insana, yaddaşa, əmələ, günaha yeni münasibət təyin edən bir əsərdir. Üslubçuluq aydın hiss olunur, üslubçuluqsa rasional yanaşma tələb edən məsələdir. O mükəmməl üslubçuluq ki, əsərdə var, bizim ədəbiyyatda cəmi bir neçə yazıçıya xasdır bu. Ədəbiyyatşünaslığımızda yazıçını yazıçıya təşbeh eləmək, epiqonçuluq axtarmaq o dövrdə də, indi də o qədər yayğın xəstəlikdir ki, bu əsərin əsl mahiyyətinin açılmasına şərait yaranmayıb. “Qətl günü” romanı ilə Mixail Bulqakovun, Qabriel Qarsiya Markesin əsərləri arasında, guya Amerika kəşf edirmiş kimi, oxşarlıq tapanlar, ona “plagiatdır” deyə hökm verənlər olub, indi də var. Yaxud da, əsəri sırf milli müstəvidə təhlil ediblər, amma ona öz mənsub olduğu cərəyanda, estetik müstəvidə baxmamağın nəticəsində çoxlu yanlışlar, xətalar ortaya çıxıb. Yəni bu əsəri öz müstəvisində dəyərləndirməyiblər. Dini mətnlərə müraciət, itmiş əlyazma, tapılan gündəlik, roman içində roman, paralel dünyalar, dil estetikası baxımından deyə bilərik ki, bu roman postmodernist əsərdir. Bizim ədəbi mühitdə xeyli irəliyə düşmüş postmodernist romandır. “Qətl günü” ədəbiyyatımızda ilk, lap belə manifest tipli postmodernist əsərdir. Sonda Sədi Əfəndinin romanı tapılır. Romanın adı “Qətl günü” olur. Ancaq əsərdə həmin roman guya oxunmur, buna fürsət olmur. Amma gündəlik ortaya çıxır, oxunur, bəzi məsələlər aydınlaşır. Əsərin adı isə romanın içində adı çəkilən əlyazmanın adı ilə “Qətl günü” adlanır. Mətnin içindəki mətnin adının roman üçün seçilməsi praktikası da bizim ədəbiyyatımızda ilk dəfə rast gəlinən üsuldur. Bu da postmodernist estetikaya xas metoddur. Əsərdə bu dünyadakı yaşamın başqa bir dünyada çox qısa zaman kəsiyində yaşanmasına açıq işarələr var. Yaxud ölünün dilindən yazılmış mətn, müraciət, paralel zamanların rahat keçidləri var. Bunları oxuyanda insanda müdhiş bir sevinc hissi baş qaldırır ki, Yusif Səmədoğlu hələ otuz il bundan əvvəl belə bir əsər yazıb. Bunun sayəsində biz mahiyyət etibarı ilə postmodernist estetikadan geri qalmamışıq. Sadəcə sonra təxminən iyirmi il o izdən uzaqlaşmışıq. Əsər barədə ən dəqiq fikri isə zənnimcə, öz iti fəhmi, fövqəladə intuisiyası ilə rəhmətlik Aydın Məmmədov demişdi: “Bu romanın necə bir əsər olduğunu Yusif hamıdan yaxşı bilir”. Çünki “Qətl günü”nün yazıldığı yeni estetikanı bizdə o vaxtlar, elə indi də çox az adam bilirdi.

- Ancaq bu romanı tam təsir altında əsər adlandırmaq da insafsızlıqdır, çünki müəllifin orijinallığı nəzərdən yayınmır.

- Təkcə elə yaddaşa münasibətdə bunu görmək olar. Məsələn, Markesdə əgər yaddaşın itməsi məsələsi qabardılırdısa, Çingiz Aytmatovda yaddaşın bərpası keçmişə, kökə bağlılıq kontekstində üzə çıxırdısa, Səmədoğlunun əsərində yaddaşın insanı ömrü boyu təqib etməsi kimi çox orijinal mətləb ifadə olunurdu. Yaddaş insanı rahat buraxmır, epizod-epizod bərpa olunur və ömrünün ayrı-ayrı vaxtlarında insanın yaxasından asılır, nəticədə nələr yaşamısansa, sənin indini də, gələcəyini də onlar təyin edir. Yaddaşa bu cür münasibət lap Avropa ədəbiyyatının özündə də o dövr üçün yeni məsələydi. Bu yaxınlarda bir ingilis yazıçının 2010, ya da 2011-ci ildə işıq üzü görən romanında eyni məqama rast gələndə, heyrət elədim ki, bu məsələni Səmədoğlu 30 il əvvəl yazıb, çox da gözəl yazıb.

- Əsərdə maraqlı məqamlardan biri də bədii keçidlərdir, müasir dövrlə tarix arasında gözəgörünməz bir tül var. Yazıçı hissələrdə həm tarixə, həm də öz dövrünə çox məharətlə keçir və tarixi hissələri oxuyanda müasir zamana, müasir zamandan da tarixi dövrə çox rahatlıqla keçilir, hətta şişirtmədən deyərəm ki, oxucunun ovqatı da dəyişmir. İstərdim bu məqamlardan danışaq.

- İnsanın xisləti dəyişmirsə, dini kitablarda göstərilən hadisələr ayrı-ayrı dönəmlərdə təkrarlanırsa, insanın dünyadan istədikləri min illərdir, demək olar, hələ də eynidirsə, onda zamanlar arasında nə fərq var ki?! Ona görə də bütün bunları öz qəlbinin dəyirmanında üyütmüş Yusif Səmədoğlu tarixi dövrlərlə müasir zaman arasında rahatca ekskurs edə bilib. Bir də konyuktradan uzaq olması ona rahat yazmağa imkan verib. Əsərdə açar söz var - “bir yanını boş qoy”. Yəni “olmuşlar yenə olacaqlar” ideyasından, bunun dərk edilməsindən doğurdu bu fikir. Sonra yazdığı “Deyilənlər gəldi başa” romanı da eyni ideyanın davamı idi: nələr deyilirsə, başa gələnlər də onlardır. Səmədoğlu öz ağır-ağayana, müdrik təbiətiylə necə rahat adam olubsa ki, deyilənlər əksərən bunu təsdiqləyir, əsərləri də elədir, əsərlərindəki zamana, insana münasibət də, dövrlər arasındakı keçidlər də. Onun ölümə münasibəti əsərdə o qədər rahatdır, qorxusuzdur. “Qətl günü” romanında Zülfüqar kişini ölüm ayağında vaxtilə öldürdüyü Sarıca oğlu Məhəmmədin ruhu çağırır. Müəllif yazır ki, Zülfüqar kişidən soruşsaydılar ki, ən çox nə vaxt xoşbəxt olmusan, deyərdi, o səsi eşidəndə. Həyatla ölümün, sağlamlıqla xəstəliyin, keçmişlə müasirliyin, ən əsası, dünyayla axirətin sərhəddi bu romanda ustalıqla təsvir edilib. Həyatın içində ölümün, sağlamlığın içində xəstəliyin, bu dünyada axirətin yaşanması kimi çox böyük bəşəri mətləblər rahat keçidlərlə əks etdirilib.

- Bunlarla yanaşı, romanda günah və bağışlanmaq hissinin də paralelliyi diqqət çəkir.

- Bəli, bizim ədəbiyyatda bağışlanmaq istəyi, halallıq vermək mövzusu bəlkə heç bir əsərdə bu cür dəqiq işlənməyib. Fikir verirsənsə, öldürülən öldürəni, yəni yenicə öləni çağırıb aparır əsərdə, ölülər əl-ələ tutub gedirlər. Sonda hamı hər şeyi bir-birinə bağışlayır və əsərdə müqəddəs yer kimi göstərilən Baba Kahaya üz tuturlar. Baba Kahasa İlahi simvoldur, sonda hamı ora gedir və bütün olanlar İlahi mühakiməyə buraxılır. Qəribədir ki, adi bir aşığın şeirində guya irfani məqamlar “tapan” adamlar, “Qətl günü”ndə nə qədər dini, mənəvi, irfani mətləblərdən söhbət açıldığından xəbərsizdirlər.

- “Qətl günü” romanı yazılan dövrdə bədii əsərin ailənin xanım nümayəndələrinə ithaf edilməsi ənənəsi yox idi. Yusif Səmədoğlu isə “Qətl günü” romanını qızları Mehriban və Humaya ithaf edir. Qəribədir...

- Maraqlı detaldır. Görünür, Səmədoğlunun daxili rahatlığından irəli gələn bir addımdır. Fikir vermisənsə, romanda da ölüm səhnələrinin birində iki qız obrazı var: Sarıca oğlu Məhəmmədin qızları. Zülfüqar kişi ondan soruşur ki, səninkilərdirmi, deyir, hə, qızlarımdır, məndən sonra onlar da tələf oldular.

- Romanda tatar, erməni, yəhudi obrazları var. Sizcə, yazıçının müxtəlif xalqların nümayəndələrini hansı məqamlardasa birgə əks etdirməkdə məqsədi nə idi?

- Məncə, Yusif Səmədoğlu yaşadığı regionu dünyanın modeli kimi qəbul etmişdi. Əsərdə bizimkilərlə yanaşı, tatar Temir, erməni Qriqor, yəhudi Berqman və başqa obrazlar var. Hər obraz milli xarakterinə görə təhlil edilə bilər, amma ümumən insan kimi onların heç birinə Səmədoğlu sırf hansısa millətdən olduğu üçün münasibət bildirmir, o cür yanaşmır. Hər kəs adam, insan olduğu üçün bu əsərdə öz yerini alıb. Bir maraqlı məqamı da deyim, romanda Tiflislə bağlı bir cümlə var doxtur Mahmudun dilindən, orda deyir ki, televiziyada “Vremya”nın Bakıdan verilən yayımı çox solğun idi, ona görə də Tiflisdən baxırdıq. Sonralar bizim bəzi dostlarımızda şiddətli Tiflis meyli peyda olanda mən həmin cümləni qəribə bir ləzzətlə xatırladım. Bu baxımdan, doğurdan da, deyilənlər başa gəlir. Qayıdaq bayaqkı, müxtəlif xalqların nümayəndələri məsələsinə. Səmədoğlu xalqlar arasında münasibətləri öz mərtəbəsindən təyin etməklə, regionu kiçik dünya kimi əks etdirməklə, hamının bir yerdə yaşamalı olduğunu göstərməklə, əslində o vaxtın Sovet beynəlmiləlçiliyini yox, dünya vətəndaşlığını əsas götürüb, məncə. Hardasa qloballaşmanın, sərhədlərin aradan götürülməsinin bizim üçün ilkin konturlarını cızıb. Göstərib ki, hansı dövrdən, hardan olsa da, insan insandır, əzabı da əzabdır. Əsərdə şər yeganə qüvvədir ki, bütün dövrlərdə əks etdirilir. Sonda deyilir ki, Baba Kahanı dağıdacaqlar, biz də orda yeyib-içib kef çəkəcəyik. Baba Kaha isə dünyan məhvərindən qopmağa qoymayan İlahi simvol idi. Yazıçı bir cümləylə Baba Kaha vasitəsi ilə dünyanın necə kef havasına məhv edilməsini göstərir. Bu gün həmin hadisələri yaşamırıqmı, indiki müharibələr guya çox ciddi zərurətdənmi yaranır?!

- Əsərdə mənə məlum olmayan bir məqam gavur qızının ona verilən çörəyi canavara yedirtməsidir. Bu situasiyanı heç bir simvolla əlaqələndirə bilmədim.

- Bu cür simvollardan çoxdur romanda. Canavar, onun qəfəsdə çərləməsilə bağlı da təsirli bir epizod var orda. Zahirən gülməli, ironiyalı çalarla verilsə də, ordakı canavar məsələsi, indi dəb düşən ifadəylə desək, ağır söhbətdi. Yuxularla bağlı da xeyli simvolik cəhətlər var. Göstərilir ki, yuxu heç də infantil düşüncənin, zəif ağlın mənzərəsi deyil. Bu məqamda yuxuların şərhi verilir, yuxu da bir inanc açarı kimi təqdim edilir. Yuxulara həm dünyanın dərkindəki rolu, həm də bir dünyanın mahiyyətini sığdıracaq qədər geniş olması göstərilir. Əsərdəki simvollar çox olsa da, yazıçı diktəsi, sirləri faş etmək istəyi yoxdur. Müəllifin “inanan inansın, inanmayan inanmasın” formullu daxili rahatlığı da romana ayrı bir gözəllik qatır.

- M.Bulqakovun “Master və Marqarita” romanı ilə bu əsərin bağlılığını iki amillə əlaqələndirirlər: heyvan təsvirlərinə və əlyazmaların itməməyinə görə. Bu nüanslara görə “Qətl günü” romanını plagiat saymaq olarmı?

- Postmodernist yöndən yanaşmayanda bu əsərdə oxşarlıq adına çox detal tapmaq olar. Romanı təhlil edəndə başımızı qaldırıb dünya ədəbiyyatına baxmalıyıq ki, həmin dövrdə, hələ ondan 20-30 il qabaq da dünyada bu cür bəhrələnmələr, iç-içə keçirilmiş mətləblər, roman içində roman yazmaq üsulları gen-bol istifadə edilirdi. Bizdə isə bu əsər sınaq idi, ancaq sınaq çox gözəl, əsl məktəb olası nümunəyə çevrildi. Əslində, nəsrimiz postmodernist relsə vaxtında düşmüşdü, ancaq təəssüf ki, bu cür romanlar sonra uzun müddət yazılmadı, yenə üz tutduq ənənəvi nəsrin havasında yazmağa, nəticə də göz qabağındadır. Şərti olaraq belə deyə bilərəm: Səmədoğlunu həmin əsər çap edilən dövrdə də, elə əvvəldən də həm şəxsi, həm də yaradıcılıq baxımından məhəlli miqyasda görmək istəyənlər çox idi, bu gün də çoxdur, ona görə də belə bir dünya miqyaslı qəbul edə, layiqincə dəyərləndirə bilmirlər. Yusif Səmədoğlu isə məhəlli müstəviyə enmədi, “Qətl günü” romanını yazdı, həm də lap ustaddangəlmə səviyyədə. Ustadları isə haqlı şəkildə bəhrələndikləri idi. Plagiatdan danışmağa dəyməz. Əsərdə şairin ölüm epizodunda belə bir ifadə işlədilir: “Tfu sənin təxtinə, ey çərxi-fələk”. Bu da Səməd Vurğundandır, indi buna nə deyək? Deyək ki, atasından da oğurluq edib?

- Fikir vermisinizmi romanda bütün ölən insanlar öz ölümünü gizli-aşkar duyurlar, heç olmasa son anda anlayırlar, yalnız qəddar hökmdardan başqa.

- Görünür, ölümü düşünməyənlər ən qəddar adamlar olurlar. Yazıçı, güman ki, bunu demək istəyib. Yalnız xəstə olmayan, ölüm ağrısı duymayan insan o əməlləri törədə bilərdi və törədir də. Ancaq qalan əksəriyyətə ölüm əvvəlcədən öz taleləri vasitəsilə anladılır. Həyatı dərk etmək üçün ölümü dərk etməlisən, insan düşünsə ki, o ölməyəcək, dünya indikindən qat-qat dəhşətli olar... Haqq-hesab günü, ölüm, öləndən sonra əməllərə görə cavab verəcəyini düşünmək insanın amansızlığını, yırtıcılığını azaldır. Hökmdarsa öz gücü nəticəsində insan ölümlərinə səbəb olur, ölümü unudur, gücünü burdan alır, gücünə güvənir deyə ölümündən, nə cür yaşadığından xəbərsizdir. Ancaq sonda anlamadığı, qarşısında dəhşətə gəldiyi ölüm onu özünə layiq şəkildə haqlayır.

- Romanda çox maraqlı deyimlər, zərb-məsəl kimi işlənən ifadələr var...

- Həqiqətən, bu əsərdə aforizmə çevrilən incə ifadələr, idiomlar, belə deyək də, qanadlı ibarələr çoxdur. Bəlkə bir Üzeyir bəyin əsərlərindən geri qalar bu cəhətdən. “İnanan inansın, inanmayan inanmasın”, “Ay vaşu matlar”, ”Kardiaminus Cartes”, “Hərçi-pətərinə lənət, belə dünya”, “Yandım, kül oldum, ay dağlar”, “Kökünüz kəsilsin, ay ikiayaqlı bəndələr”, “Dərddə də azar kimi gələndə batmanla gəlir”, hələ neçəsini də tapmaq olar.

- Üfləmə Qasım təlxək olsa da, uşaqları xilas edir, həm də şairin əlyazmalarını. Təlxəyin xilaskar kimi göstərilməsi də çox düşündürücüdür.

- Üfləmə Qasım, misal üçün, Şərqdə məşhur olan Bəhlul Danəndə, Molla Nəsrəddin kimi bir az satirik, həm də müdrik obrazdır. Adətən, ədəbiyyatda da saraydakı təlxəklərin çox hazırcavab olduqları, zarafatla sözün düzünü dedikləri, ayıq düşündükləri göstərilir. Elə Səməd Vurğunun “Vaqif” dramında da belədir. Bundan başqa bu cür fikir keçir romanda ki, bir məmləkətdə şair şairin ölümünü istəyirsə, o məmləkətin qalasını almağa nə var. Bütün bunları düşünəndə əsərdə hansısa şairin, əsilzadənin yox, Üfləmə Qasımın xilaskar, həm də şairin əsrlərinin xilaskarı kimi təqdim edilməsi də normaldır. Yadıma düşmüşkən, bir məqamı da deyim. Şairi öldürürlər, ancaq xalq dinmir, halbuki o vaxta qədər vəzir narahat idi ki, şairi xalqın gözünün qabağında öldürülməsi narazılıq doğurar. Hökmdarsa deyir, bilin və agah olun, nə qədər ki, bəşər övladının qarnında qorxu ağrısı var, bir gündə yüz şairin başını kəssən də, camaat səsini çıxarmayacaq. Bu məqam tarixi kontekstdə repressiyaların mahiyyətinə işarədir. Muxtar Kərimli və Sədi Əfəndinin yaşadıqları isə yaxın keçmişdəki repressiya hadisələri, yaltaqlıq, üzə durmaq, donos yazmaq məsələlərilə bağlıdır, bunların bütün dövrlərdə olduğuna, insanın insana qənim kəsilməyinə işarədir. Yusif Səmədoğlu lap bu məsələnin bir ucunun da gedib atasına toxuna biləcəyini də bir kənara qoyub, rahatca, komplekssiz-filansız əsərini yazıb.

- Əsər bu cümlə ilə bitir: “Yuxunuz şirin olsun, dirilər”.

- Bu qədər vurhavurdan, fəlakətdən sonra insanlar dəyişilib-eləmədən, eyni cür yaşaya bilirlərsə, deməli, bu dünya bir aldatmacadır, yuxudur, adamlar dünyadan yuxulu kimi keçib gedirlər. Ona görə yəqin əsər belə bir sonluqla bitir. Mirzə Cəlilin “Ölülər” əsərində deyilir ki, “Allah sizə rəhmət eləsin, ölülər”. Yusif Səmədoğlu həmin məqamı götürüb tərsinə çevirməklə daha bir postmodern fənd işlədib, ifadənin də təsiri qətiyyən azalmayıb. Elə bütövlükdə “Qətl günü” əsərinin də təsirinin, əhəmiyyətinin azalmasından söhbət gedə bilməz, əksinə, onun ədəbi dəyəri, sanbalı vaxt keçdikcə daha da artır.

# 6336 dəfə oxunub

Müəllifin son yazıları

# # #