Yenə bədirləndi Ay!

Yenə bədirləndi Ay!
11 aprel 2015
# 14:20

Kulis gənc şairə Könül Həsənqulunun dünən təqdimatı keçirilən “O zəminin sahili” kitabından bir neçə şeiri təqdim edir.

Günəşdə qan ləkəsi

Dayanmışam üzü günəşə;

Qarğam da sol çiynimdə –

Bir qarın tox,

Bir qarın ac.

Dağıdıb iyuna günəş saçlarını

Saçaq-saçaq.

Ayaqqabılarımı çıxarmışam,

Ayaqqabılarımın zərif dabanında qan.

Əllərimsə xəlvətdə,

Əllərim qan içində.

Gözlərimi yumuram günəşə,

Ağlamaq istəyirəm – ağlamıram,

Ağrımaq istəyirəm – axı ağrımıram!

Bir kimsəsiz bomboş qatar dayanmadan

Dövran edir içimdə...

Bu günəş isidir indi bir küçədə

Gecənin məndən doğan meyitini;

Uzadır qollarını günəş meyitin üstünə,

Üşüdür,

Qorxudur onu

Meyit rütubəti!

Qoynuna yığır günəş,

Qoynuna sıxır günəş

Meyitə sarı uzatdığı əllərini.

Yandırır günəşin qoynunu

Meyit hərarəti...

Gözlərimi açıram – qatil gözlərimi.

Danıram əllərimdəki qanı,

Dişlərimdəki əti!

“GÜNƏŞDƏ LƏKƏ VAR! – qışqırıram –

Qana bulanıb sinəsi!”

Atıram günəşin qoynuna

Törətdiyim

Cinayəti...

Qarğa səsi

Günəşin qurutduğu torpağı gecə qan suvarar!

Dəlik-deşik sinədən quru torpağa,

Sonra

Qarğa sinəsinə dimdiyindən qan damlayar...

Qan dağılar səkiyə insan əli ilə

Susayanda

Qarğalar.

Qarrr

Qarr

Qar

Qar

Canavarlar ulaşır bu gecənin içində!

Qar meşədə

Ağrısını kəsir ağır yaralının.

Qarı qucaqlayır o, açıb qollarını,

Qanısa bir tərəfdən

Əritməkdədir qarı...

Ağaclar donub kor meşədə!

Tel-budaqlarından axıb sallanır fevral –

Yarımşəffaf

Sırsıralar.

Canavarlar ulaşır bu gecənin içində...

Qan meşədə

Susuzluğunu kəsir canavarların.

Ay

Yenə bədirləndi Ay!

Yenə daşlayır məni Tanrı

Tutub əlində Ay...

Ay haray,

Ay haray,

Ay

ay

ay!

# 2968 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər