Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?

Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?
23 iyun 2026
# 15:45

Bu gün tanınmış gürcü yazıçı və şair Lado Asatianinin anım günüdür.

Kulis.az onun haqqında materialı təqdim edir.

Gürcü ədəbiyyatının ən parlaq və eyni zamanda ən faciəvi taleli simalarından biri olan Lado Asatiani (əsl adı: Vladimir Asatiani), cəmi 26 il yaşamasına və 7 illik qısa yaradıcılıq yoluna baxmayaraq, XX əsr gürcü poeziyasının əvəzedilməz klassikinə çevrilmişdir. Onun yaradıcılığı Stalin repressiyalarının, sərt sovet senzurasının ən qanlı illərinə təsadüf etsə də, o, bu ideoloji qəfəsə sığmayan nadir sənətkarlardan ola bilmişdir.

Lado Asatiani 14 yanvar 1917-ci ildə Kutaisidə, müəllim ailəsində anadan olub. Uşaqlıq illəri onun təbiətinə və yaradıcılığına böyük təsir göstərmiş ecazkar mənzərəli Bardnala kəndində (Leçxumi bölgəsi) keçib. Kutaisi Pedaqoji İnstitutunu bitirdikdən sonra, 1938-ci ildə Tbilisiyə köçmüş və burada müxtəlif qəzetlərdə, o cümlədən gənclər mətbuatında çalışmışdır.

Gənc yaşlarında o dövr üçün müalicəsi demək olar ki, qeyri-mümkün olan vərəm xəstəliyinə tutulur. 1939-cu ildə Qırmızı Orduya hərbi xidmətə çağırılsa da, xəstəliyinin ağırlığına görə dərhal tərxis edilir. Ömrünün son illərini xəstəliyin gətirdiyi fiziki ağrılarla, lakin durmadan yazaraq keçirən şair, 23 iyun 1943-cü ildə Tbilisidə vəfat etmişdir. İlk olaraq Vake qəbiristanlığında dəfn edilsə də, 1968-ci ildə cənazəsinin qalıqları Gürcüstanın ən görkəmli şəxsiyyətlərinin uyuduğu Didube panteonuna köçürülmüşdür.

Lado mətbuatda ilk dəfə 1936-cı ildə "Fevral səhəri" adlı şeiri ilə debüt edir. Onun yaradıcılığının çiçəklənmə dövrü Lavrenti Beriyanın gürcü ziyalılarına divan tutduğu, poeziyanın ancaq partiyanı tərənnüm etməli olduğu qaranlıq bir zamana təsadüf edirdi. Lakin Lado tamamilə fərqli bir yol seçdi. Şeirlərində sovet şüarlarından uzaq duraraq, gündəlik həyatın sadə sevinclərini, insan hisslərini və təbiəti zərif bir ironiya və musiqili dillə vəsf edirdi.

İkinci Dünya müharibəsi başladıqdan sonra o, gürcü xalqının qəhrəmanlıq keçmişinə, tarixi köklərinə həsr olunmuş dramatik əsərlər yazmağa başladı. Onun məşhur "Gürcüstanda doğuldular..." misraları ilə başlayan şeirləri xalqın milli ruhunu oyadırdı.

Ladonun gürcü dili müəllimi olan anası Lida Tsikitishvili, kiminsə satqınlıq xarakterli donosu əsasında həbs edilərək Sibirə sürgün olunur. Lado ilk şeiri dərc olunanda böyük sevinclə həmin qəzeti anasına göndərir. Lakin qəzet Sibirə çatanda anası artıq ölüm yatağında idi. Düşərgə rəhbərliyi qəzeti ona vermək istəməsə də, oradakı digər gürcü məhbusların israrlı xahişindən sonra şeiri ölüm ayağında olan anaya uca səsdən oxuyurlar. Ana oğlunun uğurunu eşidərək gözlərini əbədi yumur.

1943-cü ildə Ladonun şeirlərindən ibarət "Əcdadlar" adlı kitabı çapdan çıxır. Müəllifə cəmi 10 ədəd pulsuz nüsxə verilir. Lakin elə həmin gün şeirlərin sovet ideologiyasına zidd, həddindən artıq millətçi ruhda olduğu əsas gətirilərək kitabın bütöv tirajı mətbəədəcə doğranaraq tamamilə məhv edilir. Şair ömrünün son günlərində bu ağır zərbəni yaşayır.

Həyat yoldaşı Aniko Vaçnadze ilə evləndikdən sonra Tbilisidə, Dzerjinski küçəsində cəmi 14 kvadratmetrlik, pəncərəsi olmayan balaca bir otaqda yaşayırdılar. Otağa yeganə gün işığı yalnız qapının üzərindəki kiçik şüşədən düşürdü. Ağır vərəm xəstəsi olan bir şair üçün bu şərait intihar kimi idi. Xəstəliyi şiddətlənəndə o, dağ havası almaq üçün Abastumaniyə gedir, bir az özünə gələn kimi yenidən Tbilisiyə qayıdırdı.

Lado gələcək həyat yoldaşı Anikonu ilk dəfə küçədə görüb aşiq olur və ona anonim bir sevgi məktubu göndərir. Yazıçılar İttifaqında çalışan Aniko məktubu dostlarına göstərir və onlar xəttin sahibini axtarmağa başlayırlar. Şair Revaz Margiani xəttin Lado Asataniyə məxsus olduğunu təxmin edir. İlk vaxtlar Aniko utandığından məktubu cırıb atsa da, dostları Nika Agiaşvilinin vasitəçiliyi ilə rəsmən tanış olduqdan cəmi bir neçə gün sonra onlar evlənirlər.

Lado ömrünün sonlarında xəstəliyinə görə Tbilisinin yoxuşlu küçələrini gəzə bilmirdi. Həyat yoldaşı onun üçün məşhur rəssam Lado Qudiaşvilinin evinin üzbəüzündə yerləşən "Orient" otelində otaq kirayələyir. Pəncərədən rəssamın evini izləyən şair həmişə arzulayırdı ki, kaş kitabının tərtibatını və illüstrasiyalarını məhz Qudiaşvili edəydi.

Bu arzu şairin sağlığında gerçəkləşməsə də, ölümündən sonra böyük rəssam Lado Asataniyə olan ehtiramını onun kitabının üz qabığına şairin möhtəşəm portretini çəkərək göstərdi.

Bu gün Tbilisinin ən qədim və tarixi küçələrindən biri məhz Lado Asatiani adını daşıyır.

Onun Leçxumidəki 3 əsrlik taxta uşaqlıq evi isə hazırda şairin şəxsi əşyalarının, əlyazmalarının qorunduğu rəsmi ev-muzeyi kimi fəaliyyət göstərir.

# 92 dəfə oxunub

Oxşar xəbərlər

Hamının bildiyi dastanda heç kimin görmədiyi sirrlər - Dədə Qorqud əslində, kimdir?

Hamının bildiyi dastanda heç kimin görmədiyi sirrlər - Dədə Qorqud əslində, kimdir?

15:00 23 iyun 2026
"Unutmaq istədiyimiz həqiqətlər..." - “Qəvvas”la bu hekayənin nə əlaqəsi?

"Unutmaq istədiyimiz həqiqətlər..." - “Qəvvas”la bu hekayənin nə əlaqəsi?

10:00 23 iyun 2026
"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

15:00 22 iyun 2026
"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

13:00 22 iyun 2026
Yenilməz söz yolçusu - Afaq Məsud

Yenilməz söz yolçusu - Afaq Məsud

17:04 19 iyun 2026
Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

16:20 18 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər