Bağlı qapı - HEKAYƏ

Bağlı qapı - HEKAYƏ
8 iyun 2011
# 11:42
“Servantes” oteli başqalarının bəyənməyəcəyi yarıqaranlığı, sakitliyi, boşluğu ilə xoşuna gəlmişdi. Təsadüfi yol yoldaşı gəmidə ona bu oteli təriflədi və dedi ki, o, şəhərin mərkəzində yerləşir. Və budur, artıq Montovideoda, Petrone özünə düz ikinci mərtəbənin holluna çıxan vannalı otaq götürdü.

Elə açarlar asılmış taxta lövhəyə baxarkən o başa düşdü ki, otel demək olar ki, boşdur. Qonaqlar onu cibinə qoymasın deyə hər bir açara böyük mis nömrə bərkidilmişdi. Lift hollda, jurnal köşkünün və telefon siyahısının yanında, onun qapısından bir neçə addımlıqda dayanırdı. İsti, az qala qaynar su gəlirdi və bu, az da olsa, boğanaqlığı və yarızülməti adama unutdururdu. Hərdən göyərçinin gəzişdiyi kiçik pəncərə qonşuluqdakı kinoteatrın damına açılırdı. Hamam otağında hava nisbətən təmiz, pəncərə daha böyük idi, lakin orada da baxışlar divara dirənirdi, otağın damı üzərindəki kiçicik göy parçası isə gərəksiz görünürdü. Mebel xoşuna gəldi – çoxlu yeşiklər, siyirmələr və xüsusən nadir olan çoxsaylı asılqan.
Mehmanxana müdiri - hündür, arıq, keçəl – qızıl sağanaqlı eynək taxırdı və bütün uruqvaylılar kimi, bərkdən və cingiltili səslə danışırdı. O dedi ki, ikinci mərtəbədə çox sakitlikdir, yalnız bir, qonşu nömrə tutulub və otağın sakini olan qadın işdən gec qayıdır. Ertəsi gün Petrone həmin qadınla liftdə üz-üzə gəldi; o, qadını iri sikkə kimi əlində tutduğu nömrə açarından tanıdı. Portye hər ikisindən açarı alıb taxta lövhədən asdı, qadınla isə məktublar barədə danışdı. Petrone görə bildi ki, o, hələ cavandır, bütün yerli qadınlar kimi, çirkin və pis geyimdədir.

O, təxmini hesabladı ki, mozaika təchizatçıları ilə müqavilə bağlanılması təxminən bir həftə çəkəcək.

Axşamüstü o, əşyalarını yerləşdirdi, kağızları sahmana saldı, hamamda yuyundu və gəzintiyə çıxdı, sonra isə idarəyə yollandı. Danışıqlar gecəyədək uzandı, arada vaxt tapıb kafedə içki içdilər və şəxsi evdə şam yeməyi yedilər. Otelə onu saat ikidə gətirib çıxardılar. O yorulmuşdu və yatağa girən kimi yuxuladı. Saat doqquzda o, yataqdan qalxdı və hələ yarıyuxulu halda düşündü ki, gecənin yarısında uşaq səsindən oyanmışdı.

Oteldən çıxarkən o, portye ilə (o, alman ləhcəsi ilə danışırdı) bir-iki kəlmə söhbətləşdi, ondan avtobus marşrutları və küçə adlarını öyrənərək, dağınıq baxışlarla nömrəsinə aparan holla göz gəzdirirdi. Onun qapısı ilə qonşu qapı arasında pyedestala Miloslu Veneranın zövqsüz nüsxəsi qoyulmuşdu. Heykəldən sonra, böyürdə, hər yerdə olduğu kimi, kürsü və jurnal stolu qoyulmuş kiçik qonaq otağına giriş görünürdü.

Söhbət ara verdikdə sakitlik kül dumanı kimi mebel və mərmər döşəməyə çökürdü. Lift dözülməz halda guruldayır, eynilə bu cür qəzet xışıldayır, kibrit çöpü çıqqıldayırdı.

Müşavirə axşama yaxın bitdi. Petrone 18 iyul küçəsi ilə gəzişdi, sonra isə Müstəqillik meydanındakı kafedə şam yeməyi yedi. Hər şey yaxşı gedirdi və ola bilsin ki, Argentinaya qayıdış vaxtı güman etdiyindən də yaxındı. O, Argentina qəzeti, bir qutu nazik qara siqar aldı və otelə getdi. Otelin düz yanındakı kinoteatrda iki, artıq baxdığı film nümayiş olunurdu; amma o, ümumiyyətlə heç yerə getməyə həvəsli deyildi.

Mehmanxana müdiri onunla salamlaşdı və ona daha bir mələfə dəstinin lazım olub-olmadığını soruşdu. Onlar bir qədər söhbətləşdilər, siqar çəkdilər və sağollaşdılar.

Yatmazdan əvvəl Petrone özü ilə götürdüyü sənədləri səliqəyə saldı və tənbəlliklə qəzetə göz gəzdirdi. Mehmanxanada dözülməz sakitlik vardı; Soriano küçəsindən keçən tək-tük tramvaylar bir anlığa sükutu dağıdırdı, lakin bundan sonra yenə ölü sükut çökürdü. Petrone sakitcə və həm də tələsmədən qəzeti zibil səbətinə atdı və dağınıq halda güzgüyə baxaraq əynini soyundu.

Yetərincə köhnə güzgülü şkaf qonşu nömrəyə açılan qapının qarşısını tutmuşdu. Bu qapını görərkən Petrone heyrətləndi – bundan əvvəl gözü ona heç sataşmamışdı. O anladı ki, bina otel üçün nəzərdə tutulmayıb; köhnə idarə və mənzillər həmişə ucuz mehmanxanalara çevrilir. Onun qaldığı bütün digər mehmanxanalarda da (o isə çox səyahət edirdi) ikibaşlı və utancaq şəkildə, sanki əliylə döşünü, yaxud qarnını örtən qadın kimi, ya bağlı, ya da bağlanmamış, ya şkafla, masayla, ya da asılqanla qarşısı örtülmüş qapı aşkarlanırdı. Bununla belə, istər gizlət, istər gizlətmə, qapı yeri şkafdan hündür idi. Nə vaxtsa onu açaraq içəri giriblər, onu bağlayıblar, çırpıblar və indi də ona, divara oxşamayan laya ömür veriblər.

Petrone təsəvvürünə gətirdi ki, qapının o biri tərəfində də şkaf var və qonşu nömrədəki qadın da bu qapı haqqında düşünür.

O yorulmamışdı, lakin möhkəm yuxuladı, təxminən üç saat yatdı və qəribə bir hisslə yuxudan oyandı. Sanki nə isə pis bir şey, xoşagəlməz hadisə baş vermişdi. O, işığı yandırdı və gördü ki, saat əqrəbləri üçün yarısını göstərir. İşığı yenidən söndürdü. Və bu vaxt qonşu otaqda çağa ağladı. Əvvəlcə o heç nə anlamadı, hətta sevindi də. Deməli, ötən gecədə də ona uşaq ağlaması narahat etmişdi. Hər şey aydındır, o yanılmamışdı, yenidən yuxuya getmək olar. Lakin bu zaman beynində başqa bir fikir yarandı; Petrone astaca çarpayıda oturub işığı yandırmadan qulaq asmağa başladı. Bəli, uşaq səsi oradan, qapının arxasından gəlirdi. Bu səs qapının arasından, çarpayının ayaqlarından süzülüb içəri keçirdi. “Bu necə olur? Orada uşaq ola bilməz; mehmanxana müdiri qətiyyətlə dedi ki, qadın təkdir və bütün günü işdə olur. Ola bilsin ki, o, uşağı gecə qohum qadından, yaxud rəfiqəsindən geri alıb... Bəs dünən?”

İndi o bilirdi ki, o vaxt da heç nəyə oxşamayan bu – dolaşıq, zəif, yalvarışlı, sanki uşaq xəstə olduğu üçün gah inləyişlə, gah da zarıltılı ilə kəsilən ağlama səsini eşidib. Yəqin ki, o, bir neçə aylıqdır – axı çağalar bərkdən, gücdən düşənədək ağlayır qışqırırlar.

Petrone nədənsə təsəvvürünə gətirdi ki, bu, hökmən oğlan uşağıdır: sısqa, xəstə, büzüşmüş, zəiflikdən güclə tərpənən. Buna görə də gecələr diqqəti cəlb etmədən ağlayır, utanaraq şikayətlənir, zarıldayır. Bu qapı olmaya, kimsə uşaqdan xəbər tutmazdı – yalvarışlı səslər divarı dələ bilməzdi.

Nahar vaxtı siqar çəkə-çəkə Petrone hələ də onun haqqında düşünürdü. Yuxusuz gecələr gündüz işləməyə mane olur, uşaq səsi isə onun yuxusuna iki dəfə haram qatmışdı. İkinci dəfə lap pis: qadın səsi – çox sakit, bilərəkdən aydın – yatmağa heç imkan vermirdi. Çağa bir dəqiqəlik susur, sonra qısa ah-zar acı yalvarışla əvəzlənirdi. Qadın yenə mənası bilinməz sözləri pıçıldayır, cismani, yaxud mənəvi ağrıdan, həyat, yaxud ölüm qorxusundan əldən düşmüş körpəni ana sevgisilə ovsunlayırdı. “Əcəb işdir, mehmanxana müdiri mənə aldadıb”, - deyə oteldən çıxarkən Petrone düşündü. Eşitdiyi yalan onu qəzəbləndirirdi və o bunu gizlətmədi. Mehmanxana müdiri isə onu dinlədikdə heyrətləndi.
- Uşaq? Siz səhv edirsiniz. Bizim oteldə südəmər uşaq yoxdur. Sizinlə yanaşı otaqda tənha qadın qalır, - mən ki sizə demişdim.
Petrone o dəqiqə cavab vermədi. İkisindən biriydi: ya mehmanxana müdiri həyasızcasına yalan danışır, ya da yerli akustika onunla səfeh zarafat etmişdi.

Həmsöhbəti ona bir qədər çəp baxırdı, sanki bütün söhbətin mövzusu onu qıcıqlandırırdı. “Yəqin, düşünür ki, mən cəsarətsizlikdən tələb etmirəm ki, məni başqa nömrəyə köçürsünlər”, - deyə Petrone fikirləşdi. Hər şey qətiyyətlə danıldıqda inad etmək çətindir, sadəcə, mənasızdır.

Petrone çiyinlərini çəkdi və həmsöhbətindən ona qəzet verməsini xahiş etdi.

O:

- Yəqin, yuxuma girib, - dedi. Bunu demək və ümumiyyətlə, fikrinə izah vermək ona xoş gəlmədi.

Kabaredə ölü darıxdırıcılıq hökm sürürdü, onun süfrə yoldaşları içki süzmək lazım gəldikdə ona ləng xidmət edirdilər, elə ləng ki yorulduğunu bəhanə edib o, otelə getdi. Müqavilələri ertəsi gün imzalamaq qərarına gəlmişdilər, mahiyyətcə o, işlərini tamamlamışdı.

Vestibüldə elə sakitlik idi ki, özü də bunu bilmədən barmaqlarının ucunda yeriyirdi. Çarpayının üstündə dünənki qəzet və evdən gələn məktublar vardı. O, arvadının xəttini tanıdı. Çarpayıya uzanmazdan öncə o, uzun müddət şkafa və onun üstündən görünən qapıya baxırdı. Ora iki çamadan qoyduqda qapı ümumiyyətlə, görünməz olardı və səs boğulardı. Bu vaxt, əvvəllər olduğu kimi, sakitlik hökm sürürdü. Otel, əşyalar və insanlar yatırdı. Lakin həyəcanlanmış Petroneyə elə gəlirdi ki, hər şey göründüyü kimi deyil, hər şey yuxulamayıb, hamı sükutun qəlbindən döyüntünün eşidilməsini gözləyir. Onun sözlə deyilməyən qorxu hissi, yəqin ki, evlərə də, insanlara da keçir və onlar da otaqlarında özlərini yuxuluğa vurublar. “Bu nə axmaq fikirdir!”

Uşaq gecə saat üçdə ağlamağa başladıqda, Petrone demək olar ki, heyrətlənmədi. Çarpayıda çömbələrək, o, düşündü ki, bəlkə gözətçini çağırsın: “Qoy sabah şahid kimi təsdiqləsin ki, burda yatmaq mümkün deyil”. Uşaq sakitcə, güclə eşidiləcək tərzdə ağlayırdı, hərdən bir o, azca sakitləşirdi, lakin Petrone bilirdi ki, fəryad tezliklə yenidən başlayacaq.

Doqquz-on saniyə güclə ötüb keçdi, nəsə qısaca xortuldadı və sakit cırıltı kəskin fəryadla əvəz olundu. Petrone siqaret yandırdı və düşündü: “Bəlkə, nəzakətlə divarı döyüm, qoy o öz körpəsini yırğalayıb sakitləşdirsin”. Və o dəqiqə də anladı ki, nə ona, nə körpəyə, nə də, qəribə olsa da, mehmanxana müdirinin yalan danışdığına inanır. Körpəni inadla və sakitcə ovudan qadın səsi uşaq səsini batırırdı. O, çağaya lay-lay deyir, onu ovudurdu və Petrone, nəhayət ki, qadının çarpayı kənarında oturub, uşağı qucağında necə tutmasını, yaxud necə beşik yırğaladığını təsəvvürünə gətirdi. Lakin o, uşağı təsəvvürünə gətirə bilmirdi, sanki mehmanxana müdirinin inandırmaları hisslərinin şahidliyinə üstün gəlmişdi.

Vaxt gedirdi, çağanın ahu-zarı gah dayanır, gah da qadın pıçıltısını boğurdu və Petroneyə elə gəldi ki, bu, fars, hoqqabazlıq, məntiqsiz vəhşi oyundur. O, qardaşoğlular, bacıoğlular, yaxud ev heyvanlarının nazını çəkməkdən daha təhlükəli olan xəlvətcə gəlinciklə oynayan, analıq nağılları uyduran uşaqsız qadınları yada saldı.

“O özü qışqırır, uşaq yoxdur, o, boşluğu yatızdırır və həqiqi göz yaşları ilə ağlayır, axı o özünü ana yerinə qoymalıdır, boş otaqda, şəfəqin laqeydliyində dəli-divanədir”.

Petrone işığı yandırdı. O, yata bilmirdi və düşündü: “Nə etməli?” Sonda kefi pozulmuşdu, bu oyundan və saxtalıqdan necə də korlanmasın?! Hər şey saxta görünürdü – sakitlik, layla demə və ağlama.

Bu sübh çağı yalnız bunlar mövcud idi, yalnız onlar həqiqət və dözülməz yalan idi.

“Divarı döyəcləmək azdır”. O yuxudan hələ tam ayılmamışdı, hərgah doyunca da yatmamışdı və birdən o gördü ki, tozlu qapının qarşısındakı şkafı yerindən tərpədir. Ayaqyalın, pijamada o, qırxayaq kimi bütün bədəni ilə qapıya sərilib və dodaqlarını şam ağacından olan çirkli qapıya dayayıb və o görünməz uşaq kimi ağlayır və zarıyır. O, get-gedə daha bərkdən ağılayır, göz yaşından boğulur, əldən düşürdü.

Orada, qapının arxasında susdular, deyəsən, uzun müddətə. Bundan bir az əvvəl o, başmaqların xışıltısını və tufandan xəbər verən, lakin kip qırılan simə bənzər qadın qışqırığını eşitdi.
Saat on birə işləyərkən o, portyenin yanından keçirdi. Bundan əvvəl, saat doqquz radələrində o hələ yuxulu ikən portyenin və başqa bir adamın – qadının səsini eşitmişdi, kimsə divarın arxasında əşyaları yerindən tərpədirdi. İndi o, liftin yanında sandıq və iki böyük çamadan gördü.

Mehmanxana müdiri özünü itirmişdi.

- Necə yatdınız? – deyə müdir laqeydliyini güclə gizlədərək və vəzifə borcu naminə soruşdu.

Petrone çiyinlərini çəkdi. Axı onun nəyinə gərək, onsuz da sabah çıxıb gedir.

- Bu gün sakitlik olacaq, - deyə mehmanxana müdiri əşyalara baxaraq dedi, - qonşu nömrədəki qadın bir saatdan sonra çıxıb gedir.

O, cavab gözləyirdi və Petrone baxışı ilə onu söhbətə həvəsləndirdi.

- Yaşadı, yaşadı, budur, indi də gedir. Qadınları heç başa düşmək olmur.

Petrone:

- Hə, - dedi, - onları anlamaq çətindir.

Küçədə başı gicəlləndi, halbuki səhhətindən şikayətçi deyildi. Acı qəhvəni içərkən işləri unudaraq, işıqlı səhəri görmədən o elə həmin şeylər barədə düşünürdü. Qadın ona, Petroneyə görə çıxıb getdi. Qorxudan özündən gedərək, xəcalət və qəzəbdən. “Yaşadı, yaşadı...” Yəqin ki, o, xəstədir, amma zərərsizdir. Əslində, qadın yox, o çıxıb getməliydi. Qadınla danışmalı, üzr istəməli, oteldə qalmasını xahiş etməli, susacağına vəd verməliydi.

O, geri addımladı, dayandı. Yox, deyəsən, axmaqlıq edir, qadın onun sözlərini başqa cür yozacaq. Cəhənnəmə, qoy özü-özünü aldatsın. Sadəcə, dəlidir. Özünə başa otel tapar, orada öz xəyali körpəsinə layla deyər...

Gecə o, yenə özündə deyildi və sakitlik ona dözülməz göründü. Geri qayıdarkən o, marağını boğa bilməyib lövhəyə baxdı və gördü ki, qonşu nömrənin açarı yerində yoxdur. Baryer arxasında əsnəyən portye ilə bir qədər çənə döyüb, yuxulamağa heç ümid etmədən o, otağına getdi, axşam qəzetlərini və detektiv kitabını kiçik masaya qoydu, əşyalarını çamadana yığdı, kağız-kuğuzu səliqəyə saldı.

İsti idi və o, pəncərələri taybatay açdı. Səliqəli yataq ona narahat göründü. Nəhayət, sakitlik idi, o, ölü kimi yata bilərdi, amma yatmamışdı. O, yataqda qovurulurdu, sükut, hiyləgərcəsinə nail olduğu, sanki qisas alaraq ona qaytardıqları həmin o sükut onu əzirdi. Acı, gülünc fikir ona deyirdi ki, uşaq ağlamadan nə yata, nə də oyana biləcək. Fəryad çatışmırdı və bir qədər sonra o, bağlı qapı arxasından zəif, tanış səsi eşitdikdə, qorxu, qaçış istəyindən vaz keçərək anladı ki, nəhayət, o, yatsın deyə körpəyə layla deyərkən qadın yalan demirdi, o, haqlı idi.

Onlar yuxuya getdilər.

Ruscadan çevirdi: Əziz Rzazadə
# 761 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #