Cavan qalmağın Oskar Uayld yolu

Cavan qalmağın Oskar Uayld yolu
20 oktyabr 2015
# 08:00

Oskar Uayldın “Dorian Qreyin porteti” romanı barədə

Bəzi kitabları mütaliə etdiyin günləri, hissləri xatırlayarkən böyük həzz alırsan. Hərçənd bu dünyabaxışıyla bir ömür “silahlanmaq” da düzgün deyil, amma kitabların oxunduğu günlərin unudulmaz xatirəsi də danılmazdır. Mənim üçün Oskar Uayldın “Dorian Qreyin portreti” də belədir. Əsəri dilimizə Kamran Nəzirli çevirib.

Süjet:

“Dorian Qrey hədsiz gözəl, zəngin bir adamdır. Rəssam onun portretini çəkir, o, çox narahat olur ki, bir vaxtlar qocalıb eybəcərləşəcək, portret isə öz əbədi gözəlliyini saxlayacaq, ancaq tamam əksinə olur. Dorian mənəviyyatsız işlərə qol qoyur, onu sevən qadının ölümünə səbəb olur və pis əməlləri artdıqca portret eybəcərləşir. O, portretə baxanda öz daxili dünyasının, qəlbinin şəklini görür və bu eybəcərliyə dözə bilmir, hətta şəkli çəkən rəssamı da o dünyalıq edir. Əsər belə bir gözlənilməz sonluqla bitir: “o, bıçağı götürüb portretə soxur... ...Otağa girəndə xidmətçilər öz sahiblərinin divardan asılmış, sonuncu dəfə gördükləri gözəl simasını əks etdirən portretini gördülər: Dorianın ən gözəl gənclik çağının təsviri sehrli təbəssümlə onlara baxırdı. Döşəmədə isə ürəyinin başına bıçaq soxulmuş bir meyit uzanmışdı...”

Çoxqatlı ideyalar:

Öz həyatının tamaşaçısı olmaq dözülməzdir, bu, bəzən bizi səhnədən və tamaşaçı zalından eyni anda çıxmağa tələsdirir.

İnsan mənəvi sabitliyi pozulanda, o yalnız Silenusun (əxlaqsız kəpənəkləri və şərab allahlarını tərbiyə edən ata) tərbiyəsini ideal sayır, mizantrop kimi yaşayır, meşşan astekizmi qaçılmaz olur.

Dünya, gözəlliyi əbədi olanla, gözəlliyi ötərinin döyüş meydanıdır.

Pis əməllərə qol qoyduqca daxili dünyamız - içimizin portreti çirkinləşir.

Zahiri gözəlliyini itirməkdən qorxan insan, mənəvi eybəcərliklə məhv olur.

Əxlaqla həqiqət, sənətlə həyat bir-birinə düşməndir, tarixən bu gözəgörünən və görünməz döyüşdə çox qan axıdılıb. Dünyada əbədi rifaha, sülhə və rahat həyata yol aça bilən sənət tapmaq müşküldür, sənətin xilaskarlıq funksiyası yoxdur, çünki sənət ehtirasdan yaranır, ehtirasa sülhə yox, müharibəyə səsləyir.

İnsan mənəvi gözəlliyini dərk edəndə hər şeyi sevir, insani çirkinliyini anlayanda bütün gözəllikləri məhv etmək istəyir.

Başqalarından fərqlənməyin bədəlini mütləq ödəməlisən, güc kimi tanıyandan sonra cəmiyyət səndən vəhşiləşməyi tələb edir.

Əsl sənət əsəri mütləq kiməsə bəla gətirir.

Qorxu bəlanı qaçılmaz edir.

Məhəbbətsizlik, sevgisizlik insanın özünü özünə təqib etdirir və haradasa qatilə çevirir.

Hedonizmə meyl edən insan bütün həyat fəlsəfəsini inkar edir və intiharı insana sevdirir:

“Özünəvurğunluq özünə məhvə aparır”.

İnsan dəyişir və sonra öz itirdiyi keçmişinin xiffəti ilə yaşayır.

Canını bəladan qorumaq istəyən Dorian sonda özü cəzasını almaq istəyir və bu qərara gəlir: “Daha yaxşı olardı ki, həyatda etdiyi hər bir günahına görə o, dərhal cəzalandırılaydı! Cəzada təmizlənmə var! Əslində “Günahlarımıza görə bizi bağışla” deməzlər, “Cinayətlərimizə görə bizi cəzalandır” deyərlər. Bəli, ədalətli Allahdan bunu diləmək lazımdır”.

İzmlər

Portretin sonda məhv olmamağı, əsər boyu isə dəyişməsi mistik realizmə aid edilə bilər. Şəklin daxili dünya kimi (“ideya təşbehi”) simvollaşdırılmasını və realizmlə qismən yaxınlıq (yəni qeyri-real görünməmək şərti) baxımından simvolizmə, süjetin, təsvir edilən həyatın, obrazların canlılığı və güzəranın təsviri, sosial-ifşaedici xəttin davamlılığı baxımından realizmə, xilasın mənəvi təmizləmədə, qeyri-real güc vasitəsi ilə reallaşması (portretin “haldan hala düşməsi”), humanizm ideyalarının təlqini baxımından isə romantizmə aid edilə bilər.

Keçidlər

Əsərdə uğurlu keçidlər var. Dialoqlar vasitəsi ilə üç ayrı dünyagörüşünün (Bazel, Lord Henri, Dorian Qrey) ziddiyyətlərinin üzə çıxarılması, sənət söhbətləri ilə “səyahət”, xarakterlərin açılması üçün Dorian Qreyin, Sibil Veyni sevməsi və onun ölümünə bais olması...

Oxucuya elə görünə bilər ki, hadisələr A-dan Z-yə doğru gedir, əslində isə belə deyil, bir neçə yerdə qırılma nöqtələri, xatırlamalarla ayrı-ayrı məqamların, situasiyaların əsas hadisəyə çevrilməsi, klassik əsərlərə və dövrə göndərmələr və s.


Bədii simvol

Əsərdə bədii simvol SƏNƏTdir, o əsərin içində “gəzinir”.

Dorian Qrey öz portretinə - rəssamlıq sənətinə vurulur, həmin əsər, onun həyatına ayna olur və sonda onu – sənəti – məhv etmək amalıyla özünü məhv edir.

Rəssam Bazil sənət əsəri yaradır və yaratdığının sirri batsın deyə öldürülür. Öz sənətinin qurbanına çevrilir.

Dorian aktrisa Sibil Veyni səhnədə istedadlı roluna görə sevir. Onun tamaşasına gələndə Sibil sevgilisini zalda görür deyə özünü itirib oynaya bilmir (“insanı sevəndə sənətin, sənəti sevəndə insanın məşuqəsi olursan”) və Dorian belə bir istedadsızı sevdiyinə görə ondan üz döndərir, Sibil Veyn intihar edir. Nəticədə Sibil Veyn də sənətin qurbanı olur.

SƏNƏTin qurbanı olmayan bircə SƏNƏTin özü olur.

# 2781 dəfə oxunub

Müəllifin son yazıları

# # #