Plagiat dəli, şit hamilə qız, yolaverdi səhnələr - Vüqar Babazadə yazır...

"Zəhər Tuluğu" filmi

"Zəhər Tuluğu" filmi

27 dekabr 2021
# 17:00

Kulis.az Vüqar Babazadənin "Tuluğun içində, həqiqətən də, zəhər varmı?" adlı yazısını təqdim edir.

DİQQƏT: YAZIDA SPOİLER VAR.

Bir neçə gün əvvəl Taleh Yüzbəyovun “Zəhər Tuluğu” filminə baxdım. Üstəlik qala gecəsində iştirak edərək, aktyor və təşkilatçı heyəti ilə birgə. Çox söz deyildi, yazıldı. Bir-iki cümlə də mən yazmaq istədim.

Film mənə görə uğursuz alınmışdı. Çünki...

1) Filmdə başdan-ayağa “klişe”lərdən, dramda kütlənin ruhuna birbaşa sirayət edən standart qəliblərdən gen-bol istifadə olunmuşdu. Oxucunun ümumi mənzərəni daha yaxşı görməsi üçün kiçik bir misal:

Taleh Yüzbəyov restorandadır. Ofisiant yaxınlaşıb, Talehdən nə istədiyini soruşur:

– Buyurun, müəllim, necə bir şey istərdiz?

– Vicdanlı müəllim, amma arvadı ölsün.

– Aha...

– Amma filmin ortalarında inandığı dəyərlərdən əl çəksin, dirəndiyi şeylərə təslim olsun. Başqa seçimi olmasın.

– Aha...

– Hər şeyi bilən, yaşından böyük davranan balaca qız. O da ölsün amma.

– Necə öldürək, müəllim?

– Pnevmoniyadan ölsün.

Axı pnevmoniyadan adam ölmür.

– Müştəri hər zaman haqlıdır. Deyirəm pnevmoniyadan ölsün, deməli ölsün.

– Baş üstə.

– Bir dənə dəli olsun.

– Necə dəli?

– “7-ci koğuştakı mucize”dəkindən. Velosiped sürsün, ancaq gülsün, vicdansız adamları təhqir etsin, uşaqlarla oynasın filan.

– Başqa?

– Bir dənə şit hamilə qız.

– Aha, şit hamilə qız.

– Sosial mesajlar olsun bir az. Onu özünüz edərsiz. Xəstəxanada rüşvət, məktəbdə rüşvət, polisdə rüşvət. Hər yerdə rüşvət.

– Başqa?

– Qadına şiddət olsun.

– Yanında nəsə istəyirsiz?

– Komediya olsun. Amma soyuq olsun.

– Müəllim, istədikləriniz hazır olandan sonra xoşunuza gəlməsə, restoranımız bonus olaraq, özünümüdafiə vasitəsi də verir.

– Necə?

– “Hər şeyə rəğmən, uşaqlar fərqli bir iş görməyə çalışıblar. Üstəlik, pandemiya şəraitində çəkildiyini nəzərə almaq lazımdır” – belə.

Ümid edirəm ki, əziz oxucuda, ümumi mənzərə formalaşdı.

2) Bir filmdə, romanda, hekayədə, hər nədəsə, ssenarist, yazıçı özünə sual verməlidir:

“Bu nəyə lazımdır?” Bu həyati sual əsərdə hər şeyi həll edir.

Əgər “bu nəyə lazımdır?” sualına “heç nəyə” cavabı tapılırsa, kompüterdəki "delete" düyməsi bəs nə üçündür?

Mirmehdi demiş, əvvəldəki minalar partlamalıdır. Əgər partlamırsa, deməli, bu heç nəyə lazım deyil.

Nə qədər ki, yazdıqlarınıza və çəkdiklərinizə aşiq olacaqsınız, ortaya belə şeylər çıxacaq.

“Zəhər tuluğu”nda həddindən artıq “bu heç nəyə lazım deyil” tipli səhnələr var idi. Yazının əvvəlində yekə hərflərlə “diqqət spoiler var” yazmağıma baxmayaraq, burda səhnələri bir-bir xırdalamıram. Zəhmət çəkin, gedib, kinoteatrda izləyin. Nə də olsa, bu yaxşı bir kassa filmidir.

3) Qəhrəmanlar kartondan və cansız idi.

Xüsusilə Ləman Mərrihin obrazı yaxşı işlənməmişdi. Ləman xanım aktyor işini üstünə düşən qədər, hətta üstünə düşəndən daha da artıq oynamışdı. Sadəcə onun Leyla obrazı havada qalmışdı. Sanki ssenarist Leylanı tanımırdı.

Biz bəzi səhnələrdə onu key, bəzi səhnələrdə gülməli, bəzi səhnələrdə çox ağıllı, bəzi səhnələrdə çox cəsarətli və həyasız, bəzi səhnələrdə evdar, bəzi səhnələrdə isə duyğu dağarcığı kimi görürdük. Bütün bunların üstünə bir də, o, hamilədir.

Belə şey olar? Sizə sual verirəm. Əziz ssenarist və rejissor heyəti: Belə şey olar? Nə yazırsız yazın, nə çəkirsiz çəkin, pis də olsa, yaxşı da olsa, heç olmasa həyatın içindən olsun.

Əgər hekayə inandırıcı deyilsə, aparın tullayın onu zibil qutusuna.

(Bu səhnə filmin treylerində olduğu üçün spoiler hesab olunmur)

Xəstəxanada döyüş səhnəsi isə tam bir fiasko idi. Təsəvvür edin iki nəfər xəstəxanada əlbəyaxa dalaşır, dərmanlar dağılır, şüşələr sınır, qan su yerinə axır, silahlar çəkilir. Bir nəfər də gəlib çıxmır. Gəlib çıxan da xəstəxananın baş həkimidir. Onun bu həngaməni görəndən sonra verdiyi reaksiya isə belə olur:

– Siz neynirsiz? Bura xəstəxanadır.

Cəfəngiyyat, süni, yolaverdi, basməmmədi bir səhnə.

4) Bayaq deyildiyi kimi qadına şiddət də növbəti dəfə qabardılır.

Azərbaycan qadınının ərindən başqa heç kiminin olmaması, yalnız Adil kimi zəhər tuluqları olandan sonra öldürülən qız övladlarını qoruya bilmələri, döyülsələr də, söyülsələr də, ölümlə hədələnsələr də, doğsalar da, doğmasalar da ərinə sədaqətli olmaları və s. izləyicinin gözünə soxulurdu. Qadının aciz bir varlıq olması tamaşaçıya hər səhnədə göstərilirdi.

Misalçün:

(Bu səhnə də filmin treylerində var. Ona görə də spoiler hesab olunmur)

Leyla qız övladı istəməyən və onu aldırmaq istəyən ərini sevir. Amma övladına görə ondan qaçmaq məcburiyyətində qalır. O hər şeyə rəğmən, yenə də ərinə sədaqətlidir. Küçədə döyüləndə də, Adil onun ərinin əlindən alanda da, hətta telefonda onu ölümlə hədələyəndə də ərini sevir.

Hərdən Leylanın əri haqqında danışdığı səhnələrdə ürəyim bulanırdı.

Həyatın içindən deyəndə bunu nəzərdə tutmuram. Qadına şiddət kimi həssas bir mövzunu belə kobud şəkildə işləmək olmaz. Bu cür filmlər həyatımıza təsir edir. Üstəlik, cəmiyyətdə ikon halına gəlmiş və müəyyən qədər kitabla, səviyyəli şeylərlə, maarifçi davranışlarla adı hallanan Taleh Yüzbəyov kimi gənclərin sevimlisi olan bir adamdan bu cür təhlükəli gedişlər görmək adamı üzür.

Adilin son səhnələrdə Leylanın hozu ərinə dediyi bir cümlə var ki, eşidəndə zaldan çıxmaq istədim:

– Ailəni sev, çünki onların səndən başqa heç kimi yoxdur.

Necə yəni? Belə çıxır ki, Azərbaycanda evlənmiş, ərə getmiş qızın ərindən başqa heç kimi yoxdur. Onda bu deyimi xatırlayıb, utanaq. “O evdən ancaq meyitin çıxa bilər”.

Fahişə mövzusuna xüsusilə toxunmaq istəyirəm. Fahişənin qapısına gələn müştərini qarşılayan Adil, onun əsl üzünü gördükdən sonra hamilə qızı da götürüb onu tərk edir. Və bir daha biz onu filmdə görmürük. Daha sonra Adil öz dostu ilə danışır: Dialoq şərti olaraq təxminən belədir ki, Adilin dostu fahişəyə “filankəs xanım” deyir. Onun fahişə olduğunu biləndən sonra isə Adillə zarafatlaşır ki, “bilsəydim “xanım” deməzdim”.

Taleh Yüzbəyov adamlara göstərir ki, “ay camaat, fahişəyə xanım filan deməyin haa”. Artıq sözə nə hacət, nə demək istədiyimi, yəqin ki, başa düşdüz. Cinsi ayrıseçkilik, hər kəsin insan cəmiyyətində sosial statusu və sair məsələləri yazıb, ucuzluğa getmək istəmirəm. Mənə toxunan o oldu ki, bu dialoqa zaldakı adamlar heç nə olmamış kimi güldülər.

5) Son olaraq zalın ümumi mənzərəsindən danışmaq istəyirəm.

Əvvəla onu qeyd edim ki, arxamda bir qadın və kişi oturmuşdu. Kişi xarici vətəndaş idi və bu cütlük ingiliscə danışırdı. Bu səbəbdən qadın hər cümləni kişiyə ingiliscə tərcümə edir, mənim bütün əsəblərimi pozurdu.

Azərbaycanlıların çox qəddar və amansız olduğunu filmdəki bir səhnə ilə daha aydın müşahidə etdim.

(Bu səhnə də filmin treylerində olduğu üçün SPOİLER HESAB OLUNMUR)

Fahişənin Adil tərəfindən tərk edildiyi və onun pilləkəndə oturub ağlamaq səhnəsi zaldakı adamların canına yağ kimi yayıldı. Qaranlıq olsa da, mən insanların gözlərindəki nifrət və razılığı hiss edə bilirdim.

Zalda Adilin hər “hero” hərəkətinə əl çalınır, hər bayağı zarafatına gülünürdü. O Leylanın hozu ərini döyəndə adrenalin bütün zalı ağuşuna almışdı. Mənə orda tamamilə aydın oldu ki, bu film kütləyə hesablanıb və “hype” yığmaq xətrinə çəkilib. Xüsusilə boş səhnələrin musiqilərlə dramatik hala gətirilməsi.

Belə. Hər halda, film, mənə görə, uğursuz alınmışdı. Bəlkə də, Samirə Əşrəf demiş, “plankanı” yüksək tutmuşdum. Daha yaxşı şeylər çəkmək niyyətilə, Taleh və komandasına uğurlar arzulayıram.

# 14469 dəfə oxunub

Oxşar xəbərlər

# # #