Kulis.az Anar Oğuzun "İsmayıl YK estetikasında yazılmış şeirlər" yazısını təqdim edir.
Dünən “Bookcenter”də satıcı qızdan soruşdum ki, sizdə Fəridə Zeronun hansısa kitabı var?
Qız elə bil yuxudan ayıldı. Təəccüblə üzümə baxıb soruşdu:
— Üzr istəyirəm, Fəridə kim?
— Zero. Ze-ro…
— …
— Zero, yəni ingiliscə “sıfır”.
— Aaa, Zero… Bir dəqiqə, baxım.
Əlindəki aparatda barmaqlarını sürətlə gəzdirdi. Bir neçə saniyədən sonra başını qaldırdı. Üzündə səmimi bir məyusluq vardı:
— Təəssüf ki, yoxdur.
— Bəs Fəridə Uğur?
— Bir dəqiqə… yenə baxım…
Qız incə barmaqlarını ekranda gəzdirdikcə qaşları yavaş-yavaş çatılırdı:
— Xeyr, bəy, Fəridə Uğurun da kitabı yoxdur.
— Yaxşı, bəs Fəridə Məmmədova?
Qızın bayaqdan üzündə qoruduğu süni təbəssüm qəfil çat verdi. Baxışları sərtləşdi.
Bu dəfə əlindəki aparatı qurcalamadan sərt şəkildə bildirdi: “Xeyr, o da yoxdur”.
Utandığımdan kitab mağazasını tərk edib evə yollandım. Qız elə düşündü ki, mən onu dolayıram. Onun yerinə kim olsaydı belə düşünərdi. Axı mən satıcı qızı necə başa salaydım ki, doğrudan da Fəridə Zero Uğur Məmmədovanın kitabın axtarıram.
Divanda uzanıb feysbukda gəzişirdim. Qəfil qarşıma Fəridə Zeronun kulis.az saytında yeni şeirləri çıxdı.
Sayta keçib şeirləri oxudum. Bu qənaətə gəldim ki, Fəridə xanım təxəllüsünü dəyişməkdə düz edib. Fəridə xanım yaradıcılıq yolunda özünə uyğun təxəllüslər gəzib-gəzib, axırda ən yaxşısını tapıb: Fəridə Zero. Əla.
“Bakıya elegiya” adlı şeiri oxuyanda fikir verdim ki, biz bu şeirdə “Bakı” sözünün yerinə Gəncə, Mingəçevir, Paris, Sumqayıt, Roma, Naftalan şəhərlərinin adını qoysaq, şeir heç nə itirməz. Gəlin baxaq, mən öz zövqümə uyğun olanı — Sumqayıt şəhərini seçirəm, siz də öz zövqünüzə uyğun şəhər adını seçib dalına bu “şeiri” yapışdırın:
“Sumqayıt — yarımçıq hekayələrin şəhəri,
nə bitməz, nə başlamaz.
Xoşbəxtliyini heç kimə bağışlamaz.
Yollar şəhərin üzündəki yara izləridir Sumqayıtda,
çiçəklər — adamların əlində günah ləkəsi…
Hərə öz qaranlığını sürüyür ardınca,
işıq yoxdur.
Bu şəhərdə hamı kölgədir.
Xəyallar arzulara sığmaz bu şəhərdə,
bir anlıq sükuta yerləşər amma bir ömrün səs-küyü.
İçində gəzdirdiyin sükutla,
Şəhərin səsinə qarışarsan sən də,
anlayarsan:
Sumqayıt bütün limansızların sığındığı sonuncu Bəlkədir.”
Hansısa şəhər, yaşayış məskəni ədəbiyyatda həmişə özünəməxsus detallar tələb edir. Məsələn, Bakı deyəndə şablon da olsa, heç olmasa müəllifdən külək, neft qoxusu, daş binalar, dar küçələr, dənizlə münasibət kimi spesifik detallar gözlənilir.
Yoxsa şeirdə işlənən ifadələrə baxın:
“yarımçıq hekayələr”
“yollar yara izləridir”
“hamı kölgədir”
“işıq yoxdur”
“limansızların sonuncu bəlkəsi”
Təsadüfi deyil ki, Fəridə xanımın seçdiyi “Zero” təxəllüsü onun bədii təfəkkürü ilə qəribə bir harmoniyadadır. Bəlkə də Fəridə xanımın günahı yoxdur, o bu şeirləri süni intellektə yazdırıb, sonra da redaktə edib. Ola bilsin, hamısı ChatGPT-nin və ya Gemini-ın günahıdır.
Növbəti şeirə baxaq:
“Vaveyla!
(Xilas üçün boğulanların şeiri)
Bu eşqin dərinliyini öz əllərimlə toxudum,
indi bu qaranlıq mağarada
daşdan daman su səsi kimi əks-səda verir adın.
Vaveyla!
Adın — yolumu kölgələyən qədim küçə fənəri…
Xilas edərsən deyə atıldım sulara,
boğuldum, gəlmədin.
“Qəlblər kor olmaz” yalan imiş,
Səni qəlbim bilirdim, görmədin.
Etibarsızlığına güvənirəm daha,
gəlməməklə sahilə çıxmağın yolunu öyrətdin mənə.
“Biz hər canlını sudan yaratdıq” — mən də belə yarandım.
Ağırlığıyla dərinlərə çəkən ümidlərdən qurtuldum, sağ ol.
(Allah səbir edənlərləymiş).
Özünü sökmək fəna imiş (Rəbbim, mən özümə zülm etdim)…
Şəhərin tozlu təlaşında hərdən
səni görüb yavaşıyıb soruşmaq istərdim:
Sevgini çörək kimi ovub qumrularamı səpdin,
ürəyin boylandığın sularda balıqlaramı düşdü, hanı?
gözlərinin işığını qaranlıqlarmı apardı,
mənə qalmadın?!…”
İndi isə bu şeirin bədii bəzəklərini, dini sitatlarını, hay-küyünü kənara qoyub, altındakı mövzunu nəsrə çevirək. Ortaya təqribən belə bir mənzərə çıxır:
“Mən bu münasibəti özüm çətinləşdirdim, indi isə qaranlıq bir yerdə tək qalıb səni xatırlayıram. Mən sənə güvənib risk elədim, amma sən məni darda qoydun. Sənə çox inanırdım, amma sən məni görmədin. İndi başa düşürəm ki, sənə etibar etmək olmazmış. Məhz sən gəlmədiyin üçün mən təkbaşına sağ qalmağı öyrəndim. Mənə verdiyin boş ümidlərdən əl çəkdim və beləcə rahatlaşdım. İnsan özü-özünü məhv edəndə çox pis olurmuş. Mən özümə yazığım gəlmədən zülm elədim. İndi bu şəhərdə səninlə rastlaşsam, sadəcə soruşmaq istəyirəm: O boyda sevgini nə etdin? Hamısını xərcləyib qurtardın? Niyə mənim üçün heç nə saxlamadın?”.
Xülasə, “mən səni sevdim, sən məni sevmədin, Allah sənin belanı versin, bana gelen sana gelsin yaaaar” söhbətinin bir az daha banal forması. Görəsən, Fəridə Zero “yeni şeirlərim” deyəndə nəyi nəzərdə tuturdu? Həqiqətən, Fəridə Zero elə bilir ki, “Allah sənin belanı versin, bana gelen sana gelsin yaaaar” söhbətlərinə “atıldım sulara, boğuldum”, “qəlblər kor olmaz”, “gəlmədin”, “qaranlıq mağara”, “daşdan daman su səsi”, “əks-səda”, “sevgini çörək kimi ovub qumrularamı səpdin…” kimi duzsuz ifadələr əlavə etməklə yeni şeir yazıb?
Fəridə xanımın saytlardakı digər şeirlərinə də göz gəzdirdim. Fəridə xanımın bir-iki şeiri istisna olmaqla, bütün şeirləri İsmayıl YK estetikasındadır.
İsmayıl YK demişkən, bir qız qohumum var idi. Yay tətilində anası ilə bizə gəlmişdilər. Bir-iki ay bizdə qaldılar. Bu qız İsmayıl YK- nı sevirdi. Yekə bir dəftərə İsmayıl YK-nın şəkillərini yapışdırmışdı. Hər şəkildən sonra, növbəti səhifədə İsmayıl YK-ya məktublar yazmışdı və möhkəm inanırdı ki, İsmayıl YK bir gün bu məktubları oxuyacaq, onun böyük sevgisinə hansısa bir formada cavab verəcək.
İnternetdə, yaxud hansısa türk kanallarında “İsmail YK hayranıyla aşk yaşıyor” tipli xəbər sərlövhəsi görəndə cin atına minir, qan beyninə vururdu. Belə anlarda özündən çıxıb İsmayıla məktublar yazdığı dəftəri cırıb tullamağa, yandırmağa cəhd etsə də, son anda fikrindən daşınırdı.
Bir axşam evə gəldim ki, evdə qırğındı. Anası qızın saçından tutub sürüyür. Qızı yaxşı çırpandan sonra ana-bala mətbəxdə oturub dinməz çay içdilər. Çantalarına pendirdən, üzümdən qoyub rayona yola çıxdılar. Sonra evdəkilərdən öyrəndim ki, sən demə, İsmayıl YK Bakıya konsertə gəlib. Bu qız da gizlincə evdən qaçıb konsertə gedəndə məhəllənin başında anası tutub. Sürüyə-sürüyə evə gətirib.
İllər keçdi, həyatın sərt üzü bu qızı ağıllandırdı. O mənasız, heç bir perspektiv vəd etməyən xəyallarından əl çəkdi, ayağını yorğanına görə uzatdı və "vosmoyun bazarı"nda ağartı məhsulları satan bir oğlana ərə getdi. İndi üç uşaq anasıdır. “Aygün Mall”da xadimə işləyir. Arzum budur ki, həyat bütün insanları bax beləcə ağıllandırsın. Yaşından və cinsindən asılı olmayaraq bütün insanlar göydə, buludların arasında yox, yerdə, torpağın üstündə yaşasınlar.
Fəridə xanım pafosdan və sentimentallıqdan kəskin şəkildə əziyyət çəkir. Tək şeirlərində yox, adicə hansısa hekayəyə, romana, yazıya fikir bildirəndə də istəyir ki, fərqli görünsün. Dərhal klip çəkmək, klipə çəkilmək istəyir.
Sara İbrahimin “Çəhrayı çobanyastığı” kitabına Fəridə xanım belə bir rəy yazmışdı:
“Qadını susdurub tarixi dəyişirlər. Amma qadın nə vaxtsa dillənir. Ən azı pıçıldayır. Və qadın pıçıldayanda artıq heç nə əvvəlki kimi olmur. Çünki o pıçıltı divarlara çat salır — dağılmaz, uçmaz dediyin divarlara. Sonra soyuqlar dolur o çatlardan içəri. Və bir də heç vaxt qızmır o otaqlar. Bizə sevgi nazla yox, səssiz dözümlə öyrədildi. Və çox vaxt həyatımızı alt-üst edən də elə dözdüklərimiz oldu. Sevdiklərimiz… Ya da adını sevgi bildiklərimiz.”
Bu hissədən gördüyünüz kimi, Fəridə xanımın pafosu bizim bildiyimiz pafosdan deyil. Nədirsə başqa şeydir.
Məsələn, Fəridə xanımın şeirləri mənə uşaq vaxtı parklarda, məktəblərin qabağında satılan böyük, rəngli şəkər pambıqlarını xatırladır. Əlində tutanda elə bilirsən ki, nəhəng bir şey tutmusan, sevinirsən, amma ağzına qoyan kimi saniyələr içində əriyib yoxa çıxır, damağında sadəcə yapışqan bir şirinlik qalır. Fəridə xanımın şeirlərində bu şirinlik olmasa da, yapışqanlıq var.
Tövsiyə vermək kimi çıxmasın, məncə, Fəridə Zero Uğur Məmmədova bir müddət Sezen Aksuya, Şebnem Feraha, Hande Yenerə, Mabel Matizə, Mahsun Kırmızıgülə, Ebru Gündeşə qulaq asmağa, hələ də yutubda "Kaybolan yıllar"ın, "Acı hayat"ın, "Ezo gəlin"in, "Aşka sürgün"ün təkrarına baxmağa ara verməli, müasir dünya şairlərini oxumalıdır.
Məsələn, Oşen Vunq, Vorsan Şir, Adonis, Tomas Tranströmer, Treysi K. Smit, Klaudiya Rankin, Qarous Əbdülməlikyan, Mahmud Dərviş, Derek Uolkott kimi müəllifləri oxusa, əminəm ki, Fəridə Zero Uğur Məmmədova xanımda bir gecədə olmasa da, müəyyən bir vaxtdan sonra yaxşı mənada dəyişiklik baş verəcək.