Bizi özlərinə müştəri edənlər – Verən razı, alan isə...

Bizi özlərinə müştəri edənlər – Verən razı, alan isə...
25 dekabr 2025
# 18:19

Kulis.az Samir Mirzənin yeni yazısını təqdim edir.

Bəziləri söyləyirlər ki, əgər nəyisə məcburi ediriksə, bu, həqiqət deyil. Yaxud məcburən inandıqlarımız həqiqət deyil. Lakin fərqinə varmırlar ki, bu yanaşma çox dayaz və səthidir. Cümlə zahirən fəlsəfi yüklü görünsə də, insan oğlu nəyəsə rahatlıqla nail olmayıb. Zahirən “şanslı insan” dediklərimiz də ya sonradan məcburiyyətə qatlanıb, ya da verilən mükafatın haqqını qaytarmadığı üçün həqiqət onu layiq olduğu yerlərə yuvarladıb.

Axı nəyə görə insan məcburiyyətlərlə sözün əsl mənasında adam olur? Şüursuz dediyimiz canlılar – heyvanlara xas davranışlarla zənginik. Bizi onlardan fərqli edən məhz məcburi şəkildə şüurlu davranmağımız və ardınca məcbur olmadan bir işə sevgi ilə yanaşmağımızdır. Yəni xarakter formalaşdırırıq. Heyvanlar əhlilləşirlər, amma insan anlayır, müdrikləşir, başa düşür, formalaşır, cilalanır və böyüyür. Yoxsa elə körpə tək ağzını hər şeyə açar, ağzına hər şey atar və həlak olar. İnandıqlarımız da belədir.

Dərrakəsiz körpə kimi ömrünün sonuna qədər yaşamaq, yoxsa məcburiyyətlər? Amma tarix də sübut edir ki, bir çox hadisələr məcburiyyətdən doğub və nə yaxşı ki, yanlış qəbul edilən addımlar atılıb, yoxsa “azadlıq” hayqırtısı, dəlisov davranışlar bir böyük nəslin taleyini heç edər. İnanaraq pis və ən pis arasında seçim qərarın... Yaxşı və pis arasında seçim etmək daha asandır. Hərçənd günümüzdə onu ayırd etmək də çətinləşir. Bəzən çılpaqlığı ilə həqiqətləri görürük, amma qiymətləndirmə edərkən “öz yanlış həqiqətlərimizi” meyar götürüb seçimimizi edirik. Çünki “azad şəkildə” inandıqlarımız sayəsində özümüzə yol biçmişik.

Travmalı insanların, çətinlikdə böyüyənlərin nə qədər uğur qazandığını azmı görmüşük? Bu bizə nəsə demir? O insanları dindirsən dastan danışar, qarşısındakını da, özünü də ağladar. Amma bir çoxlarının “əvvəl və sonra”sına baxdıqda həqiqətə varırsan. Təbii ki, həmişə travmalı insanlar toparlana bilmir. Ya yükü ağır gəlir, ya psixoloji cəhətdən sarsılırlar. Əslində, məsələ bizim baxış bucağımızdır. Bizə o qədər “rahat həyat” formulundan geninə-boluna bəhs ediblər ki, bu yalana aldanırıq. Ləli-cəvahir içində yaşayan insanların ya keçmiş nəsli məcburiyyətlər və travmalarla mükafatlar əldə edib, ya da onlardan sonra gələcək soyu məcburiyyətlərə qatlanmalı olacaqlar.

Aksiomadır: insan rahat həyatda formalaşa bilmir, yanmalıdır, qovrulmalıdır, gərgin beyin işə düşməlidir. Ateist psixoloqlardan biri (adını unutmuşam, bunu məhz psixoloq danışıb) deyir ki, insanları sağaltmaq üçün onlara bir yaradan uydurmalısan. Deməli, inanc insanın yaralarına məlhəm olur. Təsadüfi deyil ki, müdriklər “Nə qədər dərd var ki dərmandır” deyiblər. İnsanlar arasında bütün bağları məhz “məcburi olmaz”, “nə məcburdur”, “ona məcbur deyilsən” kimi aldadıcı sözlərlə məhv etdilər. Halbuki dəyərlərlə ruhi sağlamlığa sahib insanlar yetişir. Nəinki bütün çərçivələri, hədləri aşıb digərlərinin azadlıqlarını əlindən almaqla formalaşan vəhşinin rahatlığı...

İnsan necə nizam-intizamla kamala çatır? İdman edərkən belə, proqramı qulaq ardına vurmursan, bəlli bir düstura inanıb özünü məhrumiyyətlərə məcbur edirsən və nəticə ortaya çıxır. Bəzən tez nəticə əldə etmək istəyənlər elə tez də sıradan çıxırlar. Süni yollara əl atırlar. Bu gün süni münasibətlər məcburiyyətə qatlanmamaqdan irəli gəlir. İşbazlara rəvac verir ki, yeni məhsullar istehsal etsinlər və zəifləmiş, ruhi salamlığını itirmiş, özünün azad dünyası ilə məcburi müştəriyə çevrilsin. Nəhayətində əsl mənfi yüklü məcburiyyətə möhtac qalırsan.

Bəli, müqəddəs, saf, təmiz məcburiyyətlərə qatlanmasaq, bazarın işbazlarının məcburi müştərisi olacağıq.

# 786 dəfə oxunub

Oxşar xəbərlər

“Park” nəşriyyatından növbəti kitab: Rəşad Səfərin “Cənubda ən uzun gün” romanı çap olundu

“Park” nəşriyyatından növbəti kitab: Rəşad Səfərin “Cənubda ən uzun gün” romanı çap olundu

18:49 30 aprel 2026
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır

Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır

17:36 30 aprel 2026
Əməkdar artist Ədalət Vəzirovun xatirəsi anıldı

Əməkdar artist Ədalət Vəzirovun xatirəsi anıldı

17:24 30 aprel 2026
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - Sərəncam

Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - Sərəncam

17:04 30 aprel 2026
 “Magyar Rhapsody Projekt”  qrupu Bakıda çıxış etdi

“Magyar Rhapsody Projekt” qrupu Bakıda çıxış etdi

16:38 30 aprel 2026
Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı

Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı

15:45 30 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər