Uşaqların xatirinə kəsmirəm biləklərimi... - Cəlil Cavanşirdən Yeni Şeirlər

Uşaqların xatirinə kəsmirəm biləklərimi...  - Cəlil Cavanşirdən Yeni Şeirlər
21 avqust 2019
# 11:47

Kulis.az Cəlil Cavanşirin “Su” silsiləsindən yazdığı yeni şeirləri təqdim edir.

Tənhalığımı bəlkə milyon dəfə etiraf edirəm özümə.
Və əşyalarla bölüşürəm bütün unutduqlarımı.
Gözəl üzlü uşaqların xatirinə kəsmirəm biləklərimi,
gözəl üzlü uşaqlar üçün sulara baxıram.
Rəbbim yalnız suları öldürmür, yalnız sular əbədidir, yalnız sular baqidir. Sonsuzluğa axıb gedən sular qalır həyatda.
Və özünü şəlalədən atan suların intiharı...
Bəlkə də sulara səcdə etməlidir yerlər və göylər.
Sular müqəddəsdir göz yaşına çevrildikdə.
Göz yaşı sudur.
Və insan ağladıqca müqqəddəsliyini unudur suyun.
Bəlkə də inanmaq gərək suyun söylədiklərinə...

***

Tənhalığımı ancaq əşyalar görə bilir.
Bir dəri kreslonun yuxusuzluğu şahiddir tənhalığıma.
Bir çarpayı eşidir iniltilərimi.
Yastığım göz yaşlarıma şahid.
Bəzən mənimlə danışır divarlar.
Bəzən susur çərçivələr, pəncərələr, şkaflar.
Bir intiharın sərhədində dayanır zaman.
Əllərimi pəncərəyə, səmaya, günəşə uzadıram.
Əllərim çiçək açır, əllərimi indi görürəm.
Və bu qanlı əllərin hansı zamana aid olduğunu bilmirəm.

***

Bütün nərgiz çiçəklərini və zambaqları pəncərəmin önündən qoparıb atıram. Süpürgə bağlayıram nərgiz çiçəklərindən.
Bütün dünyanın tozunu alacaq nərgiz dəmətləri,
bütün dünyanı süpürəcək zambaqlar.
Və bir nərdivan enir ömrün sonuna doğru.

***

Tənhayam.
Zamanın sonsuzluğuna doğru yol almış ayaqlarım yorğundu.
Bu sondu.
Əllərim çiçək açır, çiçəklənir əllərim.
Bu qandı. Qan sudu. Su qandı.
Dünyanın nəhəng damarlarında dolaşır tənhalıq.
Su tənhadı. Qan tənhadı.
Mən çayların mənbəyindən gəlirəm.
Günəşdən və buluddan doğuldum.
Yorğun buludların göz yaşıdır yolçuluğum.
Daşlara çırpılan suyun ağrısıdır əzabım.
Günəşin yoxluğunda tənhadır su.
Suyun çoxluğunda tənhadır buludlar.
Və bir buludlar anlayır tənhalığımı.
Suyun ayrılığndan qorxan buludlar.
Mənim tənhalığımdan qorxan buludlar.
Qaralan buludlar da tənhadır.

***

Nitsşe tanrını öldürdüyü gündən tənhayam.
Mənim alın yazım yoxdur.
Taleyim divar yazılarıdır tənha gettolarda.
Tanrı bir milçək kimi ölürsə, tənhadır bütün canlılar.
Bütün milçəklər tanrı kimi çarəsizsə, asidir bütün küləklər.
Sərsəridir bütün yağmurlar və günahkardır bütün uşaqlar.

***

Tənhayam.
Başını çiynimə söykəmiş bu sərxoş peyğəmbəri bu gecə öldürməliyəm.
Bu gecə tənhalığımdan danışacaq əşyalar yuxuludur.
Bu gecə bütün peyğəmbərlər sərxoşdur
və məsciddə günah çıxarır hansısa bütpərəst.
Bir azan oxunur sinaqoqdan və bir kilsədə namaza durur balıqlar.
İndi hamıdan çox günahkardır uşaqlar.
İndi sular günahsızdır. İndi əllərim bir tanrı kimi ölür.
Bir milçək kimi ölüb düşür torpağa.
Bir milçək tanrı kimi ölür.
Bir tək sular bilir tanrımın tənhalığını.
Bir tək mən şərikəm bu heçliyə.
Bir tək tanrı tənhlıqdan yorulmur.
Bir tək sular əbədidir.
Bir də tənhadır bütün küləklər.
Bir də mən tənhayam tanrının sərxoş peyğəmbəri...
Məni də, namus davasında öldürəcəklər.

# 4440 dəfə oxunub

Oxşar xəbərlər

Vegetarian olmaq faciədirmi? - Nihat Pir

Vegetarian olmaq faciədirmi? - Nihat Pir

16:00 13 mart 2026
“Elmi-ədəbi dəb” arxasınca yüyürən təsəvvüf “görməmişləri”... - Füzuli qəzəllərində hansı dözülməz təhriflər var?

“Elmi-ədəbi dəb” arxasınca yüyürən təsəvvüf “görməmişləri”... - Füzuli qəzəllərində hansı dözülməz təhriflər var?

15:00 12 mart 2026
Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

18:33 11 mart 2026
Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

17:00 10 mart 2026
Döyüb-söyən valideynlər, yoxsa onlarsız əziyyətlərə dözmək.. - Hansı daha pisdir?

Döyüb-söyən valideynlər, yoxsa onlarsız əziyyətlərə dözmək.. - Hansı daha pisdir?

16:30 10 mart 2026
"Bilirsən nəyin məni bəxtiyar etdiyini..."  - Hədiyyə Şəfaqətin Şumer mətnləri ilə hansı əlaqəsi var?

"Bilirsən nəyin məni bəxtiyar etdiyini..." - Hədiyyə Şəfaqətin Şumer mətnləri ilə hansı əlaqəsi var?

12:00 10 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər