news-inner
clock14:05 calendar-gray 18 Noyabr 2020 view-gray927 dəfə oxunub
view-gray927 dəfə oxunub

Qarabağdakı evlərimizə qayıtmağın üç yolu

Səmimi etiraf edirəm, biz o torpaqlardan əlimizi üzmüşdük. Qarabağ bizim xəyallarımızda yaşayırdı. Yaşadığımız vətənsizliyin fonunda yaranan ümidsizlik arzularımızı əldən salmış, Qarabağla bağlı ümidlərimizi yormuşdu.

Şəxsən mən nə zamansa doğulduğum Cəbrayıla qayıdacağıma inanmırdım.

2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin yayındakı Tovuz döyüşləri bu ümidsizliyimi bir az da artırır, torpaq, vətən ağrısını daha da gücləndirirdi. Yaxın dostlarla söhbət edəndə hər dəfə hərlənib-fırlanıb işğala çıxırdıq. Bircə məsələ gün kimi aydın idi: işğaldan olan torpaqlar geri qaytarılmasa, biz elə bu cür sınıq-salxaq ruhla yaşayacaq, hər dəfə Qarabağ deyəndə diksinəcək, böyük sızıltı ilə ömrü başa vuracaqdıq.

Əlbəttə, xəyalən Qarabağa gedənlər çox idi. Hətta bu xəyalları təxəyyülə adaptasiya edib yazanlar da vardı. Misal üçün, Xalq yazıçısı Sabir Əhmədli ömrünün sonlarına yaxın yazdığı “Ömür urası” romanında xəyalən Bakı-Mincivan qatarına əyləşib Cəbrayıla getmiş, qardaşının heykəlini qucaqlamış, həyətindəki kəsik kötüklərin (!) üstündə oturub xəyala dalmışdı.

Yazıçı Həmid Herisçi “Konspirologiya” kitabında yazırdı: "Hərbçilərimizin, siyasətçilərimizin, millətimizin eləyə bilmədiyini yenə də ədəbiyyatımız, əslində, yalqız-qocaman bir yazıçı həyata keçirdi - işğal altındakı torpaqlarımızı, xəyalən də olsa, düşmən tapdağından azad edib öz doğma yurdu Cəbrayıla qayıtdı".

Bu, məsələnin ədəbiyyat tərəfi idi.

Uzun illər xaricdə yaşayan şair Zülfüqar Rüfətoğlu isə çox sevdiyi Şuşaya “Google maps” proqramının köməyi ilə getmişdi. Hətta bunu şeirə də çevirmişdi:

Mən hər gecə ağlayıram,
Düz Şuşanın ortasında…

Sanki bu şeridən sonra işğal altında olan Qarabağa xəyali qayıdış virtual qayıdışla əvəz olundu.

Biz Qarabağı əvvəl xəyalən, sonra virtualda, ən sonda isə, təbii, rəşadətli ordumuzun sayəsində gerçək olaraq ayıtdıq...
Virtualda Cəbrayıla ən gec gedən sakinlərdən biri də mən idim. Əslində, bu haqda çox eşitmişdim, sadəcə reallıq hissi güclü olan insan kimi vətənə internetlə dönmək istəmirdim.

Böyük Vətən müharibəsindən bir-iki ay əvvəl, isti bir yay günündə hamının səsi doğulduğu rayondan, kəndindən gəldiyi ərəfədə qəribsədim. Telefonu götürüb “google” vasitəsi ilə doğma yurd-yuvama səyahət etdim. Heç bir anlayışım olmadığı halda proqramın təklif etdiyi bütün keçidləri ötüb Cəbrayıl sözünü axtarışa verdim. İnanılmaz dərəcədə həyəcanlı və inamsız idim. Hətta bir ara “Kaş işıq sönə, internet kəsilə” - deyə düşündüm də.

Qarşımda daşı-daş üstündə qalmayan böyük bir xarabalıq görsənirdi. On üç yaşa qədər yaşadığım rayonun mərkəzindəki tanış döngələri, küçələri axtarmağa başladım. Cəmi iki dəqiqədən sonra evimizin xarabalıqlarını tapdım. Mamır olub qayasında bitəcəyimiz vətən idi ora. Evimizin uzaqdan görünən xarabalığının şəklini kəsib saxladım.

Sonra əlim dinc durmadı, şəkli bacıma, anama, qardaşıma yolladım. Bu ağrını tək çəkməyə gücüm çatmırdı. İstəyirdim heç olmasa mənimlə birlikdə o evdə doğulanlar, yaşayanlar eyni acını paylaşsınlar.

Anam ağladı, bacım erməniləri söydü, qardaşım ah çəkdi. Atamı tapa bilmədim, atam yox idi. O, olsaydı nə edəcəyini düşünməyə başladım. Səhərlər müəllim işləyib, gecələr daş daşıyıb ustaya kömək edən, evinin hər daşında əl izi olan atam indi həmin daşlardan ibarət bu xarabalığı görsə nə edəcəkdi?!

Telefonumu yanımda sirli bir xəzinə kimi gəzdirirdim. Sanki özümlə bütöv Cəbrayılı daşıyırdım. Hər dəfə xəritədən çıxanda, elə bilirdim, öz evimizdən çıxmışam. Nə gizlədim, qəlbimdə az da olsa sakitlik, rahatlıq əmələ gəlmişdi. İndi evimizi, uşaqlığımı, xatirələrimi göstərən bu cihaz mənim üçün çox doğma, əvəzolunmaz əşyaya çevrilmişdi.

Əvvəllər onunla gündüzlər gedirdim Cəbrayıla. Sonralar içimdə qəribə qorxu hissi yarandı. Elə bilirdim, ora səyahət edəndə hansısa küçədən, döngədən bir erməni çıxıb məni güllə-boran edəcək, ya da əsir tutub aparacaq. Xocalı travması indiyə qədər içimdədir. Bu qorxu gücləndikcə mən artıq gündüzlər yox, gecələr hamı yatandan sonra məhləmizə getməyə başladım. Gecələr öz məhləmizdə, həyətimizdə rahat, arxayın gəzir, bəzən səhərə qədər bütün rayonu ayaqdan salırdım...

İnanmazdım ki, məhv olmuş arzularım, istəklərim bu qədər qısa zamanda və gözlənilməz şəkildə reallaşacaq.

44 günlük Vətən müharibəsindən sonra, əldə etdiyimiz qələbəyə rəğmən işğal günlərimizin yadigarını telefonumun yaddaşından silmədim, indi də orda durur.

Amma daha mənim ona ehtiyacım yoxdur.

Ötən gün Fransada yaşayan rəfiqəm evimizin içində ağaclar bitən xarabalığının da düşdüyü bir video göndərdi mənə. Videonu çəkən oğlan deyirdi: “Bax, o, da Əşrəfin evidir.”

Yəni bizim evimiz.

Googlda qorxa-qorxa baxdığımız yurdu, evi indi səndən, məndən biri olan azərbaycanlı öz ayağı ilə gedib videoya çəkmişdi.

İndi mən evimizə internet vasitəsi ilə yox, öz ayağımla gedə bilərəm.

O daş yığınının içində keçmişimi, uşaqlığımı, atamı, onunla bağlı günlərimin nişanələrini axtara bilərəm. Orada özümlə, həyatda olmayan doğmaların ruhu, xatirəsi ilə daha yaxından irtibat quraram.

Buna görə internetdə öz yurduna istər virtual, istər real qayıdan adamları görəndə bəlkə də onlardan çox mən sevinirəm.

O torpaqlar bizə həm də ona görə doğmadır ki, bizim üçün itmiş 27 illik zaman orda olduğu kimi qalıb.

Tanrı bizə o zamana qovuşmağı qismət etsin.

Oxşar xəbərlər

Xəbər lenti

İşğaldan azad olunan 700 yaşlı abidəmiz
18:52 25 Noyabr 2020
“Can Qarabağ” deyən uşaqlar
18:10 25 Noyabr 2020
Erməniyə zorla ərə verilən qızın Xocalıdan qaçış planı - Yeni hekayə
17:29 25 Noyabr 2020
Azərbaycanlı yazarın pyesi Batumidə tamaşaya qoyulacaq
16:49 25 Noyabr 2020
Azərbaycanlı yazıçı dünyasını dəyişdi
16:04 25 Noyabr 2020
"Yetim qızsan, qıvrıl, yat!" - Seymur Baycandan Aqşin Yeniseyə sərt tənqid
15:20 25 Noyabr 2020
Kəlbəcərli şair Sücaətin qardaşı: “Onun baş daşına ölüm tarixi yazılmayıb” – Müsahibə
14:40 25 Noyabr 2020
Məşhur aktrisa vəfat etdi
13:57 25 Noyabr 2020
“Qırmızı papaq” tamaşası onlayn nümayiş etdiriləcək
13:15 25 Noyabr 2020
“Qapımıza dizin-dizin gedəcəm” – Kəlbəcərlilər Qələbə sevincini bölüşür
12:34 25 Noyabr 2020
Tərəf müqabili ilə üçaylıq sevgi yaşadı, evi olmadığı üçün qarajda qaldı, iki dəfə intihara cəhd etdi – Ötən gün vəfat edən Xalq artisti
12:08 25 Noyabr 2020
Məşhur rəssam 101 yaşında vəfat edib
11:30 25 Noyabr 2020
Mıxı mismara döndərən Kəlbəcər – Şərif Ağayar yazır...
11:04 25 Noyabr 2020
Hadisə koronavirusa yoluxdu
10:21 25 Noyabr 2020
Elşən Xəzər: “Anam dedi, südümü sənə halal eləmərəm” – Müsahibə
09:00 25 Noyabr 2020
Tank lüləsində striptiz- Dahiyanə filmlər
21:00 24 Noyabr 2020
“Zorla erməniləşdirmə” sənədli filmi təqdim olunub
19:40 24 Noyabr 2020
Bakı Kitab Mərkəzinə 100-dən çox ərəb dilində kitab hədiyyə olunub
19:37 24 Noyabr 2020
Xalq artisti Əjdər Həmidov vəfat etdi
18:50 24 Noyabr 2020
Xocalı haqda film Tehran festivalının əsas müsabiqəsində
18:21 24 Noyabr 2020