Doğru adamlarla sevişməliyik – Ulucay Akifdən yeni şeirlər

Doğru adamlarla sevişməliyik – Ulucay Akifdən yeni şeirlər
27 iyul 2016
# 15:21

Kulis.Az Ulucay Akifin şeirlərini təqdim edir.

İnsanları dinlər yox, dillər ayırdı

(terrora və müharibələrə qarşı həsr edilmiş şeir)

İnsanları dinlər yox, dillər ayırdı...

Mən öz dilimdə dedim,

Sən öz dilində eşitdin.

İnsanları dinlər yox, dillər ayırdı...

Mən öz dilimdə salamlaşdım,

Sən öz dilində sağollaşdın.

Nə atom bombası var idi onda,

Nə də gilyotini kəşf etmişdi insanlar.

Hələ ucaltmamışdı Çin səddini adamlar,

Hələ yox idi aramızda sərhədlər.

Gəmirmirdi torpağı neft buruqları,

Qusmurdu insanların üzünə torpaq qapqara neft.

Misir fironları da fironluq etmirdi hələ.

Əlimizdə rəngli parçalarla qaçmırdıq hərblərə.

Təzəcə baş açmağa başlamışdıq təbiətdən,

Təzəcə qovulmuşdu Adəm cənnətdən.

Hələ etməmişdi ən böyük səhvi insanlar,

Hələ etməmişdi ən qəddar kəşfi insanlar.

İndi kimi günahkar saymalıyıq düşüb izə,

Lənətləməliyik eramızdan əvvəl neçənci min ili?

Görəsən kim etdi bu qəddarlığı bizə,

Görəsən kim yaratdı, kim yaratdı ikinci dili?

Cənazə marşı

Bomba və mərmi səsləri...

Amerikada,

Avropada,

Afrikada,

Asiyada,

Avstraliyada.

Aramsız və ritmlə...

Bomba və mərmi səsləri

İnsanlıq üçün cənazə marşı çalır.

***

İndi əllərimiz qana bata-bata

Ölkələrin arasından tikanlı məftilləri,

Evlərin arasından hasarları sökməliyik.

İndi dünyanı daha da gözəl etməliyik.

Doyunca içməliyik dostlarımızla

Soyuq qış gecələrində isti çaxırı

Doğru adamlarla sevişməliyik

İsti yay gecələrində hər günün axırı.

Günəş uşaqlığımızdakı rənginə qayıtmalı,

Dənizlər həmişəkindən daha mavi olmalıdı.

Əlimizdəki son mərmiləri də,

dostumuzun toyunda havaya sıxmalıyıq.

***

Ən yüksək zirvələri fəth etdikcə

görürsən ki,

Hələ də özündən aşağıdasan,

Hələ də özündən geri qalırsan,

Hələ çatmamısan özün özünə.

Bir ölümlük uzaqdasan zirvəyə,

Bir ölümlük geridəsən özündən,

Bir ölümlük uduzursan zamana,

Bir ölümlük...

Bir ömürlük yəni ki....

# 5876 dəfə oxunub

Oxşar xəbərlər

"Böyük ədəbiyyat bu qaydaların pozulduğu yerdə başlayır" - Müzakirə

"Böyük ədəbiyyat bu qaydaların pozulduğu yerdə başlayır" - Müzakirə

15:00 29 aprel 2026
"Ağ maral düzənliyi"  - Bir xalqın epik yaddaşı

"Ağ maral düzənliyi" - Bir xalqın epik yaddaşı

14:00 29 aprel 2026
Vera Vasilyevnanın budlarını unuda bilməyən gənc - Ulucay Akif

Vera Vasilyevnanın budlarını unuda bilməyən gənc - Ulucay Akif

12:00 29 aprel 2026
"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

12:00 28 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər