Kitab sərgisi

Baş katib: "Ortaq türk əlifbası milli əlifbaları əvəz etmək niyyəti daşımır" - Müsahibə

Baş katib:  "Ortaq türk əlifbası milli əlifbaları əvəz etmək niyyəti daşımır" - Müsahibə
3 oktyabr 2025
# 16:08

Kulis.az Türk Dövlətləri Təşkilatının Baş katibi Kubaniçbek Ömüraliyevin APA-ya müsahibəsini təqdim edir.

- Cənab Baş katib, Türk Dövlətləri Təşkilatına sədrlik Qırğızıstandan Azərbaycana keçir. TDT-nin beynəlxalq nüfuzunu daha da artırmaq və üzvlüyünü genişləndirmək baxımından Azərbaycanın sədrliyini necə qiymətləndirirsiniz?

- 2025-ci il oktyabrın 7-də Azərbaycan “Regional Sülh və Təhlükəsizlik” mövzusunda keçiriləcək növbəti TDT Zirvə toplantısına ev sahibliyi edəcək və təşkilata sədrliyi öz üzərinə götürəcək. Sədrliyin Qırğızıstandan Azərbaycana keçməsi bütün təşkilat üçün böyük imkanlar açır, çünki hər sədrlik dövründə ölkələrimiz prioritet sahələri müəyyənləşdirir və çoxtərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, dərin köklərə malik münasibətlərin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərirlər.

Qırğızıstanın uğurlu sədrliyi dövründə TDT-nin fəaliyyət həcmi artıb, yeni platformalar təsis olunub və dövlət başçıları tərəfindən qarşıya qoyulan bir sıra vəzifələr icra edilib. Bu fəal və məhsuldar dövr təşkilatın institusional imkanlarının və reputasiyasının möhkəmlənməsinə mühüm töhfə verərək, növbəti inkişaf mərhələsi üçün güclü zəmin yaradıb.

2022-ci ildən bəri təşkilat genişlənmə mərhələsinə qədəm qoyub ki, bu da tərəfdaşlıqların genişlənməsi, iri təşəbbüslərin irəli sürülməsi, eləcə də digər dövlətlər və institutların TDT ilə əməkdaşlıqda artan marağı ilə müşayiət olunur. Bu baxımdan əminəm ki, Azərbaycanın sədrliyi qarşıdakı bir ildə bu inkişafı istiqamətləndirməkdə və təşkilatın növbəti inkişaf mərhələsini formalaşdırmaqda mühüm rol oynayacaq.

Gələcək zirvə toplantısının “Regional Sülh və Təhlükəsizlik” şüarını nəzərə alsaq, Azərbaycanın sədrliyi bu məsələyə xüsusi önəm verəcək. Azərbaycan 2020 və 2023-cü illərdə öz torpaqlarını azad etməklə bölgədə sülhün əsasını qoyub, sabitlik və təhlükəsizlik baxımından yeni bir mərhələ açıb. Azərbaycan və Ermənistan arasında Vaşinqtonda keçirilmiş son görüş və nəticədə imzalanmış Vaşinqton Razılaşmaları isə Cənubi Qafqazda davamlı sülh və sabitlik ümidlərini daha da gücləndirib.

Azərbaycanın türk dünyasında körpü rolu, siyasi çəkisi, iqtisadi potensialı və regional və qlobal məsələlərdə artan rolunu nəzərə alaraq əminik ki, onun sədrliyi dövründə TDT daha da güclü və qlobal miqyasda daha çox görünən bir oyunçuya çevriləcək.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin güclü siyasi iradəsi və türk birliyi ideyasına şəxsi bağlılığı da möhkəm bir təməl yaradır. Xüsusilə, 14 fevral 2024-cü il tarixində keçirilən andiçmə mərasimində Prezident Əliyev vurğuladığı kimi, Türk Dövlətləri Təşkilatı bizim əsas beynəlxalq təşkilatımızdır. Prezident İlham Əliyev bildirdi ki, TDT bizim ailəmizdir, bizim ailəmiz türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Dövlət başçısının bu sözləri Azərbaycanın TDT-ni gücləndirmək və onu dünya miqyasında nüfuzlu bir qüvvəyə çevirmək əzmini aydın şəkildə ifadə edir.

Eyni zamanda, Azərbaycanın sədrliyi dövründə iqtisadiyyat, nəqliyyat, enerji və digər əsas sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetiriləcəyini gözləyirik. Əminik ki, Azərbaycanın liderliyi bu istiqamətdə birgə təşəbbüslərin həyata keçirilməsinə əlavə təkan verəcək, TDT-nin daha da güclənməsinə və beynəlxalq əlaqələrinin dərinləşməsinə xidmət edəcək.

Qəbələdə keçiriləcək 12-ci Zirvə toplantısı təşkilatımız üçün mühüm bir hadisə olacaq

- Azərbaycanda keçiriləcək növbəti TDT Zirvə toplantısında müzakirə olunacaq əsas mövzular hansılar olacaq?

- Qəbələdə keçiriləcək 12-ci Zirvə toplantısı təşkilatımız üçün mühüm bir hadisə olacaqdır. Gündəliyə siyasi, iqtisadi, mədəni, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın gücləndirilməsinə yönəlmiş geniş və əlaqələndirilmiş yanaşma daxildir. Əsas mövzulardan biri Qəbələ Bəyannaməsinin qəbul olunması və gələcək təşəbbüslərin istiqamətini müəyyənləşdirəcək digər mühüm sənədlərin imzalanması olacaq.

Zirvə toplantısının gündəliyində dəyişən geosiyasi və təhlükəsizlik çağırışlarını nəzərə alaraq, regional və beynəlxalq məsələlər üzrə müntəzəm siyasi və təhlükəsizlik məsləhətləşmələrinin aparılması, ortaq strateji vizyon çərçivəsində birgə cavabların gücləndirilməsi, həmçinin TDT-nin ilk birgə maliyyə institutu olan Türk İnvestisiya Fondunun fəaliyyəti müzakirə ediləcək.

Nəqliyyat və rəqəmsal bağlantıların möhkəmləndirilməsi də əsas mövzulardan olacaq. Buraya Orta Dəhlizin, Zəngəzur dəhlizinin, Bakı–Tbilisi–Qars dəmir yolunun, Özbəkistan–Qırğızıstan–Çin marşrutunun inkişafı daxildir. Xüsusi diqqət TDT bayrağı altında “12U OTS-SAT Cube” peykinin dizaynı və istehsalı üzrə birgə layihəyə, eləcə də elm, texnologiya və rəqəmsallaşma sahəsində digər təşəbbüslərə yönəldiləcək.

Türk dünyasında əməkdaşlığın artmasını məmnuniyyətlə qarşılayırıq

Bundan başqa, mədəni və humanitar əməkdaşlıq məsələləri də gündəmdə olacaq. Buraya Birgə Muzey Kartının tətbiqi, Türk Xizək Kurortları İttifaqının yaradılması, turizm mübadiləsinin genişləndirilməsi, beynəlxalq bazarlarda birgə təbliğat, habelə TURKUNIB və Orhun Mübadilə Proqramı kimi təhsil təşəbbüslərinin gücləndirilməsi daxildir. Bu təşəbbüslərin hamısı əməkdaşlığı dərinləşdirməyə, türk xalqlarının ortaq kimliyini möhkəmləndirməyə və TDT-ni beynəlxalq arenada təsirli bir aktor kimi mövqeləndirməyə yönəlib.

Türk dünyasında əməkdaşlığın artmasını məmnuniyyətlə qarşılayırıq. Hazırda TDT-nin koordinasiyası ilə qardaş Türk Əməkdaşlıq Təşkilatlarının iştirakı ilə Türk əməkdaşlığı ekosistemi formalaşıb. 2025-ci il mayın 21-də Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə toplantısında Özbəkistan Türk Mədəniyyəti və İrsi Fondunun üzvü olmaq, Şimali Kipr Türk Cümhuriyyəti isə Türk Akademiyasının müşahidəçi üzvü olmaq barədə qərar qəbul edib. Bundan başqa, Qəbələdə keçiriləcək zirvədə Türkmənistanın da Türk Akademiyasında və Türk Mədəniyyəti və İrsi Fondunda müşahidəçi olması barədə qərar qəbul olunacaq ki, bu da türk əməkdaşlığını daha da genişləndirəcək və dərinləşdirəcək. Həmçinin TÜRKSOY-un gücləndirilməsi də zirvənin gündəliyində olacaq.

Müzakirələr institusional potensialın möhkəmləndirilməsi, təşkilati effektivliyin artırılması və TDT çərçivəsində davamlı inkişafın dəstəklənməsini də əhatə edəcək. Katibliyin iş yükünün artması və təşkilatın beynəlxalq nüfuzunun yüksəlməsi fonunda katibliyin və ümumilikdə təşkilatın potensialının artırılması məqsədilə büdcə və kadr sayının artırılması da mühüm mövzu olacaq.

Ümumilikdə, bu Zirvə yalnız regional sülh və təhlükəsizliyə sadiqliyimizi bir daha təsdiqləmək üçün deyil, həm də inteqrasiyanı sürətləndirmək, iqtisadi və mədəni əlaqələri gücləndirmək və Türk Dövlətləri Təşkilatını qlobal səviyyədə daha təsirli bir aktor kimi mövqeləndirmək üçün nəzərdə tutulub.

"Tramp marşrutu"nun reallaşması Orta Dəhliz təşəbbüsünün uğuruna əlavə təkan verəcək

- 8 avqustda ABŞ Prezidentinin vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. TDT Vaşinqton razılaşmalarını və TRIPP - Tramp Yol təşəbbüsü ilə açılan imkanları necə qiymətləndirir?

- Azərbaycan və Ermənistan arasında 2025-ci ilin avqustunda ABŞ Prezidentinin vasitəçiliyi ilə Vaşinqtonda imzalanmış birgə bəyanatı, habelə sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin paraflanmasını alqışlayırıq. Bu mühüm addım tərəflərin münaqişə irsini arxada qoymaq, əməkdaşlıq və qarşılıqlı hörmət əsasında gələcək qurmaq əzmini nümayiş etdirir. ABŞ-ın konstruktiv iştirakı bu nailiyyət üçün zəruri şəraitin yaradılmasında mühüm rol oynadı. Biz bu inkişafı yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütün Cənubi Qafqaz və onun hüdudlarından kənar üçün tarixi bir dönüş nöqtəsi hesab edirik ki, bu da davamlı sülh, sabitlik və rifaha yol açır.

Beynəlxalq Sülh və Rifah üçün Tramp Dəhlizi - TRIPP perspektivi Zəngəzurda 43 km-lik ərazini əhatə edən və ABŞ tərəfindən idarə olunacaq Azərbaycanı Naxçıvan bölgəsi ilə birləşdirən yolun açılmasını nəzərdə tutur. Bu yol Mərkəzi Asiyadan Azərbaycan, Türkiyə vasitəsilə qlobal bazarlara çıxan böyük ticarət marşrutunun bir hissəsinə çevriləcək. Biz bu dəhlizi Orta Dəhliz adlandırırıq. O, şimal və cənub nəqliyyat dəhlizləri arasında şərq-qərb oxunda yerləşərək, hər iki alternativ marşruta nisbətən əhəmiyyətli strateji üstünlüklərə malikdir. Daha qısa məsafə, iqlim üstünlükləri, həmçinin daha sabit siyasi mühit bu üstünlüklər sırasındadır. TDT indiyədək Orta Dəhlizi üzv dövlətlərimizdən keçən Avropa–Çin arasında səmərəli beynəlxalq ticarət marşrutu kimi reallaşdırmaq üçün bir sıra layihə və təşəbbüslər həyata keçirib. Regionda tam sülhün və sabitliyin bərqərar olması və Tramp marşrutunun reallaşması Orta Dəhliz təşəbbüsünün uğuruna əlavə təkan verəcək.

Ortaq türk əlifbası ideyası milli əlifbaları əvəz etmək və ya dövlət səviyyəsində vahid yazı tətbiq etmək niyyəti daşımır

- Ortaq türk əlifbasına keçidin tam şəkildə həyata keçirilməsini nə vaxt gözləyirsiniz?

- Ortaq türk əlifbasına tam keçid mərhələli bir prosesdir, lakin artıq mühüm əsaslar qoyulub. Ortaq türk əlifbası ideyası milli əlifbaları əvəz etmək və ya dövlət səviyyəsində vahid yazı tətbiq etmək niyyəti daşımır. Bu, sadəcə xalqlarımız arasında qarşılıqlı anlaşmanı sadələşdirmək üçün praktiki bir addımdır.

Bu məqsədlə TDT tərəfindən yaradılmış Türk Dünyası Ortaq Əlifba Komissiyası öz işini uğurla başa çatdırıb. Komissiya 2024-cü il 9-11 sentyabr tarixlərində Bakıda Türk Akademiyası və Türk Dil İnstitutu tərəfindən təşkil olunan üçüncü iclasında 34 hərfdən ibarət latın qrafikalı ortaq türk əlifbası layihəsi üzərində razılığa gəlinib.

Təklif edilən əlifbada hər bir hərf türk dillərindəki müxtəlif fonetik səsləri ifadə edir. Ortaq Türk Əlifbasının işlənməsi türk xalqları arasında qarşılıqlı anlaşmanı və əməkdaşlığı təşviq etməklə yanaşı, onların dil irsini də qoruyur.

Bu müzakirələrin kökləri Bakıya dayanır - illər öncə burada ziyalılar, filoloqlar və tarixçilər bu konsepsiyanı araşdırıblar. O zaman olduğu kimi, indi də məqsəd eynidir: türk dillərinin bir-birinə daha əlçatan olmasını təmin etmək. Məsələn, səyahətçilərin yol işarələrində rahatlıqla istiqamət tapması və ya ədəbiyyatın türk dövlətləri arasında daha asan anlaşılan olması bu təşəbbüsün birbaşa faydalarındandır.

Beləliklə, vahid əlifba mədəni yaxınlaşma üçün bir vasitədir, dillərarası bağları möhkəmləndirir və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır.

Biz 1926-cı ildə keçirilmiş Bakı Türkologiya Qurultayının 100 illiyini, həmin qurultayın mühüm qərarlarından biri olan ortaq latın əsaslı əlifbanın qəbulunu, 2026-cı ildə Azərbaycanın sədrliyi dövründə bütün Türk Əməkdaşlıq Təşkilatları, xüsusən də Türk Akademiyası ilə daha geniş əməkdaşlıq çərçivəsində qeyd etməyə hazırlaşırıq.

# 68 dəfə oxunub

Oxşar xəbərlər

Dövrün "sifariş"i olan yazılar... - İlyas Əfəndiyev haqqında

Dövrün "sifariş"i olan yazılar... - İlyas Əfəndiyev haqqında

13:00 3 oktyabr 2025
"Bunun bir səbəbi var: qadın yazıçıları görməzdən gəlmək" - Qalmaqallı kitaba ETİRAZ

"Bunun bir səbəbi var: qadın yazıçıları görməzdən gəlmək" - Qalmaqallı kitaba ETİRAZ

11:47 3 oktyabr 2025
"Özünün yazdığı nədir ki, başqalarını da təhlil edir?" - Tənqidçilərdən əvəz çıxmağa çalışanlar...

"Özünün yazdığı nədir ki, başqalarını da təhlil edir?" - Tənqidçilərdən əvəz çıxmağa çalışanlar...

10:00 3 oktyabr 2025
Tanınmış tarzənin yubileyi qeyd olunub

Tanınmış tarzənin yubileyi qeyd olunub

11:13 2 oktyabr 2025
Sürətlə unudulan əsərlər - Seymur Baycan

Sürətlə unudulan əsərlər - Seymur Baycan

16:00 1 oktyabr 2025
"Səməd Vurğun bu sözü bilib, sadəcə..." - Şərif Ağayardan Ağalar Quta cavab

"Səməd Vurğun bu sözü bilib, sadəcə..." - Şərif Ağayardan Ağalar Quta cavab

13:42 1 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər