Kafka, Milena ilə aranda nəsə olmayıb? - YUMOR

Kafka, Milena ilə aranda nəsə olmayıb? - <span style="color:red;">YUMOR
25 yanvar 2016
# 12:45

Ayxan Ayvaz

YUĞ Teatrında “Kafkadan salam” tamaşasına baxdım. Deməli, bir qrup adam Kafkanın ruhunu çağırır və ona suallar verirlər. Kafka dilsizdir, yalnız işarələrlə nəyisə anlatmağa çalışır. Bu pyesə dəyişiklik etmək qərarına gəldim: bizim yazarlar Kafkanın ruhunu çağırır. Ruhu çağıran da Əsəd Cahangirdir.

Əsəd Cahangir:

- Kafka, bizə səs ver. Mən sənin uca səsini eşitmək istəyirəm.

Kafka, nə yazıq ki, burda da dilsiz-ağızsızdır.

- Kafka, xoş gəlmisən. Keç, əyləş. Yaman arıq adamsanmış. Heç belə gözləməzdim. Milena sənə baxmır? Hahaha...

Anar:

- Məncə, Əsəd müəllim, Kafkanı yormayaq, uzun yoldan gəlib.

Fikrət Qoca:

- Hardan gəlib ki, ay Anar müəllim?

Aqil Abbas:

- Praqadan dana.

Seymur Baycan:

- Siz də bunu elə bəh-bəhlə qarşılayırsınız ki... Nolub e? Kafka qədər mənasız yazıçı var dünya ədəbiyyatında? Dostuna deyib əsərlərimi yandır. İnanan daşa dönsün! Mənim kimi gündəm yarada bilərsən? Azərbaycanda öz xeyrimə gündəm yaradan adamam e mən.

Qan Turalı:

- Seymur, Kafka neçə illərdir gündəmdədir e... Hahaha...

Aqşin Yenisey:

- O gün sənin əsərlərini qabağıma qoyub hesablayırdım ki, görən orda göz yaşı nə qədərdir. Xeyli ağır çəkdi. Adam arada gülər e, Kafka.

Şərif Ağayar:

- Bircə bu xüsusiyyəti zəifdir. Yazıçının gərək yumor hissi çox güclü olsun. Kafka, çox ağlama, yaranı açıb göstərmə. Əsas məsələ təsir etdirməkdir. Özün öz yazdığına ağlayırsansa, səndən yazıçı olmaz.

Rəşad Məcid:

- Bunlara fikir vermə. Elə gəlmişkən, gəl səni AYB-yə üzv eləyək. Təqaüd də verəcəm.

Rasim Qaraca:

- Ən istedadlı adamlar AYO-dan çıxır. Sən də seçimini elə. Onsuz da bilirəm ki, bizi seçəcəksən.

Əsəd Cahangir:

- Rasim! Rəşad müəllim! Kafka dirilməyib e. Bəlkə İsa kimi onun təzədən dirildiyini düşünürsünüz?

Şəhriyar del Gerani:

- Sənin tənhalığın insanlarla doludursa, mənimki qızlarla doludur. Hahaha.

Şərif Ağayar:

- Kafkaya gülmək olmaz.

Kəramət Böyükçöl:

- Mən ölüm, Kafka, heç kimə deməyəcəm. De görüm, Milena ilə aranda nəsə olmayıb? – İki barmağını sürtüşdürüb bic-bic gülümsünür.

Əsəd Cahangir əsəbi:

- Kəramət! Kəramət! Özünü yığışdır. Axır vaxtlar heç xoşuma gəlmirsən. İndi də keçmisən dünya klassikləri ilə məzələnməyə?!

Mirmehdi Ağaoğlu:

- Kafka, sən belə elə. Milenaya məktub yazmaqdansa, görüşə çağır.

Əsəd Qaraqaplan:

- Nə gəzir onda o cəsarət? Mənə oxşamayıb ha. Nə çırpardım səni...

Aqşin Yenisey:

- Milenanın nömrəsini ver, özüm danışaram onunla. Narahat olma. Kafka, sən də bir az döz də.

Əlisəmid Kür:

- Bu neynir, ala? Buyu geri göndərin, ala. Dəlidir bu.

Kafkanın ruhu bu sözdən sonra inciyir, öz yerinə qayıdır, ortalığa sükut çökür.

Əsəd Cahangir bezgin səslə dillənir:

- Kişini küsdürdünüz. Milena belə getdi, Milena elə getdi. Sizə nə var axı?

Bu vaxt qeybdən Kafkanın səsi gəlir:

- Milena mənim yanımdadır. Amma yenə də tənhayam.

# 1546 dəfə oxunub

Oxşar xəbərlər

Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

09:10 29 aprel 2024
Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

12:00 28 aprel 2024
Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

10:00 27 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
# # #