"Allahın ona yazığı gəlib..." - Cəfər Cabbarlının Hüseyn Cavid əleyhinə çıxışı

"Allahın ona yazığı gəlib..." - Cəfər Cabbarlının Hüseyn Cavid əleyhinə çıxışı
30 avqust 2024
# 12:00

Cəfər Cabbarlı 30-cu illərdə Azərbaycanda gizli fəaliyyət göstərən “Müsavat” partiyasının baş katibi, Məhəmmədhəsən Baharlı isə onun müavini olub.
Onun Hüseyn Cavid haqqında tənqidi çıxışı ideoloji məzmun daşıyır, Cabbarlı Cavidi məhz ideologiyanın tələblərinə cavab verməyən əsərlər yazmaqda günahlandırır.
A. Çexov inqilabın baş verəcəyini öncədən görüb inandığı kimi Cabbarlı da sovet ideologiyasına sidq-ürəkdən inanmışdı. O, virtuoz dramaturq idi, bu kimi yazılar onun daşlaşmış ədəbi reputasiyasını zədələmək gücündə deyil.
Amma... Müsəlmanın bu əmması olmasa...

1934-cü ildə Şura Yazıçılarının birinci qurultayı keçirilib.
“Gənc işçi” qəzeti də həmin qurultayın stenoqramını dərc edib.
Stenoqramdan bəlli olur ki, Cəfər Cabbarlı qurultayın 16 iyun tarixli iclasında H. Cavidi tənqid edib. Yazıda Cavidə irad tutulur ki, o, bu günün tələbini ödəyə bilmir və yazdığı əsərlər də günün tələblərinə cavab vermir.

Şübhəsiz, Cabbarlı da artıq o vaxtdan təsir altına düşməyə başlamışdı, məşum 37-ci ilə qədər yaşasaydı, onun hansı mövqedə dayanacağı yazdığı yazıdan bəlli olur. Allahın C. Cabbarlıya yazığı gəlib, onu 37 sınağı ilə üz-üzə qoymayıb, qələm dostlarının üzünə durmaq məşəqqətindən azad eləyib və adına ləkə düşməsinə riza verməyib.

Kulis.az Cəfər Cabbarlının 1934-cü il 16 iyun tarixli çıxışının mətnini təqdim edir.

"Firqənin ədəbi-bədii təşkilatların yenidən qurulması haqqındakı qərarından sonra ədəbiyyatımızda böyük yeniliklər əmələ gəlmişdir. Lakin Az.SİTQ bu qərarların həyata keçirilməsi üçün az iş görmüşdür.

Cavan yazıçılarımızın tərbiyəsi işində ikinci mühüm faktor mətbuatımız və nəşriyyatımızdır. Mətbuatımızda düzgün olmayan tənqidlərin buraxılması gənc yazıçılarımızı yanlış və dolaşıq yola salır.

Təşkilat komitəsinin orqanı olan “Ədəbiyyat” qəzetəsinə az fikir verilir. Halbuki “Ədəbiyyat” qəzetəsi gənc yazıçılarımızın bilavasitə rəhbəri olmalıdır.

Mən bir neçə kəlmə Cavid yoldaş haqqında demək istəyirəm. Qurultayımız Cavidə böylə bir sual verməyə haqlıdır: “Siz - Cavid yoldaş! 14-15 il içərisində yaranan həyatı, onun böyüklüyünü görmək istəyirsinizmi?”

Cavid yoldaşdan yeni əsər tələb edənlər əlbəttə haqlıdırlar. Cavidin verdiyi əsərlər bu günün tələbini ödəyə bilmir.

Cavidin “Peyğəmbər”ində qadına olan baxış tamamilə köhnədir. Hər bir işçi qadın, indi bundan çox-çox irəli getmişdir. Cavid yeni “Peyğəmbər” yeni əsər yaratmalıdır. Onun “Peyğəmbər”i bu günə yaramır. Bu günün tələbi başqadır.

Yaxud “Şeyx Sənan”ı alalım. Cavid “Şeyx Sənan”ın yeni quruluşda oynanılmasına təəccüb edir. Əlbəttə, o, əski quruluşda oynanıla bilməzdi. Ona görə oynanıla bilməzdi ki, ondakı ideya, Sənanın panislamizmi bu günə yaramır. Sənanın sözlərini bu gün Lök Batanda oxuyacaq olsanız, sizə gülərlər.

Bizim şura yazıçılarımız bu coşqun həyatın sürətini addım-addım təqib etməli, onun inkişafına yardım etməlidirlər.

Şura yazıçısının nəbzi böyük quruluşun hərəkəti ilə bərabər döyünməlidir. Mən öz sosialist vətənimin səadəti üçün bugünkü böyük quruluşun, bu coşqun həyatın tələblərini təmin edəcək əsərlər yazıram və yazacağam..."

# 7330 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər