Məcnunluğun İslama dəxli yoxdur - Aqşin Yenisey

Məcnunluğun İslama dəxli yoxdur - Aqşin Yenisey
12 dekabr 2023
# 10:15

Kulis.az Aqşin Yeniseyin "Təhsil" adlı yeni yazısını təqdim edir.

Təhsillə məşğul olan insanlarla ünsiyyətimdən gəldiyim nəticə budur ki, Azərbaycanda gözlənilən fəlakətin ən böyüyü baş verib: təhsil sahəsində çalışanlar cəmiyyətin mövcud sosial, əxlaqi standartlarıyla barışıblar, təhsilimiz cəmiyyətdə keyfiyyət dəyişikliyi yaradacaq öhdəliklərindən imtina edib.

Təhsil borulaşıb.

Müəllim özünü içindən sıravi biliklər axan bir boru olaraq görür. Eynən medianın boyuna biçilən "informasiya ötürücülüyü" missiyası təhsilin də boyuna "bilik ötürücülüyü" şəklində biçilib.

Təhsilin dəyişmək istəmədiyi cəmiyyəti sənət, fəlsəfə, ədəbiyyat dəyişə bilməz!

Ona görə ki, cəmiyyətdə keyfiyyət dəyişikliyi yaratmaq istəyən əsər təhsil prosesindən keçmiş yetkin fərdlər üçün yazılır. Cavidin "İblis"ini anlayanda biz artıq iblisin ya kürəkəni oluruq ya işçisi, ya da dostu.

Məsələn, mənim yazılarımın 5, yaxud 10 yaşlı oxucusu yoxdur. Mənim oxucum artıq təhsilin doqmatik beyinlə təchiz etdiyi fərddir.

Və o, məni (oxu: keyfiyyət dəyişikliyi üçün yaxasını yırtan birini) tərbiyə etmək, "düz yola" qaytarmaq üçün oxuyur.

Çünki ona 5, 10 yaşından eyni çaya lazım gələrsə, əlli dəfə də girməyin mümkünlüyünü öyrədiblər. Müəllimləri onun beynindəki bütün çayların önünü kəsib göl ediblər.

Məsələn, ona məktəbdə öyrədiblər ki, Füzulinin Məcunundakı "ilahi eşqdir" və bu eşqin ünvanı İslamın tanrısıdır.

Yazıçı yazanda ki, məcnunluğun İslama dəxli yoxdur və bu emosional aydınlanma İslamdan min illər əvvəlki mistik təlimlərin ərmək, ərimək metodudur, onun alternativlərə qapalı beyni şizofrenik özünüqoruma mövqeyinə keçir.

Çünki təhlükə var; yeni oxuduğu şey ona uşaqlığından mövcud olanların ən ideal olduğunu öyrədən və alternativlərə heç bir qımıldanmaq imkanı tanımayan məktəbin, müəllimin (valideynin) təlim-tədris prinsiplərinə ziddir.

Buna görə də bizim cəmiyyət bir ucdan köhnəliyi yenidən istehsal etməklə məşğuldur. Bizdə nəsillərarası fərq yalnız geyim-keçimdə, kosmetik səviyyələrdə özünü göstərir.

Təfəkkür fərqi intellektual inqilabla baş verir; məsələn, kalvinistlər gəlir və katolik atalarının təliminin tamamilə puç olduğunu sübut edib bir qırağa atırlar.

Bizim qırağa atdığımız heç bir düşüncəmiz yoxdur!

# 1161 dəfə oxunub

Müəllifin son yazıları

# # #