Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri
16 noyabr 2024
# 12:00

Kulis.az dünən dəm qazından dünyasını dəyişmiş şair və esseist Rauf Ranın şeirlərini təqdim edir.

Yuxu yozmaları

Ağaclar yol olar, uzanar ulduzlara, Vinsent,
aypara qaranlıq tərəfindən - yoxluğundan diksinər.
Əl-ələ verər qayıq və yelkən, yarar göy və su üzünü.
Can atar pəncərədən göyə - suyun yuxusuna
sönən şamın son qığılcımı, xəyalında ulduza dönər.
Aldanar görüntüyə, həqiqət sanar.

"La tristesse durera toujours”

Tumurcuqlar yol olar, uzanar torpağa, Vinsent,
beli bükük ağacın əlinə əsa olar kəsilmiş qolu,
çəpər gecə-gündüz dikər gözünü budaqlara
daş tutmuş yuxusunda kök atar torpaq boyu.
Aldanar görüntüyə, həqiqət sanar.

"La tristesse durera toujours”

Tarlalar yol olar, uzanar küləyə, Vinsent,
titrəyən sünbülə cəllad olar aypara,
yaslanası divar bilər özünü ot tayası.
Aldanar görüntüyə, həqiqət sanar.

"La tristesse durera toujours”

Quşlar yol olar, uzanar üfüqə, Vinsent,
cığır hər gün özündən keçər, sonuna çatmaz.
Aldanar görüntüyə, həqiqət sanar.

"La tristesse durera toujours”


Fraqment

dünən
uşaq ikən ən sevdiyim
cizgi filminə baxdım,
nədənsə heç bir personaj
böyüməmişdi.

Süjet

uşaq idim,
həkimlər atamın bir ay
ömrü qalıb demişdilər.
divar saatının
daşını çıxarmaq istəyirdim,
qorxdum ki, anam
işə gecikər.

Külqabı

qəribə idi,
babam ölmüşdü,
mən ağlayırdım,
atam üzülürdü.


Anons

Da Vinçi də
sonuncu şam yeməyi
olduğunu bilmirdi.


Şəxsiyyət vəsiqəsi

Sabah səhər durub,
əvvəl ayaqyoluna
sonra mətbəxə gedəcəm.
təsadüfdən dünən də
belə etmişəm, bu gün də.

# 5557 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər