"Hamımızın taleyini və xarakterini doğulduğumuz yer müəyyən edir..." - Nobel mükafatçısından sitatlar

"Hamımızın taleyini və xarakterini doğulduğumuz yer müəyyən edir..." - Nobel mükafatçısından sitatlar
30 iyul 2026
# 15:00

Bu gün məşhur fransız yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Patrik Modianonun doğum günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Həmişə dedektiv romanları yaza bilmək arzusu, nisgili olub içimdə. Əslində, dedektiv romanlarının ana mövzuları məni valeh edən, fikrimi məşğul edən şeylərə çox yaxındır: qeybə çəkilmək, şəxsiyyət və kimlik problemləri, hafizə itkisi və sirli bir keçmişə qayıdış...

***

Uzun zamandır gördüyüm təkrarolunan bir yuxum var: yuxuda görürəm ki, artıq yazmaq məcburiyyətində deyiləm, azadam. Təəssüf ki, azad deyiləm; hələ də eyni torpağı, eyni sahəni təmizləyirəm və mənə elə gəlir ki, bu iş heç vaxt bitməyəcək.

***

Yazmağı ağrılı və əziyyətli hesab etdiyim üçün onu mümkün qədər tez bitirməyə çalışıram. Amma hər gün yazmalıyam, yoxsa ipin ucunu itirərəm...

***

Tez-tez mənə elə gəlir ki, yeni bitirdiyim kitab özündən razı deyil: sanki onu uğurla başa vura bilmədiyim üçün məni rədd edir. Geriyə dönmək imkanı olmadığı üçün, nəhayət ki, əvvəlki kitabı tamamlamaq xatirinə yeni bir kitaba başlamağa məcbur oluram.

***

Mən ən klassik fransız dilində yazıram, çünki romanlarım üçün bu forma mütləqdir: əsərlərimdə yaratmaq istədiyim o dumanlı, axıcı və narahatlıq doğuran atmosferi ötürmək üçün onu mümkün qədər aydın və ən ənənəvi dillə cilalamalı idim.

***

Romanla onun oxucusu arasında baş verənlər rəqəmsal dövrdən əvvəl fotoların aşkarlanması (çıxarılması) prosesinə bənzəyir. Qaranlıq otaqda aşkarlanan fotoşəkil mərhələ-mərhələ gözə görünürdü. Romanı oxuduqca da eyni kimyəvi proses baş verir.

***

Roman yazarı heç vaxt öz əsərinin oxucusu ola bilməz — yalnız əlyazmasını sintaksis xətalarından, təkrar sözlərdən və ya arada qarşılaşdığı artıq abzaslardan təmizlədiyi məqamlar istisnadır.

***

Açığı, ilk kitablarımı yenidən oxumamağa üstünlük verirəm. Onları bəyənmədiyim üçün yox, sadəcə artıq orada özümü tanımadığım üçün... Eynilə qoca aktyorun cavanlıqda baş rolda oynadığı filminə baxması kimi.

***

Bax, bədii təxəyyülün möcüzəsi bundadır: mən ondan gəncliyimin müəyyən anlarının və ya yerlərinin üzərinə hopdurmaq (onları yaşatmaq) üçün istifadə edirəm.

***

Bir yazıçı kimi, insan hər zaman yazdıqlarına qarşı bir az kor olur.

***

Əvvəllər yazmağı bir növbəyə, məcburiyyətə bənzər hiss edirdim. Yazıçı kimi çox gənc yaşda başlamaq acınacaqlıdır: bu sizin gücünüz xaricindədir; çox ağır yükü olan şeyləri çılpaqlığı ilə ortaya qoymalısınız, amma bunun üçün hələ kifayət qədər imkanlarınız və təcrübəniz yoxdur.

***

Romançının öz yaradıcılığına qarşı məsafə saxlaya bilməməsi və tənqidi baxışının çatışmaması özümdə və bir çox başqalarında müşahidə etdiyim bir təzahürlə bağlıdır: yazılan hər yeni kitab özündən əvvəlkinin üzərindən xətt çəkir və mənə elə gəlir ki, onu artıq unutmuşam.

***

Çox keçmədən anladım ki, romana başlamaq çətindir. Yaratmaq istədiyin bir xəyal var, amma bu, soyuq olduğu üçün suya tullanmağa tərəddüd edib hovuzun ətrafında fırlanmağa bənzəyir.

***

Hər şey nə qədər qaranlıq və sirli qalırsa, mənə bir o qədər maraqlı gəlir. Hətta heç bir sirri olmayan şeylərdə də sirr tapmağa çalışıram.

***

Bu yaxınlarda ilk əlyazmalarıma nəzər saldım və orada məkanın, nəfəsin çatışmazlığı məni heyran etdi. O vaxtlar mən də dəqiq belə hiss edirdim... sanki boğulurdum.

***

Məndə həmişə eyni kitabı yazırmışam kimi bir təəssürat var.

***

Son nöqtədə, hamımızın taleyini və xarakterini doğulduğumuz yer və zaman müəyyən edir...

# 934 dəfə oxunub

Oxşar xəbərlər

Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
Səbr və ümidin rəngli abidəsi   - Tahir Salahovun "Abşeron qadınları"

Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"

12:00 19 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər