Acım acıdır, şirinim xoş gəlməz daha - Şaiq Vəli

Acım acıdır, şirinim xoş gəlməz daha - Şaiq Vəli
26 dekabr 2025
# 13:17

Kulis.az Şaiq Vəlinin "Dünya sərxoş, mən ayıq" şeirini təqdim edir.

Dünyaya üz tutan divanəymiş,
Divanə devanəymiş!..
Bu dünya nəymiş, ah, nəymiş –
Şərab süz, dostum, mənə şərab süz!

Budaqda gül – tac,
gül – ismət,
gül – şan,
Bu nə gülüstan, bu nə gülşən?! –
Bülbül köksü qan…
gül gülür, gül şən…
Şərab süz, dostum, mənə şərab süz!

Açıq pəncərədən daş gəlməz daha,
Xumar gözlərdən yaş gəlməz daha,
Acım acıdır, şirinim xoş gəlməz daha,
Şərab süz, dostum, mənə şərab süz!

Yaşadım bir ömrü – xeyriyə oldu,
Xeyriyyə ömrün xeyri nə oldu?
Uduzdum – dünyanın xeyrinə oldu,
Şərab süz, dostum, mənə şərab süz!

Mən insan deyiləm – insan qarışqa,
Tapdanmaq qoxusu hər bir qarışda…
Ömrün nə qədəri hələ qarşıda…
Şərab süz, dostum, mənə şərab süz!

Daş daşıdım, söz daşımağa öyrəşəmmədim,
Söz daşıyıb baş qaşımağa öyrəşəmmədim.
Bu dünyayla barışammadım –
yaşamağa öyrəşəmmədim,
Şərab süz, dostum, mənə şərab süz!

Dönməz sahilə bir də o qayıq,
Hayıf o qayıqçı,
o qayıq hayıf!
Dünya sərxoş, mən ayıq!…
Şərab süz, dostum, mənə şərab süz!

# 1470 dəfə oxunub

Oxşar xəbərlər

"Gəlimmi qarlı qışına bahar kimi?" - Yeni şeirlər

"Gəlimmi qarlı qışına bahar kimi?" - Yeni şeirlər

15:10 9 sentyabr 2026
"Sevərik bir-birimizi dodaqlarımızla..." -  Fransız şairdən sevgi şeirləri

"Sevərik bir-birimizi dodaqlarımızla..." - Fransız şairdən sevgi şeirləri

14:00 9 sentyabr 2026
"Gözlərimlə eşidirəm ölüləri..." - İspan şairdən sonet

"Gözlərimlə eşidirəm ölüləri..." - İspan şairdən sonet

13:00 8 sentyabr 2026
Bizim dost itirən vaxtımız deyil... - Hafiz Baxış

Bizim dost itirən vaxtımız deyil... - Hafiz Baxış

15:20 7 sentyabr 2026
"Unutqanlığın ağır pəncəsi üstünüzdən keçəcək..." - Yuliya Sendreinin şeiri

"Unutqanlığın ağır pəncəsi üstünüzdən keçəcək..." - Yuliya Sendreinin şeiri

13:30 6 sentyabr 2026
Unut məni, aldat məni, at məni - Məmməd Araz

Unut məni, aldat məni, at məni - Məmməd Araz

14:10 5 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər