Cansız, ölü, zəif, kasad, lazımsız Facebook statusu – Yazarlar Təvəkgül Boysunarı tənqid etdilər

Cansız, ölü, zəif, kasad, lazımsız Facebook statusu – Yazarlar Təvəkgül Boysunarı tənqid etdilər
2 fevral 2022
# 15:01

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Təvəkgül Boysunarın “Vəsvəsə” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.

Xatırladaq ki, bu layihədə çap olunan hekayələr ədəbi mühit tərəfindən müzakirəyə çıxarılacaq.

Qəşəm Nəcəfzadə

Hekayə, məzmun və təhkiyə etibarı ilə xoşuma gəldi. Təvəkgül indidən gözəl hekayələr yazacağını bəyan edir. Cümlələr tutumludur. Adi bir detal, genetik kod, yaddaş maraqlı bir hekayəyə çevrilib. Telefonun yaddaşından təsadüf nəticəsində silinməyən və “sağ” qalan o saz havası, əslində Kəlbəcərin, mədəniyyətin, insanlığın unudulmamasıdır. O silinə bilərdi, hər şey məhv olub gedərdi, Kəlbəcər də və onun yaddaşı da. Bəs onu kimi saxladı? Səttar, Səttarın həsrəti, yaddaşı, baxışı, duruşu. Baxıb görürsən ki, böyük mədəniyyətlərin, ümumiyyətlə, hər şeyin xilas yolu sənətdir. Saz, aşıq, aşığın oxuduğu gəraylı bütöv bir məmləkəti unudulmağa qoymur.

Amma… Yenə də redaktə məsələsi; aşağıdakı cümlədə “məcbur” sözü yerində deyil, o cümlədən “əl” sözü də. “Pulum çatmırdı deyə məcbur ikinci əl telefon almışdım”. Cümlə kasaddır.

Aşağıdakı cümlədə; “dörd təkər” sözü də yerinə düşməyib. Hamı bilir ki, maşının dörd təkəri var. “Biz artıq bir az əvvəl sönən qırmızı işığın yerə tökülmüş son qalıqlarını asfaltın üstündə, maşınımızın dörd təkəri ilə əzib metroya tərəf sürətlə irəliləyirdik”. (Maşının təkərləriylə)

Yenə aşaığdakı ikinci cümlədə “cibimdən” sözü artıqdır. Birinci cümlədə deyilmişdi ki, telefon cibdədir. İkincidə bir də deyilməyə ehtiyac yox idi. “Cəmi bir nəfərin oturduğu arxa oturacaqda yerimi rahatlayana qədər cibimdəki telefonun səsi, fürsətdən istifadə edib bütün maşına yayıldı. Sonra mən, telefonu cibimdən çıxardım” (Telefonu çıxardım).

Bu cümlənin sonunda iki dənə toxunmaq sözü işlənib. Bu, düzgün deyil “Başımı ona sarı çevirib ağ saçlarına, qızarmış və tük basmış boynuna, əynindəki ucuz???? (bəlkə nimdaş) paltarlara bir anlıq nəzər salsam da, çox yubanmadım və onun xahişini yerinə yetirib baş barmağımı təzədən ekranın bayaq toxunduğum yerinə toxundurdum.” (Bu qədər izaha nə ehtiyac var, barmağımı basdım)

Bu cümlədəki “tərəf” sözləri artıqdır. Heç olmasa birincini pozub ikincini saxlasaydı, yenə uyğun olardı. “Əvvəlcə yola tərəf, sonra donuq nəzərlərlə mənə tərəf baxdı” (Əvvəl yola, sonra mənə baxdı və yaxud əvvəl yola, sonra mənə tərəf baxdı).

Bu cümlədə “ilə” qoşmasının qısaldılmış forması “–lə” artıqdır. Çünki sonuncu “ilə” hər ikisinə; tükə və sifətə aiddir. “...qalan üzünün tüküylə və qırışlı sifəti ilə mahnı dinləməyə davam edəcək” (...qalan üzünün tükü və qırışlı sifəti ilə).

Hiss edirəm ki, bəziləri deyir ki, niyə mən ən xırda detallara bu qədər əhəmiyyət verirəm. Unutmayaq ki, ən yaxşı redaktə mətnin ikinci ürəyidir. Müəllifə uğurlar!

Maral Yaqubova

Нет описания.

Elə mətnlər var ki, cümlələri fil udmuş əfi ilan kimi qıvrılır, oxucunun intuitsiyasına güvənir, içindəki enerjinin onun intellektində həzm-rabedən keçib aydınlığa çıxacağına inanır. Belə mətnlərin cümlələri öz aralarında şaquli və üfüqi əlaqələr toxuyur, toxuduğu yollarda oxucunun gəzişməsinə şərait yaradır və ətrafına çoxlu şərhlər – oxucu fikirləri toplaya bilir. Elə mətnlər də var ki, fikirlər dilin əngəllərinə ilişib qalır, cümlələr daşıdığı metaforik yükün (çox vaxt lazımsız!) altında əzilir, sanki düyü dənələri kimi sərpilib dağılmış fikirləri bir yerə toplamaqda əziyyət çəkir, mətndə hər şey bir-birindən qaçır, uzaqlaşır və mətn məğlubiyyət bayrağını qaldırır. Oxuduğum hər mətndə düşüncədən yazıya gedən yolun fərdiliyinə önəm verməyə çalışıram, hər mətnin öz yolu, öz səmti olduğuna inanıram. “Vəsvəsə” hekayəsində müəllif özünə inanmır, oxucunu necə inandırsın? Hekayədə situasiya var, lakin situasiyanın təsvirinə və nəqlinə yönəlik mətn texnikası çox zəifdir. Müəllif təhkiyənin çərçivələrini düzgün qura bilmir, təhkiyəçi mövqeyini nizamlamaqda, nəql olunan məzmunun qısa xülasəsini verməkdə çətinlik çəkir, qısa hekayənin ifadə texnologiyasında gərəkli olan qətiyyətli davranışı sərgiləməkdən çəkinir. “Vəsvəsə” adı çox yaxşı seçimdir, amma sözün özünün oyatdığı təəssürat hekayənin sonunda aldığımız təəssüratdan daha güclüdür, mətn öz adının kölgəsində qalır. Müəllifin demək istədikləri dediklərinə uduzur...

Alpay Azər

Alpay Azər. Çinin Azərbaycandakı MTN-çisi, yoxsa...? (HEKAYƏ) » Yarpaq.az

Məncə, yaxşı hekayədir, hərçənd mətni daha dramatik etmək üçün Kəlbəcər eşqiylə yaşayan, yanan obrazın başına gələn başqa bir hadisə fikirləşib tapmaq olardı. İstənilən halda, müəllif bu qısa hekayəsində əsas obrazı yarada bilib, onun keçirdiyi təlaşın bədii həllini tapıb. Təvəkkül Boysunarın əvvəlki bir neçə hekayəsində nəsr dili, təhkiyəsi yerində olsa da, bəzən onlar məndə “Hə, nə olsun” təəssüratı yaradırdı. Bu hekayəsi göstərir ki, o, nəsrin təsir gücünü necə yaratmağın lazım olduğunu artıq başa düşməyə başlayır və ingilis dilindən etdiyi tərcümələrdə göstərdiyi bacarığı nəsr yaradıcılığında da ifadə edə bilir.

Ramil Əhməd

İlk beş-altı cümləni oxuyanda mətnin yaxşı bir redaktora ehtiyacı olduğunu hiss etdim. Ardı məni çəkmədi. Oxumadım. Mətn özünü oxutmur.

Kazım və Kazımoviç

Ayın alnında səcdəgah izləri – Kazım Kazımoviçdən şeirlər

İnanın ki, inanmazdım nə vaxtsa Orxan Həsəninin nəsrinə şükür edərəm. Orxan heç olmasa sonluqları son anda novellaya "fırlada" bilir. Sentimental Facebook statusu ilə gündəlik qeydi arasında var-gəl edən bir mətndir deyərdim.

Ulucay Akif

Toxuna bilmirəm deyə çürüyür bədənin – Ulucay Akifdən YENİ ŞEİRLƏR

XXI əsrdə, 2022-ci ildə iyirmili yaşlarında bir gəncin belə hekayə yazdığını görmək məni çox məyus elədi. Məncə, bu mövzuda, bu üslubda yazılan hekayələrin dövrü elə ötən əsrdə bitib, kitabı bağlanıb. Bu hekayə yenidən həmin kitabı açıb ora nələrsə əlavə etməyə çalışmaq cəhdinə bənzədi. Əslində, bu mətnə hekayə deməyə də dilim gəlmir, daha çox uğurlu bir feysbuk statusu ola bilərdi. Yaxşı da “layk” və rəylər toplamaq olardı.

Hekayənin əvvəllərini oxuyanda, artıq hekayənin sonunda qəhrəmanın eyvanda, pəncərə ağzında siqaret tüstülədib fikrə gedəcəyini təxmin edirdim.

Müəllifdən oxuduğum ilk hekayə idi, ümid edirəm ki, bütün hekayələri bu cür deyil. “Nə yazmaq?”, yoxsa “necə yazmaq?” Təəssüf ki, Təvəkgülün hekayəsində bu sualların heç birinə aid qənaətbəxş cavab tapmaq olmur.

XXI əsrdə, 2022-ci ildə yaşayan iyirmili yaşlarında bir yazıçı tutaq ki belə hekayə yazdı, bəs XXI əsrdə, 2022-ci ildə yaşayan iyirmili yaşlarında oxucu bu hekayəni niyə oxusun? Bu hekayə ona nə verəcək? Heç nə...

Çünki bu mətn cansızdı, ölüdür, ana bətnindən dünyaya nəfəssiz çıxan körpə kimi və nə qədər şillələsən də ağlamayacaq, nəfəsi açılmayacaq.

# 2196 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
#
#
# # #