Özümü aldadıram

Özümü aldadıram
19 mart 2015
# 22:50

Kulis Mustafa Qocanın şeirlərini təqdim edir.

Gecə yuxularım çəkilir ərşə,

Yuxusuz gecənin nə zilləti var?

Didir beynimi fikir, düşüncə,

Bəlkə də yüzüncü, mininci dəfə,

Yaxşı yamanımı daraqlayıram,

Ömürümü geriyə varaqlayıram.

Yun döşək üstündə ağrıyır yanım,

Fikirlər əlindən qurtarmır canım,

Qəlbim kövrəkləşir, ruhum incəlir,

Nə beynim, bədəmin, qolum dincəlir.

Göz dikib gecənin qaranlığına,

Çatıram sabahın toranlığına.

Beləcə sübhədək yuxu gəzirəm,

Elə darıxıram, elə bezirəm,

Nə beynim, bədənim qolum dincəlir.

Bir gecə yuxusuz yaşamaq mənə,

Qırx illik ömrümdə çox uzun gəlir.

Uyuram xəyalın xumarlığına,

Düşürəm arzunun dumanlığına.

Umuram başıma səadət yağa,

Fikrim büdrəməsə gah sola, sağa,

Dağları arana, aranı dağa,

Çəkirəm, tökürəm, daşıyıram mən.

Ən uzun gecələr yaşayıram mən,

Gecəni beləcə yaşayıram mən.

***

Zəifləyir iradəm,

Qayğı məngənəsində.

İtir heyim, taqətim,

Tükənir mətanətim,

İnsanların özünü,

Həyatın düz üzünü,

Hər bir şeyin düzünü,

Çeşidləyə bilmirəm.

Mən ki düzə bilmirəm,

Onda dözə bilmirəm!

Qaçırdıb dodağımı,

Dözümü aldadıram,

Özümü aldadıram.

Düz söz dilə yaraşıq,

Düz söz gözə gur işıq,

Düz sözün işığında,

Neçə könül yaraşıq,

Neçə könül bulaşıq.

Bulaşıqlar əlindən,

Ömrüm-günüm qarışıq.

Şərbət təki içirəm,

Bu məlalı-möhnəti,

Susuram həqiqəti.

Dəyışdirib vurğunu,

Dəyişdirib sözümü,

Sözümü aldadıram,

Özümü aldadıram.

Yaşayıram həyatda

Həyata yamaq kimi.

Daim qor içindəyəm,

Çaxılmış çaxmaq kimi.

Kimsəni aldatmadım,

Ağıllı axmaq kimi.

Özümü aldadıram,

Özümü aldadıram.

***

Məkandan məkana durnalar kimi.

Fikrim qatarlanıb uçar gecələr.

Bu sinəm sıldırım qayalar kimi,

Kimsəsiz ümmanda naçar gecələr.

Başlayım anmağa bilmərəm nədən,

Sönmüş atəşlərə qızınar bədən.

Kövrəlib ürəyim xatirələrdən,

Könül düyünçəsin açar gecələr.

Gahdan sevincimi boğar qəm əli,

Yox edər ruhumdan eşqi-əməli.

Qəm-qüssə güc gələr olub bir dəli,

Ağılım başımdan qaçar gecələr.

Ağlım taleyimlə küsər barışar,

Acı xatırələrlə şirin qarışar.

Gah ruhum göydəki ayla qarışar,

Nurunu zülmətə saşar gecələr.

***

Yaman sığal çəkdi əlinin tərsi,

Dəniz dalğasıtək sindim, ey fələk.

Uçurdum Kəpəzin zirvələrində

Kürün dərəsinə endim, ey fələk.

Səndən qüvvət aldım, səndən güc aldım,

Sən ucal söylədin, mən də ucaldım.

Bəs niyə hamıdan geriyə qaldım?

Mən ki irəliydim, öndüm, ey fələk.

Köynəyim biçildi kəfən biçimdə,

Alovum çölümdə, qorum içimdə.

Bu qədər atəşin, odun içində,

Dönüb duz dağına döndüm, ey fələk.

Baş qarışdı bəxtin gəlhagəlində,

Yellər əsdi cavanlığın sərində.

Bəd nəfəsin, bəd niyyətin əlində,

Onluq çıraq kimi söndüm, ey fələk.

Nə varsa cahanda kəramətindi,

Dayanan bir sənin dəyanətindir.

Verdiyini almaq məharətindir,

Əllidən iyirmiyə endim, ey fələk.

Olduğum dünyanın yaşı bilinmir,

Ariflər tanımır, naşı bilinmir.

Getdiyin yolların başı bilinmir,

Bəlkə cavanlığa döndüm, ey fələk.

# 2510 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər