Şəxsiyyət və ləyaqət - Elçin yazır...

Elçin, Xalq yazıçısı

Elçin, Xalq yazıçısı

11 may 2022
# 14:30

Kulis.az Xalq yazıçısı Elçinin “Şəxsiyyət və ləyaqət” yazısını təqdim edir.

Təhsin Mütəllimovun 90 İlliyinə

1. Elə bil, qələm özü bu yazını bu sözlərlə başlamaq istəyir ki, Təhsin Mütəllimov uzun illər boyu mənim gördüyüm, təmasda olduğum insanlar arasında ürəyi də, əli də təmiz olan, səmimi və xoşniyyət (bu cəhətləri artırmaq da olar!), sayı o qədər də çox olmayan insanlardan biridir və Təhsin müəllim görkəmli ədəbiyyatşünas və pedaqoq olmaqla bərabər, gözəl də insandır.

Buradakı «pedaqoq» sözü mənim üçün ağır yüklü və çoxmənalıdır: yüksək ixtisas və dünya görüşü, vətəndaşlıq, mədəniyyət, mülayimlik və eyni zamanda tələbkarlıq – bütün bu cəhətlər o «pedaqoq» anlayışının tərkib hissəsidir. Elə Təhsin müəllimin 60 ildən də çox çalışdığı Bakı Dövlət Universitetində mənə dərs demiş Mir Cəlal, Muxtar Hüseynzadə, Hadı Mirzəzadə, Hidayət Əfəndiyev kimi unudulmaz pedaqoqları xatırlayıram. Eyni zamanda Məmməd Cəfər Cəfərov, Həmid Araslı, Məmməd Arif, Feyzulla Qasımzadə, Məmmədhüseyn Təhmasib, Mirzağa Quluzadə, Abbas Zamanov, Cəfər Xəndan, Əli Sultanlı, Əkbər Ağayev kimi universitet professorlarını da xatırlayaq ki, onların tədqiqatları, dərs vəsaitləri bu günün özündə də yeni-yeni filoloqlar nəslinin yetişməsində effektli rol oynayır və mən bütün bunları ona görə xatırladıram ki, Təhsin müəllim öz fəaliyyəti ilə pedaqoqluq estafetini məhz bu rəhmətliklərdən alıb, davam və inkişaf etdirir.

Mən universitetin birinci-ikinci kurslarında oxuyanda Təhsin müəllim, eləcə də onun dostları və universitetin sonrakı professorları Cəlal Abdullayev, Firudin Hüseynov, Xalid Əlimirzəyev, İnayət Bəktaşi, Abdulla Abbasov Azərbaycan ədəbiyyatı tarixi kafedrasının (bu kafedraya onda da, indi də «Mir Cəlal müəllimin kafedrası» deyirlər) cavan aspirantları idi. O zaman biz, elə bil ki, onların cavanlığı və filoloji fakültədə məşhurluqları ilə fəxr edirdik və indi fikirləşirəm ki, yəqin onların timsalında gələcəkdə özümüzü görmək istədiyimiz üçün belə idi.

Bunu da deyim ki, mən universiteti bitirəndə diplom işimin rəhbəri Təhsin Mütəllimov idi və bu işin mövzusunu da elə onunla məsləhətləşib götürmüşdüm. Rəhmətlik Mehdi Hüseynin sonuncu – vaxtsız vəfatından bir neçə ay əvvəl dərc edilmiş hekayəsi idi və mən bu hekayənin timsalında Azərbaycan hekayəçiliyi haqqında yazmaq istəyirdim. Bu mövzunu götürməkdə, görünür, Mehdi Hüseynin həm də İlyas Əfəndiyevlə yaxın dost olmasının və gözümü açandan onu (Mehdi əmini) tanımağımın rolu az olmamışdı.

Mən diplom işini müdafiə edəndə, Mehdi Hüseyn 55 yaşında gözlənilmədən vəfat etdi və bunu da deyim ki, Təhsinin təşəbbüsü və rəhmətlik Mir Cəlal müəllimin rəyi ilə o diplom işi ixtisarlarla olsa da məqalə kimi “Azərbaycan” jurnalında çap olundu – bu, mənim dərc edilən ilk məqaləm idi (1966, № 3) . Mən o diplom işini işləyəndə Təhsin müəllimlə aramızda sadəcə rəhbər – diplomçu münasibəti deyil, ədəbi dostluq (!) münasibəti yarandı və illər keçdikcə bu münasibət ədəbi dostluqla birlikdə şəxsi dostluğa çevrildi.

O gənc, yaraşıqlı, dəblə geyinən, həmişə də səliqə-sahmanlı cavan alim və pedaqoq Təhsin Mütəllimovun bu gün 90 yaşını təbrik edirik və bu, mənim üçün dünyanın inanılmaz hadisələrindən biridir – bu illər necə uçub getdi?

2. Təhsin Mütəllimov Azərbaycan ədəbiyyatşünaslığının və tənqidinin öz dəst-xətti olan görkəmli nümayəndəsidir və onun XX əsr Azərbaycan ədəbiyyatı haqqında yazdığı monoqrafiyalar (“Əbürrəhim bəy Haqverdiyevin poetikası”, “XX əsr Azərbaycan ədəbiyyatında ədəbi məktəblər” “Ə.Əbülhəsənin yaradıcılığı”) və bir çox məqalələr sovet dövrü ədəbiyyatı da daxil olmaqla həmin zəngin və mürəkkəb dövrün bədii-estetik mənzərəsinin yaradılması baxımından əhəmiyyətli tədqiqatlar sırasındadır. O, eyni zamanda nəzəriyyəçi alimdir və onun adını çəkdiyim monoqrafiyalarında, ümumiyyətlə yaradıcılığında mətn üzərində işləyərkən, yerində və səriştə ilə nəzəriyyə əsaslanması tədqiqatlarının elmi siqlətini artırır.

Təhsin müəllim “Əbdürrəhim bəy Haqverdiyevin sənətkarlığı” adlı doktorluq dissertasiyasının əsasında hazırladığı monoqrafiyasında bu görkəmli yazıçının (tərcüməçinin, diplomatın, rejissorun, 1908-ci ildə Üzeyir bəyin “Leyli və Məcnun” operasının ilk dirijorunun!) bir tərəfdən duzlu yumorla yazılmış hekayələrinin, o biri tərəfdən isə “Ağa Məhəmməd şah Qacar” və “Pəri Cadu” kimi faciələrinin poetikasını tədqiq və təhlil etmişdir. Yumorun poetikası ilə faciənin poetikası arasında sırf estetik baxımdan fərqlilik var, ancaq eyni yazıçının yaradıcılığındakı bu fərqlilik Təhsinin monoqrafiyasında nəzəri cəhətdən özünün üzvi vəhdətini tapıb və biz bir tərəfdən sırf duzlu-məzəli Şuşa yumorunun koloritini hiss edirik, o biri tərəfdən də klassik tragediyanın nəzəri analizini görür və qəbul edirik.

Mən xeyli müddət Azərbaycan Dövlət Mükafatları Komissiyasının üzvü olmuşam və bu komissiyanın toplantılarında mükafat üçün təqdim edilmiş əsərlərin müzakirəsi zamanı müxtəlif fikirlər söylənir, hətta bəzən ciddi mübahisələr yaranırdı. Dövlət mükafatına «Əbdürrəhim bəy Haqverdiyevin poetikası» monoqrafiyası da təqdim olunmuş və yekdilliklə mükafata layiq görülmüşdü – bu yekdillik həm əsərə verilən qiymətin, həm də müəllifin şəxsiyyətinə hörmətin ifadəsi idi.

Biz bəzən (hətta «bəzən»dən də artıq) sovet dövründə yaradıcılıqla məşğul olan bir sıra yazıçıların, o cümlədən Xalq yazıçısı Əbülhəsənin romanlarına birtərəfli münasibətin şahidi oluruq və bu da metodoloji cəhətdən ədəbiyyatımızın inkişafı və yeni janrların formalaşması baxımından təsəvvürün tamlığına mane olur. Mən əvvəllər də yazmışam ki, roman, hətta hekayə kimi janrların formalaşmasında və ədəbiyyatımızın milli faktoruna çevrilməsində, ədəbi doğmalığın (!) əldə edilməsində 1920-30-cu illərdə ədəbiyyata gəlmiş qələm sahiblərinin, o cümlədən də Əbülhəsənin ciddi rolu olmuşdur. Hakim (və bəzi məqamlarda çox qorxulu) ideologiyanın təpkisi və təhriki, eləcə də yeni həyat qurmaq eyforiyası nəticəsində həmin dövrdə ( və inersiya ilə sonrakı dövrlərdə də) yaranmış və yüksək ədəbi-ideoloji-inzibati qiymət verilmiş, öz ədəbi missiyasından daha çox ideoloji doqmaları ifadə etmiş əsərlər, təbii ki, sosrealizmlə bərabər siyasi ideologiyanın süqutu ilə öz əhəmiyyətini itirdi – faktdır. Ancaq eyni zamanda, düşünürəm ki, ədəbiyyatşünaslıq bu əsərlərə, daha geniş nəzəri-estetik bucaq altından baxmalı və tənqidi münasibəti inkarçılıqla yox, elmi-nəzəri əsaslarla göstərməlidir, yaxşı nə varsa, bunu qeyd etməlidir, nəinki hamısının üzərindən xətt çəkib, bir kənara atmaq.

Təhsin müəllim hələ sovet dövründə yazdığı əsərində Əbülhəsən yaradıcılığının təhlilini bu istiqamətdə aparmağa çalışmışdır və bu cəhət monoqrafiyanı vulqar sosiologizm bəlasından azad etmişdir. O, 2 cildlik “Müasir Azərbaycan ədəbiyyatı”nda Əbülhəsən haqqında yazdığı elmi oçerkində bu yazıçını “Azərbaycan nəsrinin təkamülündə çox fəal iştirak edən ədiblərdən biri” kimi xarakterizə edir və o dövrdə meydana çıxan əsərlərin tarixilik baxımından əhəmiyyətli olduğunu yazır.

Qeyd etdiyim kimi, Təhsin Mütəllimov ədəbiyyat nəzəriyyəsini dərindən mənimsəmişdir və onun nəzəri məqalələri, kitablara yazdığı ön sözlər və universitetdə ədəbiyyat nəzəriyyəsini tədris etməsi bizim gənc ədəbiyyatşünaslarımızın hazırlanmasında mühüm rol oynayıb (və oynayacaq!). Bəzən «nəzəriyyəçilik etmə» deyirlər və düz də edirlər, çünki bədii ədəbiyyatı ilk növbədə hiss etmək lazımdır, hissdən məhrum qaxac kimi qupquru “nəzəriyyəçilik” isə, əlbəttə, əllaməlik və əslində dayazlıq göstəricisidir. Hiss edərək nəzəriyyəyə söykənmək – bu baxımdan ədəbiyyat nəzəriyyəsi ədəbiyyatın missiyasını dərk etmək yolunda ədəbiyyatşünaslığın (və ədəbi tənqidin!) əlifbasıdır.

Bu dediklərimiz baxımdan “XX əsr Azərbaycan ədəbiyyatında ədəbi məktəblər” monoqrafiyasında tədqiq edilən ədəbi məktəblər məhz nəzəri cəhətdən müəyyənləşdirilmişdir və buna görə də XX əsrin əvvəllərinə məxsus ədəbiyyatımızın estetik müxtəlifliyi barədə dolğun təsəvvür yaradır.

Təhsin müəllimin yaradıcılıq diapazonu genişdir və misal üçün, o, dramaturgiya problemlərinə bələd olduğu kimi, teatr estetikasını da dərindən mənimsəmiş teatrşünas qələminə malikdir və mən onun teatrla bağlı yazdığı məqalələrin təsirinin, effektinin bilavasitə şahidi olmuşam. Məsələ burasındadır ki, Təhsin müəllim mənim üç pyesimin (“Mənim sevimli dəlim”, 1998; “Qatil”, 2003; “Teleskop”, 2011) tamaşaları haqqında da məqalələr yazıb və bunu ona görə xatırladıram ki, o məqalələr hər üç tamaşanın yaradıcı kollektivinin qüruruna (yaradıcılıq qüruruna!) səbəb olmuşdu, hər üçünü də çap ediləndən sonra teatrdakı lövhədən asmışdılar. Bu yazını yazarkən, arxivimdə axtarıb o üç məqaləni (“Dəlilik “mərəzi” teatrda”, “Azərbaycan”, 25 iyun 1998; “İnsan ləyaqəti ilə tale təzadının faciəsi”, “525-ci qəzet”, 1 noyabr 2003; “Mənəvi ucalığın təsdiqi: yeni tamaşa”, “Azərbaycan”, 18 iyun 2011) tapıb, artıq o pyeslərin müəllifi kimi yox, teatrı sevən bir oxucu və tamaşaçı kimi onları yenidən nəzərdən keçirdim və təəssüf etdim ki, rəhmətlik Cəfər Cəfərovun 1964-cü ildə İlyas Əfəndiyevin «Sən həmişə mənimləsən» pyesinin tamaşası haqqında qələmə aldığı “Təkliyin faciəsi” adlı klassik məqaləsindən sonra yazılmış bu tipli məqalələrə bu gün çox az təsadüf edirik (elə Təhsin müəllimin özü də təəssüf ki, teatr tamaşaları haqqında az yazır), halbuki teatrımızın da, teatrşünaslığımızın da, dramaturgiyamızın da buna ehtiyacı var.

Yeri düşmüşkən deyim ki, Təhsin Mütəllimov mənim 1977-ci ildə nəşr edilmiş povest və hekayələrimdən ibarət “Bir görüşün tarixçəsi” kitabım, eləcə də Nərgiz Paşayevanın mənim yazılarımdan bəhs edən “Yeniləşən ədəbiyyatın yeni insanı” monoqrafiyası haqqında da məqalələr yazıb, ancaq bu dediklərimdən belə çıxmasın ki, bunlar bizim isti münasibətlərimizin sayəsindədir – Təhsin müəllimi tanıyan hər kəs yaxşı bilir ki, onda ədəbiyyatla bağlı heç bir kompromis və üzəgörənlik yoxdur.


3. Təhsin müəllimdə, əgər belə demək mümkünsə, təhrikedici (!) bir xoşməramlıq, qayğıkeşlik var və mən bu sözləri yazarkən birdən birə artıq uzaq keçmişdə qalmış kiçicik bir hadisəni xatırladım. Ədəbiyyata, ya da tələbələrə aid maraqlı bir xatirə deyil (halbuki maraqlıları da çoxdur), ancaq güman edirəm ki, bu ötəri hadisə (bəlkə buna heç hadisə də demək olmaz) elə ötəri olduğu üçün də dediyim həmin xeyirxah təhrikedicilik barədə müəyyən təsəvvür yarada bilər.

1970-ci illərin əvvəllərindəki yay çağlarının biri idi, Təhsin müəllim istirahət etmək (və işləmək!) üçün Kislovodska gəlmişdi və təsadüf elə gətirmişdi ki, mən də, rəhmətlik Çingiz Ələkbərzadə də Kislovodskda idik. Artıq tanınan və istedadlı bir yazıçı olan Çingiz – Əbülhəsən müəllimin oğlu idi və Əbülhəsən müəllim nə qədər ciddi, zarafatla, ümumiyyətlə yumorla arası olmayan bir adam idisə, Çingiz o qədər də duzlu yumor hissinə malik, deyib-gülən, yeyib-içən, indiki təbirlərlə desəm, gözəl enerjili pozitiv bir insan idi.

Kislovodskda adsız, elə “Ozero” («Göl») deyilən gülşad, həmişə də tünlük olan məşhur bir yer var və biz, yəni Təhsin müəllim, Çingiz və mən görüşüb, həm nahar etməyə, həm də gəzməyə ora getmişdik. Nahardan sonra “Ozero”nun sahilində gəzəndə, yaxşı üzgüçülüyü də olan Çingiz soyunub, özünü suya atdı və topuğu daşa dəyib, zədələndi, ancaq Çingiz də Çingiz idi – zədəni vecinə almırdı. Təhsin müəllim hər görüş zamanı narahat-narahat soruşanda ki: “– Ayağın necədi? Ağrıyır?” və Çingiz də axsaya-axsaya hər dəfə: “– Əşşi, boş şeydi!..” – deyirdi və həkimə getmirdi. Nəhayət üç-dörd gündən sonra Təhsin müəllim çox ciddi surətdə (bu ürəyi yumuşaq adamın, hərdən çox ciddiliyi də var!): “– Bu «boş şey» qurtarmadı?” deyə əsəbiləşdi və Çingizi, sözün əsil mənasında qabağına qatıb, klinikaya getməyə məcbur etdi. Uzun sözün qısası, orda Çingizə demişdilər ki, bir gün də gec gəlsəydin, bəlkə də ayağını saxlamaq mümkün olmayacaqdı.

Dediyim kimi, kiçik epizoddur, ancaq qayğı, xeyirxahlıq, qeyri biganəlik kiçikliyə, ya böyüklüyə baxmır və mən şübhə etmirəm ki, Təhsin müəllimin onlarla, hətta yüzlərlə tələbələri, onun rəhbərliyi ilə filologiya üzrə fəlsəfə doktorluğu, eləcə də doktorluq dissertasiyaları müdafiə etmiş bir çox ədəbiyyatşünas bunu sidq-ürəkdən təsdiq edər.

Təhsin müəllim ilqarlı insandır və bu yerdə mən onun müəllimi və yol göstərəni olmuş Mir Cəlal müəllimin xatirəsini necə əziz və uca tutuğunu xüsusi qeyd etmək istəyirəm. Mir Cəlal müəllim Təhsinin xətrini çox istəyirdi, onu ən istedadlı aspirantlarından biri hesab edirdi və onun elmi-ədəbi (və şəxsi) taleyinə biganə qalmırdı. İndi düz 44 ildir ki, Mir Cəlal müəllim həyatda yoxdur və Təhsin müəllim bu 44 ildə – mürəkkəb, keşməkeşli illərdə daima onun əsərlərini də, pedaqoqluğunu da, şəxsiyyətini də ürək və səriştə ilə təbliğ edib. Bu günlərdə Mir Cəlal müəllimin indiyə qədər çap olunmamış «Qayğılar» romanından və hekayələrdən ibarət kitabının da redaktoru və ön söz müəllifidir. Elə belə bir ilqara görə də Hafiz Paşayev: “– Bizim üçün Təhsin müəllim Mir Cəlalın tələbəsi yox, oğludur.” – deyir.

Mir Cəlal müəllimin belə bir sözü vardı: “Universitetdə ən böyük adam – tələbədir!”

Bu yazının əvvəlində xatırladığım uzun illər bundan qabaqkı o gənc aspirant, gənc pedaqoq Təhsin
Mütəllimov indi – 90 yaşında da eyni həvəs və eyni şövqlə o «böyük adamla» görüşməyə, onlara mühazirə oxumağa, ədəbiyyatı öyrətməyə və sevdirməyə, onlara əl tutmağa gedir.

Bu gün Təhsin müəllimə nə arzu etmək olar?

Cansağlığı, cansağlığı və bir daha cansağlığı! Qalan hər şey öz yerindədir.

Ondan soruşanda ki, pedaqoq necə olmalıdır, deyir: «İlk növbədə şəxsiyyət olmalıdır!» və mən Təhsin müəllimin özünə yaraşan bu sözlərə daha bir söz – «ləyaqət» – artırıb, bu kiçik yazının başlığına çıxarıram.

24 aprel 2022

Bakı

# 2139 dəfə oxunub

Müəllifin son yazıları

# # #