“Cavid Zeynallı və Zərdüştü onluğa salmışdım” - MÜSAHİBƏ

“Cavid Zeynallı və Zərdüştü onluğa salmışdım” - MÜSAHİBƏ
8 aprel 2011
# 11:46
Milli Kitab Mükafatının (MKM) short listi- onluq bir neçə gündür açıqlanıb və bəzi etirazlar doğurub. Bu barədə MKM-in eksperti olmuş yazıçı Yaşar kulis.az-a danışdı.

Dostoyevski və Tolstoy MKM-ə qatılmamışdı

- MKM-in 10-luğu açıqlanandan sonra adları onluqda olmayan bəzi yazarların narazıçılıqları səsləndi. Deyirdilər ki, MKM-ın ekspertlərinin bəzilərinin ədəbiyyatdan başı çıxmır ya da onlar düzgün qiymətləndirməyiblər. Buna münasibətinizi öyrənmək istərdik?

- Çox normal bir onluqdur. Bizim millətdə, hər sahədə olduğu kimi, yazıçılarda da, “mən olmayan yerdə heç nə gözəl deyil, mən olsam hər şey gözəldi” fikri var. Əlbəttə ki, ədəbiyyatı riyazi hesablama hesab etmək olmaz. İki vur iki dörd etmir. Ola bilər ki, onluğa düşə bilməyən, ancaq o siyahıda olanlardan daha səviyyəli yazıçılar var. Bu siyahı ekspertlərin səsverməsi ilə müəyyənləşib. Tutaq ki, biz Dostoyevski ilə Tolstoy arasından birini seçməliyik. Dostoyevski 10-luğa düşə bilirsə, Tolstoy düşə bilmirsə, o demək deyil ki, Tolstoy zəif yazıçıdı. Düzdür, bu müsabiqədə Tolstoy və Dostoyevski qədər böyük yazıçılar yoxdur. İyirmilikdə olan yazıçılardan, onluğa düşənləri mən elə də bir-birindən fərqləndirmirəm. Səsvermə ilə bu onluq alındı.

Mənim bəyənmədiyim əsərlər də onluğa düşdü

- MKM-də tanışlıqlar, dostluqlar, zənglər böyük rol oynaması...

- Mən öz adıma deyə bilərəm ki, belə bir şeylə rastlaşmamışam. Ekspertlərlə tez-tez görüşlərimiz, müzakirələrimiz olurdu. Mən hiss edirdim ki, burda heç bir tanışlıqdan, zəngdən söhbət gedə bilməz. Hamı öz fikrini bildirdi. Ortaya da, bu nəticə çıxdı. Onlar nəyə əsaslanıb deyirlər ki, seçimlər tanışlıqla, zənglə olub? Bu tamamilə absurd şeydir. Orda təkcə mənim fikrim olsaydı əgər, deyərdim mən on nəfər zəng edib, mən də, onları seçmişəm. Burda 6 ekspert var idi. Tutalım mən tanıdığım adamı Qan Turalı tanımır. Qan Turalı tanıdığını, məsələn, Tehran Əlişanoğlu tanımır. Bu necə ola bilər ki? Bizim altımızı da kimsə ələ alıb ki, məni ora salın? Bunu deyənlərin də olmasına normal baxıram. Mən gənc yazarlar Cavid və Zərdüştün saytlarda onluqla bağlı münasibətləri ilə tanış oldum. Onlar tamamilə razıdırlar müsabiqədən. Mən şəxsən onların ikisini də, onluğa daxil etmişdim. Onların ikisi də keçmədilər. Onların ikisi də həddən artıq, hətta deyərdim ki, yaşlarına uyğun olmayan təmkinlə qarşılayırlar bunu. Ancaq qəbul edə bilməyənlər də var. Yarışmanın da gözəlliyi bundadır.

- Onluqda olanlardan sizin siyahınızda olmayanı var idi?

- Mən elə bir siyahı tutmamışdım. Mən hər şeyi açıqlamaq istəmirəm. Lakin mənim aşağı bal verdiyim adamlar var idi ki, onlar onluğa düşdülər. Mən onları onluq siyahısında görmək istəmirdim.

- Kimlər idi?

- Bu mətbəx söhbətidir. Əgər hamı kimə nə qədər bal verdiyini açıqlamalı olsa, o vaxt mən də deyərəm, eşidərsiniz.

- Siz əgər ekspert yox münsif olsaydınız, müsabiqədə ilk üç yeri kimlərə verərdiniz?

- Bu münsiflərin işidir. Qarışmaq istəmirəm. Mən indi ad çəksəm, bu təzyiqə oxşayacaq. Onların fikirlərinə təsir etmək olmaz. Biz müsabiqəni bura qədər gətirib çıxartdıq. Bundan sonrakını da qoy münsiflər özləri həll etsinlər. Orda maraqlı əsərlər var. İnşallah müsabiqə bitsin, mən bu haqda fikrimi deyərəm. Məsələn birinci yerdə kimi gördüyümü deyərəm.

Futbolçu deyiləmsə futboldan danışmayım?

- Amma bir şey də var. İyirmiliyi müəyyən edən ekspertlərin hamısı ədəbiyyat adamları idi. Ancaq münsiflərin içində xeyli sayda ədəbiyyat adamları olmayanlar var?

- Oxucu da ədəbiyyat adamıdır. Elə oxucu tanıyıram ki, ədəbiyyatı bizim bəzi yazıçılarımızdan daha dərin bilir. Bu cür qəbul etmək doğru deyil. Biz kino adamı deyilik deyə kino haqqında ya da, futbolçu deyilik deyə futbol haqqında fikir bildirə bilmərik? Teatrşünas deyiləmsə, teatr haqda danışa bilmərəm? Münsiflərin arasında sırf ədəbiyyat adamı olmayanlar da var, ancaq onların zövqü, ədəbi duyumları var. Ədəbiyyat hər halda spesifik bir peşə deyil. Tutaq ki, qazmaçı kimi, kosmanavt kimi bir neçə adamın görə biləcəyi bir iş deyil. Dar çərçivəyə sığmır. Ədəbiyyat əslində bütün insanların bildiyi bir sahə olmalıdır. Ziyalıların da hamısı ədəbiyyatla yaşayan adamlardır. Elə ziyalılarımız, oxucularımız var ki, ədəbiyyatı yazıçılarımızdan, tənqidçilərimizdən daha gözəl bilir. Buna görə də, “filankəs ədəbiyyatçı deyil, o necə qiymət verəcək” fikri ilə razı deyiləm.

AYO-dan bircə Mirmehdi var

- Ötən il də, bu il də Azad Yazarlar Ocağı müsabiqəyə qatılmaqdan imtina etdi.

- Azad Yazarların da içində maraqlı yazıçılar, şairlər var. Həmçinin Yazıçılar Birliyində də maraqlı yazarlar var. Heç bir qurumda olmayan çox maraqlı yazıçılar var. Azad Yazarlar Ocağının adı da qəribədir. Guya azad olmayan yazar var? Yazar əlinə qələm götürübsə deməli azaddır, oturub yazır. Onların əsas funksiyalarını onda görürəm ki, qıcıqlandırmalarıynan ədəbiyyata xeyir verirlər. Amma mükafata gah qoşulurlar, gah qoşulmurlar, bəyanat verirlər. Mənə elə gəlir ki, bu da ümumi olaraq ədəbiyyatın xeyrinədir. Ümumi atmosferdə bir dramaturgiya yaradırlar. Bu dəfəki müsabiqədə azad yazarlardan olan Mirmehdi iştirak edir. Keçən il Həmid Herisçi, Rafiq Tağı var idi . Onlara sözüm odur ki, gəlsinlər, iştirak etsinlər.

- Növbəti müsabiqədə yenidən ekspert olmaq fikrindəsinizmi?

- Əgər başqa işlərimlə üst-üstə düşməsə, yenidən ekspert olmağa razı olaram. Əgər işlərim çox olsa, fiziki imkanım olmasa, razılıq verməyəcəm. Bu doğurdan da maraqlı işdir. Həzz aldığımız bir işlə məşğuluq. Onsuz da biz bu əsərləri oxuyuruq. Biri də var bunu iş kimi oxuyasan. Məsuliyyətli və maraqlı bir işdir.

- Sizcə bu müsabiqə Azərbaycan ədəbiyyatına nə verdi və gələcəkdə nə verə bilər?

- Ümumi götürsək, bu gün ən ölgün vəziyyətdə olan sahə ədəbiyyatdır. Bir şeyi deyim ki, oxuduğum əsərlərdən bir nəticə çıxardım. Bizim yazarlar həqiqətən də, yaxşı yazırlar. Düşünün bir: ədəbiyyatda heç bir gəlir yoxdur, burda heç bir maddi maraq yoxdur. İncəsənətin digər sahələrində çalışanları götürsək, hamısının maddi imkanları gənc yazarların imkanlarından çoxdur. Ancaq yaradıcılıq baxımından mən fərqi görürəm. Gənc yazarların doğurdan da, öz dünyaları var. Bu başqa məsələdir ki, onlar öz dünyalarını hansı səviyyədə yarada bilirlər. Tam peşəkarcasına olmasa da, öz dünyaları var. Cavan nəslin nümayəndələrinin əsərləri ilə tanış olmaq məni çox sevindirdi. Bu müsabiqə bizim cəmiyyətə bir mesajdır. Bilsinlər ki, ədəbiyyat da var. Ədəbiyyata bir nəzər yetirmək lazımdır. Ədəbiyyat əslində bütün sənətlərin başıdır. Hər şeyin əvvəlində söz var. Yazıçının da, predmeti sözdür. Yuxarılardan tutumuş aşağılara qədər, hər kəsin yadına salır ki, ədəbiyyat da, heç bir maddi maraq güdmədən ömürlərini ədəbiyyata həsr edən adamlar da var.


Elmin Həsənli
# 1646 dəfə oxunub

Oxşar xəbərlər

Həmid Herisçinin xəyanəti, Anarın qələbəsi və AYBO

Həmid Herisçinin xəyanəti, Anarın qələbəsi və AYBO

09:00 8 may 2024
"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

15:00 6 may 2024
Məşhur yazıçının faciəvi həyatı və itkin məzarı

Məşhur yazıçının faciəvi həyatı və itkin məzarı

09:01 6 may 2024
Ərinə itaət edən qadının böyüklüyü

Ərinə itaət edən qadının böyüklüyü

09:00 3 may 2024
"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

12:00 1 may 2024
Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

12:00 28 aprel 2024
#
#
# # #