Xalq yazıçısı Elçin təqdim edir: Yuxu ölümü kimi gerçəklik var havada

Xalq yazıçısı Elçin təqdim edir: Yuxu ölümü kimi gerçəklik var havada
20 iyul 2019
# 11:40

Əlibalanın şeirləri

Hələ imzaları mətbuatda tanınmayan gənclərin, o cümlədən də Əlibalanın, mənə göndərdikləri şeirlərin böyük əksəriyyəti kədərdən, tənhalıqdan bəhs edir və mənə elə gəlir ki, bu – yalnız sosial hadisə deyil, bəlkə daha artıq dərəcədə sənət hadisəsidir.

Biz gənclərin (həvəskarların) yox, ümumiyyətlə, müasir poeziyamızın son iyirmi illik mənzərəsinə nəzər salsaq, maraqlı (və təbii!) bir özünüifadə hadisəsi ilə qarşılaşırıq: elə bil, Azərbaycan poeziyası 70 illik sosrealizm qadağasından azad olaraq, var gücü ilə daxilində boğulub, qalmış kədəri, tənhalığı ifadə etməyə başlayıb.

Elə bil, poeziya, şüşənin ağzındakı tıxac açıldığı üçün, kədəri, qəm-qüssəni bir cin sürəti və enerjisi ilə ifadə edərək, o 70 illik poetik boşluğu doldurmağa çalışır və belə demək mümkünsə, bu – poeziya məfhumundakı genetik (!) sövqün nəticəsidir.

Və bəzən də o sövq tələskənlik yaradır, elə bil, birdən yenə də fürsətin əldən çıxacağından qorxur.

Uğurlar əldə olunur və yaxşı bir «poetik özünübərpa» işi gedir (mən əvvəllər bu barədə yazmışam), ancaq bu «poetik özünübərpa»nın da ətrafını «poetik alaq» bürüyür və bu da təbii bir prosesdir – poeziya yarandığı gündən «poetik alaq» da onun ətrafından əskik olmayıb.

Kədər də məhəbbət, sevgi kimi poeziyanın əbədi mövzularındandır və sosrealizmin 70 illik kədər tabusu, süni «bədbinlik-nikbinlik» ayrı-seçkiliyi nəticəsində kədərin qarşısına çəkilmiş sipər bizim poeziyamızın hərtərəfli inkişafına ziyan vurub, onun bir qolunu şikəst edib.

Ancaq dediyim həmin tələskənlik də sənətdə irəli yox, geri aparır, açıq qapını döyür və bu zaman epiqonçuluq aşkar hiss olunur, özünütəkrar başlayır, obrazlı düşüncəni, poetik təxəyyülü primitiv ah-uflar, poetik sözü birbaşa şikayətlər əvəz edir, sözün kəmiyyəti mənanın miqyasından artıq və ağır olur.

Şeirin bədii-estetik mündəricatı ilə kədər məfhumunun bədii-psixoloji zənginliyi üst-üstə düşməlidir – belə olmadıqda bədii məğlubiyyət baş verir.

Gənc Əlibalanın da şeirlərinin əsas mövzusu, dediyim kimi, kədərdir və onun yazdıqları – hər halda mənim oxuduqlarım – istedadın, verginin ifadəsidir.

Hələlik isə bu vergi rüşeym halındadır, embiriondur və o, yetişməlidir.

Verginin olub-olmaması (verilib-verilməməsi!) Əlibaladan asılı deyildi, ancaq bu vergini yetişdirmək ondan asılıdır – onun mütaliəsindən, əzmkarlığından, yazılarındakı tələskənliyi poetik təmkinlə əvəz etmək bacarığından asılıdır.

Əlibala buna nail olacaqsa – yaxşı şair olacaq.

Oxuculara təqdim etdiyim şeir Əlibalanın mətbuatda ilk dərcidir və mən bu münasibətlə onu təbrik edir, ona uğurlar diləyirəm.

Elçin

15 iyul 2019.

Bakı.

Bu gecə

Bu gecə yenə

zənbillər içində bacadan tənhalıq

atıldı evimə.

Gecənin içində səmanın solğun

rəngi –

ruhumun məyusluğu,

çöldə qurumuş tut ağacının

gövdəsinə yaxılan

kədərli küləklə birlikdə.

Yalqız bir hənirti var otaqda –

gözlərimdən soyuq

və əllərimdən ümidsizlik yığır.

…Bir otaq, bir qonaq və bir tənha

var bu gecə.

Və xatirələr öz şirəsini bu otağın

düz ortasına süzür bu gecə.

Necə bir dadsızlıq…

Və beləcə, otaqdakı o tənha səhv salır

bir vaxtlar ağılsızca sevdiyi

qadının səsiylə

çöldəki küləyin pıçıltısını.

İndi dağlar, təpələr sonrasında

o qadın,

uzaqlıqda, ayrılıqda dayanıb.

Bu gecə

bir sönmüşlük,

bir yuxu ölümü kimi

gerçəklik var havada.

…Tənhalıq –

pəncərəmə toxunan

kiçik yarpaqlar tək…

Ancaq

ümidim vardı

bu gecə bəlkə

əvvəlkilər tək olmayacaq…

# 3594 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər