Sonsuzdur vəhylərin mənaları

Sonsuzdur vəhylərin mənaları
28 aprel 2014
# 11:12

İbrahim Şükürov (1948 – 2003). Rusdilli Azərbaycan şairi. MDU-nin jurnalistika fakültəsini bitirib, filologiya elmləri namizədidir. 1993-cü ildən Azərbaycan Respublikası xarici işlər nazirinin müşaviri vəzifəsində çalışıb. 1997-ci ildə Prezident Aparatının təbliğat və təşviqat bölməsinin şöbə müdiri təyin edilib. “Qara yanvar” kitabının müəlliflərindən biridir (Çingiz Abdullayevlə birlikdə).

Kulis.Az Nicat Məmmədovun tərcüməsində İbrahim Şükürovun şeirlərini təqdim edir.

Sahilin gözdən itən obyektləri

başqa dənizlərdə batan

gəmiləri gözləyərkən daşlaşmış

qadınlar

dor ağacının qırığı

ola bilsin bu dəniz savaşçısının taxta ayağıdır

budur onun axsayan kölgəsi atlanır

dalğalar üstündə

duzla ağardılmış balıq sümüyü

onun uçuşunun qupquru özülü

yoxolmanın istiqaməti bir də qum qum

dənizin külü.

Adlar

Yeni günəşin əhəngi ilə parlayan təndir.

Nar ağacı,

onun əlvan qəlbini külək oğurlayıb.

Yox olan zamanın ardınca

tozlu yolda qaçan qaraçılar.

Yaşıl vadi üzərində

kədərli təpəcik kimi

uzanan dəvə.

Od şöləsinin o tayında

varlığın naxışları ilə sayrışan xalça.

Təndirin isti bətninin

yanında əlləşənlər –

onlar hamı indicə bişmiş çörəyə

ad qoyurdular.

Şair. XVIII əsr.

Dəmir darvazalarının fəryadı

hücrədəki havanı yaralayır.

Xəncərlərin söyüşməsi

getdikcə yaxınlaşır.

Misranın xarabalığını

arxada qoyub

kağızın kənarına çıxmağa,

qurtulmağa çalışırsan.

Fəqət artıq gecdir… Səni qamarlayıb

alovun,

adını pıçıldayan

dəhşətə gəlmiş izdihamın içindən

aparırlar.

Edama aparan yolla gedərkən

görürsən:

atların nəfəsi ilə

odlanmış qızılgüllər,

quş özü ilə

qürubu aparır,

sənin əlyazmalarını yandırırlar.

Kötüyü bərk-bərk qucaqlayıb

kədərlə söyləyirsən:

- Pərvərdigar, haçan bitirəcəksən qaralamanı?

Oxucu

Kitabın ovulan gili,

pozulmuş, əvvəlki

şiddətini itirmiş sözlərin əks-sədası.

Əsrlər boyunca o kitabda

yolun istiqamətini,

edam öncəsi

son yuxunun yozmasını,

bağda satqınlıq edənin adını,

ev barədə müjdəni axtarır...

Lakin sonsuzdur

vəhylərin mənaları,

və nə kitab var,

nə də oxuyana hakim.

Zamanın gözətçisi

Əncir ağacının kölgəsindəki qoca

təsbeh çevirir –

talelərimizin kəhrəba muncuqları.

Daş dodaqlarını tərpətmədən

o deyir:

- Vaxt gələcək sizi səsləyəcəyəm,

hesab qırılıb

yenidən başlayacaq,

hələlik isə əncirin şirəsini dadın,

əllərinizi qumla yuyub

qürubun yoluyla geri qayıdın.

Lap sonda o bizi nəzərləriylə yaralayır.

Müəllim

Yolu nə qədər uzatsaq belə

o həmişə eyni vaxtda,

eyni evdə

bitirdi.

Kandarda uzanmış itin

tozlu belini

arxada qoyub

biz baxımsız qalmış bağ kimi alaqaranlıq

otağa daxil olurduq.

Minillik qızılgülləri,

taxta adamların portretləri və

ölü hərflərlə dopdolu

miskin hücrəyə düşürdük.

Alaqaranlıqdan üstümüzə hirsli

qızıl eynək və göstəricinin neştəri tuşlanırdı.

Danışmağa məcbur edərək onlar

susmağı öyrədirdilər.

# 1984 dəfə oxunub

Oxşar xəbərlər

Dünyanı dəyişmək mümkün deyilsə, çıxış yolu nədədir?

Dünyanı dəyişmək mümkün deyilsə, çıxış yolu nədədir?

15:00 15 may 2024
Həmid Herisçinin xəyanəti, Anarın qələbəsi və AYBO

Həmid Herisçinin xəyanəti, Anarın qələbəsi və AYBO

09:00 8 may 2024
"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

15:00 6 may 2024
Məşhur yazıçının faciəvi həyatı və itkin məzarı

Məşhur yazıçının faciəvi həyatı və itkin məzarı

09:01 6 may 2024
Ərinə itaət edən qadının böyüklüyü

Ərinə itaət edən qadının böyüklüyü

09:00 3 may 2024
"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

12:00 1 may 2024
# # #