Kulis.az Samirə Əşrəfin yeni yazısını təqdim edir.
Rəşad Səfərin “Cənubda ən uzun gün” adlı romanını oxuyub bitirdim. Doğrusu yay fəsli üçün planlaşdırdığım dərslikləri, pyesləri bir kənara qoyub həvəslə romana başladım. Çünki son bir ildə yerli ədəbiyyat oxumamışdım. Bilmək istəyirdim görüm, mənim öz müasirlərimi, həmyaşıdlarımı hansı problemlər, ağrılar narahat edir. Onların maraq dairəsi, ədəbiyyata yanaşma tərzi hazırda hansı vəziyyətdədir.
“Cənubda ən uzun gün” romanının iyiriminci səhifəsinə çatanda hiss etdim ki, nə isə yerində deyil. Bir səhifədən bir çevrilən vərəqlər heç bir yenilik, maraq yaratmır, təəssürat oyatmır. Bəlkə də inanmayacaqsınız, amma çox pəjmürdə oldum. Çünki müəlliflə heç bir şəxsi tanışlığımız olmasa da, yazıçı keyfiyyətləri haqqında ancaq yaxşı fikirlər eşitmişdim.
Beləcə, bir neçə vərəq də arxada qoyandan sonra anladım ki, ümidlər həmişə özünü doğrultmur.
Roman Şahin İsgəndərli adlı səfirin anlaşılmaz vurnuxmalarından, yersiz tərəddüdlərindən bəhs edirdi. Şahin cəmiyyətdən qopan, ədəbiyyatla məşğul olmağa çalışan, amma vəzifəsinə görə buna heç cür vaxt tapa bilməyən, hətta bu mənada özünü xeyli gecikmiş hesab edən qaradinməz insandır. O, həyat yoldaşı Mədinə ilə birgə Buenos-Ayresdə yaşayır. Orada səfir kimi fəaliyyət göstərir. Və bütün həyatı boyu yazıçı ola bilməməyin “əzabını” çəkir. Tədbirlərin birində Şahin oğlu Emilin ölüm xəbərini alır. Oxucu ciddi-cəhdlə gözləyir ki, bəlkə bundan sonra onun əhvalında, yerişində, duruşunda nə isə baş verəcək, konflikt yaranacaq, aləm qarışacaq. Ancaq heç nə baş vermir.
Müəllif fərqli yozumlara müraciət edərək ənənəvi yas mərasimi, ab-havası yaratmamağa, hətta klişeləri dağıtmağa cəhd göstərir. Bəzi yerlərdə, buna müəyyən qədər də nail olur. Amma ümumilikdə bu nailiyyət keçici və aldadıcı alınır. İstənilən həyat hadisəsinin inandırıcı olması üçün onun əsaslandırılması çox vacibdir. Əgər müəllifin yaratdığı qəhrəman yaşadığı xoşbəxtliyi və ya bədbəxtliyi doğrulda bilmirsə, obraz və hadisələr bir-birini tamalamırsa, burada heç bir bədii uğurdan söhbət gedə bilməz.
Bu mənada Rəşad Səfərin yaratdığı qəhrəmanların heç biri öz mənlərini, şəxsi kimliklərini, yaşadıqları hadisələrin, situasiyaların həqiqiliyini doğrulda bilmir, başlarına gələn faciələrin miqyasını duya bilmirlər.
Səfir oğlunun ölüm xəbərini alandan sonra kabinetinə keçib səkkiz saat orda oturur. Uzunmüddətli turbulansa düşür. Əslində müəllif burada uğurlu nələrsə etməyə çalışır, qəhrəmanın dərdini, sarsıntısını daxili monoloqlarını səssiz sorğu-suallara təqdim etməyə cəhd edir. Amma bütün bunlar uğursuz alınır. Şahin İsgəndərlinin daxili monoloqları, təbəddülatları qəti şəkildə inandırıcı və səmimi təsir bağışlamır. Sanki o, dayanmadan özü haqqında yox, qonşusu, yoldan keçən bir adam haqqında bəhs edir. Yəni roman boyu nə baş verirsə, hamısı qurama, qondarma, həqiqətlə ayaqlaşmayan hisslərin, kədərin imitasiyası olur.
Özünü tanıyandan caduyla, sarıkök, istiotla, şəkərbura və paxlavayla məşğul olan Mədinə oğlunun ölümünə evləri tozsoronlamaqla, deyinməklə bir, iki süni söz işlətməklə münasibət bildirir. Halbuki, elə səssiz, sədasız otaqları təmizləməklə və ya susub bir yanda oturmaqla öz dərdini ifadə edə bilərdi. Axı süni sözlər, yalançı müəllif bəzək-düzəyi nəyə lazım idi?
Ailənin digər övladı Mehricanın varlığı romana heç bir rəng, fərqli məna qatmır. Oxucu roman boyu bu obrazın varlığını belə hiss etmir. Yəni Mehrican olsa da, olmasa da, heç nə dəyişmir.
Roman boyu müəllifin ekzistensializmə müraciəti dərindən duyulur. Lakin bu müraciəti Mədinə xanımın üzərindən etmək uğursuz forma olur. Nə Mədinə, nə Şahin İsgəndərli bu cərəyanın tələblərinə cavab verən hərəkətlərə, əməl xəttinə malik qəhrəmanlar deyillər. Bu faktı bitkin şəkildə təsdiqləyən heç bir təbii hərəkət baş vermir.
Müəllifin yerli ədəbiyyata münasibətini bilmirəm. Amma ötən əsrdə yazıb yaradan Sabir Əhmədlinin, Yusif Səmədoğlunun, Anarın, Elçinin, Afaq Məsudun insanın cəmiyyətə yadlaşmasından, cəmiyyət və məişət arasındakı uçurumundan bəhs edən kifayət qədər əsərləri vardır. Afaq Məsudun yaradıcılığının böyük hissəsini ekzistensializmə xas qəhrəmanlar təşkil edir. Baxmaq, oxumaq, məlumatlanmaq olardı. Misalçün, oxşar süjetə malik “Ölüm hökmü” romanını xatırlayanda, Elçinlə, Rəşad Səfərin romanları arasındakı uçurumu görməmək mümkün deyil.
Romanda Emil obrazı müəyyən qədər yuxarıda bəhs olunan tələblərə cavab versə də, Emilin daxili dünyası, həyatında baş verən çaxnaşmalar sonuna qədər açılmadı. Oxucunun heç olmasa, Emilin arvadı ilə o qədər uzun-uzadı məhkəmə çəkişmələrinin səbəbini bilməyə haqqı vardı. Ümumiyyətlə, xarakter olaraq bu obraz oxucuya bitkin şəkildə təqdim olunmur. Halbuki, Emil xətti ən maraqlı xətlərdən biriydi.
Şahin İsgəndərlinin fonundan roman hər şeyi olan, amma heç nəyi olmayan insandan bəhs edir. Lakin müəllif nə qədər çalışsa da, romanın sonuna qədər qəhrəmana ölçdüyü libası onun əyninə geyindirə bilmir. Bu libas ya bir neçə ölçü böyük olur, ya da kiçik.
Roman bitəndə həm müəllif, həm də oxucu adına yaşadığım təəssüf məni məyus etdi.
Bayaq qeyd etdiyim kimi Rəaşd Səfər haqqında eşitdiyim fikirlər ürəkaçan olmuşdu. Çoxları onu intellektual, ədəbiyyatı yaxşı bilən, geniş mütaliəsi və dünyagörüşü olan yazıçı hesab edirdi. Elə indi də edir.
Elə isə əziz dostlar, ortalığa çıxan bu kitab nədir? Hanı Rəşad Səfərin geniş erudisiyası, intellektual bazası, dünyagörüşü?! Məgər sizin sadaladıqlarınız, bəstələdiyiniz tərifli mahnılar Borxesin, Kortasarın əsərlərini oxumaq, orijinal əlyazmalarını, əşyalarını görmək və yaxud da, Aregntinanın, Buenos-Ayresin müəllifin təbirincə yazsaq, Mexikonun gəzməli, görməli yerlərinin adlarını çəkmək, mətbəxini bilmək, bahalı içkilərindən dadmaq, küçələrində dolaşmaq, muzeylərini, konfrans salonlarını əldən salmaq idi?!
Şübhə etmirəm ki, Rəşad Səfər Kortasarı, Borxesi, eləcə də adını bilmədiyim bir çox yazıçıları yaxşı oxuyub, onların bioqrafiyasına, yazı texnikasına yaxından bələd olub. Amma niyə heç olmasa “Xana-xana” romanındakı insan tənhalığının, tərk edilməyin, beş günlük dünyanın faniliyinin bircə cümləsinin bənzərini, cümlə bir tərəfə oxşar hissiyyatını, atmosferini öz romanında tətbiq edə bilməyib?
Rəşad Səfəri bu qədər sönük, ədəbi cümlələrdən, insan yaşantısından, hisslərindən, təsəvvüründən məhrum roman ortaya qoymağa nə vadar edib?!
Açığı bu yazını böyük təəssüf hissi ilə yazıram. Görəsən, bu gün nə baş verir ki, ədəbi mühitdə bu cür şişirdilmiş imzalar peyda olur? Niyə hamı mütləq yazıçı olmaq iddiası ilə ortalığa atılır? Niyə yaxın ətraf bu cür istedaddan məhrum mətnləri, yazıçı potensialı zəif insanları geniş oxucu kütləsinə bəh-bəhlə təqdim edir?
Nə baş verir? Meydanın boşluğu, istedadlı insanların dolanışıq hayında olması, ədəbi mühitin darlığı və yaxud bu mühitdə olanların naşılığı, dostbazlığıdır bunlara səbəb?! Baş verən hər nədirsə, bu cür mətnlərin ədəbiyyat olmaması da yəqindir. Ədəbiyyat həm də vicdan deməkdir!
Sabah, birigün bizim yerimizə mühit, şişirdilmiş adlar yox, kamil mətnlər danışacaq əzizlər!
İyun 2026