Hamıya və özünə qalib gələn tənha qadın

Hamıya və özünə qalib gələn tənha qadın
24 dekabr 2015
# 08:30

Kulis Cavid Zeynallının “Növbəti film: insan sədaqəti...” məqaləsini təqdim edir.

...Dağ kəndi, hamı qorxunun əsiri. Uzaqdan atəş səsləri eşidilir, indicə kəndi güllə-boran edəcəklər, daşı-daş üstə qalmayacaq.

Hamı başını götürüb qaçır, canının hayında. Bir kişidən, bir qadından başqa...

Nabat arvad ərini itirəndən sonra da kənddən çıxmır. Oğlunun, ərinin məzarını atıb gedə bilmir.

Bir də kəndini, evləri, çıraqları, xatirələrini...

***

Elçin Musaoğlunun “Nabat” filmi müharibə haqqında yox, insan sədaqəti haqqında filmdir. O sədaqət ərə, oğula, kəndə, böyük anlamda vətənədir...

Həm də insanın insana sədaqəti...

Və nə yaxşı ki, biz müharibəni görmürük, vətənpərvərlik imitasiyası ürəyimizi vurmur, hadisələr məhəlli çərçivədən çıxır...

Beynəlxalq festivalların qapısının “Nabat”a açılması da təsadüfü deyil. O festivallar ki, vətənpərvərlik imitasiyasını yaxşı tanıyır, hadisələr məhəlli çərçivədən aşa bilməyəndə... sonrası məlum...

“Nabat”dan İtaliya mətbuat yazdı, “Nabat” Tokioya getdi, “Oskar”a təqdim olundu...

Bu, heç şəksiz ki, Azərbaycan kinosunun uğurudur, bu, heç şübhəsiz ki, Azərbaycan qadının sədaqətinin, sakit üsyanının, dözümünün və etirazının şəklidir...

“Nabat”da söz azdır. Və məncə, bizə bu cür filmlər lazımdır. Onsuz da qəhrəmanları danışdırmaq bizdən ötrü çətindir, dialoqlar çox vaxt qüsurlu olur...

“Nabat”da qəhrəmanların əvəzinə situasiyanın ağırlığı danışır, tamaşaçı böyük istedadla yaradılmış kadrlara sözləri özü düzür, filmin həmmüəllifinə çevrilir.

Film sədaqətdən başqa həm də Azərbaycan qadının dözümü haqda filmdir.

Nabat arvad kənddən uzaq düşən evindən süd gətirib satır, dolanışıqları, ümidləri Ağca inəyin mərhəmətinə, insafına qalıb...

Kənardan eşidirik. Ana şikayət edən oğluna deyir: kimdən almasan da, ondan al.

Filmi dəyərli edən həm də müasir kino dilində danışması, yeni estetikaya hesablanmasıdır.

“Nabat”da top-mərmi səsləri musiqi kimi səslənir. Müharibəyə, ağrıya çalınan kədərli musiqi kimi.

***

Əlbəttə, “Nabat” hazırlıqlı tamaşaçı üçündür. Tutalım, Tarkovskiyə, Trierə, Nuri Bilge Ceylana baxa bilən tamaşaçı üçün. Ömrünü Hollivud filmlərinə baxmaqla keçirən tamaşaçı Elçinin filmini darıxdırıcı, uzun saya bilər, “bəzi yerlərini qayçılamaq yaxşı olardı” deyər. Tərk edilmiş evlərdə gəzən kameranın astagəlliyi, kadrların uzunluğu, Nabat arvadın boş qalan evlərin çırağını yandırmağının təkrar-təkrar verilməsi və s.

Bilən bilir, bunlar filmin səliqəsinə, ruhuna ziyan gətirmir.

Yalnız baş rolda oynayan Fatemeh Motamed-Arya-nın ləhcəsi mübahisə mövzusu ola bilər. Biz tərəflərin ləhcəsidir, mənə doğmadır, amma işğal olunmuş kəndlərdə bir adam “gələjəm”, o biri “gələciyəm” demir. Bəlkə bu şərtilikdir. Olsun. Beynəlxalq festivallarda bunun əhəmiyyəti qalmır.

Aydın Talıbzadə düz deyir: “Nabat” müharibənin, savaşın, ağrının səssizliyində yaşanan sakit bir dözümdür: burada nə şivən var, nə göz yaşı, nə bağırtı, nə də təziyə. Sən burada hamıya və özünə qalib gəlmiş tək bir insanı görürsən”.

# 2823 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər