“Yalançı çoban”lıqdan saxta postmodernistliyə

“Yalançı çoban”lıqdan saxta postmodernistliyə
18 fevral 2021
# 09:01

Kulis.az hər dördüncü gün “Bir sual, bir cavab” adlı layihədən şair, yazıçı, publisist Aqşin Yeniseyin yazılarını təqdim edir.
Növbəti yazı: Modernizm, yoxsa postmodernizm?

1966-cı ildə “Spiegel” dərgisi müxbirinin soruşduğu “rasional və demokratik insanmərkəzçilikdən, marksist aləmdən uzaq necə yeni bir dünya yaratmaq olar” sualına Haydegger müəllimi Husserldən aldığı nihilist ilhamla belə bir cavap verdi:

- Bizi yenə də ancaq bir tanrı xilas edə bilər!

Bu sözlər, fikrimcə, postmodernizmin (postmodernin deyil) başlanğıcda dediyi son sözü idi. Postmodernizm, aşağı-yuxarı, bu sözdən doğdu. Daha sonra Malro kimi yuxusunda krematorilər görən bir çox Qərb filosofu, yazarı da Haydeggerin müjdələdiyi bu tanrının yolunu gözləməyə və onu səsləməyə başladılar.

Amma hansı tanrı? Nitsşenin “öldürüb” sonra peşman olduğu köhnə xristian tanrısımı? Onun ki İnkivizisiyasının cəhənnəm tonqalları hələ unudulmamışdı.

Postmodernizm Qərbdə ilk gündən insanlığı (modernizmin cəhalətindən) xilas etmək haqqında düşünürdü. Çünki Edison lampasının işığı bəzi evləri digərlərindən daha çox işıqlandırmışdı. İnsanları yenidən hüznlü şamları ilə hamıya eyni mütəvazi işığından paylayan kilsələrə doldurmaq lazım idi.

Amma heç kim demirdi ki, indi nostaljisinə qapıldığımız tanrının işığı da vaxtında kilsədən fərqli olaraq, evlərə düşdükdə bərabər paylanmamışdı, hətta bəzi evləri heç işıqlandırmamışdı. Bu modernizmin suçu deyildi, insanlıq halı idi, çox güman, heç vaxt dəyişməyəcək bir halı.

(Yazımızın davalı yerinə keçməzdən əvvəl modern ilə modernizmin fərqini göstərək ki, sonra postmodern ilə postmodernizmin eyni şey olmadığını deyəndə aramızda yabadavası düşməsin).

Modern (modernite) dediyimiz şey Dekartdan, Qalileodan üzü bu yana texnologiyaların, nəsnələrin, siyasi və iqtisadi baxışların, ictimai münasibətlərin yenilənməsidir, modernizm isə bu yenilənmələrə XIX əsrin ortalarından başlayaraq sənətin, estetikanın, əxlaqın reaksiyasıdır. Modernizm başlanğıcda modern olanı göylərə qaldırsa da, XX əsrin ortalarından sonra ona küfr yağdırmağa başlayıb.

Postmodernlə postmodernizmin arasında da oxşar fərq var; postmodern (postmodernite) dediyimiz şey eynən modern dediyimiz şeyin davamıdır. Modernləşmənin nəticəsi olaraq ortaya çıxan, idarəolunan, kapitalist intibaha xidmət edən xaos mühitidir. Adını unutduğum bir intellektualın sözləri ilə desəm, “dərisini dəyişmiş kapitalizmdir”. Postmodernizm isə bu “bazar xaosu”nun sənətdəki, əxlaqdakı təzahürüdür. Başlanğıcda postmodernizm də postmodernə dəstək olub dünyanı ideyasızlaşdırmaq, məntiqsizləşdirmək, dekonstruksiya etmək işinə qol çırmasa da, sonradan hər şeyin bazarlaşdığını və ucuzlaşdığını görüb postmodern xaosdan qorxuya düşdü və o gündən keçmişdəki tanrını harayladı ki, qayıt, sahmana sal bu kainatı!

Gallery

Bu gün postmodernizmin işi-gücü “modern ana”nın doğduğu postmoderni tənqid etməkdir. Düşüncənin mərkəzini tanrıdan, insandan təmizləyib oraya əşyanı yerləşdirən postmoderni.

Jan Bodriyard postmodern vəziyyəti “orgiyadan sonrakı vəziyyət" adlandırır, bu orgiya hər sahədə azadlığın kəllə-çarxa çıxdığı andır: siyasi azadlıq, cinsi azadlıq, istehlakçı güclərin azadlığı, dağıdıcı qüvvələrin azadlığı, qadının, uşağın, sənətin və s. azadlığı”.

Postmodernizmi narahat edən bu “orgiyadan sonrakı” azadlıqların vəziyyətidir.

Amma bu məsələnin bir də Şərq-Qərb müstəvisi var. Mən burada Şərq dedikdə müsəlman Şərqini nəzərdə tuturam. Çünki artıq Uzaq Şərq deyə bir şey qalmayıb. Biz iki Qərbin arasında yaşayırıq. Arxamızda olan da artıq Uzaq Şərq deyil, Uzaq Qərbdir.

Postmodernizmi modernizm epidemiyasının peyvəndi adlandırırlar. Amma sakini olduğumuz Şərqdə nə zaman bu epidemiyadan ölənlər oldu ki, biz bu peyvəndə ehtiyac hiss etdik? Biz nə vaxt yaşadıq o “modern orgiyanı?” Müsəlman Şərqində modernizmin qurbanları hansı kütləvi qəbiristanlıqda basdırılıb? Hansı atom sualtı qayığında sulara gömüldü müsəlmanlar, hansı Osvensium ölüm düşərgəsində sobalarda tüstü olub göyə qalxdılar da postmodernist oldular?

Türk postmodernist yazar Metin Kaçan “Fındıq Səkkiz” romanında postmodern çağı bu cümlələrlə təsvir edir: “Onlar Lut qövmünün günümüzdəki versiyalarıdır, həlak edilən bir nəslin son təmsilçiləri; nəfslərinin əmrindən başqa heç bir şeyə xoş baxmayan məxluqlar. “Nəfsi-əmmarə”nin arxasınca gedən, yalnız onun üçün yaşayan sürünənlər, insanlıq mərtəbəsinə çatmaq üçün tək bir kitab, tək bir surə, tək bir ayə bilməyən beyinsizlər, şeytanın yoldan çıxardığı “intellektual” dəstə”. Yaxud: (güya, postmodern dünyada) “Hər tərəf cəsəd, qan, irin, alkaqol, zəhər, yalan, iftira!” və s.

Postmodernizmin dinin yeni versiyası kimi nəzərdən keçirilməsi bu sitatlardan aydın görünsə də, mən başqa bir sual verəcəyəm; tarixdə insanlıq mərtəbəsinə çatmaq üçün hər kəsin tək bir kitab, tək bir surə, tək bir ayə bildiyi, şeytanın kimsəni yoldan çıxarmağa gücü çatmadığı elə bir çağ varmı ki, o çağda "hər tərəf cəsəd, qan, irin, alkaqol, zəhər, yalan, iftira" olmasın? Ayənin, surənin dillər əzbəri olduğu zamanlardan təkcə Teymurləngin adını çəkmək kifayətdir ki, ölümündən altı əsr keçməsinə baxmayaraq, insanlığın canını yenidən barbar bir qorxu bürüsün.

Biz tərəflərdə “alkaqolun, yalanın, iftiranın” o biri arzulanan tərəfi bəyəm insan haqları, söz və fikir azadlığı kimi mütərəqqi dəyərlərdirmi? Bəs hələ də davam edən bu namus qətllərini, qan düşmənçiliyini, klassik pedofiliyanı, mülk davalarını hansı çağın ayağına yazaq?

1960-ci illərdən sonra modern həyatı sərt tənqid edən Mişel Fuko 1970-ci illərin sonlarında italyan qəzetinin müxbiri kimi İrana gələrək modern şaha qarşı üsyan edən postmodern dindarların “siyasi uğurlarını” göylərə qaldıran yazılar yazdı. Qalib gələnlərin dərhal fundamentalizmə yuvarlanıb hökumət qurmaq üçün "İnsan Haqları Bəyannaməsi"nə deyil, şəriətə üz tutmasından sonra Qərb intellektuallarının Fukonu “kor” adlandırması bizi maraqlandırmır, bizə maraqlı olan bu postmodern islam inqilabının modernizmi yox etdiyi ölkəyə heç vaxt postmodern miqrasiyanın şahidi olmamağımızdır. Fukonun ölkəsində modernizm bataqlığında çapalayan heç bir fransız şələ-şüləsini götürüb “mən getdim postmodern İrana, bu modernizm sizi qıracaq” deyə yola çıxmadı, əksinə, postmodern inqilabın baş verdiyi bu klassik Şərq ölkəsindən “modernizmdən əziyyət çəkən" xeyli vətəndaş modernizm zülmünə düçar olmuş Qərb ölkələrinə qaçdı. Modern dönəm 1789-ci ildə Böyük Fransa İnqilabı ilə başladığı kimi, İran İslam İnqilabı da İslam dünyası üçün postmodern dönəmin başlanğıcı ola bilərdi. Amma nə yaxşi ki, Fukonun arzusu ürəyində qaldı.

Modernizmə edilən sitəmin ilk və daha fəlsəfi, intellektual izləri XX əsrin ilk illərində Julian Bendanın “Aydınların xəyanəti” kitabında görünür. Benda bu kitabında modern dönəm aydınlarını, müəllifin öz sözləri ilə desək, həmcinslərini maddiyyatın dinlərindən başqa dinlərə yönləndirən “Ruhani sinif"ə xəyanətdə günhalandırır. O aydınları ki, onların düşüncələri bütün Avropanı nəhəng bir kilsə olmaqdan qorudu, div bir fabrikə çevirdi. O aydınları ki, özlərindən sonra gələnlər hələ də onların fikilərini, əsərlərini “əkişdirməklə” məşğuldurlar. Amma bunun bizə, yəni gecə-gündüz öz hökumətləri ilə iş yerləri olsun deyə zavod, fabrik davası edən müsəlman millətlərə nə isti-soyuğu?

Benda eynən Nitsşe kimi postmodernizmin gəlişindən xəbərsiz olsa da dərin bir hissiyatla bu kitabında Habermasın sonralar tərif verdiyi kimi, neokonservativ, tarixi gerçəkliyi nostalji hissi ilə ifadə etməyə əsaslanan sosial və mədəni bir nəzəriyyə olacaq postmodernizmin təməlini qoyur. Qərbin modern barbarlıqdan əvvəlki ruhani alicənablığını həsrətlə xatırlayır. Bu nostaljik tərz modernizmə sənətin baxışını da ifadə edir. Sənət də modernizmə dini-irfani həsrətin gözü ilə baxır; keçmiş bu gündən, kənd şəhərdən, məzar evdən, heyvan insandan daha etibarlı, daha huzurludur. Halbuki modernizmin varlığından belə xəbərsiz olan torpaqlarda insanların həyatından danışan türk yazar Zülfi Livanelinin romanının adı “Huzursuzluk”dur. Həm də keçmiş ənənələrə ilişib qalan insanların bir-birilərinə bəslədikləri etibarsızlıqdan, inamsızlıqdan doğan huzursuzluq.

Liotard postmodernizmi kapitalist rifah dövlətinin böhranı ilə ortaya çıxan bir mədəni formasiya olaraq görür. Liotarda görə, postmodernizm, sadəcə, neokonservatizm və ya neo-liberalizm deyil. Modernizmin rədd edilməsi də deyil, əksinə, onun davamdır.

Hanı müsəlman Şərqində o rifah dövlət?

Olsaydı da canımız qurtarardı bu küyçü, yalançı postmodernistlikdən…

# 3513 dəfə oxunub

Müəllifin son yazıları

# # #