"Bu hekayə AYB-dəki hadisələrə və şəxslərə etiraz ruhunda yazılmışdısa..." - Müzakirə

"Bu hekayə AYB-dəki hadisələrə və şəxslərə etiraz ruhunda yazılmışdısa..." - Müzakirə
4 iyun 2025
# 15:00

Kulis.az Babək Məmmədlinin "Qırmızı "qnişka"" hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.

Divanın altı - Samirə Əşrəfin yeni hekayəsi

Samirə Əşrəf:

"Əslində, Babəkin təhkiyəsində və yanaşmasında yazıçı nəfəsi və axıcı dil var. Yəni oxucu müəllifə bənd olub süjetin arxasınca gedə bilir. Bu hekayəni maraqla, intonasiya ilə oxudum. Ancaq hekayənin mövzusu, çatdırmaq istədiyi mesaj həddindən artıq köhnədir. İndiki dövr üçün mütəq və vacib obrazlar deyil. Düzdür, belə adamlar, belə obrazlar bu gün də var. Misalçün, indi Yazıçılar Birliyinə getsək, onun pilləkənlərində və yaxud da ikinci mərtəbəsində belə obrazlarla qarşılaşa bilərik. Ancaq bu günün yazıçısı üçün bu mövzu nə qədər vacibdir? Bu mövzuya vaxt ayırmaq nə qədər labüddür?

Məsələn, Babək bu təhkiyə, yanaşma, duyum ilə daha fərqli, rəngarəng mövzulara toxuna bilər, aktuallaşdıra bilər. Yazıçının işi bir az həm də müasir hadisələrə işıq tutmaqdır. Çox istərdim ki, Babək enerjisini, təhkiyəsini, gücünü daha yaxşı mövzulara sərf etsin. Uzun sözün qısası, bu mövzu hekayə mövzusu deyil. Çünki "qnişka" söhbəti köhnə söhbətdir. Sovet dövrü ədəbiyyatının nimdaş ideologiyasını xatırladır. Adam oxuyub qurtardıqdan sonra düşünür ki, yazıçı bu gün niyə belə, ən azı, 50 ilin mövzusuna müraciət etsin?

Amma ümumi olaraq, müəllifin səliqə-səhmanı və təhkiyəsi, intonasiyası çox yaxşıdır. Daha yaxşı, maraqlı hekayələr gözləyirəm".

Şəhriyar del Gerani:

"Babəkin yerinə olsam, bu tövr xas dil və mötəbər təhkiyə ilə belə bir köhnə mövzuda hekayə yazmaz idim.
Babəkin yerinə olsam, bu tövr gülünüb qurtarmış anekdotu danışmaz idim.
Babəkin yerinə olsam, oxucuları vəfat etmiş hekayəyə müraciət etməz idim.
Babəkin yerinə olsam, bu hekayənin altına imzamı qoymaz idim.
Və nahayət, Babəkin yerinə olsam, Anarın 60 il qabaq yaratdığı Kəbirlinski tipinin şair versiyasını heç olmasa, insanda ambivalent duyğular yaradan tərəfindən yapışar, birmənalı müəllif mövqeyi bildirmədən həll edərdim söhbəti".

Görünməyən kölgələr - Hekayə. Xəyyam RƏFİLİ | Edebiyyatqazeti.az

Xəyyam Rəfili:

"Hekayə haqqında fikirlərimə keçmədən əvvəl bir məsələ barədə danışmaq istəyirəm. Yaşı əllinin həndəvərində olan qələmdaşlarım, xüsusən, az mətn yazmış və ya yazmağa gec başlamış olanların (özümü də bu qrupa aid edirəm) içində oxuduqlarından və gördüklərindən yığılıb qalmış klassik bir hava var ki, o havanı hər fürsətdə dəyərləndirmək istəyirlər. Hər cümlədə təsvirlər, metaforalar, bənzətmələr, hər səhnəni geniş-geniş cümlələrlə, bəzəkli sözlərlə ifadə etmək həvəsindən canımızı qurtara bilmirik.

Əslində, bütün bunlar əsl yazıçı vərdişləridir, lakin müasir oxucu üçün bunlar nə qədər maraqlıdır? Müasir oxucu dediyimiz bu, kəmhövsələ, hər şeyin hazırına can atan, yalnız nəticəyə fokuslanan, detallardakı incəliyi görməzdən gələ-gələ korlaşmış təbəqə, ədəbiyyatla publistika arasındakı sərhəddi o qədər tapdalayıb ki, artıq bu sərhədlərin delimitasiyası mümkünsüz görünür.

10-15 saniyəlik videoçarxlarla dünyanı “fəth” edən gənclik məndən inciməsin, sizə bir həqiqəti deməyə məcburam, bu gün oxuduğunuz mətnlərin çoxu ədəbiyyat deyil. Ədəbiyyat, poetik söz sənətidir. Bugünkü ədəbiyyatda nə poetika var, nə də söz. Bu gün mavi “qaloçka” üçün yazanlar da var, qırmızı “qnişka” üçün əsir-yesir olanlar da var, bir də gözlə görünməyən, əllə tutulmayan, uçan taksi sürücüsü qədər məşhur ola bilməyən ədəbiyyat fədailəri var. Babək Məmmədli yuxarıda qeyd elədiyim əsl yazıçılar tayfasının adamıdır. Onun hekayələrindən sərin ədəbiyyat mehi əsir. İndi özüm-özümü təkzib edib, düşünürəm ki, ilin-günün bu vaxtında, xüsusən də, Bakının çarpaz əsən, haradan gəlib, haraya getdiyi bilinməyən, istiqaməti hər an dəyişən dəli küləklərinin arasında bu sərin meh kimə lazımdır? Kimin xəbəri var bu cür mehlərin də ara-sıra əsdiyindən?".

Ulucay Akif:

"Babək Məmmədlinin "Qırmızı qnişka" hekayəsini oxudum. Açığı, məyus oldum. Babək Məmmədlidən gözlədiyim hekayə bu deyil, belə deyil.

Mən bir hekayə oxuyanda (həmçinin, yazanda da) düşünürəm ki, görəsən, bu hekayəni tərcümə edib xarici bir oxucunun qarşısına qoysaq, oxusa, nə düşünəcək? Hekayə ona necə təsir edəcək? Ona maraqlı gələcəkmi? Ümumiyyətlə, bu hekayə onun üçün nəsə ifadə edəcəkmi?

Sonra fikir verdim ki, bu hekayənin heç adını da hansısa dilə tərcümə etmək olmaz:

"Qırmızı qnişka".

Necə tərcümə edəsən?

"Qnişka" sözündəki ironik gedişi, "K" hərfinin "Q" ilə əvəzlənməsini bir başqa dilə, məsələn, Türkiyə türkcəsinə (həmin ironiyanı saxlayaraq!) çevirin, görüm bacaracaqsınızmı? İçində rus dilində söz də var, amma bu adı heç rus dilinə də tərcümə eləmək olmaz, qaldı ki başqa dillərə çevirəsən.

Amma məni hekayənin adından çox mövzusu narahat elədi. Yazıçılar Birliyinə üzv olmaq istəyən rayonlu bir şair, onun avamlığından istifadə edən şəhərli bir şair... Və? Və heç nə...

Bir polşalıya, italiyalıya, ingilisə... nə bilim, çox uzağa getməyim, bir yaponiyalıya (bu da olsun mənim ironiyam) bu hekayə niyə maraqlı olsun ki?

Hekayənin içində mənə toxunan hansısa bir xüsusi məqam da olmadı ki, ondan yapışım, bu hekayəni müəllifə bağışlamaq üçün səbəbim olsun.

Babək qələmini belə "mövzulara" xərcləməməlidir. Ümumiyyətlə, heç bir yazıçımız belə xırda-xuruş mövzulara enerji sərf etməməlidir. Mən belə düşünürəm. Bəlkə, səhv düşünürəm, ola bilər.

Məsələn, bu mövzuda hekayə yazmaqdansa, bir-iki abzaslıq, bəlkə, elə bircə cümləlik feysbuk statusu da yazmaq olardı.

Hekayədə bəyəndiyim tək şey təhkiyə idi ki, Babək Məmmədlinin qələminə onsuz da bələdəm, onun təhkiyəsini bilirəm və bəyənirəm. Bunu bildim, bəs başqa?..".


Yazıçı Vüqar Van kimdir? – Dosye

Vüqar Van:

"Bəribaşdan bəyənmədiyim bir iradı demək istəyirəm.

Hekayə min doqquz yüz altmış, min doqquz yüz yetmiş və min doqquz yüz səksəninci illərin psixoloji və sosial-psixoloji nəsr təcrübəsi zəminində yazılıb.

Bu səbəbdən mövzunun köhnəliyi, mövzuya yanaşma və bəzi sözlər mənim daxili qulağımın membranını cırmaqladı.

Əgər bu hekayə AYB-dəki hadisələrə və şəxslərə etiraz ruhunda yazılmışdısa, təəssüf ki, həmin etirazın ruhunu hiss etmədim.

Yox, sadəcə bir əyalət şairinin başına gələn kədərli hadisələr idisə, bildiyim şeyləri təzədən oxudum, heç bir orijinallıq görmədim. Hətta problemin kökünə dəyməyib, başqa şeylərlə başımı qatdığına görə müəllifə bir az hirsləndim.

Görünür, Babək Məmmədli bu hekayəni hansısa hal içində yazıb və hekayəni bəyənmək üçün oxucu da həmin hala düşüb, halbahal olmalıdır ki, bu mövzunu və dili sevə bilsin.

Babək bəy sevdiyim, maraqla oxuduğum müəllifdir. Amma təəssüf ki, bu hekayəni yazarkən düşdüyü hala, məni sala bilmədi".

İnziva - Orxan Həsəninin yeni hekayəsi

Orxan Həsəni:

"Müasir həyatı müasir ifadə vasitələri ilə əks etməyən mətnin heç bir ədəbi dəyəri yoxdur. Mətndən ölü yox, diri həyatın səsi gəlməlidir. Əgər bu hekayə 1950-ci illərin sonu, 1960-cı illərin əvvəlində yazılsaydı, bəlkə, haqqında düşünmək olardı. Sadəcə düşünmək. Ancaq 2025-ci ilin ortasında "Yoldaş zavxoz, aay yoldaş zavxoz.." sözləri ilə başlayan mətnin ədəbiyyat iddiasının altı boşdur".

# 678 dəfə oxunub

Oxşar xəbərlər

"Smartfonların övladları"na kitabı necə sevdirək? - Mətanət Vahid

"Smartfonların övladları"na kitabı necə sevdirək? - Mətanət Vahid

14:00 5 iyun 2025
"Bu məmləkətin şairləri susub..." - Günel Mehri

"Bu məmləkətin şairləri susub..." - Günel Mehri

12:00 5 iyun 2025
Həyatı söz, sözü həyat əbədiləşdirən ustad - Rəsul Rza 115

Həyatı söz, sözü həyat əbədiləşdirən ustad - Rəsul Rza 115

11:00 5 iyun 2025
Almatada, Bakıda qanlar axıdıldı - Oljasın kitabı qalib gəldi

Almatada, Bakıda qanlar axıdıldı - Oljasın kitabı qalib gəldi

10:04 5 iyun 2025
"Əgər müəllif Qismətin dediyi kimi..." - Səddam Laçın

"Əgər müəllif Qismətin dediyi kimi..." - Səddam Laçın

18:16 4 iyun 2025
Şəhriyar bu hekayə haqqında necə o cür ali fikirdə ola bilər?

Şəhriyar bu hekayə haqqında necə o cür ali fikirdə ola bilər?

18:03 4 iyun 2025
#
#
# # #