Vəfasız qadından yoxdur ESSE

Vəfasız qadından yoxdur  ESSE
19 aprel 2011
# 16:04
XX əsr rus poeziyasının nəhənglərindən biri, sonuncu mogikan Andrey Voznesenski dünya ilə haqq-hesabını axır ki, başa vurub başqa bir dünyanın uzun yoluna çıxdı. Vaxtilə milyonların sevimlisi olmuş, sovet elitasının favoritinə çevrilmiş Volodya artıq yoxdur- Voznesenski erası bitdi.

Amma onun poeziyası bu dünyaya həmişə ümid, sevgi bəxş edəcək. O dünyasını dəyişən andan Rusiyanın bütün radiostansiyaları onun sözlərinə yazılmış “Milyon, milyon qızılgül” mahnısını dönə-dönə səsləndirdilər. Bu əbədiyaşar mahnının sözlərini o- Andrey Voznesenski yazıb.

Kulis.az ispan şeirinin həzin səsli gitarası Federiko Qarsia Lorka haqqında yazdığı esseni sizə təqdim edir. Voznesenski bu qısa və təsirli essesini 1961-ci ildə qələmə alıb və Lorkanın ölümündən bəhs edərkən belə deyir: “Sənətin qətli hələ də davam edir.”! Bu sözləri sovetlər ölkəsində yaşayan bir şair yazıb. 1961-ci ildə! Şərhə ehtiyac varmı?


Andrey Voznesenski


Lorkayla baş-başa qalarkən


Mən Lorkanın vurğunuyam.

Lorka!

...O azadəliyi çox sevərdi, xəyallar onun duyğularına qanad verirdi, həm də rəssam idi.

De Falla deyirdi ki, onun musiqi istedadı şairlik vergisindən heç də az deyildi.

Lorkanı heç vaxt canlı surətdə görməmişəm. Kaş mən bir az tez doğulaydım. İndi onunla hər gün görüşürəm.

Silinib təmizlənmiş kimi par-parlayan iki Ay- birini su, digərini göy üzündə görəndə Lorkanın şeirindəki oğlan kimi qışqırmaq istəyirəm: “Gecə yarısı çalınsın göy ayparası!”

Mən onun yaralı, aydan arı, sudan duru, gün şüasından ipək təki xışıldayan, zınqırov kimi döyünən ürəyini duyuram.

Psixoloji dəqiqliyinə görə “Vəfasız qadın”ına bərabər şeirə rast gəlməmişəm. Misilsiz dərəcədə arı-duru, duyğu şəffaflığı, hisslərin büllurluğu!

Onu 1936-cı il avqustun 18-də öldürüblər.

Ah, bu “yanılmalar”, “səhvlər”! Puşkinin ölümü anlaşılmazlıq idimi? Lermontovun həlakı təsadüf idimi?

Poeziya həmişə inqilab havalıdır. Neoinkivizitor həbsxanaları riyakarlarının nəzərində Lorka şeiri inqilab idi- daxili sərbəstliyi, əhatəliliyi, temperamenti ilə! Beton divarların fonunda al zanbaq onların gözündə qiyamdı, buntdu, üsyandı.

Marks yazırdı ki, şairlər həmişə nəvazişə möhtacdırlar. Şair ürəyi tikanlı məftillərə toxunub paralanan yerdə hansı nəvazişdən danışmaq olar? Şairin faciəli, ölüm-itimli həyat yolu haqqında düşünəndə birinci dünya müharibəsi zamanı qazdan zəhərlənən Elüarı xatırlayıram. Boğulan şair obrazı rəmzdir.

Bir udum hava olmayan yerdə nə şeir, nə nəğmə?!

Ehtiraslardan yoğrulmuş Lorka şeiri məcazlarla zəngindir. Məcaz formanın motorudur. XX yüz il çevrilmələr, metomorfozalar əsridir.

Bu günkü şam ağacı nədir? Perlonmu? Raketlərin pleksiqmasımı? Mənim tüklü, silondan toxunmuş köynəyim gecələr ağ şamları anıb sayıqlayır. Yuxusuna iynəyarpaqlı əcdadlarının xışıltısı girir.

Lorka assosiasiyalar deməkdir. Şeirlərində gecə səması qara madyan sağrısı kimi parıldayır, külək pəncərədən boylanan başları gilyotin mişarı kimi kəsir.

Əşyalar doğmalaşır, səs-səsə verir- Pikasso rəsmlərində olduğu kimi. Elə götürək onun Elüara həsr elədiyi rəsmləri. Qadın çöhrəsinin oval cizgisi göyərçin biçimi alır; qaşlar palma budağı kimi çiçəkləyir. Bu nədir? Saçmı, yoxsa göyərçin qanadları?

Lorkanın rəsmlərini görmək də nəsibim olub. Bunlarda balladalarında olduğu kimi qaraçı-ispan nəfisliyi, incəliyi duyulur.

Poeziyasında rənglər tüğyan edir.

Poeziya hər şeydən öncə möcüzədir, duyğu möcüzəsi, səs möcüzəsidir və bir də bu hissləri şeirə çevirən nəyinsə möcüzəsidir. Bu, izaholunmaz bir nəsnədir. Daxili musiqi duyumundan məhrum olanlar Lorkanı anlaya bilmirdilər.

Şeirdə elə bir xassə var ki, böyüdücü şüşə kimi dinləyicinin duyğularını gücləndirir. Nəyisə qüvvətləndirə bilməyən poeziya gücsüzdür.

Lorkadan ötrü darıxıram.

Liman və bir az da xardal qoxulu musiqisi üçün burnumun ucu göynəyir.

...Onu 1936-cı il avqustun 18-də öldürdülər.

Lorkanın ibrət dərsləri təkcə nəğmələri və həyatı ilə bağlı deyil. Onun ölümü də dərsdir. Sənətin qətli davam edir. Təkcə İspaniyadamı? Bu qeydləri yazarkən həbsxanaçılar Sikerosu bəlkə də gəzintiyə çıxarırlar.

25 il əvvəl Lorkanı onlar öldürmüşdülər.

Tərcüməçi: Kənan Hacı
# 1429 dəfə oxunub

Oxşar xəbərlər

Maradonanın əlindəki top və Musa Yaqub - Cavanşir Yusifli

Maradonanın əlindəki top və Musa Yaqub - Cavanşir Yusifli

17:00 15 may 2024
Dünyanı, insanları dəyişmək mümkün deyilsə, çıxış yolu nədədir? - Fəxri Uğurlu

Dünyanı, insanları dəyişmək mümkün deyilsə, çıxış yolu nədədir? - Fəxri Uğurlu

15:00 15 may 2024
Həmid Herisçinin xəyanəti, Anarın qələbəsi və AYBO

Həmid Herisçinin xəyanəti, Anarın qələbəsi və AYBO

09:00 8 may 2024
"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

15:00 6 may 2024
Məşhur yazıçının faciəvi həyatı və itkin məzarı

Məşhur yazıçının faciəvi həyatı və itkin məzarı

09:01 6 may 2024
Ərinə itaət edən qadının böyüklüyü

Ərinə itaət edən qadının böyüklüyü

09:00 3 may 2024
#
#
# # #