Yəhudi yazıçının kitabını yandırmaq üçün alanlar

Yəhudi yazıçının kitabını yandırmaq üçün alanlar
13 may 2021
# 12:30

Dünya həssas qəlblər üçün cəhənnəmdir. Elədir, həssas adam üçün hadisələrə dözmək o birilərinin yanında daha dəhşətli olur. Tək öz ölkəsində baş verənlər deyil, eyni zamanda dünyada olanlar da ona öz təsirini göstərir.

Həssas adamlara yaşamaq çətindir! Bütün həssas adamlara sevgilərlə... keçək yazımızın mabədinə...

İsraillə Fələstin arasındakı gərginlikdən xəbəriniz var, yəqin. Bir yerdə bombalar atılır, uşaqlar ölür və dünya da bir müharibə filmi kimi olanları izləyir. Bilmirəm, qəliz məsələdir, şərh vermək olmur, üstəlik mən politoloq deyiləm, durduğum yerdə özümü işə sala bilmərəm.

Sadəcə, qəribə oldur ki, İsraillə Fələstin arasında baş verən gərginlikdə mən təsadüfən Etqar Kereti oxuyurdum. Bizim İsraildən olan yəhudi həmkarımız, çağdaş yazıçıların ən yaxşılarından...

Onun bir hekayəsində bir nəfər özünü öldürmək üçün adam tutur. Həmin adam da bunun dərs dediyi şagirdi çıxır. İşin tərsliyinə bax ki, killer olan şagird o müəllimi çox gözəl xatırlayır, onu sevir və sifarişi yerinə yetirə bilmir. Gəlir müəllimin yanına və onunla söhbət edir. Müəllim də killerin o olduğunu bilir və dəhşətli bir cümlə deyir: mənim ən böyük səhvim yaxşı insan olmağımdır!

Etgar Keret: 'For the past year I haven't read any books' | Short stories |  The Guardian

Yaxşı olmağı səbəbindən şagirdi onu öldürmür. Müəllim ağır xəstəlikdən əziyyət çəkir. Özü-özünü öldürə bilmir. Şagirdinin də yaxşı adam olduğu üçün müəllimini vurmağa əli qalxmır. Və beləcə adam ölə və o ağrılardan xilas ola bilmir.

Mən İsraillə Fələstin arasındakı gərginlikdə bu hekayənin ağrılarının izinə rast gəldim. Keret açıq şəkildə bu münaqişəyə öz hekayələrində münasibət bildirmir. Onun üçün əsas insan itkisidir və bir yazıçı kimi bunun acısını çəkir. Və öz coğrafiyasından doğan gerçəkləri absurd situasiyada qələmə alır.

Məncə, İsraili görmək üçün Keretin hekayələrini oxumaq kifayətdir. Hətta bu yerdə onun bir müsahibəsində dediyi sözləri tirajlamaqda fayda var. Keret deyir:

“Tanrı olmaq istəyən avtobus sürücüsü” adlı kitabım Fələstin Muxtariyyətində ərəbcə nəşr edilib. Oradakı naşirim demişdi ki, kitablarının satışı yaxşıdır, hər gün sifariş verirlər, amma bilmirəm, bu sifarişlər sənin heyranlarındanmı gəlir, yoxsa “Həmas” fəalları yandırmaq üçün alırlar".

Tragikomik, absurd vəziyyət... Həm də sirli...

Yadıma bir sənədli film düşür. İsraillə Fələstin müharibəsinə həsr edilmiş film. Orda iki uşağın shbətini yəqin ki, baxanlar xatırlayacaq. Təxmini yadımıza salmağa cəhd edək. Yəhudi oğlan deyir:

“Səninlə dost ola bilərəm, ancaq böyüyəndə əsgər getməyə və səni öldürməyə məcbur olacam".

Fələstinli uşağın cümləsi:

"Mən sənin yaşadığın evi partlatsam sənə deyəcəm gizlənərsən, ölməyini istəmərəm”.

Keçənlərdə dostlardan biri də bu filmi xatırlatmışdı.

Bilmirəm, kim haqlıdır, kim haqsız, ancaq dünyanı qansız-qadasız bir yer kimi görmək istəyirəm. Bu dialoqun özü də hər şeyi açıq-aydın göstərməkdədir.

Tezliklə bahar təravətini korlayan mərmilərin susmasını, bombaların ilim-ilim itməsini istəyirəm. Çox şey istəmədim ki?

# 2008 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #