“İntizar” və “Yadlaşma”

“İntizar” və “Yadlaşma”
6 sentyabr 2011
# 13:02
Kulis.az Qoderzi Çoxelinin qısa hekayələrini təqdim edir.




İntizar

- Mənə elə gəlir, kiminləsə görüşməliyəm.
- Kiminlə?
- Nə bilim.
- Bəs, onda niyə elə gəlir sənə?
- Bilirsənmi, mən onu sevirdim.
- Nə vaxt?
- Bilmirəm nə vaxt, yəqin qabaqlarda.
- Yenə də. Düzü?
- Anadan olmamışdan qabaq.
- Başa düşmədim.
- Bəlkə də anadan olmuşam, amma başqa yerdə, mən onu sevirdim, indi də hey onu gəzirəm.
- Əgər görməsəm?
- O da ola bilər.
- Onda arvadsız qocalarsan ki. Birini al da...
- Kimi?
- Nə bilim, kimisə.
- Yox, yox, elə arvad alammaram.
- Bəlkə onunla görüşəmmirsən?
- Başlıcası odu ki, mən onu sevirəm.
- Mən belə sevgi məhəbbət görməmişəm. Tanımırsan, görməyibsən, özün də sevirsən.
- Hə, sevirəm.
- Bəlkə sevmirsən?
- Bəs, onda niyə mənə elə gəlir ki, onunla görüşməliyəm?
- Olmaya yuxunda görübsən?
- Yox, yuxumda yox, hardasa, ayrı yerdə görmüşəm.
- Üst-başı yadındadımı, necə görünür?
- Yox, yadımda deyil.
- Bəs, onda, bəlkə birdən rastlaşdınız, necə tanıyacaqsan?
- Tanıyacam, bilirəm ki, tanıyacam, ola bilməz ki, tanımayım.


***
- Rastlaşmadınız?
- Yox, görəmmədim.
- Sonra?
- Arvad almadın?
- Almadım.
- Yenə onu gözləyirsən?
- Hə.
- Neçə yaşına keçdin?
- Altmış altı.
- Yenə sevirsən?
- Hə.
- Bəlkə rastlaşdın? Tanımadın?
- Hə.
- Heç, heç nə.



Yadlaşma


Şuğliani Givi birdən geriyə boylanıb qorxdu. Yox, yola ha boylanmadı, öz həyat yoluna boylandı. Heç özü də bilmədi, bu qədər vaxt necə keçdi.

Toylara gedirdi.

İçirdi.

Şerləşirdi.

Harda yaxşı şair sorağı olardı, onun yanına gedərdi.

Ova gedərdi.

Bu günsə, geri boylanıb, başa düşdü ki, hədər yerə çoxlu vaxt gedib.

Ona görə də arvad-uşaq barədə fikirləşmək daha geciydi.

Hər şeyə gecikib.

Givi atdan düşüb, kəndə ayaqla getdi. Qara atı itaətkarlıqla dalınca düşdü.

Dönüb atına baxdı.

Atı da qocalıbmış. Ağlına gəldi ki, bu at onda çoxdan var.

- Görən, bu halda nətəhər qaçırmış, - Givi təəccüblənib, atını yaşını dəqiqləşdirdi.

Kəndin arasından fikirli-fikirli adladı. Onun bu halı hamını təəccübləndirdi. Öz daxmasına girib, ağzıüstə yerə tökülmüş samanın üstünə uzandı.

Ona elə gəldi ki, öz mənliyini itirib, daha bərk qorxdu.

Qalxıb, eşiyə ata baxmağa çıxdı. At uzanıb can verirdi. Yaxına gedib atın başını qaldırdı, gözlərinə baxdı.

Orda özünü görüb, dəhşətə gəldi. Saçları lap ağarıbmış. Yox, bu o deyildi. Givi özünü ayrı cür xatırlayırdı.

Bəyəm, aradan bu qədər çox vaxt keçib? Atın gözlərindən yaş tökülürdü.

Givi öz yaşının istiliyini əllərində hiss elədi. At ayaqlarını uzatdı, sonra başını qaldırıb, yavaş-yavaş yerinə endirdi.

Givini dəhşətli tənhalıq çulğadı. Elə bil, o, özü yox, ayrı adamıydı. Özüsə, yox oldu, birdən itdi, sanki heç bir dünyada olmayıbmış.

Yaxşı yadındaydı, yaşayırdı, özü də indiki kimi yox, tamamilə ayrı cür. Busa özgə adamın bədənidi, heç özü də bilmir, onu ruhu bu bədənə nə vaxt girdi.

Heç yadına da sala bilmədi. Kəndə çıxıb, özünü axtarmağa başladı.

Huma burdadı: Çğuna, Beri, Vaxtanq, onların uşaqları var dövlətləri. Onlar yenə özləridir.

İstəyir ki, soruşsun: - Suğliani Givini görməyibsiniz ki? – amma nədənsə, dili tutmur, səsini çıxardammır. Onlarsa, özlərini itirmiş halda Gibiyə baxırlar.

Düşüb hər yerdə özünü gəzir, amma heç yerdə tapa bilmir. Bədəni qorxuyla dolur, geri, evə qayıdır.

Qaranqlı daxmada samanın üstünə üzüqoyulu uzanmış Givi ruhunun özgə bədənlə birləşməyə necə çətinlik çəkdiyini duyur.



(“Küknarlara məktub” kitabından. Qanun, 2006.
Tərcüməçilər: Tofiq Mirzə, Nəriman Əbdülrəhmanlı)
# 1644 dəfə oxunub

Oxşar xəbərlər

"Mənim yaşımda sevgidən ölən olmayıb hələ..." - Camal sözün başına nə oyunlar qaldı açmamış?!

"Mənim yaşımda sevgidən ölən olmayıb hələ..." - Camal sözün başına nə oyunlar qaldı açmamış?!

15:00 19 aprel 2026
"Romandakı bu cümlələr Seymur Baycanı xatırladır" - "Qəvvas"ın qaranlıq məqamları

"Romandakı bu cümlələr Seymur Baycanı xatırladır" - "Qəvvas"ın qaranlıq məqamları

12:00 18 aprel 2026
"Balkan ədəbiyyatının Qorkisi" - Hansı məşhur yazıçı onu ölümdən qurtarmışdı?

"Balkan ədəbiyyatının Qorkisi" - Hansı məşhur yazıçı onu ölümdən qurtarmışdı?

12:40 16 aprel 2026
"Gərək müəllif Zərrinin çiyninə dünyanın bütün dərdlərini yükləməyəydi" - Hekayə müzakirəsi

"Gərək müəllif Zərrinin çiyninə dünyanın bütün dərdlərini yükləməyəydi" - Hekayə müzakirəsi

15:00 15 aprel 2026
"Sartrın "Milçəklər”dəki azadlığı anarxikdir..." -  O, Tanrı haqqında nə yazırdı?

"Sartrın "Milçəklər”dəki azadlığı anarxikdir..." - O, Tanrı haqqında nə yazırdı?

13:00 15 aprel 2026
Poeziya, sevgi və intihar arasında Mayakovski... - Maksim Qorki onun haqqında nə yazmışdı?

Poeziya, sevgi və intihar arasında Mayakovski... - Maksim Qorki onun haqqında nə yazmışdı?

13:00 14 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər