"O mavi gözlərin hüdudsuz ümman!" - Günün şeiri

"O mavi gözlərin hüdudsuz ümman!" - Günün şeiri
24 aprel 2026
# 13:00

Bu gün tanınmış gürcü şair Simon Çikovaninin anım günüdür.

Kulis.az "Günün şeiri" layihəsində onun “Qönçəbəyimin mahnısı” şeirini Xalq şairi Nəriman Həsənzadənin tərcüməsində təqdim edir.

Gürcü şairi Simon Çikovaninin (1902-1966) yaradıcılığında ömrünün bir hissəsini Naxçıvan və Gəncədə keçirmiş Nikoloz Barataşvili haqqında “Gəncə gündəliyi” (“Gəncə dəftəri”) adlı lirik-epik poeması xüsusi yer tutur.

Həmin poemanın “Qönçəbəyimin mahnısı” hissəsini Xalq şairi Nəriman Həsənzadə tərcümə edib. Qeyd edək ki, Qönçəbəyim Kəngərli nəslindən olub. Onun Naxçıvanın axırıncı xanı Ehsan xanın qızı olduğu bildirilir.

Aman, Qönçəbəyim, azəri qızı,
Kölgən də bəzəkdir quru yollara.
İlahi, bir qəlbin nədir ağrısı,
Aman... bu hüsn hara, bu kədər hara?

Sən də Leyli kimi, qan ağlayırsan,
Soyuq yanağında isti göz yaşı!
Sağ ikən özünə yas saxlayırsan,
Alışıb, od tutur bağrımın başı.

O mavi gözlərin hüdudsuz ümman!
Bir ömrün dərdini danışır mənə.
Sən necə incəsən, necə mehriban,
Gözəllik necə də yaraşır sənə!

Dolanır bağçanı azəri qızı,
Zorla sürükləyir ayaqlar onu.
Nədir bu söhbəti, bu pıçıltısı?
Necə də dinləyir yarpaqlar onu:

"Gör, özüm hardayam, ürəyim harda...
Əsən yel qoy mənim ah-zarım olsun.
Bu budaq altında, qoy elə burda,
Mənim unudulmuş məzarım olsun.

Arı pətəyini, qoca cökəni
Mən həmdəm seçmişəm... sirrimi saxlar.
Bu budaq altında gizlədər məni,
Üstümə tökülən sarı yarpaqlar..."

Dəyişir gözündə rəngini cahan,
Susur dodaqları Qönçəbəyimin.
Onun bu hökmündən, bu qərarından,
Ah, yoxdur xəbəri hələ heç kimin.

# 1012 dəfə oxunub

Oxşar xəbərlər

"Coşqun həzzlə titrəyir hər bir hüceyrəm..." - Eston şairdən erotik şeir

"Coşqun həzzlə titrəyir hər bir hüceyrəm..." - Eston şairdən erotik şeir

13:30 25 sentyabr 2026
"Acından qəm yeyir zavallı qoca..." - Şeirlər

"Acından qəm yeyir zavallı qoca..." - Şeirlər

14:00 24 sentyabr 2026
Çəkilər qorxaq gizlin qurdun önündən ayı - Bayatılar

Çəkilər qorxaq gizlin qurdun önündən ayı - Bayatılar

12:51 23 sentyabr 2026
"Məni diri bilib gözləyir anam..." - Ülvi Bünyadzadə

"Məni diri bilib gözləyir anam..." - Ülvi Bünyadzadə

11:40 23 sentyabr 2026
Bəşərin gülləsi - söz, sözü -məhəbbət olar - Günün şeiri

Bəşərin gülləsi - söz, sözü -məhəbbət olar - Günün şeiri

13:25 21 sentyabr 2026
"Tanıya bilmərəm tənhalığın rəngini..." - Yunan Nobel mükafatçısından şeirlər

"Tanıya bilmərəm tənhalığın rəngini..." - Yunan Nobel mükafatçısından şeirlər

10:30 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər