Ramiz Rövşəndən sehrli bir şeir

Ramiz Rövşəndən sehrli bir şeir
8 sentyabr 2019
# 11:09

Kulis.az “Bazar oxusu” layihəsindən Ramiz Rövşənin “Güzgü” şeirini təqdim edir.

Bu güzgüyə bir vaxt qoşa baxardıq, -
bu güzgüdə yerin indi boş qalıb.
Bəlkə səndən bu güzgünün canında
dodaq qalıb, kirpik qalıb, qaş qalıb?

Göz yaşların canındadı, bəlkə də
damla - damla əriyəcək bu güzgü.
Bir gün sənin ayağınla dünyada
ayaq açıb yeriyəcək bu güzgü.

Bəlkə, səni axtaracaq, gəzəcək
milyon-milyon adamların içində.
Görən kimi tanıyacaq üzünü
ən qaranlıq axşamların içində.

Qaçacaqsan bu güzgünün əlindən,
Dönəcəksən o döngəyə, bu tinə.
Adamları, maşınları, evləri
Atacaqsan bu güzgünün cənginə.

Yenə, yenə doymayacaq bu güzgü,
bir şəhəri udub, udub gələcək.
Səni gözdən qoymayacaq bu güzgü,
yeri-göyü tutub, tutub gələcək.

Sən qaçdıqca yellənəcək saçların,
Bu güzgüyə pay düşəcək saçından.
İpək donun yelləndikcə, güzgüyə
Pay düşəcək ətəyinin ucundan.

Qaçıb-qaçıb özünü yoracaqsan,
Qəfil birdən görəcəksən o daşı.
Bu güzgünü daş atıb qıracaqsan,
Bu güzgüdən dağılacaq göz yaşın.

Hər tikəsi qayıq təki üzəcək -
dörd tərəfi göz yaşınla dolunca.
Bu güzgünün bəlkə hər tikəsindən
dodaqların çığıracaq dalınca.

...Bu da belə bir nağıldı yalandan,
Sən ki yoxsan, getdiyin o gedəndi.
Bu güzgü də yerindədi, yerində,
Bu güzgü də yenə sağdı, bütövdü.

Sınan güzgü axı bir də canlanmaz, -
bəlkə tanrı özü görüb bu işi?!
Bu güzgünün hər tikəsi, bəlkə də,
damla-damla göz yaşınla bitişib.

Bəlkə səndən bu güzgünün canında
dodaq qalıb, kirpik qalıb, qaş qalıb.
Göz yaşların canındadı hələ də,
göz yaşların qurumayıb, yaş qalıb.

Bu güzgüdən gəlib keçir xanımlar,
Özlərinə baxıb-baxıb keçirlər.
Dodağından dodaqları rəng alar,
Kirpiyindən kirpik taxıb keçirlər.

Göz yaşınla dolur, dolur gözləri.
Baxır yerə, baxır göyə, ağlayır.
Bu nə dərddi - heç bilmirlər özləri,
Heç birisi bilmir niyə ağlayır...

# 7893 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər