Ayrılıq

Ayrılıq
3 noyabr 2014
# 14:03

Yenə bu şəhərdə üz-üzə gəldik,

Neyləyək, ayrıca şəhərimiz yox.

Bəlkə də, biz xoşbəxt ola bilərdik,

Bəlkə də, xoşbəxtik,

xəbərimiz yox.

Aradan nə qədər il keçib görən,

Tanıya bilmədim,

məni bağışla.

Mən elə bilirdim, sənsiz ölərəm,

Mən sənsiz ölmədim,

məni bağışla!

“Ölmədim” deyirəm,

nə bilim axı,

Bəlkə də, mən sənsiz ölmüşəm elə,

Qəbirsiz-kəfənsiz

ölmüşəm elə.

Bəlkə də, biz onda ayrılmasaydıq,

Nə mən indikiydim,

nə sən indiki,

Ayrıldıq, şeytanı güldürdük onda;

Bu ilin

bu ayın

bu günündəki,

Elə bu küçənin bu tinindəki

məni də, səni də öldürdük onda.

…Sağımız-solumuz adamla dolu,

Qol-qola kişilər, qadınlar keçir.

Özündən xəbərsiz

ömründə min yol

Özünü öldürən adamlar keçir.

Keçir öz qanına qatan adamlar,

Bir də ki, qan hanı?

Qan axı yoxdu.

Hamı günahkardı dünyada,

Amma,

Dünyada heç kəsin günahı yoxdu.

Bizsiz yazılmışdı bu tale, bu baxt,

Sapanddan atılan bir cüt daşıq biz.

Bəlkə bu dünyada

on-on beş il yox,

Min il bundan qabaq ayrılmışıq biz.

Halal yolumuzu dəyişib, nəsə

Çaşmışıq, bir özgə yoldan getmişik.

Bəlkə min il qabaq səhv düşüb nəsə,

Minillik bir səhvə qurban getmişik.

Dəyişib yerini bəlkə qış-bahar,

Qarışıb dünyanın şəhəri, kəndi.

Bəlkə öz bətnində ögey analar

Ögey balaları gəzdirir indi.

Ömrüm başdan-başa yalandı bəlkə,

Taleyim başqaymış doğrudan elə.

O yoldan ötən qız

anamdı bəlkə,

Bəlkə də, oğlumdu bu oğlan elə.

Bu yalan ömrümdə görən sən nəsən?

Bəlkə heç sevgilim deyilsən mənim.

Anamsan,

bacımsan,

nənəmsən,

nəsən?!..

Bircə Allah bilir, nəyimsən mənim.

Bizi kim addadar bu ayrılıqdan,

Çatmaz dadımıza

nə yol, nə körpü.

Ölüsən,

dirisən,

hər nəsən,

dayan!

Dayan, heç olmasa əlindən öpüm…

Deyirsən: “Ölüyəm, ölünü öpmə…”

Əlimin içində

soyuyur əlin.

Deyirsən: “Sən allah, əlimi öpmə,

əlimdən, deyəsən, qan iyi gəlir…”

# 2473 dəfə oxunub

Oxşar xəbərlər

Günahı başqalarında axtarmaq ehtiyacı...  - Mətanət Vahid

Günahı başqalarında axtarmaq ehtiyacı... - Mətanət Vahid

14:15 30 yanvar 2026
"Onun yaradıcılıq nümunələri sanki mətnin ortasında qurtarır..." - “Səksənincilər" layihəsindən Kamran İmranoğlunun essesi

"Onun yaradıcılıq nümunələri sanki mətnin ortasında qurtarır..." - “Səksənincilər" layihəsindən Kamran İmranoğlunun essesi

10:00 30 yanvar 2026
"Heç kim bizim qədər xoşbəxt ola bilməzdi" -  Virciniya Vulf  niyə intiharı seçmişdi?

"Heç kim bizim qədər xoşbəxt ola bilməzdi" - Virciniya Vulf niyə intiharı seçmişdi?

15:00 25 yanvar 2026
Cətin oxunan, eyni zamanda unudulmaz poeziyanın yaradıcısı - Boleslav Lesmian

Cətin oxunan, eyni zamanda unudulmaz poeziyanın yaradıcısı - Boleslav Lesmian

16:45 22 yanvar 2026
SSRİ-nin Cavid qorxusu - İblis əslində, kim idi?

SSRİ-nin Cavid qorxusu - İblis əslində, kim idi?

18:21 21 yanvar 2026
Ədəbsiz, aşağı səviyyəli əyləncə - Corc Oruellin Tolstoya sərt cavabı

Ədəbsiz, aşağı səviyyəli əyləncə - Corc Oruellin Tolstoya sərt cavabı

11:00 21 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər