Kredit kartıyla ödəniş edənlərin tomoqrafiyası

Kredit kartıyla ödəniş edənlərin tomoqrafiyası
7 yanvar 2021
# 17:50

Kulis.az Qismətin ““Böyük sıfırlama” nə vaxt baş verəcək?” adlı yazısını təqdim edir.

“XXI əsrin söhbətləri” silsiləsindən.

Dünya İqtisadiyyat tarixiylə bağlı kitablarda tez-tez üç vacib ildən bəhs olunur (1913, 1944, 1971). Sözün düzü, bu sahədə elə də çox oxumasam, bəzi populyar kitabları diqqətlə mütaliə etmişəm – məsələn, David Graeberin “Borc” kitabını. Bu üç tarix niyə əhəmiyyətlidir?

1913-cü ildə, qısaltma ilə FED deyilən ABŞ-ın Mərkəzi Banklar sistemi qurulub.

1944-cü ildə ABŞ-ın Bretton Vuds qəsəbəsində qəbul edilən qərarla, sadə dildə desək, qızılı depolamaq çətin və təhlükəli olduğu üçün, ABŞ dolları rezerv kimi qəbul edildi. Bu tarixdən dollar bütün dünyada etalon oldu. Bu, ABŞ-ın ekonomisti Harri Vaytın təklifi idi, qarşı tərəfdə məşhur ingilis iqtisadçı Con Keyns vardı. Bu razılaşmanın məntiqi belədir: dolların arxasında konkret qızıl külçələri dayanacaq; dedilər ki, istədiyiniz vaxt 35 dollar gətirib 1 ons qızılınızı ala bilərsiz. Buna görə bu sistemi “Qızıl kambio”su da deyilir.

1971-ci ildə “Nikson şoku” deyilən hadisə baş verdi. ABŞ-ın prezidenti Nikson çıxıb dedi ki, daha dolların arxasında qızıl yoxdur.

İndi isə hara baxıramsa, rastıma yeni bir ifadə çıxır, dünyanın finans elitləri bunu müzakirə edirlər: The Great Reset – yəni Böyük sıfırlama. Burda diqqət edilməli məqam ifadənin re-start (yenidən başlatma) yox, re-set (sıfırlayıb yenidən tənzimləmə) olmasıdır. Artıq dünyanın məşhur dərgiləri bu məsələni yeni ilin əsas müzakirə mövzusu elan edir, kitablar yazılır, podkastlar yayılır, bir yandan da həmişəki kimi, konspirasiya mexanizmi işləyir…

Dünya İqtisadi Forumunun qurucularından olan Klasu Şvab və Uelsin prinsi Çarlz post-covid dövründə iqtisadiyyatın necə olmasıyla bağlı təkliflərlə çıxış edərkən, “Böyük sıfırlama”ya xüsusiyə yer ayırıblar.


Kanadada Castin Trüdo ideyanı dəstəkləyib, müxalifləri əks kampaniya başladıblar. Hər ilin yanvar ayında İsveçrənin Davos şəhərində toplaşan forum bu il pandemiya ilə əlaqədar yanvar onlayn, mayda isə real şəkildə toplaşacaq – bu ilin əsas müzakirə mövzusu da “Great reset” olacaq. Bəs yaxşı nədir “Böyük sıfırlama”?

Ötən Klaus Şvabın Project Syndicate vasitəsilə dünyanın ayrı-ayrı media orqanlarına ötürülən bir neçə məqaləsi yayıldı.

Bu məqalələrdən biri “Kapitalizmə “Böyük Reset” atmağın zamanı gəldi” adlanır. Məqalələrdə və intervülərində Şvab deyir ki, pandemiya əvvəlki iqtisadi sistemin, pul münasibətlərinin, dövlət idarəçilik mexanizmlərinin çatışmazlıqlarını ortaya çıxardı. İndi bizə lazım olan məsuliyyətli, müştərək, yeni kapitalizm modelinə keçməkdir. Elə biz də yeni dövrün texnoloji diliylə desək, artıq öz ömrünü tükədən kapitalist sistemə update gəlir. Şvab bütün çıxışlarında koronanın yaratdığı vəziyyəti faşizmlə eyniləşdirir və deyir ki, İkinci Dünya Müharibəsindən sonra dədə-babalarımızın etdiyi kimi, harda səhv etməyimizlə bağlı ciddi-ciddi düşünməliyik. Bununla bağlı bir neçə punkt irəli sürür:

Birincisi, dünyanı gələcək fəlakətlərə qarşı daha dayanıqlı yer etmək haqqında düşünmək;

İkincisi, dünyanı bütün sosial qrupları əhatə edən daha ədalətli yerə çevirmək;

Üçüncüsü, dünyanı daha yaşıl yerə çevirmək.

“Böyük sıfırlama” ana başlığı altında əslində başqa məsələlər də müzakirə edilir. Bunlardan biri “cashless society”, yəni “nəğd pul olmayan cəmiyyət”, digəri “smart goverments”, yəni “ağıllı dövlətlər”, bir başqası “universal basic income”, yəni “universal əsas gəlir” kimi anlayışlardır.

Axırdan başlayaq. Universal basic incom, qısaltması ilə UBİ ideyasının kökü Tomas Morun “Utopiya” kitabına qədər gedib çıxır. Mor məşhur kitabında cinayətkarlığın qarşısını almağın yeganə yolu kimi vətəndaşlara minimum ehtiyaclarını qarşılayacaq qədər maaşın qeydsiz-şərtsiz verilməsini irəli sürmüşdü, yəni işlədin-işləmədin həmin minimumu alacaqsan. Sonradan bu ideyanı XVIII əsrdə Amerikada Tomas Peyn davam etdirdi, hətta belə bir bənd də təklif etdi ki, 21 yaşı olmuş hamı bu haqdan istifadə etməlidir. Müxtəlif illərdə, müxtəlif ölkələrdə, xüsusilə böhranlı periodlarda bu ideya yenidən gündəmə gəlir. Son illərdə bu ideyanın gündəmə gəlməsinin əsas səbəbi isə günbəgün artan avtomatlaşmadır. Ehtimal edilir ki, yaxın on ildə əksər işləri avtomat maşınlar, ağıllı robotlar həyata keçirəcək deyə, xeyli peşə sıradan çıxacaq, xeyli adam işsiz qalacaq. Onda bu işsizlər ordusunu idarə etmək, razı salmaq, yaşatmaq lazımdır ki, radikal düşüncələrə meyillənməsinlər. 2016-cı ildə İsveçrədə bununla bağlı bir referendum keçirildi. Dövlət dedi ki, gəlin sizə heç bir öhdəlik olmadan aylıq 2500 frank maaş verək, razısınız, ya yox? İsveçrə xalqı 76 faizlə bu təklifə “yox” dedi. Amma bu ideyanı gündəmdən düşməyib, mənə nədənsə elm dünyasının Acun Ilıcalısı kimi gələn İlon Maskın da bu fikri aktuallaşdırmasıyla yenidən dövriyyədədir.

“Smart dövlət” modeliylə bağlı hər gün yeni məqalə çıxır, tədqiqat işi yazılır. Bu, modelə görə, bütün dövlət əməliyyatlarının şəffaf olması, hamının nələr baş verdiyindən xəbərdar olması klassik, köhnəlmiş dövlət modellərində olduğu kimi, qapalı qapılar arxasında həyata keçirilən bütün bürokratik işlər digital formada, onlayn qaydada, hamının istədiyi vaxtı girib kontrol edə bildiyi şəkildə olmalıdır. Şərti olaraq belə bir cədvəl də təqdim olunur:

Klassik dövlət (bundan sonra KD) – bürokratik nəzarətdir, ağıllı dövlət (bundan sonra AD) – açıq xidmət; KD – təcrid şəraitində idarəçilikdir, AD – açıq, şəffad, inteqrativ dövlət; KD – çoxsaylı sənəd-sünəd işi deməkdir, AD – elektron, sürətli xidmət; KD – dövlət-vətəndaş anlayışı ilə işləyir, AD – dövlət-müştəri anlayışı ilə. Bu sonuncu punkt maraqlıdır, faktiki olaraq, milli dövlət anlayışının yerinə, ticari dövlət, şirkət-dövlət anlayışı təklif olunur.

“Nəğdsiz cəmiyyət” ideyası adından göründüyü kimi bütün maddi əməliyyatların elektron qaydada həyata keçirilməsiylə yanaşı, bugün bizim istifadə etdiyimiz pul anlayışının gələcəkdə yerli-dibli sıradan çıxması, onun yerinə kripto-pulların gətirilməsini təklif edir.

2000-ci illərin əvvəlində Massaçusets Texnologiya İnstitununda professor Drazen Prelecin apardığı bir təcrübə bu günün kredit kartlarına, gələcəyin kripto-valyutaya gedən yolunu açıb. Prelec 500 nəfərlik bir qrupla bir təcrübə keçirir, sınağın məğzi sadədir: çox vacib bir basketbol oyununun bileti qapalı təklif verilən bir auksionda satılacaq. Şərt belədir ki, bileti almaq 250 nəfər nağd pulla təklif verəcək, 250 nəfər kredit kartıyla. Təcrübənin nəticəsi şok effekti yaradır, məlum olur ki, insanlar nağd pulla daha az təklif veriblər, kredit kartıyla təklif verənlər isə gözləniləndən 3-4 qat artıq cəsarətli olublar. Prelec sınağı burda bitirmir, nağd pulla təklif verənlər ilə kredit kartıyla ödəniş edənlərin tomoqrafiyası çəkilir, aydın olur ki, nağd pul verəndə insanların beyinlərində nəyisə itirmişcəsinə əzab çəkən hissə aktivləşir, kredit kartıyla ödəniş edənlər isə həzz alırlar…

Faktiki olaraq, indi dünyada klassik dövlətlərlə facebook kimi böyük şirkətlər arasında gizli bir müharibə gedir. Məsələn, facebook öz kripto-valyutası libranı çıxaracağını elan edəndə, tutalım, fransız böyük narahatçılığa düşdülər. Səbəb nə idi? Çünki bugün Afrikada m-pesa adlı qəribə bir valyuta sistemi işləyir, ən köhnə telefonlar vasitəsilə belə, mobil yolla, dostuna kontur göndərirmişcəsinə, kimə istəyirsən pul göndərə bilirsən. Afrikada səyahətdə olanda bunun gücünü görən Zukerberq libranı dövriyyəyə buraxmaq istəyirdi, bu baş tutsaydı, faktiki olaraq heç bir bayrağı, gerbi, himni, ordusu olmayan facebook planetin böyük hissəsinə nəzarət şansı əldə edən ilk virtual dövlət ola bilərdi, amma hələlik ertələndi.

Fakt odur ki, dünyada böyük bir paradiqma dəyişikliyi gözlənilir, bunu təhlükəli bir şüarla ifadə edirlər: “Heç nəyiniz olmayacaq və xoşbəxt olacaqsınız.” (You’ll Own Nothing and You’ll Be Happy)

azlogos.eu

# 2799 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #