Qulluqçuya meyl salmaq şəhvət deyil

Qulluqçuya meyl salmaq şəhvət deyil
21 avqust 2013
# 11:25

Şəhvət yoxsa eşq?

Bir ürəkdə iki sevgi ola bilərmi? Lev Tolstoyun “İblis” povestini oxuyandan sonra bu mövzuda yazmaq qərarına gəldim.

“Dirilmə” romanını oxuyanlar xatırlayar, Nexlyudov qulluqçu qız Katyuşanın həyatını məhv etdikdən sonra uzun müddət günah hissi ona əzab verir. Ona elə gəlir ki, Katyuşanın başına gələn bütün bəlalara görə o, günahkardır. Atasından miras qalmış malikanəni kəndlilərə bağışlamaq fikriylə yaşayan bu gəncin daxilində iki hiss daim mübarizədə idi - şeytani hiss və mənəvi hiss. Şeytani hiss insanı həmişə günaha sürükləyir. Amma adına şeytani dediyimiz bu hiss əslində şəhvani hissdir. Bu hiss insana xas olan bir hissdir. Biz o hissə tabe olanda bunun adını günah qoyuruq.

Bir yazımda Abbasqulu ağa Bakıxanovun “Təhzibi-əxlaq” əsərindən sitat gətirmişdim. Həmin əsərdə eşqin dərəcələri sadalanır. Mövzuya dəxli olduğu üçün bir daha təkrar yazıram: “Birinci meyl yaranır; dəmirin maqnitə, samanın kəhrəbaya meyli kimi. İkinci ünsiyyətdir ki, bu da uzun müddətə yaranır. Üçüncü həyavi-nəfsdən ibarət olan həvəsdir. Həvəs insanı çox şeyə sürükləyə bilər, o, nəfsin odunu körükləyən maşadır. Ehtirası yaradan nəfsdir. Dördüncüsü şövqdür ki, onsuz insan heç bir istəyinə çata bilməz. Beşinci isə məhəbbətdir”.

Əslində Nexlyudov günahsızdır, o, kəndə gəlib burada Katyuşanı görüb, ona vurulub və onun həm qəlbinə, həm də bədəninə sahiblənib. Amma mənsub olduğu sinif ona Katyuşanı həyatının qadını etməyə imkan vermirdi. O, Katyuşa ilə kef çəksə də bu qıza vurulmuşdu. Sonra bu qızı əxlaqsızlığına görə malikanədən qovurlar, o, sözün əsl mənasında çirkaba bulaşır. Adam öldürüb günahı bu kimsəsiz qızın üstünə atırlar.

Bu məqamda Nexlyudovun vicdan hissi baş qaldırır. Katyuşa Nexlyudovun canlı günahı idi, buna görə də öz imtiyazlarından istifadə edib qızı onu gözləyən cəzadan xilas etmək istəyir. Onun Katyuşa ilə həbsxanadakı görüşünü xatırlayırsınız? Həbsxanada yüzlərlə adam yatalaq xəstəliyinə tutulub ölür. Katyuşa isə sağlamdır və o, heç nəyə ümid bağlamadan olmayan günahının cəzasını çəkir, onun iradəsi sarsılmayıb. Zavallı qız keçmişindən xilas olmaq üçün Nexlyudovun bütün yardımlarından imtina edir.

Tolstoyun günahkar qəhrəmanları həmişə vicdan əzabı içində qovurulurlar.

Əslində faciənin kökündə sinfi bərabərsizlik dayanır. Şəhvət istəkdən yaranır və təbii hissdir. Sevirsənsə, sevdiyinə sahib olmaq istəyirsən.

“İblis” povestində də Tolstoy oxşar situasiya yaradıb. Şəhərdə təhsil almış Yevgeni atasının ölümündən sonra kəndə qayıdıb atasından qalma malikanədə yaşamağa başlayır və çökmüş təsərrüfatı dirçəltmək məqsədilə işə başlayır. Amma düşünür ki, qadınsız keçinə bilməyəcək və beləliklə ərli qadın olan Stepanidanın əsirinə çevrilir. Əri bu qadına sahib ola bilməyib. Nəticədə bu ehtiraslı qadın istədiyini başqa kişilərdə axtarmağa başlayıb.

Yevgeninin onunla gizli görüşləri mütəmadi hal alır. Onlar tarlada, samanlıqda görüşüb sevişirlər. Sonra Yevgeni yaxşı bir ailənin qızıyla evlənir, amma Stepanida kabus kimi onu izləyir.

Təsadüfən, həyat onları yenidən görüşdürür. Evə qulluqçu lazım olur, iki nəfər qadın çağırırlar. Yevgeni baxıb görür ki, bu iki qulluqçu qadından biri Stepanidadır. Bununla da xoşbəxt ailənin qara günləri başlayır. Yevgeni özünə nəzarəti itirir, Stepanidanı süpürləmək üçün fürsət axtarır. Bu, artıq şəhvət deyil, qızın izaholunmaz cazibəsi onu əsir edib. O, bu cazibədən xilas ola bilmir və baxmayaq ki, arvadını sevir, sonda ona xəyanət edir.

O, bir rahib haqqında oxuduqlarını xatırlayır. Həmin rahib müalicə üçün əlini bədəninə vurmalı olduğu qadının cazibəsinə uymamaq üçün o biri əlini tavaya qoyaraq barmaqlarını yandırmışdı. Amma bu, çox sadəlövh bir üsuldur. Sergi ata da qarşısında soyunan qadına qarşı ehtiraslarını cilovlaya bilməyib barmağını baltayla vurub atmışdı.

Tolstoy günahsız Yevgenini öz əliylə öldürür. O, tapança ilə özünü vurur. Özünü vurmazdan əvvəl isə düşünür ki, gərək həyatımı Stepanida ilə yaşayaydım...

# 3969 dəfə oxunub

Oxşar xəbərlər

"Gərək özünüz öləsiniz..." - Müəllif oxucunu hansı sualla baş-başa qoyur?

"Gərək özünüz öləsiniz..." - Müəllif oxucunu hansı sualla baş-başa qoyur?

14:50 3 iyun 2026
Unudulmuş Nobel mükafatçısı - O, reenkarnasiya haqqında hansı şah əsəri yazıb?

Unudulmuş Nobel mükafatçısı - O, reenkarnasiya haqqında hansı şah əsəri yazıb?

17:05 2 iyun 2026
Seymur Baycanın və Günel Mövludun yerinə utanıram

Seymur Baycanın və Günel Mövludun yerinə utanıram

13:00 2 iyun 2026
"Ağlaya-ağlaya əlyazmalarımı yandırırdım..." - Anna Zegers ölüm düşərgəsi haqqında nə yazmışdı?

"Ağlaya-ağlaya əlyazmalarımı yandırırdım..." - Anna Zegers ölüm düşərgəsi haqqında nə yazmışdı?

13:30 1 iyun 2026
"Qarabağda doğulan azadlıq şəfəqləri Qərbi Azərbaycana da düşəcək" - Bəhruz Niftəliyev

"Qarabağda doğulan azadlıq şəfəqləri Qərbi Azərbaycana da düşəcək" - Bəhruz Niftəliyev

10:40 1 iyun 2026
"Atalar və oğullar" problemi həmişə oğulların lehinə həll edilmir... -  Tanınmış alim xatirələrində nə yazırdı?

"Atalar və oğullar" problemi həmişə oğulların lehinə həll edilmir... - Tanınmış alim xatirələrində nə yazırdı?

09:48 1 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər