Susaram dəniz kimi – Nəbi Xəzri

Susaram dəniz kimi – <span style="color:red;">Nəbi Xəzri
10 dekabr 2015
# 17:26

Kulis Nəbi Xəzrinin doğum günü münasibəti ilə onun “Dəniz, göy, məhəbbət” şeirini təqdim edir

Dənizi hədiyyə verirəm sənə...

Mən dedim, sən baxdın, sən gülümsədin.

Göylərin şəfəqi düşdü üzünə.

- Mən isə... göyləri verirəm, - dedin...

Ayrıldıq qəribə hədiyyələrlə,

Göylər eşqim kimi mənə əzizdir.

Ayrıldıq dənizlə, ağ ləpələrlə,

Necə aparasan? Dəniz dənizdir.

Dənizi verdim ki, sənə hədiyyə,

Gəldiyim sahilə gələsən bir də.

Məni görməyəndə o mənəm - deyə,

Mənimlə danışıb, güləsən bir də.

- Əgər görüşməsək, bizə dağ olar,

Dedim, neçə dəfə belə dedim mən.

Dəniz sahilinə qayıtmaq olar,

Göylərin sahili varmı, gedim mən?!

Düşündüm, ayrıldıq gələndən bəri,

Sən mənim eşqimə çıraq olasan.

Onunçün verdinmi mənə göyləri,

Məndən göylər qədər uzaq olasan?!

Mən bir dənizəm ki, eşqim səhərdir,

Səni düşünürəm, əzizim, yenə.

Mənim dalğalarım xatirələrdir,

Qoy çatsın qəlbinin sahillərinə.

Əsl məhəbbət ki, böyük hünərdir,

Coşar ümman kimi təzə arzular.

Mənim dalğalarım xatirələrdir,

Orda tufan da var, burulğan da var.

Dənizəm, eşqimdən qaçmaq hədərdir,

Mən ki, adlayıram çölü, çəməni.

Mənim dalğalarım, xatirələrdir,

Gecə də, gündüz də tapacaq səni.

İstəsən yuxuna gələrəm sənin,

gələrəm dəniz kimi.

Üzünə incilər çilərəm sənin,

çilərəm dəniz kimi.

Yoluna şəfəqlər səpərəm hərdən

səpərəm dəniz kimi.

İstəsən üzündən öpərəm hərdən,

öpərəm dəniz kimi.

Adını qəlbimin sahillərinə

yazaram dəniz kimi,

"Sevmirəm" söyləsən bir axşam mənə,

Susaram dəniz kimi,

Susaram dəniz kimi.

Dünyada sakitlik aramadım mən,

Günəş kimi parla, səhər kimi gəl.

Göylərtək yuxuma gəlmək istəsən,

Sən aylı, ulduzlu göylər kimi gəl.

Adla qucağından gur tufanların,

Mən baxım axşamdan səhərə kimi.

Adla ağ yoluyla kəhkaşanların,

Parlasın hər ulduz xatirə kimi.

Gəl, qış gecəsində, yaz səhərində,

Dənizi göylərdən ayırmaq olmaz!

Sonsuz kainatın üfüqlərində,

Sən görüş vaxtını şimşəklərlə yaz!

Mən gərək nəğmətək səni dinləyəm,

Sən mənim eşqimlə, ürəyimləsən.

Nə qədər göylər var, mən səninləyəm,

Nə qədər dəniz var, sən mənimləsən...

# 5757 dəfə oxunub

Oxşar xəbərlər

"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

14:00 24 mart 2026
"Şəxsi münasibətlərin ədəbiyyata dəxli olmamalıdır..." -  İsa İsmayılzadə ilə Ələkbər Salahzadəni nə birləşdirirdi?

"Şəxsi münasibətlərin ədəbiyyata dəxli olmamalıdır..." - İsa İsmayılzadə ilə Ələkbər Salahzadəni nə birləşdirirdi?

12:00 24 mart 2026
İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

12:13 23 mart 2026
Sakrallıq və aldanışların vəhdətində - "Dəccal" - Elnarə Akimova

Sakrallıq və aldanışların vəhdətində - "Dəccal" - Elnarə Akimova

11:40 23 mart 2026
"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..."  - Novruz bayramı ədəbiyyatda

"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..." - Novruz bayramı ədəbiyyatda

12:00 21 mart 2026
"Bu hekayəyə görə DTX-ya şikayət etmək lazımdır!" - Müzakirə

"Bu hekayəyə görə DTX-ya şikayət etmək lazımdır!" - Müzakirə

16:00 19 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər