Yeni poetik iqlim qurşağının şairi - Azər Turan yazır...

Azər Turan

Azər Turan

11 may 2022
# 10:00

Kulis.az Azər Turanın “Nigar Həsənzadə - öz içindəki zamanın şairi” yazısını təqdim edir.

Nigar Həsənzadənin poetik dünyasında estet meyillər aparıcıdır. Bu şeirlərdə Nigarın mənsub olduğu ədəbi nəslin yaradıcılığında daha çox müşahidə olunan pessimist ovqatdan, çöküş fəlsəfəsindən, dekadansdan əsər-əlamət belə yoxdur. Nigar həyatın fəlsəfəsini şeirləşdirir. Onun şair ilhamı dərinliklərin seyrindədir. Və sən gözlənilmədən, yəni heç özün də gözləmədən Londonun küçələrində yaşıllığa bürünmüş karetdə gəzinirsən.

Bu şeirlərdə həm də irfan işıqları sayrışır. Fəridəddin Əttarın "Bu da keçər" məsnəvisinə göndərmə edərək yazdığı eyniadlı şeiri oxuyandan sonra Azərbaycanın rusdilli poeziyasında nəinki irfani obrazlarla mətn, hətta irfani bir mətnə antitezis yazan Nigar Həsənzadənin varlığına sevindim. Bu şeirində o, sözləri sufiyanə ipək libasda bəsləsə də, Əttarın təlqin etdiyi təsəvvüf fəlsəfəsinin cazibəsindən kənara çıxmağı bacarıb. "Məntiqül teyr"dəki hekayəti isə yeni dövrün, yeni zamanın mətnində aktuallandırır. Yada salır ki, bu dünyada əzablara bəraət yoxdur. "Və quzğunlar anlasın: // Allah qu quşlarını sevir göylərdə...". Yəni Allah da azadlığı sevir...

O, çoxlarından fərqli olaraq, metaforalara etibar etmir... Hər şeyi öz adıyla adlandırır. Şeirləri isə dərinliklərin məna selində üzür... Nigar Həsənzadənin poeziyası rusdilli və ingilisdilli poeziya ilə, yəni başqa poeziya dilləri ilə polemik rakursda yaranır... Və bu, xüsusən, bizim qadın poeziyamız üçün çox önəmlidir... Nigar Həsənzadə Anna Axmatova kimi müqəddəs mətnlərin interpretasiyasını etməsə də, hər halda, Axmatova kimi öz mətnlərini müqəddəs duyğularla yazır. Şuşada Vaqif Poeziya Günlərində və Vaqif məqbərəsinin önündə oxuduğu "С возвращением..." şeirində bu, xüsusən qabarıq görünürdü. O gün Nigar Həsənzadənin oxuduğu şeirin metafizik ecazı, intonasiyası Axmatovanın şeirlərini yansıdırdı. Nigar da Axmatova kimi həyatın fəlsəfəsini yazır.

Nigar Həsənzadə bəzən bütün zamanları özünün vahid zamanında təqdim edir. Onun söz palitrasında mənaların dalğavari axışı da həmin zamanı səciyyələndirir... Məsələn, körpə şahzadəsinə - oğluna yazdığı şeirlər... "Dilini duaya öyrədəcəm ki, // Açaq qəlbimizi bir-birimizə". O, bunu hələ dünyaya gəlməmiş körpəsinə xitabən deyir və bu misraları, ümumiyyətlə, Nigar Həsənzadənin poetik manifesti hesab etmək olar... "Öpürlər hələ də yaş dodaqları // Səndə mənim suyum, mənim dənizim..." Şairə ana bətnindəki körpəyə pıçıldayır ki, sən şair qadının məhəbbətindən toxunmuş köynəkdə doğulacaqsan... "Baxıram acgöz-acgöz körpə dodaqlarının // Gənc ananın döşündə gözəl tərpənişinə... // Gəl iç məst elədiyin göylərimi doyunca, // Gəl iç göy qurşağıtək işıq saçan qəlbimi". Fikir də, poetik obrazlar sistemi də poeziyamızda yenidir.

Nigar xanımın həyatında silinməz iz buraxan (və iyirmi beş yaşında yenidən doğulduğu) London, adət etdiyimiz Londona rəğmən, dumanlı deyil, onu uşaq saflığına, şirin əzablarına, qızılgüllü bağlarına görə də dəyərləndirmək olarmış, onu bakir gecəsində adamın ağlını başdan alan sevgili kimi də qucaqlamaq olarmış... O, Londonu, yuxusuz gecələrini isidən doğma ocaq kimi sevir, Londonun dumanını nəfəs kimi içinə çəkir... Londonun əfsunu vardırmı, yoxdurmu, bilmirəm. Hər halda, türk düşüncəsində London heç vaxt "Hər zövqü min haram olan əfsunlu cənnət" kimi, yəni Paris kimi olmayıb. Ona görə belə yazıram ki, Nigar Həsənzadənin "London" şeiri təsəvvürümdə, nədənsə, Yahya Kamalın Parisə yazdığı "Büyü şiir"ini, bir də Prevertin "Paris At Night" şeirlərini assosiasiya etdi...

Nigar Londonun əfsununa düşmüş ilk Azərbaycan şairidir. Bunun, təbii ki, mistik və mənəvi səbəbi var...

Nigar Həsənzadə zamanı öz içinə hopduran şairdir. Öz varlığına görə Tanrıya şükran söyləyən şairdir. Öz içindəki zamanın şairidir. Onun lal qapısını Afinalı Taysdan Janna Darka qədər azadlıq duyğusuna görə ruhubir olan neçə min ilin qadınları döyür... Nigar da azadlıq düşüncəsinə görə onlarla bir zamanın ortağıdır... "Şükür, özüm özümçün qurutma kağızıyam - // Yazdığım sətirləri hopdururam canıma". Dedim axı, Nigar Həsənzadə həyatın, insanın dərinliklərini yazır... Ruhun sirlərini açır...

Onun şeirlərində göydən Yer kürəsinə ulduzların axışı baş verir... Dua edən damlar bu kövrək ulduzların öpüşlərindən alışıb-yanır... Mən bu şeirlərlə rəssam Ucal Haqverdiyevin rəsmləri arasında intermedial bağlantı görürəm. Nə dərəcədə haqlı olduğumu da bilmirəm. Amma hissiyyat seli hər ikisində eyni vüsətlə axır...

Nigar Həsənzadə Azərbaycan poeziyasında yeni poetik iqlim qurşağının şairidir. Heç kimə bənzəməyən poetik üslub, intonasiya, səs və rəngin şairi...

# 312 dəfə oxunub

Oxşar xəbərlər

# # #