Üstünə qəzəblənməyə qadın tapmamaq

Üstünə qəzəblənməyə qadın tapmamaq
16 iyul 2013
# 10:50

Kulis.Az Cavid Zeynallının şeirini təqdim edir.

Sənsizlik gecə yuxudan ayılıb

sağ tərəfi boş görməkdi.

İşə gecikməkdi,

kirli köynəkdi,

darağın yerini itirməkdi,

evdən ac çıxmaqdı sənsizlik.

Dönər ümidinə qalmaqdı sənsizlik,

Saralmış stəkanlardı, boş soyuducunun buz tənəsidir,

mətbəxdə saralan gülün su istəməsidir.

Dolabı ələk-vələk edib corabı tapmamaqdı sənsizlik.

Sənsizlik oğlumun beşiyinin layla səsinə yadırğaması,

Stolun üstündə boyatıyan çörəyin darıxmağıdır.

Sənsizlik mətbəxdən qab-qacaq səsinin çəkilməsi,

Darısqallığından şikayətləndiyin

bu ovuc içi boyda mətbəxdə

qarışqaların üzümə irişməyidir.

Qaz kartının bir həftədən bəri

iki manat səksən qəpik qalmağıdır sənsizlik.

Hər səhər “zibili verim atırsan?” sualını eşitməməkdi.

Sənsizlik qatıq satan arvadın üç gün dözüb,

dördüncü gün “qatıq niyə almırsan?” soruşmağıdır.

Pomidorun 40 qəpiyə düşməyinin mənasızlığı,

çiyələyin yanından saymazyana keçməkdi sənsizlik.

O sevimli dondurmanın tamsızlığı,

küncüt halvasına pul saymamaqdı.

Əsgərlikdəki üzüyola qardaşımın

Anamın əllərindən sarı darıxmağıdır sənsizlik.

Sənsizlik vaxt öldürməkdən ötrü

əlli yaşında özünü təsdiq edə bilməyən şairlərin məclisində

hikkəyə zəhərlənməkdi, qeybətə yoluxmaqdır.

Ədəbiyyata tüpürməkdi,

yazmaqdan iyrənməkdi sənsizlik.

Sənsizlik qapımızın ağzındakı işığın yanmamağı,

Blokun qaranlığı, qaranquş balalarının

ağzına su almağıdır.

Sənsizlik yad qızlara uzun-uzun baxmaqdı.

Baxmaq nədir, gözümün o qızların sinəsində

qalmağıdır sənsizlik.

Sənsizlik hər xırda şeydən ötrü

üstünə qəzəblənməyə qadın tapmamaqdır.

Sənsizlik uzaqlara tək baxmaqdır,

şəhərdə ev almaq arzusuna yadırğamaqdır.

Qab pastasının adını unutmaq,

sabun almağı yaddan çıxarmaq,

şampunla corab yumaqdır sənsizlik.

Sənsizlik evdə siqaret çəkməkdir,

İçib qapı cəftəsində əl izini axtarmaqdır.

Oğlumun televizorun qabağında qoyub getdiyin

ayaqqabısına baxıb şeir oxumaq,

köynəyini qoxlayıb doluxsunmaqdır sənsizlik.

Sənsizlik iyul axşamında Ramazan

ayparasına baxıb it kimi ulamaqdır.

Qayğıya tamarzı qalmaq,

sevgiyə həsrət çəkməkdi sənsizlik.

Sənsizlik yetim qalmaq...

yetim qalmaq deyil sənsizlik.

Anamın əlindən öpüb de:

itinə tapşır, ulamasın...

# 3505 dəfə oxunub

Oxşar xəbərlər

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

12:40 1 may 2026
"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

12:00 1 may 2026
"Ağ maral düzənliyi"  - Bir xalqın epik yaddaşı

"Ağ maral düzənliyi" - Bir xalqın epik yaddaşı

14:00 29 aprel 2026
"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

12:00 28 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər