Bakıda normal kafe niyə yoxdur?

Bakıda normal kafe niyə yoxdur?
8 iyun 2019
# 10:28

Ayxan Ayvaz

Yazıçıları bir araya yığan məşhur kafelər olub. O kafelərdə dünyanın tanınmış yazıçıları bir yerdə nahar edib, maraqlı, intellektual söhbətlər ətrafında birləşib.

Bəzən bu kafelər o yazarların təxəyyül gücünü artırıb, onlara yeni-yeni ideyalar verib.

Bu cür kafelər yaradıcı adamlar üçün önəmli rol oynayıb. Həmin kafelərdə mühit yaranıb, yeni ədəbi cərəyanlar, istiqamətlər, parametrlər ortaya çıxıb.

Məsələn, Parisdəki "Kafe de Flore”ni götürək. Sartla Simon de Bovuar bu məkanda əyləşib söhbətləşərmiş. Heminquey, Kamyu, Aragon, Sartr, Pikasso kimi adamlar da bura gəlirmiş. İndi mənzərəni gözünüzün qabağında təsəvvür edin. Bir kafeyə getmisiniz və qarşınıza Kamyuyla Heminquey çıxıb. Onlar eksiztensializmdən, yaxud yeni əsərlərindən danışır, siz də qulaq müsafiri olursunuz.

Bu kafe mədəniyyətin beşiyi sayılırmış. Sənət dünyasının ürəyi burda döyünürmüş…

Apollinerin "Paris gecələri" bu kafedən bəhs edir. Vudi Allenin "Parisdə gecə yarısı" filmində Heminqueyi bu kafedə görə bilərsiniz…

Hətta kafedən ilhamlanıb mükafat da təsis etmişdilər: "Flora mükafatı”.

Başqa bir kafe isə Kubada yerləşir: "El Floridita”. Heminquey bu kafeyə də baş çəkibmiş (bir yerdə durmur ki).

"Karusel bar” – növbəti kafenin adı belədir. Bu barın ədəbiyyat dünyasında yeri çox böyük. Gələnlərə baxın: Uilyam Folkner, Ernest Heminquey (yenə bu), Truman Kapote.

Ceyms Coysun, Samuel Bekketin, Oskar Uayldın tez-tez baş çəkdiyi kafe isə "Kennedi” adlanır. Dublində yerləşən bu kafedə nə söhbətlər olub e, danışsan bir kitablıq material olar. İntellektuallıq əlindən tərpənmək olmazmış burda.

"Red Key Tavern” kafesi isə Kurt Vonnequtun sevimli məkanıymış. Kafe İkinci Dünya müharibəsinin aksesuarları ilə doludur. İçəriyə girəndə elə bilirsiniz ki, hələ də o böyük müharibənin içindəsiniz. Yəqin Kurt Vonnequt məhz bu səbəbdən buranı çox bəyənirmiş.

Bu cür kafelərin sayı-hesabı yoxdur. Elə bizdə də bu cür kafelər çox olub. Yazarların yığışdığı əfsanəvi kafelər. Məsələn, "Monolit” kafesi. Meydan hərəkatının da toxumları o kafedə atılıb. Ramiz Rövşən, Vaqif Bayatlı kimi imzalar burda yeyib-içiblər.

"Şirzadın yeri” kimi tanıdığımız kafe Araz kinoteatrının yanında yerləşirdi. O kafeni ilk dəfə rəhmətlik Adil Mirseyid tapmışdı. Deyirdi ki, ac idim, ordan keçirdim, zirzəmiyə düşdüm və yemək sifariş elədim. O yeməyin dadı və kafenin ab-havası xoşuma gəldi və bütün ədəbi cameəni bura gətirdim.

Səlim Babullaoğlu, Seymur Baycan, Aqşin Yenisey və başqalarının bu kafenin adı keçən şeirləri, yazıları var. Hətta bəzi yazarlarımız öz əsərlərini burda yazmışdılar.

Şirzad da çox yaxşı oğlan idi, nisyə dəftərini səxavətlə üzümüzə açardı.

Lakin o kafenin ömrü çox çəkmədi. Bağlandı və yoxa çıxarıldı.

Sonra "Əyyubun kafesi”nə yığışdıq. Əyyub əmi 70-80-ci illərin ədəbi mühitini əlinin içi kimi bilirdi, hər dəfə bizə Nüsrət Kəsəmənlidən xatirələr danışırdı. Bu kafedə kimləri görməmişdi ki… Bizim yazıları da tez-tez oxuyurdu və hər kafeyə gəlişimizdə onun yazılarımız haqqında fikirlərini dinləyirdik.

Bu kafe də çox çəkmədi…

İndi arada bir "Delikates” deyilən kafeyə yığışırıq. Ora tanınmayan, uğur qazana bilməyən şairlər baş çəkir. Bütün günü araq, pivə, çay. Söhbətlər də keçən əsrdə qalıb.

Mən Bakını qarış-qarış gəzəcəm və Azərbaycan yazıçılarının da oturub söhbətlər edə biləcəyi yaxşı bir kafe tapacam. Ucuz olsun, bir də məkanın sahibi nisyə eləməyə icazə versin.

P.S. Əslində bir kafe tapmışdım, adını da "Borxes” qoymuşdum. Amma nəsə bizim yazıçıları ora yığa bilmədim. Görünür, kafenin ab-havası onları açmadı.

# 2664 dəfə oxunub

Müəllifin son yazıları

# # #