Meyxananı göz bəbəyi kimi qorumaq lazımdır!

Meyxananı göz bəbəyi kimi qorumaq lazımdır!
14 noyabr 2024
# 12:00


Kulis.az filosof Ağalar Qutun meyxana haqqında yazısını təqdim edir.

Meyxana ancaq bizdədirsə, adı nə üçün özgə dildədir? Ümumiyyətlə, “meyxana” sözü hansı dilcədir? Mənim fikrimcə, meyxananın sirri “meyxana” sözünün özündədir. Meyxana faktını bu faktın adından yola çıxaraq çözələmək müəyyən bir yol ola bilər. Mən müəyyən bir (bir!) yol ola bilər yazdım. Bu, başqa yolların da ola biləcəyinə işarədir. İndilik sözdən, daha doğrusu, faktın adından daha real bir imkan gözə dəymədiyindən, “meyxana” sözünü analiz etməkdən başqa yol qalmır.

Mənim mövqeyim bundan ibarətdir ki, “meyxana” sözünün kökü bayılmaq, bayğın kimi sözlərimizdən tanıdığımız “bay” sözümüzdür. Dilimizdə bu sözün boy, böy, bıy, bey, bəy kimi fonetik formaları mövcuddur. Bu formalardan hansısa birinin əsas olduğunu iddia etmədən mən onları fonetik cərgə kimi ard-arda yazacağam. Bu sözlərin mənalarına gəldikdə, biri fiziki-təbii, biri dini-mənəvi, biri də siyasi-dövləti olmaq üzrə üç istiqamət müəyyən etmək olar. Söhbət “meyxana” sözünün kökündən gedir.

Deməli, birinci istiqamət ondan ibarətdir ki, bay, boy, böy, bey, bəy sözlərinin fonetik cərgəsi fiziki-təbii mənada ucalıq, yüksəklik, hündürlük, yuxarı kimi mənalar bildirir. Məsələn, “boyun” (bədənin yuxarısında yerləşdiyi üçün), “beyin” (gövdəmizin ən təpəsində yerləşdiyi üçün), “boylu” (qadın qarnının şişib qalxdığı üçün), “boy” və yaxud “bıy” nida sözü (təəccüb edəndə, diksinəndə dikəldiyimiz üçün), “bayraq” (hündür yerə sancıldığı və yaxud yuxarı qaldırıldığı üçün), habelə “bayram” (səhnə kimi hündür bir yerdə qeyd edildiyi üçün), “boylanmaq” (yuxarıya dartındığımız üçün), “böyük” sözünün özü və s. Məsələn, Dədə Qorqud dastanında deyilir: “Parasarıñ Bayburd hasarından parlayıb uçan […] Beyrək”. Hasar hündür olduğundan ona Bayburd hasarı adı verilmişdir. Şəmkir rayonunda Bayan dağ, Füzulidə Bəytəpə dağı, Şamaxıda Bayandağ, Şərurda Baysal dağı, Abşeron yarımadasında Bayandaş kimi dağ adları (oronimlər) mövcuddur. Bütün bu oronimlər bay, boy, bəy sözlərinin ucalıq, yüksəklik, hündürlük mənasına dəlalət edir.

Bay, boy, böy, bey, bəy sözlərinin mənasındakı ikinci istiqamət dini-mənəvi səciyyəlidir. Məsələn, türk mifologiyasında Bay Ülgən adında tanrı var. Türklərin dini və mifologiyası mövzusunda kitablar yazmış J.-P. Roux “Baykal” göl adının mistik məna çalarına işarə vurur. XI əsrdə yaşamış Balasaqunlu Yusif qələmə aldığı məşhur “Qutadqu Bilig” əsərində “tanrı”ya “tenqri”, “allah”a isə “bayat” adı verir. Əsərdə “allah” sözü ümumiyyətlə yoxdur, əvəzində “bayat” var. Məsələn, belə deyir: “bayat atı birlə sözüg başladım”, yəni “Bayat adı ilə birlikdə sözə başladım”, yəni sözümə Allahın adıyla başladım. “Bayquş” adı bayquş hündür yerə qonduğu üçün də yarana bilərdi, “bayat”dan (Allahdan) qara xəbər gətirdiyi üçün də. Burada tərifə, ucalığa, yüksəkliyə layiq görmək mənasında “bəyənmək” sözünü də unutmamalıyıq. Təsadüfi deyildir ki, ta qədimdən bəri vaxtaşırı bayğınlıq keçirib özündən gedən, başqa sözlə desək, ölmədən ölmüş kimi ola bilən, sonra da özünə gələn insanlara – epileptiklərə xüsusi sirrli münasibət olmuşdur. Sözgəlişi, Məhəmməd peyğəmbər də bayılar, özündən gedərdi, epileptik idi.

Bay, boy, böy, bey, bəy sözlərinin mənasındakı üçüncü istiqamət siyasi-dövləti istiqamətdir. Bu məna onsuz da iqtidar və hakimiyyət titulları olan “bəy”, “bəylik”, “bəylərbəylik” sözlərimizdən az-çox sezilməkdədir. Dədə Qorqud dastanında Bayındır, Baybörə, Beyrək kimi adlar həm də ağalıq, hakimiyyət tituludurlar. Bizdə Dədə Qorqudun özünün də qopduğu Bayat adlı boy, Bayan, Bayandur adlı tayfalar, müəyyən mənada siyasi vahidlər var. İstər Zəməxşərinin lüğəti olsun, istər Əbu Həyyanın lüğəti, istərsə də Hinduşah Naxçıvaninin, dilimizin Orta Əsrlərdə qələmə alınan və mənə məlum olan bütün lüğətlərində bay, bəy, bey, boy, böy sözlərinin dövlət, iqtidar, hakimiyyət, taxt-tac, var-dövlət, zənginlik kimi mənaları da qeyd edilmişdir.

Beləliklə, biz gördük ki, bay, boy, böy, bəy, bey sözləri həm fiziki-təbii, həm dini-mənəvi, həm də siyasi-dövləti mənada yüksəkliyi, ucalığı, üstünlüyü, yuxarıda dayanmağı, hakimiyyəti, var-dövləti ifadə edir. Deyilə bilər ki, bu üç mənanın üçü də əslində eyni şeyi bildirir; bəli, belə ki, qədimdə onsuz da dini-mənəvi iqtidar eyni zamanda siyasi-dövləti iqtidar idi və o, həm də hərfi mənada yüksək məqamda, hündür taxtda əyləşirdi.

Mənim birinci ehtimalım bundan ibarətdir ki, “meyxana” sözü farsca çaxır mənası bildirən “mey” sözündən yox, “bayılmaq”, “bayğınlıq”, “bayat” sözlərindəki “bay”dan yaranmışdır. (Əksinə, ola bilər ki, farsca çaxır mənası verən “mey” sözünün özü “bay”, “bey” sözlərindən törəmiş olsun, çünki çaxır da adamı sərməst edən vasitələrdən biridir.) Unutmayaq ki, bizdə eynilə meyxana kimi, üzərində uzun-uzadı düşünülmədən və qabaqcadan yazıya alınmadan qəfil deyilən “bayatı” adlı şeir forması da var. “Meyxana” sözü “bayatı” sözüylə qohumdur.

“Meyxana” sözü “bayılmaq”, “bayğınlıq” kimi sözlərlə qohumdursa, kim idi bu bayılanlar və yaxud özlərini bayıldanlar, yəni ilk meyxanaçılar? Qədim maqlar (muğlar), kahinlər, qam-şamanlar! Onlar bunu nə üçün edirdilər? Çünki onlar bununla insandan qeyb aləminə, gələcəyə, fələklərə, ruhlar aləminə körpü düzəldirdilər. Düzdür, insan normal ayıq halda düşünə bilir, amma onun şəxsi iradəsi, maraqları, qorxuları, ehtirası, zövqləri, hissləri, izzəti-nəfsi, anlağının sərhədləri və s. ona göylərin istəyini, fələklərin yönünü, gələcəyi, qeybi qabaqcadan obyektiv bilməyə mane olur. Onda insan şüurunu elə dərəcəyədək dumanlandırmaq lazımdır ki, o, nə ölü kimi yuxuya getsin, nə də gündəlik normal həyatdakı kimi ayıq və diri olsun. Əksinə, elə etmək ki, o, öz şəxsi iradəsini, maraqlarını, ehtirasını, zövqlərini, izzəti-nəfsini və s. unutsun, yarımyuxulu, məsti-xumar, başqa sözlə, bayğın hala düşsün, ona əyan olanlara müdaxilə edə bilməsin, sadəcə bayğın halda tutduqlarını oradan buraya daşısın, ötürsün. Yəni insanın təfəkkür qabiliyyətini və iradəsini o dərəcəyədək azaltmaq lazımdır ki, o, qeybdən, gələcəkdən, fələklərdən, ruhlar aləmindən axıb gələnlərə qanov ola bilsin, kanal ola bilsin. (Ola bilsin, huşsuz, key kimi davranan insanlar üçün işlənilən “maymaq” sözü də “bayılmaq” sözündən yaranmışdır).

Mənim zənnimcə, “daşınmaq” məhz bu hadisəyə verilən addır. İndiyədək “düşünüb-daşınmaq” feilinin “düşünmək” feilindən fərqi göstərilməmiş, burada “daşınmağ”ın nə məna verdiyi aydınlaşdırılmamışdır. Mənim fikrimcə, ayıq başla baş tutan rasional (əqli) təfəkkür “düşünmək”, bayğın halda baş verən irrasional (qeyri-əqli) ötürmə isə “daşınmaq”dır. “Düşünüb-daşınmaq” dedikdə hər iki üsuldan istifadə etmək nəzərdə tutulur. İndiki meyxanaçıların əcdadları həmin o qədim daşınanlardır. Yeri gəlmişkən, hazırda cəmiyyətdə meyxana üstündə gedən mübahisəni düşünənlərlə daşınanların qarşıdurması kimi səciyyələndirmək olar. Bütöv halda götürdükdə isə cəmiyyətimiz düşünüb-daşınır və bu, çox yaxşıdır. Pis o olardı ki, bu qanadlardan və yaxud kanallardan biri mövcud olmasın və yaxud biri o birinin yox olmasını arzulasın.

Mənim ikinci ehtimalım bundan ibarətdir ki, “meyxana” sözü yavaş-yavaş təxminən aşağıdakı yolla yaranmış ola bilər: bayğın, bayğan, bayxan, mayxan, meyxan, meyxana. Onda belə çıxır ki, “meyxana” başlanğıcda halın, yəni bayğınlıq halının adı idi, sonralar bu ad get-gedə fəaliyyətin adına çevrildi. Yəni “meyxana” “bayğın” deməkdir.

Mənim başqa, üçüncü bir ehtimalım isə bundan ibarətdir ki, ola bilsin, “meyxana” sözündə farsca çaxır mənası bildirən “mey” (مى) sözüylə, ərəbcə axan, tökülən mənası bildirən “maye” (مايى) sözləri bir-birinə qarışdırılmışdır və hələ də qarışdırılmaqdadır. Unutmayaq ki, muğamın da şöbələrindən birinin adı “maye”dir, yəni axıb gələn, çağlayaraq tökülən, duruluq. Yəni “meyxana” sözündəki “mey” meyxanaçıya yuxarıdan maye kimi axıb tökülənlər mənası da bildirə bilər.

“Meyxana” sözünün yaranışı mövzusunda mənim başqa, dördüncü bir ehtimalım – və mənə görə ən inandırıcı olanı – da var.

Bayılanlar bayğın halda nə deyərdilər? “Bayıq!” Mahmud Kaşqari yazır ki, “bayıq” sözü oğuzcadır, mənası doğru söz, yəni həqiqət deməkdir (Bax., Divan-i Luqat-i it-Türk, III cild, səh. 166). Məsələn, Qul Əli 1212-ci ildə yazıb tamamladığı “Qisseyi-Yusif” poemasında yazır: “Qardaşınız Yusif bayıq (çin çıxan, gerçək – A. Q.) bir duş görmüş”; “Bən duşımda gördugim ol bayıq (doğru – A.Q.) dögül, Bayıq (Həqiqəti – A.Q.) bilin, bu ər bana layiq dögül”. Göründüyü üzrə, “bayıq” sözü gerçək, doğru, həqiqət kimi mənalar ifadə edir. “Bayıq” müəllifin şəxsi iradəsi, maraqları, qorxuları, ehtirası, zövqləri, hissləri, izzəti-nəfsi, anlağının sərhədləri və s. təsiri olmadan ortaya çıxan obyektiv həqiqətdir! “Bayığ”ı ancaq bayğınlar deyə bilərlər. (Müəllifin ölümü ideyasının kökü!) İslam dinində Allahdan yerə nazil olan ayənin statusu nədirsə, türk mədəniyyətində də “bayığ”ın statusu odur.

Mən diqqət mənası bildirən “sayıq” sözünün folklorda “sayxın” formasına da rast gəlmişəm. Məsələn, “Amma keçəl çox bic idi, fikirləşirdi ki, burda bunları öldürüb eləyərlər. Odu ki, sayxın yatmışdı” (Qızıl qoç nağılı). Bu məntiqlə belə bir ehtimal irəli sürmək mümkündür ki, “bayıq” sözünün “bayxın” forması da mövcud olmuşdur. Ya da əksinə, “bayıq” özü “bayxın”dan yaranmışdır. Onda biz meyxana sözünün ilkin şəklini əldə etdik deyəsən; bu, “bayxın” sözüdür.

Görünür, “bayağı” sözü “bayıq” sözündən yaranmışdır; yəni “bayağı” “bayıq” deyil, amma “bayığ”ın donunu geyinib, onu xatırladır. Belə ki, “bayağı” hamının bildiyi məlum həqiqətlərin əzbərlənib təkrar edilməsidir. Yəni əgər sən təzə, orijinal, yeni həqiqət (“bayıq”) demirsənsə, onda deyilənləri təkrarlayırsan, çeynənmiş sözlər söyləyirsən, bir sözlə, sən bayağı danışırsan. Unutmayaq ki, mədəniyyətimizdə təkrara, təkrarçılığa qarşı xüsusi və hamıdan çox antipatiyası olanlar məhz meyxanaçılardırlar. Meyxanaçıların gözündə əzbər və təkrar nə üçün pisdir? Çünki təkrarda şüur və yaddaş hələ aktivdir. Yəni əgər sən deyişmə vaxtı təkrara yol verirsənsə və yaxud deyişməyə əvvəlcədən hazırladığın əzbərlərlə gəlmisənsə, deməli, sən bayılmamısan, sən saxtakarlıq edirsən, sənin şüurun üstündədir, yaddaşın qaydasındadır. Başqa sözlə, desək, sən hələ buradasan, özündəsən, özündən getməmisən. Əzbər və təkrar olan yerdə meyxananın mahiyyəti aradan qalxır. Meyxanaçılar bunu heç haradan oxumayıblar, amma hamısı bilirlər. Çünki bu, meyxananı meyxana edən toxunulmaz qaydadır. Beləliklə, “bayxın”da bayağılığa yer yoxdur.

Meyxananın bir belə fəal inkişaf etməsinin səbəbi də məhz burada gizlənir; belə ki, meyxanaçılar həmişə təzə söz deməli, əzbərlənmiş sözlərin təkrarından, yəni bayağılıqdan qaçmalıdırlar. Çünki eyniyyət artıq bayağıdır, boyatdır. Hər bir meyxana deyişməsi birdəfəlik tarixdir. Halbuki meyxananı bəyənməyən müəlliflərin çoxusu illərdir eyni fikirləri hətta eyni sözlərlə, eyni ifadələrlə təkrarlayırlar və bundan qətiyyən usanmırlar. Onlara elə gəlir ki, bununla xalqa guya müəllimlik edirlər, eyni şeyi təkrar-təkrar deməklə guya zülmətə qarşı sabit mübarizə aparırlar. Halbuki təkrarçılıq özü bəsitlik göstəricisidir və gülməlidir. Meyxana isə hesab edir ki, varlıq hər dəfə təzədir, o, nə təkrara sığır, nə əzbərə, nə də yazıya.

Meyxanaçı göylərin passiv qəbuledicisi rolundadır. O, göylə yer arasında körpüdür. “Şairlər Allahın yerdəki tərcümanlarıdır” fikri əslində meyxanaçılara daha çox uyğundur, nəinki şairlərə. Çünki əksər şairlər yazdıqları şeirlərin böyük bir hissəsini illərlə düşünə-düşünə, misralarını yonta-yonta, ütüləyə-ütüləyə, təmənna, qorxu, qəzəb kimi min bir amilin təsiri altında yazırlar. Meyxanaçı isə bayğın halda ona ucalıqdan (“bay”dan, “bəy”dən, “bayat”dan) maye kimi axıb tökülənləri öz dinləyicilərinə birbaşa daşıyır. Bu səbəbdən də meyxanaçıların sözləri şairlərinkindən daha obyektivdir. Meyxanada müəllif ölmüşdür.

Belə bir mübahisə var ki, bu, meyxanadır, yoxsa bədihə. Mənim cavabım belədir ki, ikisi də düzdür. Nə üçün belə düşünürəm? Onda gəlin, görək ümumiyyətlə bədahətən deyilən bədihə nə deməkdir.

Dilimizə ərəbcədən keçən “bədii” sözünün feili “badaa” (بدع) yeni bir şey yaratmaq, özündən icad etmək, təzəlik meydana gətirmək deməkdir. Lakin bu feilin mənaları arasında – yəqin ki, ancaq islam dinindən sonra yaranmış – vacib bir məna da var; belə ki, “badaa” feili dinsizlik və küfr yaymaq mənasına da gəlir. Ərəbcədə dindən kənar, dinə dəxli olmayan mənası bildirən “bidət” (بدغة) sözü də buradandır. Ərəbcə “bədihə” (بديعة) sözü orijinal, möcüzəvi, heyrətamiz və sənətkarcasına yaradıcılıq deməkdir. İslam dini musiqi, şeir və s. daxil olmaqla hər növ bədiiliyi bidət sayaraq rədd etmiş və etməkdədir. Görəsən, nə üçün? Çünki islam dini başa düşürdü və yaxud da belə qəbul edirdi ki, bədii yaradıcılığın mənbəyi insan özü deyildir, əksinə, qeybdir, Allahdır, ruhlar aləmidir, göylərdir və s. Bu səbəbdən də o, onlardan xəbər gətirmək haqqını heç bir qüvvə ilə bölüşmək istəmədi və bu imtiyazı ancaq və ancaq Məhəmməd peyğəmbərə tanıdı. Çünki o hesab edirdi ki, əks təqdirdə hər yerindən duran bədihə üsuluyla “Mən də o dünyadan təzə xəbər gətirmişəm” iddiası qaldırar və nəticədə islam dininin mərkəzi hakimiyyəti ümumiyyətlə formalaşa bilməz. Bu səbəbdən də islam hər növ bədiiliyi bidət elan edərək yasaqladı.

Meyxanaya mənfi münasibət islam dini ilə başlanmışdır. Həm bədiiliyi bütövlükdə bidət saydığı üçün, həm də meyxana islamdan qabaqkı hansısa ənənələri yaşatdığı üçün. Maraqlıdır ki, indi meyxanaçılar öz deyişmələrində islam dinini, şiəliyi gen-bol vəsf edirlər, amma xəbərləri yoxdur ki, islam dini meyxana kimi yaradıcılıqları qəbul etmir və bu cür yaradıcılıqla məşğul olanları birmənalı şəkildə “əhli-bidət” adlandırır. Bundan da maraqlısı isə odur ki, islam tənqidçiləri və ateistlərin də bir çoxu dinin qəbul etmədiyi meyxanaya qarşı inkarçı mövqedə dayanırlar.

Mənim fikrimcə, bədihə və meyxana eyni şeydir, çünki “bədihə” və “meyxana” sözləri eynidir. Burada iki söz yox, bir söz var.

Deməli, dilimizdə “y” ilə bitən bir sıra sözlər daha əvvəlki mərhələdə “d” ilə bitirdilər. Dilin sonrakı inkişafında “d”lər “y”ləşdi. Məsələn, indiki “qayğı” əvvəllər “qadqu” idi, indiki “qoymaq” keçmişdə “qodmaq” (dedi-qodu) idi, indiki “saymaq” qədimdə “sadmaq” (sadalamaq) idi və s. Bu məntiqlə indiki bay, boy, bəy sözlərimiz keçmişdə bad, bod, bəd olmalı idilər. Bad, bod, bəd sözləri təkcə ana dilimizin deyil, bütün tariximizin ən vacib sözlərindəndirlər.

Gəlin, sadəcə bir neçə misala baxaq. Tarixi mənbələrdə Midiya, Med və yaxud Mada kimi yazılan qədim dövlət və həm də ölkə adı, mənim fikrimcə, “bad” və yaxud “bəd” sözlərində ilk səsin “m”ləşməsi nəticəsində yaranmışdır. “Azərbaycan” adının ən qədim yazılış forması olan “Atropatena” və yaxud “Adurbadaqan” adında “pat” və yaxud “bad” sözü; “Bakı” adının ilkin şəkli kimi tarixi mənbələrdə göstərilən “Badu Kubə” adında “bad” sözü; Orxon Yenisey abidələrində xalq, millət mənasında işlənilən “bodun” sözündə “bod” buna misal ola bilər. Habelə, Yevlax rayonunda Bat-Bozdağ dağ yamacı adında “bat” sözü; Laçın rayonunda Çarçenbet dağının adında “bet” sözü; Quba rayonu ərazisində dağ ətəyində yerləşən Bad Qalagah kəndi, Əsgəran rayonunda Bədərə (əsli Badara) dağı mənim tezisimi təsdiqləyən faktlardan ancaq bir neçəsidir.

“Bəzz” kimi yazılan qalanın adını da burada misal vermək yerinə düşərdi. Belə ki, ərəbdilli mənbələr Babək Xürrəminin qalasının adını ərəb əlifbasının pəltək hərflərindən biri olan, bizdə çətinliklə, təxminən “dz” kimi tələffüz edilən ذ (zel) hərfi ilə بذ (“Bədz”) kimi yazırlar. Ərəblər qalanın adını ز (ze) hərfi ilə بزز (Bəzz) kimi yazmayıblar ki, biz də onu “d”sız “z” ilə Bəzz kimi yazaq və yaxud oxuyaq. Qalanın adını yazmaq üçün ərəblərin seçdikləri hərf ذ (zel) hərfi “dz” səsi verir, “z” yox! Bu isə bizə imkan verir deyək ki, uca dağ başında yerləşən qalanın adı məhz Bəd olmuşdur. “Bəd” isə elə “bəy”dir. Deməli, Babəkin qalasının adı dilimizin indiki tələffüzüylə desək Bəy qalasıdır.

Və nəhayət, sonuncu arqument. Belə ki, şumer dilində “bad” sözünün aşağıdakı mənaları var: 1) hündür, yüksək, uca olmaq; 2) divar; 3) göy üzü. (Bax., Friedrich Delitzsch, “Kleine Sumerische Sprachlehre für Nichtassyriologen”, Leipzig 1914 səh. 116). Bu isə qətiyyətlə o deməkdir ki, bizim “bay”, “bəy”, “bey”, “boy” və s. kimi sözlərimizin ilkin forması həqiqətən də məhz “d”li, yəni “bad” və yaxud “bəd” formasında olmuşdur.

İslam dini hər cür bədiiliyi, bədahətən söz söyləməyi, bədihəni, bidət (haram) elan edərkən məqsədi “bad”ı yəni göy üzünü başqalarının üzünə qapatmaq idi, çünki o, bu cür yaradıcılıqların insana “bad”dan gəldiyinə inanırdı. “Bay”, “bayılmaq”, “bayğın” sözlərinin ilkin şəkli “bad” olan kimi, ərəb dilində də “bədii”, “bədihə”, “bədahətən” kimi sözlərin kökündə “bad” sözü dayanır. Bu səbəbdən də “meyxana” və “bədihə” bir və eyni sözdür.

“Bad” sözü türk və şumer dillərinin ortaq sözlərindən biri olub, çox böyük ehtimalla birincidən ikinciyə keçmişdir, yəni bizdən şumercəyə.

Meyxana məclisləri əsl dini ritualdır, mistik ayindir, kəhanət məclisidir. Təəssüf ki, meyxana məclislərinin sakral-mistik yönü indi heç kimin nəzərinə çarpmır. Meyxanaçıların əcdadları muğlar (maqlar), kahinlər, qam-şamanlardırlar. Yeri gəlmişkən, meyxanaçıların toplaşıb məclis qurduqları “mağar” sözü “muğ”ların, “maq”ların yığışdığı yer deməkdir.

Burada etiraz edilə bilər ki, axı indiki meyxanaçıların heç biri kahin, şaman, maq deyil, üstəlik də gələcəkdən, qeybdən, göylərdən, ruhlar aləmindən xəbər vermirlər, onların belə mətləblərdən ümumiyyətlə heç xəbərləri də yoxdur. Bəli, doğrudur, elədir. Amma unudulmamalıdır ki, meyxana sadəcə bir üsuldur, metoddur. Sonrakı meyxanaçılar nəsli bu ənənəni qabıq kimi mənimsəyib, don kimi geyinib, məsələnin mahiyyətini isə bilmədən onu yaşadıblar və nə yaxşı da ki, yaşadıblar.

Bəs, maqlar, kahinlər, qam-şamanlar necə bayılıblar? Bəng yəni narkotik vasitə, tiryək qəbul edərək, içki içərək və s. min bir yolla. Özünü bayıltma və əsasən də öz tamaşaçı və dinləyicilərini coşdurmaq, hala gətirmək, cəzbə qapdırmaq yollarından biri də şaman dəfiylə əmələ gələn ritmlərdir. Meyxanada bunu çırtıq çalmaqla yerinə yetiriblər. Bəlkə də ilk meyxanaçılar Qobustanda qaval daşına vuraraq ritm tutublar, kim bilir.

Meyxanaçılar çox qədim bir kultun ardıcıllarıdırlar. Hər kəsin müasir meyxanada bəyənmədiyi nələrsə ola bilər. Məsələn, şəxsən mənim fikrimcə, meyxana dialoq olduğu üçün o, zorakılıqdan uzaq olmalıdır. Bu səbəbdən də deyişmələr zamanı əsəblərini cilovlaya bilməyən, rəqibinə əl qaldıran aqressiv şəxslər meyxana meydanından uzaqlaşdırılmalıdırlar, çünki bu göstərir ki, onlar hələ meyxana məclisinin dəruni bayğınlığına yetişməyiblər. Və yaxud hər dəfə sözünü deyib qurtardıqdan sonra hırıldayan meyxanaçılar sadəcə olaraq ikrah doğururlar. Sən sözünü deyib qurtardıqdan sonra nəyə gülürsən? Özü də hər dəfə! Və yaxud musiqili meyxananı götürək. Meyxana bir ritm ayinidir, ritm üstə bayğınlığa nail olmaqdır. Bu səbəbdən də musiqili meyxana şəxsən bu sətirlərin müəllifi üçün qəbuledilməzdir; musiqili meyxana şou biznes üçün ortaya atılmış merkantil fəndgirlikdir. Bir sözlə, hamı meyxanada nələrisə dəyişdirmək, islahat aparmaq istərdi. Amma meyxanaçılar öz tənqidçilərinə niyə qulaq asmalıdırlar? Doğrudanmı o tənqidçilər özləri meyxananın nə olduğunu bilirlər? Ümumiyyətlə, meyxana tənqidçiləri meyxanadan nə düzəltmək istəyirlər?

Mən bilərəkdən meyxananı təhtəlşüur irrasionalizmi kimi səciyyələndirmir və meyxananı şüuraltının ortalığa tökülməsi əməliyyatı hesab etmirəm. Mənim rəyim belədir ki, Kant ilahilikdə, qeybdə, göylərdə sirr axtarmağı yasaqladı deyə Z. Freyd şüuraltı anlayışını, yəni təhtəlşüur irrasionalizmini irəli sürdü. Yəni şüuraltı təlimi Freydin Kanta etirazından başqa bir şey deyildir. Başqa sözlə desək, madam sirr göydə deyil, Allahda deyil, onda insan şüurunun altındadır. Axı, sirr də haradasa mövcud olmalıdır. Beləliklə, sirri yerləşdirdilər insan şüurunun altına. Və bu, hamının xoşuna gəldi. Freydin irrasionalizmi mistisizm yox, materializmdir. Meyxana isə göylərin, varlığın, qeybin sirrlərindən xəbər vermək üçün yaranmışdır. Meyxanada “danışan” şüuraltı yox, şüurüstüdür.

Azərbaycanda meyxanaya münasibətin timsalında Şərqlə Qərb vuruşur. Meyxana artıq neçə illərdir ki, Azərbaycan intellektuallarının baş ağrısına çevrilib, çünki onu izah edə bilmirlər, onu hara qoyacaqlarına da qərar verə bilmirlər; meyxana pisdirmi, yoxsa yaxşıdırmı; rədd edilməlidirmi, ya qəbul edilməlidir; ziyanlıdır, yoxsa xeyirli; onun adı nədir ümumiyyətlə, bədihədir, ya meyxana? İndi gəlin görək bu hal təkcə meyxana üçünmü belədir? Xeyr, əsla! Bütün mədəniyyətimizə olan münasibətimiz təxminən bu cürdür. Bəyəm, biz məsələn Novruz bayramının ayrı-ayrı rituallarını izah edə bilirikmi? Bəyəm, bizim ana dilimizin dərinliklərindən xəbərimiz varmı? Bəyəm, biz muğam musiqisini şərh edə bilirikmi? Bəyəm, biz nağıllarımızın motivlərini başa düşə bilirikmi? Biz ancaq bir şeyi bacarırıq, o da anlamadığımız üçün özümüzü rədd etmək, özümüzü bəyənməmək, məsxərəyə qoymaq. Bəli, məhz anlaya bilmədiyimiz üçün belə edirik. Qısası, meyxanaya olan münasibətimiz bütövlükdə özümüzün-özümüzə, mədəniyyətimizə olan münasibətimizdir.

Çox görkəmli Hind filosofu Sarvepalli Radhakrişnan (1888-1975) Qərb fəlsəfəsinə çox maraqlı bir tənqid yönəldir. O deyir ki, Qərb fəlsəfəsi ancaq ayıqlıq halının fəlsəfəsidir. Hind fəlsəfəsinin timsalında Şərq fəlsəfəsi isə ayıqlıqla yanaşı, həm də bayğınlıq (yəni sərməstlik) və dərin yuxu hallarının fəlsəfəsidir. Radhakrişnanın fikrincə, dərin yuxu halında çatılan biliklər sirrli və mücərrəd olurlar; bayğın (sərməst) halda əldə edilənlər isə subyektiv. Gerçəkliyə ancaq ayıq halda baxırsansa, sən ancaq realist, dualist, plüralist biliklərə gəlib çıxa bilərsən. Varlığı bütöv görmək istəyən adam gərək şüurun bu üç halının üçünü də istifadə etsin. Qərb fəlsəfəsi isə ancaq birini istifadə edir (sitatın sonu). Bu səbəbdən də Qərb filosofları heç vaxt varlığı bütöv görə bilməyəcəklər, məsələn, onlar heç vaxt başa düşə bilməzlər ki, Füzuli nə üçün “Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir”, deyir. Meyxana bizim mədəniyyətimizin bayğın, sərməst şüur halıdır. Bugünkü meyxanaçıların səviyyəsindən, deyişmələrdə dediklərinin məzmunundan, özlərini necə aparmaqlarından və s. asılı olmayaraq, meyxana bütövlükdə bizi qədim Şərq sivilizasiyasına, əcdadlarımıza və ən başlıcası isə göylərə birləşdirən bağdır. O, bağ göz bəbəyi kimi qorunmalıdır.

# 3617 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #